Ədəbiyyat kəhkəşanının sönməz ulduzu

 

Tarixən hər bir xalqın dünya miqyasında tanınmasında, məşhurlaşmasında və inkişafında onun sayılıb-seçilən ziyalıları, elm xadimləri də mühüm rol oynayışlar. Yüksək zəkası, istedadı ilə fərqlənən belə nüfuzlu elm adamları, ilk növbədə, cəmiyyətdə yüksək mənəvi idealların möhkəmlənməsinə çalışmış, dövlətin mütərəqqi yolla inkişafına töhfə vermiş, insanları saf məram və məqsədlərə istiqamətləndirmək bacarıqları ilə diqqət mərkəzində olmuşlar. Əsl ziyalı üçün zəruri keyfiyyətləri xarakterində cəmləyən həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.

Sözünün hüdudsuz qüdrəti ilə insanların mənafeyində dayanan, haqqa söykənən fəaliyyəti ilə işığa can atan böyük ziyalılar əbədiyaşarlıq hüququ qazanaraq daim xalqının qəlbində yaşayır, ehtiramla xatırlanırlar. XX əsr Azərbaycan ədəbiyyatşünaslıq elminə sanballı möhürünü vuran belə nəcib ziyalılardan biri də filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayev olmuşdur. Görkəmli ədib bütün mənalı həyatı boyu yüksək vətəndaşlıq borcunu yerinə yetirərək milli mədəniyyətin, ictimai-ədəbi və pedaqoji fikrin inkişafına misilsiz töhfələr vermişdir. Onun yüksək sənətkarlıqla, yaradıcılıq eşqi ilə yaratdığı əsərləri oxuculara sevdirən ən başlıca xüsusiyyətlərdən biri də mövzu çevrəsinin dərin poetik siqləti, xalq ruhuna yaxınlığı, xəlqiliyidir. Yazıçı nədən yazırsa-yazsın, onun irəli sürdüyü ideallar xalqın amallarını əks etdirmiş, bu cəhət bir yazıçı kimi Mir Cəlala əbədilik qazandırmışdır. Ədəbiyyat kəhkəşanında sönməz ulduzlara çevrilərək insanların qəlbinə işıq saçan bir çox dühalar kimi, Mir Cəlalın da əsərlərini, bu əsərlərdə qələmə alınmış həyat həqiqətlərini bütün dövrlər üçün aktual edən başlıca məziyyət təkcə bundan ibarət deyildir. Bu əsərlər görkəmli ədibin şəxsində bütövlükdə Azərbaycan cəmiyyətinin keçdiyi çətin, məşəqqətli və eyni zamanda şərəfli həyat yolunun ədəbi salnaməsidir. Ona görə də Mir Cəlal qələmindən doğulmuş böyük söz bütün zamanlarda oxunur, qiymətləndirilir, zəngin miras kimi nəsillərdən-nəsillərə ötürülür.

Görkəmli ədibin keçdiyi şərəfli həyat yolu onun necə nəcib və xeyirxah şəxsiyyət olduğunu, Vətəninə, xalqına mənəvi bağlılığını bir daha təsdiqləyir. Professor Mir Cəlal Əli oğlu Paşayev 1908-ci ilin 23 aprelində Cənubi Azərbaycanın Təbriz mahalındakı Əndəbil kəndində, yoxsul kəndli ailəsində dünyaya gəlmişdir. Görkəmli ziyalının cəmiyyət üçün layiqli insan kimi yetişməsinə, erkən yaşlarından ali məqsədlər uğrunda mübarizə aparmasına böyüyüb boya-başa çatdığı ailə mühitinin də təsiri böyük olmuş, halal zəhməti yüksək dəyərləndirən valideynləri onu daim düzgün yola istiqamətləndirmişlər. Hələ uşaq ikən kəndlərində dolanışığın çətinliyi səbəbindən həmvətənləri ilə birgə onun ailəsi də bir parça çörək ardınca vətənimizin Quzeyinə pənah gətirmiş, Mir Cəlal uşaqlıq və gənclik illərini Gəncə şəhərində keçirmişdir. İbtidai təhsilini Gəncədəki ruhani mədrəsəsində aldıqdan sonra 1924-cü ildə darülmüəllimə daxil olmuş, sonralar pedaqoji texnikuma çevrilən bu məktəbi 1928-ci ildə başa vurmuşdur.

