Gedən nəfəs, qalan səsdi

 

Xalq artisti, "Qızıl Dərviş" mükafatı laureatı Yusif Muxtarov 30 ildən çox Azərbaycan radiosunun aparıcı diktoru olub. Bakı Bələdiyyə Teatrının yaradıcılarından biri kimi bu mədəniyyət ocağının sərəncamçı direktoru vəzifəsini daşıyırdı. Azərbaycan kinosunun inkişafında da özünəməxsus xidmətləri olub. Bir çox bədii və televiziya filmlərində, teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb. Yusif Muxtarov məlahətli səsi və tələffüzü ilə saysız-hesabsız filmlərin Azərbaycan dilində səsləndirilməsində iştirak edib. Unudulmaz sənətkarımızın əbədi gedişinə Allah bir qədər möhlət versəydi, bu yay onun 70 yaşı tamamlanacaqdı. Amma qədərin yazdığını kim poza bilib ki? Və bu qüdrətə malik olan tapılsaydı, yəqin ki, hər kəs də onu öz məramına, məqsədinə uyğun naxışlayardı.

 

Yusif Muxtarov 1941-ci ilin iyulunda Sabirabad rayonunun Kür kəndində anadan olub. Gözünü açandan uşaqlığı ziddiyyətli, vahiməli illərə təsadüf edib. İkinci Dünya müharibəsinin ağır fəsadları bu yerlərdə də özünü göstərib. Uşaqlıqdan təbiətə, onun əsrarəngiz gözəlliyinə bağlı olub. Tuqay meşələrində gəzib-dolanmağı, Kür çayının sahilində dayanaraq ona tamaşa etməyi çox sevərmiş. Gözünü açandan atasını el ağsaqqalı kimi tanıyıb. Uzun illər kolxoz sədri işləyən Mehdi kişi el-obanın hörmət bəslədiyi bir insan idi. Çörək verən, xeyrə-şərə yarayan, hamıya əl tutan, sözü bütöv , heç kəsin qarşısında əyilməyən adam olub. Deyilənə görə, 1949-cu ildə onu həbs ediblər. Özündən yuxarı vəzifədə çalışan kiməsə cavab qaytardığına görə Mehdi kişini vətəndən sürgün ediblər. Maraqlıdır ki, beş ildən sonra sürgündən qayıdan Mehdi Muxtarov yenə kolxoz sədri təyin edilib. Belə bir ziddiyyətli dövrdə böyüyən Yusif Muxtarov kiçik yaşlarından çalışqan, zəhmətsevər olub. Məntiqli, ağıllı danışıqları ilə diqqət çəkib. Atası onu iqtisadçı görmək istəyib. Bu səbəbdən də orta məktəbi bitirdikdən sonra Bakıya gələrək Xalq Təsərrüfatı İnstitutuna daxil olan Yusif Muxtarov bu ali məktəbin iqtisadiyyat və sosial planlaşma fakültəsini bitirib. Tələbəlik illərində teatra getməyi, tamaşalara baxmağı çox sevərdi. İçindən gələn bir arzu da onu məhz bu sahəyə çəkib. Özü də hiss edirdi ki, ondan sonacan iqtisadçı olmayacaq, baxmayaraq ki, dərslərini yaxşı oxuyurdu, müəllimlər onun xətrini çox istəyirdi, gələcəyinə böyük ümidlər bəsləyirdilər. Yaxın dostları, tanışları, elə ailə üzvləri bir də eşitdilər ki, Yusif Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində görkəmli sənətkar, böyük rejissor Adil İsgəndərovdan dərs alır.

Qəribə xasiyyəti var idi Yusif Muxtarovun. O, heç nədə yarımçıqlığı sevmirdi. Bir tərəfdə ustad rejissordan dərs alırdı, digər tərəfdə də fikirləşirdi ki, ona etimad göstərmiş iqtisadçı müəllimlərin ümidlərini boşa çıxartmasın. Bu səbəbdən də iqtisadçı ixtisasını daha da təkmilləşdirmək fikrinə düşür. Moskvada Plexanov adına Xalq Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsini qiyabi olaraq bitirir.

