Milli iqtisadi inkişaf strategiyasının banisi

 

Beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edən, dövlətin inkişaf xəttini xalqa bəyan edən və xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət, başqa sözlə, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat və komandan yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir.

Yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin başlanğıcı idi. Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılır. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi dahi lider ölkəmizə rəhbərlik etmiş, məhz bu insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda bütün sahələrdə baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərcmərclikdən xilas edən dahi rəhbər iqtisadi yüksəliş üçün də təcili tədbirlər görməyə başladı. Aydındır ki, ilk növbədə ittifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi məqsədilə ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi.

Sirr deyil ki, hazırkı uğurlu siyasətin təməlində 1990-cı illərin ortalarından başlayaraq bu gün də uğurla davam etdirilən və bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan yeni neft strategiyası dayanır. 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, dünya dövlətlərini təmsil edən yüksək nüfuza malik 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı ki, bununla da "Yeni neft strategiyası" uğurla həyata keçirilməyə başlandı. Məhz o çətin, ağır günlərdə "Əsrin müqaviləsi"nin bağlanması ilə Azərbaycan Respublikası dünya birliyinə, iqtisadiyyatına uğurla inteqrasiya etməyə başladı və siyasi dividendlərlə yanaşı, çox böyük iqtisadi imkanlar da əldə etdi. Bu yolda ölkəmiz ciddi çətinliklərlə rastlaşsa da, böyük sınaqlardan keçməli olsa da, bu gün qürur hissi ilə deyə bilərik ki, nəzərdə tutulmuş bütün proqram və layihələr reallaşdı. Artıq Azərbaycan nefti və qazı dünya bazarlarına çıxarılır, ölkəmiz öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə lazım olan bütün tədbirləri uğurla həyata keçirir. Hazırda Azərbaycan Respublikasının təbii ehtiyatları dörd neft-qaz kəməri vasitəsilə dünya bazarlarına çıxarılır ki, bunun da nəticəsində ölkəmizin valyuta ehtiyatları, iqtisadi uğurları, eləcə də maddi imkanları artır. Bununla yanaşı, ölkə iqtisadiyyatında aparılan liberal islahatlar, liberallaşma siyasəti, dövlətin özəl sektora maddi və mənəvi dəstəyi, iri regional layihələrin reallaşdırılması və sairə, təbii ki, milli iqtisadiyyatımızı daha da gücləndirir. Bütün bunlar isə ölkə iqtisadiyyatında dinamik və davamlı inkişafa nail olunması üçün ciddi təməldir.

İqtisadi sahədə böyük müvəffəqiyyətlər əldə edən respublikamız artıq beynəlxalq aləmdə öz layiqli yerini tutaraq, haqlı mövqeyinin dünya birliyi tərəfindən də qəbul edilməsinə nail olmaqdadır. BMT Baş Assambleyasının Azərbaycanın ərazi bütövlüyü barədə qəbul etdiyi qətnamələr, NATO ölkələrinin Buxarest görüşündə ilk dəfə olaraq yekun sənəddə ölkəmizin ərazi bütövlüyü barədə müddəaların olması

və s. tarazlaşdırılmış daxili və xarici siyasətin nəticəsidir. Təbii ki, düşünülmüş, uzaqgörən siyasət olmadan iqtisadi sahədə, eləcə də əksinə, güclü iqtisadi dayaqlar olmadan siyasi sahədə ciddi müvəffəqiyyətlər əldə etmək qeyri-mümkündür. Bu yerdə ümummilli lider Heydər Əliyevin, hər zaman aktual olan, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" sözləri yada düşür.

Artıq Azərbaycan müstəqil siyasət aparmaq, xalqımız və dövlətimiz üçün səmərəli layihələrdə sərbəst iştirak etmək, lazım olduqda bu layihələri maliyyələşdirmək, hətta xarici ölkələrdə həyata keçirilən layihələrin maliyyələşdiricisi kimi çıxış etmək imkanı qazanmışdır. Bütün bunlara isə, təbii ki, sarsılmaz siyasi iradə, xalqın dəstəyi, iqtisadi imkanlar, enerji təhlükəsizliyi, aparılan sosial-iqtisadi islahatlar və s. nəticəsində nail olunmuşdur. "Əsrin müqaviləsi" layihəsi üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. "Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağı nəzərə alınaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanlarına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər.

