Ermənistanda ikinci Çernobıl təhlükəsi

 

Ermənistandakı Metsamor AES seysmik zonada yerləşən bir obyekt kimi Türkiyə, İran, Gürcüstan və Azərbaycan üçün çox böyük təhlükə mənbəyidir. Azərbaycanın Baş naziri Artur Rasizadə bir çox ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə bu günlərdə Kiyevdə keçirilən nüvə enerjisindən təhlükəsiz və innovasiyalı edilməsinə dair sammitdə dünya ictimaiyyətini EAES-in bağlanmasına çağırmışdır.

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (EAES) iki blokdan ibarətdir. Bu stansiyanın birinci bloku 1976-cı ildə, ikinci bloku 1980-ci ildə istismara verilmişdir. Stansiya İrəvan şəhərindən 28 kilometr, Türkiyə və İran ilə sərhəddən müvafiq olaraq 16, 60 kilometr, Azərbaycan-Gürcüstan sərhədindən təqribən 150 kilometr məsafədə yerləşir. Blokların hər birinin nüvə yanacağına illik tələbatı 42 ton, istismar müddəti 30 il olmaqla 8 ballıq zəlzələyə hesablanmışdı. 1988-ci il dekabr ayının 7-də Spitak şəhərində baş verən dağıdıcı zəlzələdən (EAES zəlzələnin mərkəzindən 75 kilometr məsafədə yerləşir) sonra, 1989-cu ilin əvvəllərində birinci, daha sonra ikinci blok dayandırılmışdı.

İqtisadi böhran məngənəsində sıxılan Ermənistan 1993-cü ilin aprel ayında ikinci blokun istismara verilməsi ilə əlaqədar qərar vermiş və 1995-ci ilin noyabr ayında həmin blok işə salınmışdır. EAES-i nüvə yanacağı ilə təmin etmək üçün, stansiya 2003-cü ildə 5 il müddətinə Rusiyanın "İnter RAO EES" şirkətinə idarə olunmağa verilmiş və 2008-ci ildə müqavilənin müddəti daha 5 il uzadılmışdır. İkinci blokun təkrar işə salınması üçün həmin dövrdə Avropa Birliyi dövlətlərinin EAES-in bağlanması ilə əlaqədar etdikləri cəhdləri uğursuzluqla nəticələnmişdir.

Ermənistan rəhbərliyi 2005-ci ildə qəbul etdiyi qərara görə, respublikada yeni AES-in tikilməsi müqabilində köhnə AES bağlanmalıdır. Hazırda respublikada istehsal olunan elektrik enerjisinin 40 faizi bu stansiyanın payına düşür. Ermənistan hökumətinin 2008-ci ilin dekabrında qəbul etdiyi qərara görə, yeni atom reaktorunun tikintisi ilə əlaqədar tender komissiyası yaradılmışdır. Ikinci blokun istismar müddəti 2016-cı ildə başa çatır. 2007-ci ildə Ermənistan hökuməti daha bir ambisiyalı proqramın həyata keçirilməsi üçün qərar verdi: 2020-ci ilə kimi energetik qurğuların gücünü 4000 mVt-a çatdırıb, 2000 mVt enerjini qonşu dövlətlərə - Gürcüstana, Türkiyəyə və İrana ixrac etmək. Halbuki dünyanın heç bir ölkəsi özünün istehsal etdiyi elektrik enerjisinin yarısını ixrac etmək iqtidarında deyil. Elektrik enerjisi daxili tələbatı ödədikdən sonra qalan hissəsi ixrac oluna bilər. Erməni iddiasının real görünməyən planına görə, Ermənistanda gücü 1100 mVt olan su elektrik stansiyaları inşa edilməli, Razdan İstilik Elektrik Stansiyasında gücü 440 mVt və İrəvan İES-də gücü 200 mVt olan enerji blokları tikilib istifadəyə verilməli və hətta gücü 200 mVt olan külək qurğularından ibarət stansiya quraşdırılmalıdır?!

