Milli inkişaf strategiyası Azərbaycanın müstəqilliyinə əbədi təminatdır

 

Azərbaycan xalqı əsrlər boyu azadlığa qovuşmaq, müstəqil dövlət qurmaq uğrunda daim mübarizə aparmış, yalnız ötən əsrin sonlarında yenidən bu arzusuna qovuşmuşdur. Xalqın qəlbində əsrlər boyu silinməz iz salmış, onu mübarizə ruhunda kökləmiş milli dövlətçilik idealının gerçəkliyə qovuşması isə, ilk növbədə, milli lider amili ilə şərtlənmişdir. XX əsrin fenomen şəxsiyyəti olan Heydər Əliyev müdrik lider kimi xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür.

Böyük strateqin milli mənafeləri əsas tutmaqla müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycanın ötən dövrdə ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlərə ciddi zəmin yaratmış, onu regionun qüdrətli, sayılıb-seçilən dövlətinə çevirmişdir. Yeni minilliyin başlanğıcında formalaşan mürəkkəb və ziddiyyətli dünya nizamı ümummilli lider Heydər Əliyevin böyük siyasi məharətlə əsaslandırdığı bu strategiyanın alternativsizliyini bir daha sübuta yetirir. Bu strategiya Azərbaycanda milli dövlətçiliyin siyasi, dini və etnik tolerantlığı imperativ kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallıqlarına nəzərən formalaşmış demokratik idarəetmə fəlsəfəsini, milli-mənəvi dəyərlərin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar naminə səfərbər edilməsini, ictimai-siyasi sabitlik amilinə istinad edən yeni iqtisadi inkişaf modelini, bir sözlə, hakimiyyətlə xalq arasında möhkəm vəhdət yaradılmasının elmi əsaslarını özündə təcəssüm etdirir. Respublikamızın son 20 ildə demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.

Müstəqilliyin bərpasından sonra sürətli inkişaf yolu keçən Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə çatmış, keyfiyyətcə yeni mərhələdə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli islahatları inamla gerçəkləşdirmişdir. Ən əsası, bu müddətdə xalqın qanı, canı bahasına əldə olunmuş dövlət müstəqilliyi qorunub saxlanılmış, möhkəmləndirilmiş, Azərbaycan xaos və anarxiyadan davamlı inkişafa doğru böyük yol qət etmişdir. Qəlbində vətən, xalq sevgisi olan hər bir azərbaycanlı dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyini çox mühüm siyasi hadisə kimi dəyərləndirir və bundan qürur duyur. Prezident İlham Əliyevin 2011-ci il 21 yanvar tarixdə imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncam da məhz bu reallıqla şərtlənir. Sərəncamda ötən dövrdə keçilən yola ümumi nəzər salınmaqla yanaşı, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması və bununla əlaqədar Tədbirlər Planının təsdiqi məsələləri əksini tapmışdır. Belə bir sərəncamın imzalanması irs-varislik ənənələrinə böyük hörmətin təcəssümü olmaqla yanaşı, həm də müstəqilliyin xalqın taleyindəki müstəsna rolunun cəmiyyətdə adekvat dərk edilməsi və düzgün dəyərləndirilməsi baxımından son dərəcə vacibdir.

 

İstiqlala aparan çətin yol

 

Tarix boyu bir çox məşhur sərkərdələr və dövlət xadimləri Azərbaycan torpaqlarını vahid dövlət bayrağı altında birləşdirmək, milli dövlət qurmaq istəsələr də, obyektiv və subyektiv səbəblərdən qarşıya qoyduqları müqəddəs məqsədə çata bilməmişlər. Yalnız ötən əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən ictimai-siyasi proseslər, imperiya daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də Azərbaycana öz istiqlaliyyətini elan etmək imkanı yaratmışdır. O dövrdə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika kimi bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır.