Bütün bu işlərin əsas məqsədi, təbii ki, SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltməkdən, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaqdan və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Ümummilli lider Heydər Əliyevin "Əsrin müqaviləsi"nin 5 illik yubileyi ilə əlaqədar keçirilən mərasimdə söylədiyi fikirləri xatırlatmaq yerinə düşərdi: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır".

Hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan BTC Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə yanaşı, həm də "İpək yolu"nun və türkdilli ölkələrin əsas magistral kəməri statusunu qazanmışdır. BTC neft kəmərləri sisteminə dünya "arteriya"sı kimi daxil olmuşdur. Onu da qeyd edək ki, min bir əziyyətlə başa gələn bu əsas ixrac neft boru kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da danılmazdır. Belə ki, həmin neft kəməri dünya dövlətləri ilə Azərbaycan dövlətinin yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə əlaqələrinin yenidən qurulmasına təkan verərək, Azərbaycan dövlətinin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb olmuşdur. BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən neft boru kəməridir.

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil dövlətdir. Artıq dövlətimiz mötəbər kürsülərdən öz sözünü deməyə, haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinə görə əvəzsiz dövlət xadimi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən fərqlənən iki müxtəlif sistemə - sosializm və demokratik cəmiyyət dövrünə təsadüf edir. Dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhrana düşmüş vəziyyətdə qəbul etmişdir. Eyni zamanda, hər iki sistemdə də tezliklə respublikamızda böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə düşünməyi bacaran hər bir kəsi bir sual qarşısında qoyur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, bu suala müxtəlif cavablar verilə bilər, amma ölkəyə uğur gətirən başlıca amilin ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri olması danılmazdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə ölkəmizin kənd təsərrüfatına, ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.

Müasir dövr bir sıra səciyyəvi xüsusiyyətlərlə xarakterizə edilir ki, bu da, əsasən, qloballaşma və inteqrasiya ilə bağlıdır. Belə ki, məhz qeyd edilən amillərin təsiri ilə, qlobal iqtisadi məkana yaxından inteqrasiya olunmaq, dünya bazarına rəqabətqabiliyyətli məhsullarla çıxa bilmək, qloballaşma prosesinin təsiri ilə formalaşan sosial-iqtisadi və ictimai-siyasi proseslərdə, milli və dövlətçilik prinsiplərinə uyğun fəal iştirak etmək hər bir milli iqtisadiyyatın davamlı inkişafının zəruri şərtinə çevrilmişdir. Artıq hər bir müstəqil dövlətin, o cümlədən Azərbaycan Respublikasının dünya iqtisadiyyatında cərəyan edən sosial-iqtisadi proseslərdə iştirakı labüd və qaçılmazdır. Bu zaman isə qarşıda duran başlıca vəzifə milli və iqtisadi təhlükəsizlik baxımından zərərli ola biləcək proseslərin qarşısını almaq, eləcə də beynəlxalq təcrübənin vəd etdiyi nailiyyətlərə yiyələnməkdir.

Uğurla reallaşdırılan Heydər Əliyev strategiyasının nəticəsi olaraq, artıq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi, regionların sosial-iqtisadi inkişafı, iqtisadi təhlükəsizliyin, eləcə də onun ərzaq, enerji, nəqliyyat və sairə kimi istiqamətlərinin etibarlı təminatı məqsədilə atılan addımları, əldə edilən nəticələri və inanılmaz iqtisadi uğurları ilə beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq, beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla qloballaşma dövrünün tələbləri səviyyəsində qurulur. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

Azərbaycan tarixinin Heydər Əliyev dövrü taleyüklü məqamları, dövlətçilik uğrunda barışmaz mübarizəsi ilə bütöv bir mərhələ, epoxadır. Zaman etibarilə bizlərə çox yaxın olduğu üçün bu gün həmin dövrün tarixi qiymətini, dəyərini bəlkə də düzgün ifadə etmək bir qədər çətindir. Ancaq heç şübhəsiz, dövlətçilik, idarəetmə, regional siyasət, elm, təhsil, mədəniyyət, idman və s. digər sahələr haqqında yazılacaq nüfuzlu kitablar məhz Heydər Əliyev irsindən qaynaqlanacaq, xalqımızın bu dahi oğlunun fəaliyyəti elmi və elmi-pedaqoji cəhətdən daha mükəmməl öyrəniləcəkdır. Təbii ki, bu kitablarda ümummilli lider Heydər Əliyev təcrübəli və qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, məsuliyyətli vətəndaş, cəsur və tədbirli sərkərdə, vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan kimi, çətin anlarda hər zaman millətinin yanında olmağı bacaran alternativsiz lider kimi hərtərəfli öyrənilməlidir. Bütün bunlar gənc nəsil üçün xüsusilə vacibdir.