2009-cu ilin oktyabr ayında Ermənistan parlamenti gücü 1060 mVt olan yeni AES-in tikintisi ilə əlaqədar qərar vermiş və bununla əlaqədar rus-erməni şirkəti "Metsamorenerqoatom" yaradılmışdır. Bu şirkət 2011-ci ildə dəyəri 5 milyard ABŞ dolları, istismar müddəti 60 il olan blokun tikintisinə başlamalıdır. Bundan əlavə, nüvə sahəsində Rusiya-Ermənistan əməkdaşlığının əsas layihələrindən biri də Ermənistanda uran yataqlarının birgə istismarıdır. Bu məqsədlə hələ 2008-ci ildə "Dağ-mədən" birgə müəssisəsi yaradılıb.

Sual olunur: nəyə görə 2007-ci ildə istismara verilən boru kəməri ilə İrandan qaz alan Ermənistan (kəmərin layihə gücü ildə 1,1 milyard kubmetrdir, yaxın gələcəkdə kəmərin gücünü iki dəfə artırmaq nəzərdə tutulub) köhnə AES-i bağlamaq əvəzinə, yenisini tikmək istəyir? Halbuki Ermənistan öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə yeni blokun tikilməsi üçün nəzərdə tutulan vəsaitin 25 faizindən istifadə etsə daha az müddətə, həm təhlükəsiz, həm də iqtisadi cəhətdən daha səmərəli olan İES-in tikintisini həyata keçirə bilər.

Məlum olduğu kimi, atom reaktorlarında zənginləşdirilmiş urandan istifadə olunur. Onun tərkibi 2 faizdən 4,4 faizə qədər uran 235-dən, qalan hissəsi uran 238-dən ibarətdir. AES-in istismarı zamanı yaranan işlənmiş (şüalanmış) nüvə tullantılarının tərkibi (İNT) 95 faiz-uran 238-dən (təkrar istifadəyə yararlı) və 5 faiz radioaktiv tullantılardan (RT) ibarətdir. RT-nin tərkibi 20 faiz plutonium 239-dan (atom bombası istehsal etmək üçün istifadə olunur), 2 faiz daha təhlükəli olan transuran elementlərindən (plutoniumun, neptuniumun, kürinin izotopları) və qalan hissəsi 30 radioaktiv elementin yüzlərlə izotopundan (stronsium 90, sezium 137, yod 129 və s.) ibarətdir.

Ermənistan AES-in istismarı zamanı yaranan İNT-nin miqdarı və tərkibi haqqında ictimaiyyətə heç bir məlumat vermir. Erməni mənbələrinin verdiyi məlumata görə, stansiyanın ərazisində Amerika texnologiyasına uyğun xüsusi tullantıxana tikilmiş və işlənmiş tullantılar daşınaraq həmin tullantıxanadakı konteynerlərdə saxlanılır. Bu tullantıların saxlanma müddəti 50 ildir. Həmin tullantılar seysmik aktiv zonada hansı şəraitdə saxlanılır və radioaktiv təhlükəsizliyi təmin etmək üçün nə kimi tədbirlər və radioloji monitorinqlər həyata keçirilir, məlum deyil. Bundan əlavə, 13 il istismar olunmuş və 1989-cu ildən dayandırılmış stansiyanın birinci blokunun indiki vəziyyəti, onun radiasiya-nüvə təhlükəsizliyinin təmin olunması haqqında da heç bir məlumat yoxdur. Halbuki reaktorun dayandırılması və onun konservasiya edilməsi mürəkkəb kompleks mühəndis-texniki məsələlərin - müxtəlif aktivlik dərəcəsinə malik nüvə materiallarının utilizasiyasını, onların radiasiya təhlükəsizliyinin təmin olunmasının və s. həllini tələb edir.

Amerika alimlərinin çoxsaylı tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, AES-in istismar zamanı hətta 46 kilometr radiusda daimi yaşayan əhali, əsasən uşaqlar və gənclər onkoloji xəstəliklərə daha çox məruz qalırlar. Aydındır ki, Ermənistan AES-in istismarı müddətində 46 km radiusun 30 km-lik hissəsində yaşayan Türkiyə Respublikasının əhalisi də daimi olaraq radioaktiv təsirə məruz qalır.

