Aqrar siyasətin yeni mərhələsi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "İqtisadiyyatımızın çoxşaxəli iqtisadiyyat kimi formalaşmasında qeyri-neft sektorunun inkişafı həlledici rol oynayır. Əgər vaxtilə biz bu siyasətə başlamasaydıq, indi ölkə iqtisadiyyatı birtərəfli ola bilərdi. Mən yaxşı xatırlayıram, bir neçə il bundan əvvəl bəzi beynəlxalq qurumlarda Azərbaycanda "Hollandiya sindromu" haqqında fikirlər səslənmişdi, yəni Azərbaycanda iqtisadiyyat birtərəfli inkişaf edəcək, ancaq neft amilinə söykənir, iqtisadiyyatın digər sahələrində perspektivlər yoxdur. Bizim apardığımız siyasət isə onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyat kimi formalaşıb və "Hollandiya sindromu" haqqında o fikirlər artıq səslənmir".

 

2010-cu ilin sosial-iqtisadi inkişafının yekunları deyilən bu fikirləri bir daha təsdiq edir. Belə ki, 2010-cu ildə əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulda neft-qaz sektorunun xüsusi çəkisi 48,5, qeyri-neft-qaz sektorunun xüsusi çəkisi isə 44,4 faiz təşkil etmiş, bu sahələrdə 2009-cu ilə nisbətən müvafiq olaraq 1,8 və 7,9 faiz artım olmuşdur. Göründüyü kimi, yaxın illərdə qeyri-neft sektorunun xüsusi çəkisi ümumi daxili məhsulda üstünlük təşkil edəcək ki, bu da ölkə iqtisadiyyatının gələcəkdə dinamik inkişafı üçün möhkəm təməl yaradır.

Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrindən biri kənd təsərrüfatıdır. Kənd təsərrüfatının hazırkı və gələcək potensialı bu sahədə yaradılan əlavə dəyərin ümumi daxili məhsulda xüsusi çəkisini indiki 5,4 faizdən 25-30 faizədək artırmağa imkan verir. Bu potensialdan səmərəli istifadə etmək üçün, ilk növbədə, kənd təsərrüfatının da daxil olduğu aqrar-sənaye kompleksinin hərtərəfli inkişafına nail olmaq, kənd təsərrüfatının prioritet sahələrini müəyyənləşdirərək onların inkişafı istiqamətində tədbirlər həyata keçirmək, innovasiyalı texnika və texnologiyaların tətbiqi ilə rəqabətədavamlı məhsullar istehsal edərək həm əhalinin ərzaq təhlükəsizliyini yerli istehsal hesabına təmin etmək, həm də xarici bazarlara çıxmaq imkanı qazanmaq lazımdır.

Bazar iqtisadiyyatı şəraitində uzun illər yaşayan ölkələrin təcrübəsi və dünyanın aqrar sahəsindəki müasir siyasəti göstərir ki, yalnız torpağı kəndlilərə paylamaqla kənd təsərrüfatının inkişafına və ölkənin ərzaq təhlükəsizliyinə nail olmaq mümkün deyil. Bunun üçün həm də istehsalın həcmini artırmaq və məhsulların keyfiyyətini yaxşılaşdırıb maya dəyərini azaltmaq lazımdır. Bu isə dövlət himayəsi və qayğısı tələb edir. Bütün dövlətlərdə kənd təsərrüfatına subsidiyalar ayrılır və bu sahə dövlətin daimi himayəsi, qayğısı ilə əhatə olunur. Avropa İttifaqının illik büdcəsinin 40 faizi (60 milyard avro) kənd təsərrüfatına xərclənir. ABŞ və Avropa İttifaqı ölkələrində fermerlərin gəlirinin 25-27 faizi subsidiyalar hesabına təmin edilir. Təbii ki, bu qədər subsidiya ayırmaq üçün, ilk növbədə, ölkənin maliyyə resursları olmalıdır.