Hamımıza məlumdur ki, ulu öndər ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə elmin, təhsilin hamisinə çevrilmişdi. Deyirlər ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu kontekstdən yanaşdıqda da Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyinin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Ulu öndərin sözləri ilə desək: "Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir".

Müşahidələr göstərir ki, həqiqətən də, belə bir prinsipin seçilməsi Azərbaycanda təhsil siyasətinin əsas qayəsini təşkil etmişdir. Son dövrlər həyata keçirilən islahatlar proqramına əsasən fəaliyyətin prioritet istiqamətlərinə diqqət yetirdikdə Heydər Əliyevin elm-təhsil strategiyasının nə qədər fundamental bir konsepsiya olduğu aydınlaşır.

Milli intibahın təminatında başlıca vasitə sayılan elm və təhsil cəmiyyətdə bir çox problemlərin həllində mühüm rol oynayır. Dünyəvi təhsilə inteqrasiya yolunu seçən müstəqil Azərbaycan Respublikasında bu strateji sahəyə milli təhlükəsizliyin mühüm amillərindən biri kimi xüsusi diqqətin yetirilməsi belə bir nəticəyə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə vəhdət təşkil edir. Tərəqqiyə gedən yolda uğurlar qazanmaq üçün dünyanın sivil dövlətləri ilə diplomatik əlaqələrin yaradılması, sosial-iqtisadi, mədəni, elm-təhsil və digər sahələrdə beynəlxalq norma və tələblərə uyğun əməkdaşlığın qurulması zəruridir. Bunun üçün də xüsusilə strateji əhəmiyyətə malik olan elm-təhsil sistemində köklü islahatların aparılması Azərbaycan dövlətinin ali məqsədinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, bu sahələrin problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı mövcud problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun elm strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır. Ulu öndərin təhsil siyasəti konsepsiyasına əsaslanaraq demək olar ki, elm və təhsil iki müstəqil sahəni ehtiva etsə də, onların birini digərindən təcrid etmək mümkün deyildir.

Ümumiyyətlə, dövlətin iqtisadi qüdrətini, onun elm tutumlu və rəqabətə davamlı məhsulunun istehsalını elmi tədqiqatların, xüsusən fundamental tədqiqatların səviyyəsi, əhatəliyi və yüksək ixtisasa malik milli kadrlar müəyyən edir. Başqa sözlə desək, müasir dünya gerçəkliklərinə yaxından bələd olan, yeni texnika və texnologiyanı mənimsəyən kadrlar yetişdirmədən, eləcə də ölkədə həyata keçirilən islahatları elmi baxımdan əsaslandırmadan mövcud təbii-iqtisadi resurslardan tam və səmərəli istifadə etmək və arzu edilən iqtisadi inkişaf səviyyəsinə nail olmaq qeyri-mümkündür. Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin "Milli Elmlər Akademiyası sistemində yüksək ixtisaslı elmi kadrlar hazırlayan təhsil qurumlarının, respublikada prioritet istiqamətlərdə müstəqil fəaliyyət göstərən dövlət elm-təhsil mərkəzlərinin işi daim gücləndirilməli və zənginləşdirilməlidir" fikri də Milli Elmlər Akademiyasının potensialının və texniki bazasının gücləndirilməsinə, ölkədə fundamental elmi tədqiqatların aparılmasına yönəlmişdir.

Təbii ki, bu prosesdə inteqrasiyanın vacib amillərindən biri də AMEA-da çalışan müxtəlif ixtisaslı alimlərin birgə proqramlar üzərində işləməsi, ölkənin hərtərəfli inkişafını təmin etməyə qadir olan kompleks inkişaf proqramlarının hazırlanması olduqca vacib şərtlərdən biridir. Belə proqramların həyata keçirilməsi elmi kadr potensialının inkişafına və təhsil səviyyəsinin yüksəlməsinə gətirib çıxarar ki, bu da tədqiqatların sürətlənməsinə, eləcə də nəzəri-praktiki əhəmiyyətinin artmasına kömək edər.