1928-ci ildən yaradıcılığa başlayan Mir Cəlal əvvəlcə şeirlə, tənqidlə məşğul olmuş, sonra "Mirzə Xəyal" adlı komediya yazmışdır. Mir Cəlal yaradıcılığındakı mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. O, Azərbaycan ədəbiyyatı tarixində gözəl hekayələr ustası, rəngarəng mövzulara həsr olunmuş romanlar yaradıcısı, ədəbiyyatımızın klassik və müasir dövrünü, müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır. Mir Cəlal ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərlərin, monoqrafiyaların müəllifidir.

Ədəbi-ictimai fəaliyyətə başladığı qaynar dövr onun pedaqoji texnikumda təhsil aldığı illərə təsadüf edir. Ədib texnikumda tələbə icraiyyə komitəsinin sədri vəzifəsində çalışmış, ilk şeirlərini divar qəzetində nəşr etdirmişdir. Mir Cəlal hələ tələbə ikən "Qızıl qələmlər" İttifaqının Gəncə şöbəsində şair kimi tanınır, "Qızıl Gəncə" adlı qəzet və jurnalda, habelə "İlk addımlar" məcmuəsində fəal iştirak edirdi. Yazıçını böyük ədəbiyyata gətirən "Mirzə" hekayəsi də 1930-cu ildə "Qızıl Gəncə" qəzetinin ədəbiyyat səhifəsində işıq üzü görmüşdür.

Orta ixtisas təhsilindən sonra ibtidai məktəblərdə dərs demək hüququ qazanan Mir Cəlal Paşayev məktəb müdiri vəzifəsinə irəli çəkilir. Gəncə və Gədəbəy məktəblərində çalışdığı iki illik dövr gənc yazıçının həyatı daha dərindən öyrənməsinə, dünyagörüşünün genişlənməsinə böyük təkan verir. Bu illərdə apardığı müşahidələr onun ilk əsərlərində bədii ifadəsini tapır. 1930-cu ildə ali təhsil almaq məqsədi ilə Kazana yollanaraq bu qədim şəhərdə Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində oxuyur. 1931-ci ilin axırlarında isə Bakıya qayıdıb Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olur. O, filologiya sahəsində elmi araşdırmalarla yanaşı, ədəbi fəaliyyətini da dayandırmır, "Kommunist", "Gənc işçi" qəzetləri ilə fəal əməkdaşlıq edir. 1933-cü ildən etibarən Mir Cəlal Paşayev həm də ədəbiyyatşünas alim kimi Azərbaycan Dövlət Universitetinin Azərbaycan əbədiyyatı tarixi kafedrasında çalışmağa başlayır, 1940-cı ildə elmlər namizədi, 1947-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini alır.

Mir Cəlal Paşayevin "Sağlam yollarda" adlı ilk kitabı 1932-ci ildə çapdan çıxmışdır. Görkəmli alimin müxtəlif illərdə qələmə aldığı publisistik oçerklərin toplandığı bu kitabın ardınca isə onun "Boy" adlı hekayələr və oçerklər məcmuəsi (1935), "Dirilən adam" (1935), "Bostan oğrusu" (1937), "Gözün aydın" (1939), "Bir gəncin manifesti" (1939), "Açıq kitab" (1941) və digər əsərləri işıq üzü görmüşdür.