Arzularının can atdığı ünvanda isə qarşısına sənət həvəsli, cazibədar, həm də olduqca qəşəng bir qız çıxdı. Hər ikisi Adil İsgəndərovun kursunda çalışırdı. Bu gözəl sonradan Azərbaycanın görkəmli teatr xadimi və aktrisası olacaq Amaliya Pənahova idi. Onlar ailə həyatı quraraq bir ömrün qoşa qanadına çevrildilər.

Yusif Muxtarov hələ tələbə ikən səhnədə Aleksandr ("İki qardaş"), Əbdülrəhman ("Qəribə adam"), Şadi ("Bayramın ilk günü") kimi rollar yaradıb. Hər üç tamaşanın rejissoru Adil İsgəndərov olub.

Yusif Muxtarov 30 il Azərbaycan radiosunda aparıcı diktor kimi fəaliyyət göstərib. Onun səsi ilə lentə alınmış 300-dən artıq ədəbi-bədii veriliş radionun Qızıl Fonduna daxil olub. Sənətşünas İnqilab Kərimov söyləyir: "Yusif Muxtarov bir sənətkar kimi radionun özünəməxsus dilini, ahəngini yaxşı tuturdu. O bilirdi ki, diktor mütləq orfoqrafiya qanunlarına ciddi əməl etməli, səsin çalarları, ahəngi, tembri müəyyən ölçüdə olmalıdır. Çatdırılan fikrin məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir".

Ötən əsrin 70-ci illərində Azərbaycan radiosunda çalışan diktorların demək olar ki, əksəriyyəti bu qaydalara ciddi surətdə əməl edirdilər. Yusifin səsində diktor üçün gərək olan şərtlərin hamısı - səlis və aydın danışıq, ifadəli dil, təmiz diksiya, gözəl tələffüz, mətnin məzmununu təqdim etmək bacarığı, üstəgəl daxili mədəniyyət, peşəyə məhəbbət, səmimiyyət - var idi. O dövrdə Dövlət Radio Verilişləri İdarəsinin sədri işləyən şair Ənvər Əlibəyli deyərdi: "Azərbaycan radiosu Yusif Muxtarovun simasında son dərəcə gözəl bir mütəxəssis tapdı". Yusif həm də bədii qiraət ustası kimi diqqət çəkirdi. Klassik şeirimizin yaradıcıları olan Nizaminin, Füzulinin, Nəsiminin şeirlərini elə qəribə söyləyirdi ki, indi də hərdən radioda o lent yazıları səslənəndə Yusifin aramızda olmamasına inana bilmirsən. Yusifin səsi elə bil keçmişdən, döyüş meydanlarından gəlirdi. Həmkarları da, mütəxəssislər də, pərəstişkarları da təsdiqləyirlər ki, onun səsinin ahəngində qəribə ləngərlik vardı. Adamın bütün varlığını titrədirdi. Dinlədikcə doymaq bilmirdin. Elə bil misraların sədasına qoşulub doğma yurdun obalarını, daş-qayasını, dağ-dərəsini, xüsusilə də kənd-kəsəyini dolaşmaq, haradasa bir ağbirçək nənənin, ağsaqqal babanın yanında əyləşərək ötən günlərinə boylanmaq istəyirsən. Budur, əsl qiraət ustasının səs qüdrəti və möcüzəsi!

Yusif Muxtarov televiziya tamaşalarında da maraqlı obrazlar yaratdı. Xüsusilə də Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim", Mar Bayciyevin ("Duel") televiziya tamaşalarında görkəmli sənətkarlar - Səməndər Rzayev və Amaliya Pənahova ilə birlikdə maraqlı rollar təqdim etdilər. Bir aktyor kimi fəaliyyəti geniş idi. "Gecə qatarında qətl", "Baladadaşın ilk məhəbbəti" filmlərində yaratdığı Paxan, Murad obrazları indi də tamaşaçılar tərəfindən təbəssümlə xatırlanır. Hər dəfə bu filmlər nümayiş etdiriləndə Yusif Muxtarovun yaradıcılıq potensialına heyrət edir, onun kino sahəsindəki obrazlar qalereyasının az olmasına təəssüflənirsən. Halbuki nələr yarada bilərmiş.