Azərbaycanda hələ torpaq islahatı başa çatmamış torpaq mülkiyyətçilərinə dövlət yardımı göstərilməyə başlanmışdır. Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 1998-ci ildən başlayaraq istifadə etdikləri yanacaq və motor yağlarında güzəştlər edildi, onlar torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olundular. Artıq 10 ildir ki, istehsalçılar həmin vergiləri ödəməkdən azaddırlar. Prezident İlham Əliyev də aqrar inkişafın yeni mərhələsinin bünövrəsini qoymaqla bu sahənin ildən-ilə təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində davam etdirilməsi üçün çox mühüm qərarlar qəbul edir.

Aqrar siyasətin yeni mərhələsinin əsas xüsusiyyətlərindən biri bu bölmənin hərtərəfli inkişafının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsidir. Aqrar-sənaye kompleksinin mühüm sahəsi sayılan maşınqayırma və gübrə istehsalının inkişafına nail olmaq üçün artıq ölkəmizdə əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Gəncədə kənd təsərrüfatında istifadə edilən traktorların istehsalı ölkənin aqrar sektorunda maşın-mexanizm parkının vaxtında təzələnməsinə və işlərin yüksək səviyyədə görülməsinə şərait yaradır. Bu istiqamətdə ikinci mühüm tədbir yeni gübrə zavodunun inşa edilməsi olacaq. Zavodun tikintisi kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək keyfiyyətli gübrə ilə təmin etməklə yanaşı, onların idxaldan asılılığına son qoyacaq və məhsulun maya dəyəri aşağı düşəcək. Heç kimə sirr deyil ki, xarici ölkələrdən gətirilən gübrənin və digər malların keyfiyyəti çox hallarda aşağı olur. Nəticədə həmin kimyəvi maddələr (gübrə, pestisid və digərləri) səmərə vermir, məhsulun maya dəyərini artırır. Ona görə də hesab edirik ki, tikiləcək zavodda gübrə ilə bərabər, pestisid və kənd təsərrüfatında istifadə olunan digər kimyəvi maddələr də istehsal edilməlidir. Bu, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və məhsul itkisinin qarşısını almağa imkan verər.

Bundan başqa, yerlərdə də kənd təsərrüfatı maşınları və avadanlıqlarının istehsalına ehtiyac var. Həmin işin öhdəsindən müasir texnologiyalar tətbiq etməklə ayrı-ayrı bölgələrdə yeni zavodlar tikmək, eləcə də mövcud müəssisə və sexləri bərpa edərək modernləşdirməklə gəlmək mümkündür. Göstərilən tədbirlərin həyata keçirilməsi üçün ölkəmizin maliyyə imkanları vardır və bu müəssisələrin yaradılması kənd təsərrüfatının inkişafına təkan verməklə yanaşı, həm də daimi iş yerlərinin açılmasına imkan yaradar.

Aqrar-sənaye kompleksinin mühüm bölmələrindən biri də kənd təsərrüfatı məhsullarının saxlanması, emalı və satışının təşkilidir. Hazırda ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarını ən çox narahat edən məsələ məhz həmin məhsulları itkisiz saxlayıb münasib qiymətə satmaq, habelə yetişdirilmiş məhsulun bir hissəsinin emal müəssisələrinə verməkdir. Bunu nəzərə alaraq son illər Sahibkarlığa Kömək Milli Fondunun maliyyə yardımı ilə regionlarda soyuducu anbar kompleksləri tikilir və həmin obyektlərin bir çoxu artıq fəaliyyətə başlamışdır. Təkcə keçən il emal müəssisələrinin tikintisi üçün 16 sahibkarlıq subyektinə 10,4 milyon, soyuducu anbar kompleksinin tikintisi üçün 11 sahibkarlıq subyektinə 18,6 milyon, taxıl məhsullarının təmizlənməsi və saxlanması üçün 4 sahibkarlıq subyektinə 4,2 milyon manat güzəştli kredit ayrılmışdır. Güzəştli kreditlər hesabına 2010-cu ildə Zaqatala rayonunda sutkalıq istehsal gücü 30 ton olan süd məhsulları və illik istehsal gücü 3,6 min ton olan tütün emalı, Lənkəranda gücü saatda 50,2 ton olan meyvə-tərəvəz konserv zavodları və ildə 150 ton çayın ilkin emalına imkan verən fabrik, Biləsuvar rayonunda ildə 60 min ton meyvə-tərəvəz konservləri istehsal etmək gücünə malik emal müəssisəsi zavodu, Cəlilabad rayonunda ildə 800 min dekalitr şərab istehsal etmək gücü olan sex, Qəbələ, Salyan və Tovuz rayonlarında müxtəlif tutumlu meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar istifadəyə verilib. Həyata keçirilən tədbirlər nəticəsində mövcud çətinliklər tədricən aradan qaldırılır ki, bu da məhsul istehsalının stimullaşdırılmasına şərait yaradır.