Mir Cəlalın "Dirilən adam" romanı cəmiyyətdə böyük marağa, ictimai müzakirələrə səbəb olur. Bu əsərdə Azərbaycan xalqının mübarizə tarixinin yeni bir mərhələsi canlandırılmışdır. Romanda təsvir edilən şərait dövr üçün səciyyəvi ictimai hadisələrlə bağlı olduğundan, yazıçı eyni zamanda ötən əsrin əvvəllərində Azərbaycan kəndində və mərkəzdən uzaq şəhərlərdə hökm sürən ümumi vəziyyəti, ölkədəki siyasi özbaşınalığı, hərc-mərcliyi bədii boyalarla əks etdirmişdir. Tarixi həqiqətə uyğun olaraq müəllif bu əsərdə iki əsas siyasi cəbhənin olduğunu təsvir edir: müqəddəratını, istiqlaliyyətini öz əlinə almağa çalışan, sözün əsl mənasında öz taleyinin sahibi olmağa çalışan Azərbaycan xalqı və onların bu amalına qarşı dayansalar da, sonda xalq qüdrəti qarşısında məğlub olan qoluzorlu soyğunçular. "Dirilən adam" romanı ötən əsrin 30-cu illərinin əvvəllərində qələmə alınsa belə, əsərdə irəli sürülən ideyalar bu günümüz üçün kifayət qədər aktualdır. Bu ideyalar bütün dövrlərdə öyrədir, tərbiyələndirir, insanları öz haqları, Vətənin milli mənafeləri uğrunda aktiv mübarizəyə səfərbər edir.

1939-cu ildə yazdığı "Bir gəncin manifesti" əsərini isə Mir Cəlal yaradıcılığında zirvə saymaq olar. Roman həm məzmunu, ideyası, həm də bədii mükəmməlliyinə görə yazıçının başqa əsərlərindən xeyli yüksəkdə dayanır. Bununla belə "Bir gəncin manifesti" romanına ədibin yaradıcılıq fəaliyyətində birdən-birə ortaya çıxmış ədəbi hadisə kimi yanaşmaq o qədər də düzgün olmazdı. XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu roman Mir Cəlalın yaradıcılığında uzun illərdən bəri davam edən mütərəqqi ənənələrin xoş nəticəsidir. "Bir gəncin manifesti" əsərində yazıçının toxunduğu məsələlərin müəyyən təzahürləri ilə onun ilk hekayə və oçerklərində də qarşılaşırıq. Romandakı əsas tarixi-ictimai konflikt qismən "Dirilən adam"dakı tarixi-ictimai qarşıdurmanın davamıdır. Bu romanda da Azərbaycana qarşı xarici müdaxilə, vətəndaş müharibəsi, yadların ağalığı illərindən bəhs olunur. Bununla belə, "Dirilən adam" romanında boş qalan müəyyən məqamlar "Bir gəncin manifesti"ndə real həyat səhnələri ilə tamamlanmış, canlı xarakterlərlə zənginləşdirilmişdir. "Bir gəncin manifesti"ndə Mir Cəlal Paşayev geniş xalq kütlələrinin mübarizə ruhunu düzgün təsvir etmiş, həyatı olduğu kimi göstərmişdir. Onun romanını ideya-bədii cəhətdən yüksək səviyyəyə qaldıran, bütün dövrlər üçün oxunaqlı edən ən əsas məziyyət də görünür, məhz elə budur.

"Bir gəncin manifesti" romanına Azərbaycanda və yaxın-uzaq xaricdə yüksək şöhrət qazandıran amillərdən biri də Mir Cəlal Paşayevin müəllif kimi son dərəcə səmimiliyi, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrəti, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisidir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapmışdır. Yazıçının yaradıcılığında sezilən müəllif səmimiyyətini Mir Cəlal haqqında fikirlər irəli sürən bütün tənqidçilər xüsusi vurğulamışlar.

