Balaş Azəroğlu
Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycanın xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə) 2011-ci il aprelin 24-də ömrünün 90-cı ilində vəfat etmişdir.
Balaş Azəroğlu 1921-ci il noyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. O, 1938-ci ildə ailəsi ilə birlikdə Ərdəbil şəhərinə köçmüş və orada orta məktəbdə oxumuşdur. 1947-ci ildə Bakıya qayıtdıqdan sonra elə həmin il Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1952-ci ilədək burada filologiya fakültəsində ali təhsil almışdır. O, 1966-cı ildə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
Cənubi Azərbaycanda ikən Balaş Azəroğlu 1942-ci ildə İran Xalq Partiyasına daxil olmuş, 1943-cü ildə "Zidd-faşist" təşkilatının Ərdəbil Komitəsinin sədri, 1945-ci ildən isə Azərbaycan Demokrat Firqəsinin üzvü seçilmişdir. O, 1945-1946-cı illərdə Azərbaycan Demokrat Firqəsi Ərdəbil vilayət komitəsinin orqanı "Cövdət" qəzetinin redaktoru kimi fəaliyyət göstərmiş, Təbriz Radio Komitəsinin sədr müavini, eləcə də Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.
1947-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinə sədrlik edən Balaş Azəroğlu 1954-1955-ci illərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı "Azərbaycan" qəzetinin redaktoru işləmiş, 1956-1964-cü illərdə Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsində təbliğat şöbəsinin müdiri və sədr müavini vəzifələrində çalışmışdır.
Balaş Azəroğlu 1963-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı olmuş, 1981-1991-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi işləmişdir. O, 1991-ci ildən ömrünün sonunadək Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşavir idi.
Müasir Azərbaycan poeziyasının parlaq simaları sırasında adı hörmətlə çəkilən Balaş Azəroğlu həyatının yetmiş ildən artıq bir dövrü ərzində dolğun və mənalı yaradıcılıq yolu keçərək xalqımızın bədii söz xəzinəsinə dəyərli töhfələr vermişdir. Şairin qırxdan çox kitabda toplanmış və müxtəlif janrlarda qələmə alınmış əsərlərinin əsas leytmotivini Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü təşkil edir. Humanizm ideyalarının carçısı olan Azəroğlunun lirikasında bəşəriyyətin gələcək taleyi üçün dərin narahatlıq və məsuliyyət duyğusu da geniş əksini tapmışdır. Ədəbi ənənəyə yaradıcı münasibət və yeni məzmuna uyğun bədii forma axtarışları ilə səciyyələnən bu poeziya orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı sayəsində oxucuların rəğbətini qazanmışdır.
Şairin əsərlərindən bir çoxu xarici dillərə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu Şərq poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Balaş Azəroğlu, eyni zamanda, orta əsrlər Azərbaycan ədəbiyyatına dair tədqiqatların müəllifi kimi tanınırdı. O, bədii yaradıcılığı ilə yanaşı klassik ədəbi irsimizin görkəmli nümayəndələrinə həsr olunmuş müxtəlif araşdırmalar da aparmışdır.
Xalq şairi Balaş Azəroğlunun çoxillik zəngin ədəbi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan "Şöhrət" ordeninə layiq görülmüşdür.
Tanınmış şair və ictimai xadim, səmimi insan Balaş Azəroğlunun işıqlı xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Artur Rasizadə,
Oqtay Əsədov,
Ramiz Mehdiyev, Elçin Əfəndiyev,
Hacıbala Abutalıbov,
Fatma Abdullazadə, Mahmud Kərimov,
Əbülfəs Qarayev,
Nizami Cəfərov, Anar Rzayev, Fikrət
Qoca,
Gülhüseyn Hüseynoğlu,
Söhrab Tahir, Nəriman Həsənzadə,
Vaqif Səmədoğlu, Sabir
Rüstəmxanlı, Zəlimxan Yaqub
Azərbaycan.- 2011.-26 aprel.- S. 6.