Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyində olmuşdur
Ölkəmizdə səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Vera Kobaliya və onu müşayiət edən şəxslər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində olmuşlar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları səmimi salamlayaraq son illərdə Azərbaycanda mədəniyyətin və turizmin inkişafı, qarşıdakı layihələr barədə məlumat vermişdir. Nazir xüsusi qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2011-ci il ölkəmizdə "Turizm ili" elan edilmişdir.
Ə.Qarayev qeyd etmişdir ki, Azərbaycanda turizm sahəsi üçün peşəkar kadrlar hazırlayan regionda ilk Turizm İnstitutu yaradılmışdır.
İki gündən sonra Bakıda 10-cu beynəlxalq "Turizm və səyahətlər" sərgisi açılacağını bildirən Ə.Qarayevin sözlərinə görə, sərginin proqramında bir sıra işgüzar tədbirlər nəzərdə tutulmuşdur.
Nazir bildirmişdir ki, Azərbaycan inkişaf etmiş turizm şəbəkəsinə və gözəl infrastruktura malik Gürcüstanla əməkdaşlıqda maraqlıdır.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya turizm sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığının səmərəli və qarşılıqlı faydalı olacağına əminliyini bildirmişdir. Bakını heyrətamiz dərəcədə gözəl və sürətlə inkişaf etməkdə olan şəhər adlandıran qonaq qeyd etmişdir ki, bu şəhəri turizm sahəsində gələcəkdə böyük uğurlar gözləyir.
Görüşdə müvafiq nümayəndəliklərin açılması, müştərək işçi qrup yaradılması, birgə layihələr həyata keçirilməsi, seminarlar təşkil edilməsi, təcrübə mübadiləsi kimi tədbirlərin zəruri olması qeyd edilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 26 aprel.- S. 3.