Ədib hələ on illər öncə mədəni qarətçilərin qazanmaq ehtirasına qarşı "İtə ataram, yada satmaram" deyərək, "Yusif və Züleyxa" xalısını ingilisə satmaqdan imtina edən Sona ananın mətinliyini, əyilməzliyini göstərməklə məlum süjet xəttini Azərbaycan xalqının mənəvi qələbəsi ilə tamamlamışdır. "Bir gəncin manifesti"ndən sonra Mir Cəlalın yaradıcılığında məişət mövzularına meyil güclənmiş, görkəmli yazıçı "Anket Anketov" (1939), "Kəmtərovlar ailəsi" (1939), "Həpəndərovun məqaləsi", "Şəxsi məsələ", "Həkim hekayələri", "Məşriq", "Söyüd kölgəsində" (1940) və s. bu kimi satirik ruhlu hekayələr yazmışdır. Şüurlardakı ətalət qalıqlarına, rüşvətxorluğa, bürokratizmə qarşı qələmin satirik gücündən yetərincə istifadə edən Mir Cəlal bu hekayələrində də oxucunu düşündürür, insanlara bəşəri hisslər aşılayır. Mir Cəlalın gülüşə belə əhəmiyyət verməsi, ümumiyyətlə, onun yaradıcılığı üçün səciyyəvi olan xüsusiyyətlər ilk hekayəsi "Mirzə"dən başlayaraq (1930) özünü göstərir. Bu hekayələr zaman keçdikcə Mir Cəlalın əsərlərinin həcminin kiçilməsi, mənasının isə dərinləşməsi barədə bir çox tənqidçilər tərəfindən irəli sürülən mülahizənin təsdiqi sayıla bilər. Vaxtilə görkəmli əbədiyyatşünas alim, akademik Məmməd Arif Mir Cəlalın hekayələri haqqında danışarkən ədibin həyatın bir sahəsini götürərək ustalıqla təsvir etmə məharətini xüsusi qiymətləndirirdi: "Biz Mir Cəlalın hekayələrindəki hadisələrlə yaşayırıq. Onunla birgə həyəcan keçirir və bu insanların qələbəsinə inanırıq".

Böyük Vətən müharibəsində xalqımızın göstərdiyi misilsiz qəhrəmanlıq, dözümlülük və qələbə əzmi Azərbaycan bədii nəsrinin başlıca mövzularından birinə çevrilmişdir. Bu illərdə Mir Cəlalın nəsr yaradıcılığında operativlik, günün tələbinə cavab vermək meyli daha da güclənir. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedərək döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədibin çoxsaylı oçerk, hekayə və publisistik yazıları oxucular tərəfindən maraqla izlənir.

"Xalqın ürək sözü" (1941), "Vətən hekayələri" (1942), "İlyas" (1942), "İsrafil" (1942), "Vətən yaraları" (1943), "Vətən" (1944) və digər kitablarında, istərsə də dövri mətbuatda çap etdirdiyi hekayələrdə arxa və ön cəbhədə Azərbaycan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsindən bəhs olunur. Azərbaycan xalqının düşmənlə mübarizə əzmi, igidliyi, dözümü, vətənə sədaqəti, qələbəyə inamı bu əsərlərin əsas məzmununu təşkil edir. Daha sonralar isə Mir Cəlalın "Həyat hekayələri" (1944), "Yaşıdlarım" (1947), yeniləşən, görkəmini büsbütün dəyişən Azərbaycan kəndində sadə zəhmət adamlarının əmək fəaliyyətindən bəhs edən "Yeni kəndin adamları" (1948) adlı oçerklər kitabı, habelə Azərbaycan şəhərinin müasir həyatı barədə söhbət açan "Təzə şəhər" (1952), "Sadə hekayələr" (1955) adlı kitabları nəşr edilmişdir.