Yaraşıqlı, ucaboylu, gözəl nitq qabiliyyətinə, böyük istedada malik olan, bütün səhnə tələblərinə cavab verən Yusif Muxtarov istər kinoda, istərsə də teatrda müqtədir bir aktyor ola biləcəyi halda o, əslində öz xobbisinin arxasınca gedib. Radio diktorluğu onun üçün hər şey idi. Həyatı qədər sevirdi işini. Qaynar gəncliyini də demək olar ki, diktorluğa həsr etdi. İncəsənət sahəsindəki xidmətləri dövlətimiz tərəfindən dəfələrlə müxtəlif fəxri fərman və diplomlarla təltif olunub. Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatını, Türkiyə Hərbi Akademiyasının qızıl ödülünü, İranda keçirilən festivalda isə "Komedi beynəlxalq festivalının" qızıl medalını alıb. Əməkdar və xalq artisti fəxri adlarına layiq görülüb. Yusif Muxtarov həm də incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. O, Mədəniyyət və İncəsənət Universitetinin dosenti idi, tələbələrə səhnə danışığı fənnindən dərs deyirdi.

Yusif Muxtarov bacarıqlı təşkilatçı kimi də diqqət çəkirdi. 1992-ci ildə Azərbaycanda Bakı Bələdiyyə Teatrı fəaliyyətə başladı. Bu teatrın da yaradıcısı və təşkilatçısı, ilk sərəncamçı direktoru məhz Yusif Muxtarov oldu. Maraqlı cəhət budur ki, həm Amaliya Pənahova, həm də Yusif Muxtarov Azərbaycanda ilk dəfə bələdiyyə teatrını yaradarkən demək olar ki, sıfırdan başladılar. Onların iş yeri yalnız bu mədəniyyət ocağı oldu. Bu gün hələ də özgə qapılarında qalan teatr üzləşdiyi müəyyən çətinliklərə baxmayaraq fəaliyyətini səmərəli şəkildə davam etdirir.

Xalq artisti Amaliya Pənahova ömür-gün yoldaşının yoxluğuna heç cür alışa bilmir. Bizimlə söhbətində də bu xiffəti aydın hiss etdik. "Elə bil dağa söykənmişdim. Yusifi tanıyandan həmişə sədaqətli görmüşdüm. Bu vəfasızlığı necə bacardı bilmirəm. Qanadı qırılmış quş kimiyəm..." - deyə göz yaşlarını gizlətməyə çalışsa da, qəhərli səsi bizə çox şeyi anlatdı. İnsan heç zaman doğmasının, əzizinin əbədi yoxluğunu qəbul edə bilmir. Eləcə gözü yolda qalır. Dönməyəcəyini bilə-bilə...

...Qarşıdan Bakı Bələdiyyə Teatrının 20 illik yubileyi gəlir. Təəssüf ki, onun yaradıcılarından biri, xalq artisti Yusif Muxtarov bu sevincli məqamı daha yaşamayacaq. Amma ruhun var olduğu aydındır. İndi bir il tamam olur ki, görkəmli mədəniyyət xadimi, unudulmaz sənətkar haqq dünyasına qovuşub. Bəzən aktyor haqqında düşünəndə qeyri-adi duyğulara qapılırsan. Sanki Yusif Muxtarov aprel ayının bir ilıq günündə qəfildən qəmli "tamaşa" hazırladı. O, bu "əsər"də baş rolu da məharətlə yaratdı. Hamını necə vardı kədərləndirdi, ağlatdı, düşündürdü. "Rol"unu səssiz ifa etsə də, min hekayət söylədi. Beş addımlıq ömür yolunun mənalı məqamlarını - gəlimli, gedimli dünyanın son ucunu yada saldı. Alqışı göz yaşı, hədiyyəsi gül çələngləri oldu. Söz ustadının səsi gəlmədi, heç təşəkkür də etmədi. Böyük sevginin, ehtiramın müqabilində o, bu "tamaşa"dan bir daha geri qayıtmadı. Bu, onun son rolu idi. Eləcə əbədiyyətə qovuşdu. Gedən nəfəs, qalan səs oldu. O səs ki, indi də eşidəndə riqqətə gəlirsən. Bu vəfasız dünyanın gərdişinə kövrəlirsən.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.-26 aprel.- S. 11.