Cümhuriyyətin sovetlərin hərbi müdaxiləsi nəticəsində süqutundan sonra qırmızı imperiyanın sərt təzyiq və repressiyaları ilə üzləşən Azərbaycan xalqı qəlbində daim yaşatdığı müstəqillik idealını qoruyub saxlamış, ən ağır dönəmlərdə belə milli özünəməxsusluğunu itirməmişdir. Lakin yalnız ötən əsrin 70-ci illərində ulu öndər Neydər Əliyevin sovet Azərbaycanında hakimiyyətə gəlişindən sonra azərbaycanlıların qəlbində yaşayan müstəqil dövlətçilik düşüncəsinin praktik reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Böyük strateq hələ ötən əsrin

70-ci illərində milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda da göstərilir ki, respublikanın milli müstəqilliyi üçün hərtərəfli zəmin formalaşdırılması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı".

Xüsusi vurğulamaq istərdik ki, ümummilli lider 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra BDU-ya (Azərbaycan Dövlət Universiteti) böyük diqqətlə yanaşmış, haqlı olaraq respublikanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtarmışdır. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar.

Ulu öndərin 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərinməzmunlu nitq söyləməsi də böyük rəhbərin bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də ehtiramla xatırlanır. Heydər Əliyev mərasimdəki çıxışında demişdir ki, Azərbaycan Dövlət Universitetinin yaranması Azərbaycanın ən yaxşı oğullarının doğma xalqı maarifləndirmək, dünya mədəniyyəti və elmi xəzinəsini onun üzünə açmaq uğrunda apardıqları mübarizənin məntiqi yekunu olmuşdur. Bu fikirləri ilə ulu öndər həm də vaxtilə Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış insanlara dərin hörmət və ehtiramını ifadə etmişdir: "Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir, şair Nizaminin, riyaziyyatçı-astronom Nəsirəddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqalarının adları bu mədəniyyətin çoxəsrlik bəzəyidir".

Ötən əsrin 70-80-cı illərindən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan ulu öndər məhz bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etmişdir. Bugünün zirvəsindən baxdıqda, həmin illərdə Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı nahaqqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi sayəsində yüksək iradə göstərməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırmışdır. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın müstəqillik əldə edəcəyini öncədən görmüş, bu prosesi sürətləndirən mühüm addımlar atmışdır.

Ümummilli lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, respublikamıza qarşı ayrıseçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq siyasi proseslərdə fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırmışdır.

Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrdə atılmışdır. Belə ki, muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması haqqında tarixi qərar qəbul edilmişdir. 1991-ci il oktyabrın 18-də isə qüdrətli dövlət xadimi Heydər Əliyevin də səs verdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı" respublikanın müstəqilliyini bütün dünyaya bəyan etdi.

Möhtərəm Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında vurğulandığı kimi, "Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla o, beynəlxalq hüququn subyektinə çevrildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və onun yarandığı 28 may günü Respublika Günü kimi qeyd olunmağa başladı. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi".

 

Milli dövlətçiliyi möhkəmləndirən lider

 

Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu birləşdirməyə qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən de-yure müstəqil sayılan Azərbaycanın de-fakto qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı yol olduğunu yaxşı bilən ümummilli lider Heydər Əliyev, ilk növbədə, Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır. Eyni zamanda, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək, ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək amilləri aradan götürmüşdür.

Ulu öndər Heydər Əliyev bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Ulu öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın formalaşdırılmasına xidmət etmişdir. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda "Əsrin müqailəsi"nin milli inkişaf prosesindəki müstəsna rolu xüsusi qeyd olunur: "1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşmasına imkan verdi və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu".

"Əsrin müqaviləsi" imzalandıqdan sonra ümummilli lider özünün zəngin iqtisadi bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini özünəməxsus intuziazmla irəli sürmüş, onun həyata keçirilməsinə çalışmışdır. Azərbaycanda bazar iqtisadiyyatının başlıca prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçilmişdir. İqtisadi sahədə reallaşdırılan islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxil məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Böyük strateq Heydər Əliyev Azərbaycanın həqiqi müstəqilliyinin təmin edilməsi üçün hər bir fərdin mənafeyinə cavab verən hüquqi islahatların aparılmasını da təmin etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını da dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyada əksini tapmış müddəaların üçdəikisinin sırf insan hüquqları ilə bağlı olması da ulu öndərin insan hüquqlarına necə böyük həssaslıqla yanaşmasının bariz təcəssümüdür.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda deyilir: "1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir".