Ədəbi fəaliyyətinin birinci dövründə oçerk və hekayə janrı bir yazıçı kimi Mir Cəlalın yaradıcılığında aparıcı mövqeyə malikdir. İlk qələm təcrübəsi sayılan bu əsərlərində ədib bir sıra ciddi mövzulara toxunur. Ötən əsrin əvvəllərində ümumilikdə bütün dünyada cərəyan edən siyasi proseslərin Azərbaycan həyatına təsirini, cəmiyyətimizdə yaşanan təlatümləri, xalqın başına gətirilən faciələri, ermənilərin milli zəmində törətdikləri qırğınları ədəbi nümunələrində əks etdirir, eyni zamanda insanların gələcəyə inamını, Azərbaycan cəmiyyətini bütün çətinliklərin fövqünə yüksəldən ruh yüksəkliyini, sıravi Azərbaycan insanının əməksevərliyini, saflığını, mənəvi təmizliyini xeyirin şər üzərində qələbəsi kimi bütün pisliklərə qarşı qoyurdu.

Kürəyində istismarçıların qamçı izləri qaralan Salman dayı, 40 illik tərli və buxarlı əməyin qalib əsgəri olan Əliman əmi və Hüseyn əmi ("Sağlam yollarda"), gözlərinə qanlı keçmişin dəhşətləri çökmüş Həsən əmi ("Zavodun tərcümeyi-halı") kimi qocalar, avam kəndli Mehbalı kişi ("Oğul"), qara çadranın zülmətindən qurtularaq özünə yeni həyat yaradan Sara ("Sara") kimi obrazlar ədibin ilk oçerk və hekayələrinin qəhrəmanlarıdır. Yaradıcılığının birinci dövründə qələmə aldığı "Həkim Cinayətov" (1930), "Mirzə Şəfi" (1930), "Mərifət dərsi" (1931), Möhlətovun tərcümeyi-halı (1931), "Kağızlar aləmində" (1931), "Dostumun qonaqlığı" (1931), "Mərkəz adamı" (1933) və digər hekayələrində müəllif yeni həyatla ayaqlaşa bilməyən bir çox ziyalıları, cəmiyyətin tərəqqisinə mane olan köhnə əxlaqın qalıqlarını da tənqid atəşinə tutmuşdur.

Alim-yazıçı Nizami, Füzuli, Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Səməd Vurğun kimi ədəbiyyatımızın görkəmli nümayəndələri ilə yanaşı, Lev Tolstoy, Maksim Qorki, Mixail Şoloxov, Anton Çexov kimi böyük söz ustaları haqqında da qiymətli elmi əsərlər, məqalələr yazmışdır. Mir Cəlal kənd və şəhərin yüksəlişinə, sovet adamlarının məişət və şüurunda yeni əlamətlərə bir sıra maraqlı oçerk də həsr etmişdir. Bu oçerklərin əksəriyyəti "Sağlam yollarda", "Yeni kəndin adamları", "Gözün aydın" kitablarında toplanmışdır. Ədib oçerk janrının tələb və xüsusiyyətlərini nəzərə almaqla bədii ümumiləşdirməni və ümumən bədiilik məsələsini həmişə diqqət mərkəzində saxlamışdır.

Mir Cəlal bütün fəaliyyəti boyu bədii yaradıcılığı ilə elmi, ədəbi-tənqidi yaradıcılığını paralel şəkildə davam etdirmiş, müəllim, elmi rəhbər olmuşdur. Onun yetirdiyi onlarla elmlər doktoru, professor ali məktəblərdə mühazirələr oxuyur, elmi-tədqiqat müəssisələrində çalışır. Görkəmli alimin Vətən qarşısındakı misilsiz xidmətləri də daim yüksək dəyərləndirilmişdir. Mir Cəlal ədəbi-pedaqoji və elmi xidmətlərinə görə "Şərəf nişanı" (iki dəfə), "Qırmızı Əmək Bayrağı" ordenləri, "Əmək igidliyinə görə" (iki dəfə), "Qafqazın müdafiəsinə görə", "1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə", "Qabaqcıl maarif xadimi" medalları ilə təltif edilmişdir.

Yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, əməkdar elm xadimi Mir Cəlal yaşadığı 70 il ərzində ömrünü Azərbaycan xalqının ədəbi-elmi və pedaqoji fikrinin inkişafına həsr etmişdir. 1978-ci il sentyabrın 28-də Mir Cəlal Paşayev vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün ölkəmizin bir sıra yerlərində küçə, məktəb, kitabxana, mədəniyyət evi hazırda onun adını daşıyır.