"Transsərhəd baxımından ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) üzrə konvensiya" 1991-ci il fevral ayının 25-də Finlandiyanın Espoo şəhərində imzalanmış və 1997-ci il sentyabr ayının 10-da qüvvəyə minmişdir. Azərbaycanın da qoşulduğu bu konvensiyanı Ermənistan 1997-ci il fevralın 21-də ratifikasiya etmişdi. Konvensiyanın əsas məqsədi ətraf mühitə təsirin qiymətləndirilməsi zamanı transsərhəd baxımından ətraf mühitin deqradasiyasının qarşısının alınmasından ibarətdir. Konvensiyanı ratifikasiya etmiş dövlət öz ərazisində apardığı əməliyyatlarla bağlı ətraf mühitə təsirlərə məruz qala biləcək digər ölkələri məlumatlandırmalı, təsirə məruz qala biləcək dövlətin tələbi ilə layihə üzrə hazırlanmış ƏMTQ hesabatını həmin dövlətə təqdim etməlidir. Hesabat ekoloji ekspertizadan keçirilərək transsərhəd baxımından mövcud ola biləcək təsirlər müəyyən olunmalı və bu barədə konvensiyanın Katibliyinə və layihəni həyata keçirən dövlətə məlumat verilməlidir. Konvensiyanın Katibliyinin ötən ilin sentyabr ayından ƏMTQ hesabatının Ermənistandan alınıb Azərbaycan Respublikasına ekoloji ekspertizaya təqdim olunmasından ötrü apardığı cəhdlər uğursuzluqla nəticələnmişdir. Konvensiyaya görə, Ermənistan ƏMTQ hesabatını təqdim etdikdən sonra, 45-90 gün müddətində Azərbaycan ictimaiyyəti həmin hesabatı müzakirə edərək irad və təkliflərini qarşı tərəfə göndərməlidir. BMT Baş Assambleyasının Dağlıq Qarabağ ilə əlaqədar qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistanın konvensiyanın tələblərini pozaraq ƏMTQ hesabatının Azərbaycan Respublikasına ekoloji ekspertiza üçün təqdim etməməsi heç də təəccüblü deyil.

Beynəlxalq ekoloji elektron şəbəkədən aldığımız məlumata görə, AES-in layihəsi üzrə hazırlanmış ƏMTQ hesabatının ilk ictimai müzakirəsi 2010-cu il iyunun 24-də aparılmışdır. Lakin ictimaiyyət tərəfindən verilən suallara dəqiq cavablar verilməmiş, ƏMTQ hesabatı hətta Ermənistan ictimaiyyətindən gizlədilərək layihənin sifarişçisi olan Energetika və Təbii Sərvətlər Nazirliyinin internet saytında yerləşdirilməmişdir. Yeni blokun köhnə AES-in ərazisində tikilməsi nəzərdə tutulduğundan, ərazi haqqında yalnız onu deyə bilərik ki, yeni blokun soyudulması üçün əlavə olaraq yaxından axan çayın suyundan istifadə olunması fikrini də ictimaiyyət birmənalı qarşılamamışdır.

Yeni atom reaktorunun tikintisinə beynəlxalq invensorların cəlb olunması ilə əlaqədar bu il aprel ayının 27-28-də investorların iştirakı ilə beynəlxalq energetika konfransı keçiriləcək. Bir faktı qeyd etmək lazımdır ki, atom reaktorunun tikintisində adətən 5-8 min nəfər müxtəlif ixtisaslı mühəndis-texniki işçilər çalışır ki, bunlar da 100-ə yaxın müxtəlif təyinatlı təşkilatları, şirkətləri təmsil edirlər. Atom reaktoru yüksək dərəcəli təhlükəyə malik qurğu olduğu üçün tikintinin keyfiyyəti də yüksək olmalıdır. Lakin Ermənistanda yüksək dərəcəli mütəxəssislər az olduğundan xarici ölkələrdən işçi qüvvəsi gətirməyə məcbur olacaqlar. Belədə kim təminat verə bilər ki, həmin işçilərin gördüyü iş standartlara cavab verəcək.

