Xalq şairi Balaş Azəroğlu son mənzilə yola salınmışdır

 

Aprelin 25-də Bakı ictimaiyyətinin nümayəndələri 90 yaşında dünyasını dəyişmiş Azərbaycanın xalq şairi Balaş Azəroğlunu son mənzilə yola salmışdır.

AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Aktyorlar evinin salonunun matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin kollektivləri adından əklillər düzülmüşdü.

Tanınmış mədəniyyət, incəsənət və elm xadimləri, mərhumun dostları, tanışları, şairin poeziyasının pərəstişkarları Aktyorlar evinin binasına gələrək ona son borclarını verirdilər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev poeziyamızın tanınmış simalarından biri olan Balaş Azəroğlu ilə vida mərasimində iştirak edərək şairin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verdilər.

Matəm mərasimini açan Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışaraq dedi ki, Balaş Azəroğlu böyük vətəndaş olmaqla yanaşı, həm də milli şair idi. O, öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynamışdır. Şair bütün fəaliyyəti boyu azərbaycançılıq ideyası ilə yaşamış, xalqını, millətini, Vətənini, dövlətini sevmiş, poetik amalına sədaqətli olmuşdur.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca, xalq şairi Söhrab Tahir, tanınmış alim və naşir Qulamrza Səbri Təbrizi və başqaları vurğuladılar ki, Balaş Azəroğlu təkcə yazdığı şeirlərlə deyil, yüksək şəxsi keyfiyyətləri, vətənpərvərliyi ilə də insanların qəlbində əbədi məhəbbət qazanmışdır. Bildirdilər ki, şair o taylı-bu taylı ədəbiyyatımızın Xudafərin körpüsü idi. Çıxış edənlər bildirdilər ki, əqidəli vətəndaş, müdrik ağsaqqal və səmimi insan Balaş Azəroğlunun işıqlı xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq, onun şeirləri heç zaman unudulmayacaqdır.

Etibar Balaşoğlu çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirmişdir.

 

* * *

 

Xalq şairi Balaş Azəroğlunun cənazəsi Aktyorlar evindən götürülərək ikinci Fəxri xiyabana gətirildi. Burada mərhumun ruhuna dua oxundu və böyük söz ustasının cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üstünə əklillər, gül dəstələri düzüldü.

Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

 

Azərbaycan.- 2011.- 26 aprel.- S. 6.