Ölkəmizdə aqrar inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamlarla başlamışdır. Həmin vaxtdan indiyədək imzalanmış sərəncamlar nəticəsində aqrar sahədə idarəetmə təkmilləşdirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi genişləndirilmişdir. Ölkə başçısının müvafiq sərəncamlarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin (hər hektar əkin sahəsinə görə 40 manat) dövlət tərəfindən ödənilməsi üçün büdcədən vəsait ayrılır. Bundan başqa, taxıl və çəltik istehsalını artırmaq və həmin məhsullarla təminatı yaxşılaşdırmaq üçün hər hektar əkin sahəsinə əlavə olaraq istehsalçılara dövlət büdcəsindən 40 manat vəsait ödənilir.

Aqrar siyasətin yeni mərhələsində həyata keçirilən mühüm tədbirlərdən biri də "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması və onun fəaliyyətinin əsasən dövlət büdcəsindən ayrılan vəsait hesabına təmin edilməsidir. "Aqrolizinq" ASC artıq bir neçə ildir ki, bu və digər mənbələrdən ayrılan maliyyə vəsaiti hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarını müasir texnika, texnoloji avadanlıqlar, mineral gübrələr, pestisidlər, cins damazlıq heyvanlarla təmin edir, onlara aqrotexniki xidmətlər göstərir. ASC fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində 10951 kənd təsərrüfatı texnikası, o cümlədən 990 taxılyığan kombayn, 3045 traktor, 6976 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və qoşqusu gətirərək sahibkarlara lizinqə vermiş və ya lizinq qaydasında satmışdır. Ölkəmizdə tikilib istifadəyə verilən soyuducu anbarların, istixanaların, emal zavodlarının və sexlərinin, habelə damcılı suvarma sistemlərinin texnoloji avadanlıqlarla təminatı da lizinq qaydasında həyata keçirilir.

Aqrar siyasətin yeni mərhələsində fəaliyyət göstərən idarəetmə orqanlarından biri də Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyidir. Agentlik beynəlxalq maliyyə-kredit təşkilatları ilə bağlanmış sazişlər çərçivəsində layihələrin həyata keçirilməsini davam etdirməklə yanaşı, aqrar bölmədə sahibkar kimi fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün dövlət dəstəyi məqsədilə kreditlərin cəlb edilməsini həyata keçirir. Dövlət büdcəsindən ayrılan (10 milyon manat) və əvvəlki illərdə verilmiş kreditlər üzrə ödəmələr (3,4 milyon manat) hesabına keçən il agentlik 448 fiziki və hüquqi şəxsə 13,4 milyon manat güzəştli kredit vermişdir. Maraqlı cəhət ondadır ki, bu kreditlər ayrılarkən ölkədə ərzaq təhlükəsizliyinin təminatına müsbət təsir edən sahələrə üstünlük verilir.