Bütün sahələrdə olduğu kimi, Azərbaycan elminin də inkişafı istiqamətində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidenti elm adamlarının maddi-sosial rifahının yaxşılaşdırılması yolunda tarixi əhəmiyyətli fərman və sərəncamlar, islahat və dövlət proqramlarını təsdiq edən sənədlər imzalamışdır ki, bunlar birbaşa elmdə və təhsildə problemlərin həllinə yönəlmişdir. 2009-cu ildə "Azərbaycan elminin inkişafına dair Milli Strategiya"nın qəbul edilməsi, elmin inkişaf fondunun yaradılması və s. tədbirlər dövlətimizin başçısı İlham Əliyevin milli elmimizə diqqət və qayğısının bariz nümunəsidir.

Hər zaman olduğu kimi, dövlət proqramında da elm sahəsi hökumətin prioritet istiqaməti kimi əsas yer tutur. Elmi ictimaiyyətə, tədqiqat və araşdırmalara göstərilən dövlət qayğısı növbəti illərdə də davam etdiriləcəkdir. Qarşıdakı illərdə elm sahəsində ən mühüm vəzifələrdən biri aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılmasından, elmi tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsindən ibarətdir. Dövlət proqramı üzrə elm sahəsində aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu da davamlı iqtisadi inkişafın başlıca amillərindən biridir: elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi, elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, innovasiya proseslərinin sürətləndirilməsi, elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi, xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə müasir tələbata uyğun yüksək ixtisaslı kadrların hazırlanması və s.

Ulu öndər Heydər Əliyevin elm və təhsil siyasətinin prioritetlərindən biri də hər iki sahənin idarə edilməsinə yeni yanaşmanın olmasıdır. Belə ki, əgər güclü təhsil sistemi gələcəyin elmi tədqiqatçılarının hazırlanmasına xidmət edirsə, elmi araşdırmalar da, öz növbəsində, ölkənin ayrı-ayrı sahələrinin müasir tələbata və qabaqcıl təcrübəyə uyğun inkişafını təmin etməlidir. İstər müasir tələbata uyğun elmi kadrların hazırlanmasında, istər Azərbaycan Respublikasının beynəlxalq aləmə və qlobal iqtisadi mühitə sürətlə inteqrasiya etməsində, istərsə də ölkənin sosial-iqtisadi istiqamətlərdə ciddi uğurlar qazanmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə reallaşan islahatlar xüsusi rol oynamışdır. Heydər Əliyevin bir dövlət və siyasi xadim kimi ölkə, milli iqtisadiyyat, eləcə də onun ayrı-ayrı sahələri qarşısında duran problemlərə kompleks şəkildə yanaşması bu gün əldə edilən böyük uğurların əsas təkanvericisidir. Məhz bu yanaşmanın nəticəsidir ki, sosial-iqtisadi və siyasi istiqamətlərdə qazanılmış müvəffəqiyyətlər bir-birinə təkan verməklə vahid bir prosesə çevrilir. Eyni zamanda, əsas uğurlardan biri də ondan ibarətdir ki, həyata keçirilən islahatlar içərisində elmin inkişafı prioritet kimi qəbul edilir və həyata keçirilən bütün islahatlar elmi cəhətdən əsaslandırılır. Bu baxımdan qanunların və digər normativ sənədlərin qəbul edilməsində, dövlət proqramlarının hazırlanmasında və s. elm adamlarının yaxından iştirak etməsi, müvafiq mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılması xüsusi qeyd olunmalıdır.

Günümüzün reallıqları sübut edir ki, hazırda Prezident cənab İlham Əliyev tərəfindən bu istiqamətdə aparılan işlər Azərbaycan xalqının xoş gələcəyinə xidmət edəcək səviyyədə uğurla davam etdirilir. Eyni zamanda, bütün bunlar elm adamlarının dövlət qayğısına cavab olaraq daha da fəallaşmalarını, ölkədə həyata keçirilən islahatların elmi əsaslarının işlənib hazırlanmasında xüsusi fəallıq göstərmələrini tələb edir.

 

 

Mahmud KƏRİMOV,

Azərbaycan Milli Elmlər Akademiyasının

Prezidenti

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 4.