Polşada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

 

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı ölkəmizin Varşavadakı səfirliyi fevral-aprel aylarında Polşanın nüfuzlu ali təhsil ocaqlarında, Zgej Şəhər İcra Hakimiyyətində və Jirardov Mədəniyyət Mərkəzində "Azərbaycan 20 ildə" adlı silsilə tədbirlər keçirmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə səfir Həsən Həsənov geniş auditoriya qarşısında çıxış etmişdir. Diplomat Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyev və onun xidmətləri, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tarixi və s. haqqında ətraflı məlumat vermişdir.

Səfir Prezident İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafını təmin edən uğurlu xarici və daxili siyasətinin prioritetlərindən danışmışdır.

H.Həsənov həmçinin Azərbaycan-Polşa münasibətləri, polyak ziyalıları, siyasi xadimləri, mühəndis və memarlarının Azərbaycan tarixindəki xidmətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə Vatikana və 2002-ci ildə polyak xalqının görkəmli nümayəndəsi Roma Papası II İoann Pavelin Azərbaycana səfəri haqqında məlumat isə dinləyicilərin böyük marağına səbəb olmuşdur. Bundan əlavə, azərbaycanlı diplomat 1991-ci ildə Vatikanda Roma Papası II İoann Pavel ilə keçirdiyi görüşün təəssüratlarını bölüşmüşdür.

Tədbirlərdə Azərbaycan haqqında film və cari ildə "Eurovizion" müsabiqəsində ölkəmizi təmsil edəcək Eldar Qasımov və Nigar Camalın iştirakı ilə videoçarx göstərilmişdir.

"Azərbaycan 20 ildə" adlı silsilə tədbirlər Polşa ictimaiyyətində geniş əks-səda doğurmuşdur. İştirakçılar bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında elm, mədəniyyət və digər sahələrdə əlaqələrin gələcəkdə daha da sıx inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.

 

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 3.