Aqrar sahəyə dövlət dəstəyi bu sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bərabər, ayrı-ayrı sahələrin inkişaf etdirilməsini də əhatə edir. Bu layihələrin həyata keçirilməsi üçün ölkəmizdə müvafiq hüquqi baza yaradılmışdır. Belə ki, "Toxumçuluq haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Taxılçılıq haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Pambıqçılıq haqqında" və digər sahələrə aid qanunlar vardır və onların tətbiq edilməsinə dair Prezidentin fərmanları mövcuddur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında Prezident İlham Əliyev demişdir: "Biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bununla bağlı elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçün və yeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün". Dövlət başçısı bu məqsədlə ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın inkişaf etdirilməsi üçün istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə müvafiq orqanlara tapşırıqlar vermişdir.

Qeyd edək ki, əlavə olaraq 100-200 min hektar torpağın istifadə olunması digər sahələrə zərər gətirmədən taxıl istehsalını xeyli artırmağa imkan verəcək ki, bu da taxıla tələbatın yerli istehsal hesabına əsasən təmin edilməsinə böyük töhfədir. Prezident taxılçılıqla yanaşı, üzümçülüyün inkişafına da diqqəti cəlb etmiş, üzümçülük üzrə xüsusi proqramın hazırlanması, uzunmüddətli kreditlər verilməsi üçün fond yaradılmasını məqsədəuyğun hesab etmiş və bu istiqamətdə müvafiq hazırlıq işləri aparılması barədə göstəriş vermişdir. Eyni zamanda, Prezident çıxışında bitkiçiliyin inkişafında toxumçuluğun böyük əhəmiyyət kəsb etdiyini vurğulamaqla bu sahəyə diqqətin artırılmasını və bütün sahələrdə, xüsusilə taxılçılıqda toxuma olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsini ən vacib vəzifə kimi qarşıya qoymuşdur. Ölkə başçısı bu məqsədlə dövlət və xüsusi mülkiyyətdə olan toxumçuluq təsərrüfatlarına diqqətin artırılması, yeni toxumçuluq zavodlarının tikintisi və mövcud zavodların fəaliyyətinin genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirmişdir.

Bunlardan əlavə, Prezidentin imzaladığı fərmanlara əsasən, pambıqçılığın inkişafına dair dövlət proqramlarının qəbul edilməsi və pambıqçılığın klasterlər əsasında inkişafının təmin olunması nəzərdə tutulmuş və bununla bağlı müvafiq icra orqanları qarşısına vəzifələr qoyulmuşdur. Apardığımız adi hesablamalar göstərir ki, 300 min ton pambığın (bu qədər pambığı heç bir gərginlik olmadan istehsal etmək potensialımız var) son istehlak məhsullarına kimi tam emal edilməsi 1,5 milyard manat əlavə dəyər əldə etməyə imkan verə bilər.

Prezidentin aqrar siyasətin yeni mərhələsində qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasıdır. Sözügedən konfransda qeyd edilmişdir ki, Azərbaycanda yetişdirilən meyvə-tərəvəz və digər məhsulların keyfiyyəti çox yüksəkdir və bu bizə imkan verir ki, ekoloji cəhətdən təmiz məhsullarla dünya bazarlarına çıxa bilək. Ölkəmizdə zəfəran, zeytun, nar və bu kimi digər qeyri-ənənəvi məhsulların istehsalı üçün əlverişli torpaq və iqlim şəraiti vardır və bu məhsullarla xarici bazarlara çıxmaq çətin deyil. Digər tərəfdən, "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları haqqında" qanun təbii məhsulların istehsalı üçün hüquqi baza yaradır və ölkəmizə xas olan bu sərvətdən səmərəli istifadə etmək borcumuzdur. Bu vəzifələrin yerinə yetirilməsi istehsalı stimullaşdırmaqla yanaşı, Azərbaycanın kənd təsərrüfatının dünya miqyasında tanınması demək olardı.

