Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunmuş beynəlxalq atçılıq
turniri başa çatmışdır
Beynəlxalq turnirin Qran-Pri final yarışlarını Azərbaycan
Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının
prezidenti Ülyahəzrətləri
Haya Bint Əl Hüseyn izləmişlər
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş atçılığın konkur növü üzrə 4 günlük beynəlxalq turnir aprelin 24-də Binə Atçılıq Mərkəzində Qran-Pri final yarışları ilə başa çatmışdır.
Final yarışlarını Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyn izləmişlər.
Binə Atçılıq Mərkəzində yarışları izləyən çoxsaylı tamaşaçılar Prezident İlham Əliyevi, Mehriban xanım Əliyevanı və Ülyahəzrətləri Haya Bint Əl Hüseyni hərarətlə qarşıladılar.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin əlahiddə nümunəvi orkestri marş ifa etdi.
Azərbaycan Atçılıq İdmanı Federasiyasının prezidenti Elçin Quliyev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan bu mötəbər turnirin ölkəmizdə həyata keçirilən uğurlu idman siyasətinin mühüm tərkib hissəsi olduğunu dedi. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın idman nailiyyətlərinin daha da artdığını bildirən E.Quliyev dedi ki, ölkəmizdə müasir idman infrastrukturu yaradılmışdır. Bu sırada atçılıq idman növünün inkişafı da mühüm yer tutur. Elçin Quliyev onu da diqqətə çatdırdı ki, hazırda Qarabağ və Diliboz at cinslərinin əvvəlki şöhrətinin qaytarılması, yeni atçılıq mərkəzlərinin yaradılması istiqamətində mühüm işlər görülür. Son illərdə beş atçılıq mərkəzi, həmçinin indiki beynəlxalq turnirin keçirildiyi Binə Mərkəzi istifadəyə verilmişdir. Yaxın gələcəkdə ümumi sahəsi 86 hektar olan və atçılıq idmanının bütün növlərinin əhatə olunacağı Mərkəzi Atçılıq Bazasının tikintisinə başlanacaqdır. 2011-ci ildə isə yeddi beynəlxalq yarışın keçirilməsi nəzərdə tutulub ki, onlardan üçü artıq təşkil edilmişdir. Elçin Quliyev bir daha dövlət başçısına idmanın bu növünün inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdi.
Sonra turnirin hakimləri və qaydalar elan olundu. Bildirildi ki,
turnirin keçirildiyi
meydanda 13 maneə quraşdırılıb və
16 sıçrayış nəzərdə
tutulub. Maksimum hündürlük 150 santimetr, vaxt normativi isə 84 saniyədir. Turnirin mükafat
fondu 117 min dollardır.
Yarışda 12 idmançı 20 atla mübarizə aparır.
Meydana ilk olaraq Azərbaycan idmançısı Gennadi
Qaşibəyazov "Ladzero"
ləqəbli atı ilə çıxdı. Bütün
maneələri 84.86 saniyəyə
4 cərimə balı ilə başa vuran idmançının çıxışı
uğurlu oldu. Sonra Rusiyadan Olqa Danilova "Kilar" ləqəbli atla, Azərbaycandan Hikmət Musayev "Layt Limerik", Seyid Musayev isə
"Ursula" ləqəbli atlarla, Polşa təmsilçisi Aleksandra Lusina
"Çiara MNM" ləqəbli
atla, Azərbaycan idmançıları Patrik
Mak Enti "David",
Françesko Franko isə "San Sebastian" ləqəbli
atlarla çıxış
etdilər. Turnirin ən uğurlu
çıxışını Azərbaycan idmançısı
Camal Rəhimov etdi. O, "Bill Klinton"
ləqəbli atı ilə maneələrin hamısını 79.15 saniyəyə
heç bir cərimə xalı olmadan keçərək bütün rəqiblərini
geridə qoydu.
Bolqarıstan təmsilçisi
Tenev Venetto "Uterusa", Belarusdan olan Viktor Petrov "Sindi Lupə", Gürcüstandan Şalva
Qaçeçeladze isə
"Konrad Deluks" ləqəbli atlar ilə o qədər də uğurlu çıxış etmədilər.
Azərbaycan idmançısı
Gennadi Qaşibəyazov
"Papirus", Rusiya
təmsilçisi Olqa
Danilova "Vodka laym",
Azərbaycan idmançıları
Hikmət və Seyid Musayevlər "Arko VDH" və "Habab de Belou", Polşa idmançısı
Aleksandra Lusina "Bahar
MNM", Azərbaycandan Patrik
Mak Enti isə "Konkord-57" ləqəbli
atlar ilə çıxış etdilər.
Azərbaycan idmançıları
Françesko Franko
"Zidan", Camal Rəhimov "Platin
E", Gürcüstan təmsilçisi
Kaxaber Kikiani isə "Kalitsa MS" ləqəbli atlar ilə yarışları
başa vurdular.
Yarışlar başa çatdıqdan sonra keçirilən şouda məşhur Qarabağ atı nümayiş etdirildi. Balaca idmançılar
da öz məharətlərini göstərdilər.
Digər
məşhur at cinslərinin
nümunəvi çıxışları
da azarkeşlər tərəfindən maraqla
qarşılandı.
Sonra Pekin Yay Olimpiya Oyunlarının
təsnifat mərhələsində
Azərbaycanın atçılıq
idmanını layiqincə
təmsil edən 16 yaşlı "Hollivud"
ləqəbli at meydana
gətirildi və
"fəxri təqaüdə"
göndərildi.
Turnirdə ən yaxşı nəticə göstərən
"Bill Klinton" ləqəbli
atın sahibinə isə "KİA" markalı
avtomobilin açarları
təqdim olundu.
Daha sonra qalib idmançıların
mükafatlandırma mərasimi
keçirildi.
Beşinci yerin qalibi
"David" ləqəbli at ilə Azərbaycan idmançısı Patrik
Mak Enti oldu.
Dördüncü yeri Azərbaycan təmsilçisi Camal Rəhimov "Platin E"
ləqəbli at ilə
tutdu.
Üçüncü yerə digər Azərbaycan idmançısı
Gennadi Qaşibəyazov
"Ladzero" ləqəbli
at ilə çıxdı.
İkinci yerin sahibi də
"Konkord-57" ləqəbli at ilə Azərbaycan idmançısı Patrik
Mak Enti oldu.
Nəhayət, Qran-Pri turnirində birinci yerin və
Heydər Əliyev kubokunun sahibi elan edildi. Bu mükafatlara "Bill Klinton"
ləqəbli at ilə
Azərbaycan idmançısı
Camal Rəhimov layiq görüldü.
Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Ülyahəzrətləri Haya
Bint Əl Hüseyn təqdim etdilər.
Mərasim Azərbaycan Respublikasının
dövlət himninin səslənməsi ilə
başa çatdı.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.-26 aprel.- S. 1.