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik konsepsiyasının uğurlarını təmin edən başlıca amillərdən biri də xalqın milli təhlükəsizliyi, dövlətin ərazi bütövlüyü sahəsində kompleks tədbirlərin görülməsidir. Ölkənin Silahlı Qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş məlum səriştəsiz qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi üçün təminata deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə aparmış, dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabit və güclü silahlı qüvvələrin yaradılmasına nail olmuşdur. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda deyildiyi kimi, bu gün Azərbaycanda ordu quruculuğu prosesi böyük uğurla gedir. Silahlı Qüvvələrin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası, döyüş qabiliyyəti möhkəmləndirilir.

Ümummilli liderin Azərbaycanın müstəqilliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətinin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatıdır. Bu, bir reallıqdır ki, ulu öndər cəmiyyətin vahidliyini təmin edərək onun müxtəlif istiqamətlər - sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam", - deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etmişdir.

Böyük strateq Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda, onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq təcəssümünü tapır. Ötən illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə olmuş, dövlət tərəfindən elm və təhsil sahəsində mütərəqqi islahatlar ardıcıllıqla həyata keçirilmişdir.

Ölkədə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşmış ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə Bakı Dövlət Universitetini də qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Bir sözlə, müstəqillik illərində Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri yenə də məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Bir faktı xüsusi vurğulamaq lazımdır ki, universitetin 1994-cü ildə 75 illik, 1999-cu ildə isə 80 illik yubiley mərasimlərinin keçirilməsi ümummilli liderin adı ilə bağlıdır.

 

Yeni inkişaf salnaməsinin müəllifi

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin əbədiliyini təmin edəcək qüdrətli varis və lider yetişdirməsidir. Ötən 8 ildə ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha aydın görünür. Dövlət başçısı özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Milləti Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Azərbaycanda müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü və 2005-ci illərin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən anarxiya və xaos mühitinə yuvarlanmasına yol verməmişdir. Sonrakı illərdə də dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təhdidlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, müstəqilliyin möhkəmləndirilməsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir. Eyni zamanda, cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə çalışmışdır.

Prezident İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avrora ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avrora Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avrora Birliyinin "Üeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" rroqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.

Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerində tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin ötən 8 illik prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkmişdir.

Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik, respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.

Ötən 8 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini xüsusi diqqət mərkəzində saxlamış, ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Ölkə başçısının bu sahəyə xüsusi diqqətlə yanaşması, ilk növbədə, müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən-ilə daha geniş maliyyə imkanları qazanması zəruriliyi ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Bu zərurətdən çıxış edən cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günlərindən elm-təhsil sahəsində böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə xüsusi diqqət və qayğısının bariz ifadəsidir.

Dövlət başçısı xüsusi qeyd edir ki, respublikamızda "qara qızıl"ı insan qızılına, insan kapitalına çevirməyin vaxtı gəlib çatmışdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması məqsədi dayanır. "Bizim gənc nəslimiz bilikli, dünyada gedən proseslərə bələd olmalıdır, izləməlidir. Ən qabaqcıl texnologiyalar Azərbaycana gəlməlidir. Bir sözlə, ölkənin inkişafı məhz bu istiqamətdə davam etməlidir. Dünyada uğur qazanmış, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o inkişafın, tərəqqinin əsas səbəbləri təbii ehtiyatlar deyildir. Məhz bilik, məhz savad, yeni texnologiyalar - bütün bunlar ölkəyə uğur, rifah gətirir, inkişaf, müasirlik gətirir", - deyə cənab İlham Əliyev vurğulamışdır.

 

Müstəqil Azərbaycanın qazandığı böyük iqtisadi nailiyyətləri bu gün Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də öz gündəlik həyatında hiss edir və ardıcıl olaraq həyata keçirilən, hər bir ölkə vətəndaşının mənafeyinə əsaslanan islahatları böyük rəğbətlə qarşılayır. Hamıda belə bir inam var ki, milli müstəqilliyə davamlı təminat yaratmış ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev yaxın perspektivdə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə qaldırıb xalqın dəstəyi ilə bütün problemlərin həllinə nail olacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 5.