Mir Cəlal yolunun davamçısı olan Paşayevlər bu gün həm də ziyalı, nəcib, millətini, xalqını sevən, onun maariflənməsi yolunda əlindən gələni əsirgəməyən parlaq şəxsiyyətlər kimi tanınırlar. Görkəmli ədibin oğlu - Arif Paşayev ömrünü fizika elminin nəzəri-təcrübi məsələlərinə həsr edərək bu sahədə yorulmadan çalışan, cəmiyyət həyatı üçün fundamental əhəmiyyət kəsb edən bir sıra yeniliklərə, ixtira və kəşflərə imza atan akademik kimi onu yaxından tanıyanların dərin rəğbətini qazanmışdır. Qəlbinin odunu və hərarətini, mənalı ömrünün ən qaynar illərini xalqının gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə fəda etmiş akademik Arif Paşayev respublikamızda radiofizika və yarımkeçiricilər sahəsində zəngin irs, özünəməxsus məktəb yaratmış, çoxlu sayda fundamental əsər və dərsliklər yazmışdır.

Uzun illərdən sonra Azərbaycan mədəni irsinin qorunması, inkişafı, bütün dünyada təbliği missiyasını görkəmli ədibin nəvəsi, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın öz üzərinə götürərək bu missiyanı uğurla həyata keçirməsi də görünür taleyin və tarixin maraqlı bir qanunauyğunluğudur.

Sevindirici haldır ki, görkəmli yazıçının digər nəvəsi - istedadlı ədəbiyyatşünas alim, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva da bu gün elmi-pedaqoji sahədə Mir Cəlal ənənələrini layiqincə davam etdirir. Bu ənənələr Nərgiz xanım Paşayevanın Azərbaycan və dünya əbədiyyatşünaslıq elminə töhfə verdiyi dəyərli elmi monoqrafiyalarının ana xətti kimi nəzərə çarpır. Mir Cəlalın yaratdığı bədii əsərlərdə olduğu kimi, Nərgiz xanımın elmi araşdırmalarında da diqqət mərkəzində dayanan məhz insandır.

1963-cü ildə nəşr olunmuş "Xatirə kitabı"nın sonunda Mir Cəlal öz ürəyinə müraciətlə yazırdı: "On il, heç olmasa beş il mənə möhlət ver! Mənim dostlarıma, vətəndaşlarıma, Vətənimə deməyə sözüm var. Qoy bu sözlərimi də arxayın deyim, vəsiyyətimi eləyim, tələbələrim, məktəblilərim, dostlarım, yoldaşlarım, oxucularım, kitablarım ilə axırıncı dəfə vidalaşım".

Mir Cəlal cismən bizdən ayrılsa da, ruhən yenə də bizlərlə, onun əsərlərindən mənəvi qida alan oxucuları ilə birgədir. Universitet auditoriyalarından həyatın qoynuna onun xeyir-duası ilə atılmış çoxsaylı yetirmələri, əlindən tutub ədəbiyyata, elmə, sənətə gətirdiyi və bu gün hər biri Azərbaycan mədəniyyətinin ən görkəmli simaları kimi cəmiyyətdə yüksək mövqe sahiblərinə çevrilmiş yüzlərlə insan üçün Mir Cəlal müəllimin yaşadığı ömür əsl insana xas ən gözəl, alicənab, nəcib, xeyirxah Azərbaycan ziyalısının həyat hekayəsidir. Nə qədər ki, bəşəriyyəti yaşadan ali insani dəyərlər və o dəyərlərə doğru can atan kəslər var, Mir Cəlal müəllimin həyat hekayəsi də heç zaman unudulmayacaq, daim dillərdə dolaşacaqdır.

 

 

Afət SADIQOVA,

filologiya elmləri üzrə

fəlsəfə doktoru

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 6.