Aqrar siyasətin yeni mərhələsində qarşıda duran bu vəzifələri həyata keçirmək üçün təsərrüfatların maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması, müasir texnika və texnologiyaların tətbiqi, sahibkarlığın daha da inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi və digər tədbirlər davamlı olmalıdır.

Bu tədbirlərə iri təsərrüfatların yaradılmasının vacibliyi də əlavə edilməlidir. Prezident İlham Əliyev öz çıxışlarında taxılçılığın, üzümçülüyün və kənd təsərrüfatının digər sahələrində innovasiyalı texnoloji avadanlıqların tətbiqi üçün böyük imkanları olan iri təsərrüfatların yaradılmasının vacibliyini dəfələrlə vurğulamışdır. Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr edilmiş iclasında Prezidentin ölkəmizdə iqtisadi inkişafın və yüksək real artım templərinin əldə olunması üçün hökumət qarşısında qoyduğu əsas vəzifələrdən biri də məhz iri fermer təsərrüfatlarının yaradılması istiqamətində tədbirlərin görülməsidir.

Ölkəmizdə torpaq islahatının həyata keçirilməsini nəzərə almaqla iri fermer təsərrüfatlarının yaradılmasını iki yolla həyata keçirmək mümkündür. Birincisi, dövlət və bələdiyyə mülkiyyətində olan, istifadəsiz qalmış və ya səmərəli istifadə edilməyən torpaqlarda iri təsərrüfatların yaradılmasıdır. Bu istiqamətdə artıq müvafiq orqanlara göstəriş verilmişdir və işlər davam edir. Torpaqlar müəyyən edildikdən sonra onların suvarılması, infrastrukturunun, maddi-texniki bazasının yaradılması dövlət dəstəyi ilə həyata keçiriləcək. Belə təsərrüfatların əsasən taxıl, üzüm və pambıq istehsalı ilə məşğul olması nəzərdə tutulur.

İkinci yol hazırda mövcud olan kiçik təsərrüfatların könüllülük prinsipi əsasında birləşərək kənd təsərrüfatı istehsal və istehlak kooperativlərinin yaradılmasıdır. Qeyd edək ki, kənd təsərrüfatında kooperasiyanın tətbiqi heç də yeni bir forma deyil və bu sistem bazar münasibətlərinin tətbiq edildiyi ölkələrdə çoxdan mövcuddur. Dünya ölkələrinin əksəriyyətində ümumi kənd təsərrüfatı məhsullarının 50-70, bəzi məhsulların isə 100 faizi kooperativlərdə istehsal olunur. 1917-ci ilə qədər Rusiyada da çoxsaylı kənd təsərrüfatı kooperativləri mövcud olmuş, 1921-1924-cü illərdə belə kooperativlərin yaradılaraq fəaliyyətə başlaması Rusiyanın kənd təsərrüfatı məhsullarının istehsal səviyyəsinə görə 1913-cü ilin səviyyəsinə çatmasında əsas rol oynamışdır. Kooperativlərin bir nəfərin mülkiyyətinə keçməməsi, idarə olunmasında demokratikliyin və şəffaflığın təmin edilməsi, kooperativə üzvlüyün yalnız könüllülük prinsipi əsasında həyata keçirilməsinə nail olmaq üçün XIX əsrin birinci yarısından başlayaraq Böyük Britaniya, İtaliya və digər ölkələrdə kənd təsərrüfatı kooperasiyası haqqında qanunlar qəbul edilmiş, hətta İtaliyada XIX əsrin ikinci yarısında qəbul olunmuş qanun bəzi əlavələr və dəyişikliklərlə bu gün də qüvvədədir.

Ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasından sonra bazarda yarana biləcək güclü rəqabətə davam gətirməsi, habelə xarici bazarlara yüksək keyfiyyətli məhsullarla çıxa bilməsi, daxildə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ən optimal istiqamətlərdən biri xırda ailə təsərrüfatlarının bazasında kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılmasıdır. Bu prosesin hüquqi müstəvidə həlli üçün Milli Məclisin Aqrar siyasət komitəsinin deputatları "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi hazırlamışlar. Layihədə kooperativlərin bütün dünya ölkələrinin qəbul etdiyi əsas prinsiplər göstərilməklə Azərbaycanın reallıqları nəzərə alınmışdır. Bu reallıqların ən əsası ondan ibarətdir ki, koopeartivin üzvü olan hər bir şəxs ona məxsus olan torpaq üzərində xüsusi mülkiyyət hüququnu saxlayır. Yəni, kooperativə könüllü surətdə üzv olan şəxsin torpağı kooperativin mülkiyyətinə verilmir və yalnız kooperativin ümumi məqsədləri üçün idarəetmə orqanının qərarı ilə əsasən mülkiyyətçinin özü tərəfindən istifadə olunur və ya ehtiyac yaranarsa, ona təsərrüfat işlərini yerinə yetirməkdə digər üzvlər kömək göstərə bilərlər. Bu məsələ layihədəki xüsusi maddədə əks olunmuşdur. Layihədə kooperasiyanın inkişafına dövlət dəstəyi və himayəsi, kooperativlər və bələdiyyələr, kooperativlərin yaranmasının və fəaliyyətinin hüquqi tənzimlənməsi, istehlak (xidmət) kooperativlərinin növləri və onların fəaliyyətinin xüsusiyyətləri və digər məsələlərə dair maddələr də vardır.

Məlumdur ki, ölkəmizdə kənd təsərrüfatının inkişafına əngəl törədən əsas amillərdən biri istehsal edilən məhsulun istehsalçı tərəfindən bazara çıxarılmaq imkanının məhdudlaşdırılmasıdır. Bunun nəticəsində istehsalçı böyük əmək və vəsait sərf etməklə il ərzində yetişdirdiyi məhsulu çox ucuz qiymətə vasitəçilərə satmağa məcbur olur və bu da getdikcə kənd təsərrüfatı məhsullarının istehsalına marağı azaldıır. Belə vəziyyət uzun müddət davam edərsə, yerli istehsalın tənəzzülə uğraması labüddür və ölkədə ərzaq təhlükəsizliyinin idxaldan asılılığı arta bilər. Bu cəhət nəzərə alınaraq layihədə istehlak kooperativlərinin idarəçiliyində olan kooperativ bazarların yaradılmasını və onların fəaliyyətinin tənzimlənməsini təmin edən maddələr yer almışdır. Həmin maddələrə əsasən, məhsulun satışını asanlaşdırmaq üçün kənd təsərrüfatı bazarlarında məhsul istehsalçılarına ticarət yerlərinin verilməsi müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə həvalə edilmişdir.

Bu qanun layihəsinin yaxın günlərdə Milli Məclisin iclasında müzakirə edilməsi gözlənilir. Layihənin təkmilləşdirilməsi və onun qabaqcıl ölkələrin təcrübəsinə uyğunluğunu təmin etmək üçün deputatlardan və ekspertlərdən ibarət qrupun Almaniyaya səfəri də nəzərdə tutulur. Onu da qeyd edək ki, kənd təsərrüfatı ilə məşğul olan bəzi şəxslər bu qanun layihəsi barədə kütləvi informasiya vasitələrindən aldıqları məlumatlar əsasında Milli Məclisə qanunda əks olunması lazım gələn məsələlər barədə öz təkliflərini göndərirlər. Bu təkliflər layihənin hazırlanmasında və təkmilləşdirilməsində nəzərə alınacaq.

Hesab edirik ki, ölkəmizin aqrar siyasətinin yeni mərhələsinin formalaşması və onun hüquqi bazası bundan sonra da təkmilləşdiriləcək, Prezident İlham Əliyevin müəyyən etdiyi istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr uğurla həyata keçiriləcəkdir.

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar

siyasət komitəsinin

sədri, professor

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 9.