Bu il mart ayının 11-də Yaponiyada baş verən güclü zəlzələ və sunaminin yaratdığı dağıntı nəticəsində Tokio şəhərinin yaxınlığındakı "Fukusima-1" AES-də baş verən nasazlıqların yaranması və radiasiyanın ətrafa yayılması atom reaktorlarının istismar müddətlərinin bitməsinə görə baş vermişdir. Belə ki, istismar olunan 6 reaktordan birincisinin istismar müddəti 2001-ci ildə, sonuncusunun istismar müddəti 2009-cu ildə bitmişdir. Reaktorun aktiv zonasında uran 235 atomunun parçalanması nəticəsində yaranan zəncirvari reaksiya qrafit çubuqları vasitəsilə idarə olunur. Baş vermiş qəzadan sonra AES-i idarə edən mühəndis-texniki işçilər stansiyanı tərk etdiklərindən və sunami nəticəsində reaktorların soyutma sistemləri sıradan çıxdığından, yüksək temperaturdan qrafit çubuqlar əriməyə başlamış, reaktorun idarə olunmasında çətinliklər yaranmış, suyun səviyyəsi, reaktorun daxili təzyiqi aşağı düşərək partlayışa səbəb olmuş və ətraf mühitə müxtəlif radioaktiv tullantılar atılmış, ərazidə radiasiyanın səviyyəsi artmışdır.

Yeri gəlmişkən, dünyada istismar olunan 444 reaktordan 178-nin istismar müddəti bitmiş, istismar olunmayan və konservasiya edilmiş 127 reaktorun sökülərək onların utilizasiyası, ərazinin təmizlənərək rekultivasiya olunması yerinə yetirilməmişdir. Bu proses atom blokunun tikilib istismara verilməsi prosesindən daha təhlükəlidir və beynəlxalq ekspertlərin məlumatına görə, proses 100 ilə yaxın bir müddət ərzində yerinə yetirilə bilər.

1986-cı il aprel ayının 26-da Çernobıl AES-in dördüncü blokunda baş vermiş qəza - XX əsrin ən böyük və dəhşətli nüvə radiasiya qəzasıdır. Bu qəza nəticəsində müxtəlif dövlətlərə mənsub olan, 5 milyon nəfər insanın yaşadığı 130000 kvadratkilometr ərazi radioaktiv çirklənməyə məruz qalmışdır. Qəzanın vurduğu fəsadların aradan qaldırılmasında keçmiş sovet respublikalarından 500 min nəfər müxtəlif sahənin mütəxəssisləri və işçiləri (Azərbaycan Respublikasından 7 min nəfərdən çox) iştirak etmişdir. Qəzanın fəsadları haqqında yalnız 70 ildən sonra dəqiq məlumat verilə bilər. Bu yaxınlarda açıqlanan məlumata görə, 1988-ci ildə baş verən zəlzələ zamanı, Ermənistan AES-in bloklarının mühəndis-texniki heyəti stansiyadan qaçdığı üçün stansiya idarə olunmamış, lakin keçmiş sovet hökumətinin səyi nəticəsində Kola yarımadasında yerləşən AES-in işçilərini təcili olaraq Ermənistana təyyarə ilə gətirmişlər. Qısa müddət ərzində reaktorların aktiv zonasının soyudulması üçün suyun verilməsi vəziyyəti stabilləşdirmiş, stansiyanın idarə olunmasının bərpası ikinci Çernobıl qəzasının baş verməsinin qarşısını almışdır. Bu gün heç kim təminat verə bilməz ki, həmin hadisə bir daha təkrar olunmayacaqdır.

Dünya birliyi "Fukusima-1" AES-də baş verən dəhşətli qəzadan nəticə çıxarıb Ermənistanı erməni iddialarından əl çəkib seysmik aktiv zonada atom energetikasının inkişaf etdirilməsi siyasətindən çəkinməyə məcbur etməli, köhnə stansiya bağlanmalı və yeni stansiyanın tikilməsinə yol verilməməlidir. Əks halda, Cənubi Qafqazda və ətraf ərazilərdə Çernobıl təhlükəsi qaçılmaz olacaq.

 

 

Şamil MÖVSÜMOV,

Beynəlxalq Sosial-Ekoloji

Birliyin üzvü

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 10.