Ermənistan qoşunlarının
işğal olunmuş Azərbaycan torpaqlarından
çıxarılması çox ciddi müsbət proseslərə
stimul verəcəkdir
Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması çox ciddi müsbət proseslərə stimul verəcəkdir.
AzərTAc xəbər verir ki, bu sözləri Rusiyanın "Moskovskie novosti" qəzetinə və "Rossiə v qlobalnoy politike" jurnalına müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov demişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində Rusiyanın son vaxtlar göstərdiyi təşəbbüsü yüksək qiymətləndirən E.Məmmədyarov vurğulamışdır ki, Rusiya hər iki tərəfin mövqeyini yaxşı bilir və prosesin irəliləyişi üçün qarşılıqlı ortaq məxrəc tapmağa çalışır. Məsələnin indiki vəziyyəti regionun inkişafının və qarşılıqlı münasibətlərin tənəzzülünə səbəb olur.
Hərbi amilin istisna olmadığını qeyd edən nazir münaqişəni dondurulmuş hesab etmədiyini bildirmişdir: "Əgər qoşunların təmas xəttində atışmalar, partlayışlar baş verirsə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini necə dondurulmuş hesab etmək olar?!"
"Bütün dünya ölkələri Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir", - deyən E.Məmmədyarov vurğulamışdır ki, əgər erməni ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması başlasa, bu, kommunikasiyaların açılmasına şərait yaradacaq və təhlükəsizlik məsələsində də özünü göstərəcəkdir.
Beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyinə ikili münasibət göstərdiyini qeyd edən nazir bütün dövlətlər tərəfindən qəbul edilən və mandatına görə beynəlxalq təhlükəsizliyi dəstəkləyən əsas orqan - BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrini xatırlatmışdır. Onun sözlərinə görə, bu qətnamələr 1993-cü ildən münaqişənin həllində hüquqi bazadır, amma hələ də yerinə yetirilməmişdir.
Azərbaycan.- 2011.-26 aprel.- S. 2.