Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
-Əziz dostlar!
Hörmətli xanımlar və
cənablar!
İlk növbədə, məni
akademiyaya dəvət etdiyinizə görə sizə minnətdarlığımı
bildirmək istəyirəm. Bu gün akademiyanın ümumi
illik yığıncağı keçirilir. Əminəm ki,
yığıncaq çox uğurlu keçəcəkdir və
Azərbaycan elminin gələcək inkişafı
üçün burada çox dəyərli fikirlər səslənəcəkdir.
Akademiyanın əsas binasında çox gözəl təmir
işləri aparılmışdır. Qısa müddət ərzində
çox gözəl işlər görülmüşdür
və bildiyimə görə, akademiyanın digər
binalarında da təmir işləri aparılır. Burada
yaradılan şərait artıq ən yüksək səviyyəyə
cavab verir. Bütövlükdə akademiyanın maddi-texniki
bazasının möhkəmləndirilməsi işində
konkret addımlar atılır. Bu siyasət bundan sonra da davam
etdiriləcəkdir. Elə etməliyik ki, akademiyanın
bütün ehtiyacları təmin olunsun və maddi-texniki
bazası daha da gücləndirilsin.
Azərbaycan Elmlər
Akademiyası 1945-ci ildən fəaliyyət göstərir.
1945-ci ildən bu günə qədər akademiya böyük
və uğurlu yol keçmişdir. Alimlərimiz Azərbaycanın
inkişafına müxtəlif dövrlərdə dəyərli
töhfələrini vermişlər. Azərbaycan müstəqilliyə
qovuşanda isə müxtəlif fikirlər var idi. Hətta, -
siz yəqin ki, bunu yaxşı xatırlayırsınız, -
1992-ci ildə akademiyanın ləğvi barədə,
bağlanması haqqında təkliflər irəli
sürülmüşdür. Əgər 1993-cü ildə
Heydər Əliyev xalqın tələbi ilə Azərbaycanda
siyasi hakimiyyətə qayıtmasaydı, yəqin ki,
akademiyanın taleyi çox acınacaqlı ola bilərdi. Məhz
Heydər Əliyevin Azərbaycan elminə bütün
dövrlərdə göstərdiyi diqqət və
qayğı nəticəsində elmin inkişafı sürətlə
aparılırdı. Müstəqil yaşamağa
başlayanda əlbəttə ki, ölkədə mövcud
olan ciddi iqtisadi və sosial məsələlər gündəliyin
birinci sıralarında idi. Ancaq bununla bərabər, ulu
öndər Heydər Əliyev Azərbaycanın gələcəyini
düşünərək və uzaqgörənliklə,
müdrikliklə bütün dövrlərdə, o cümlədən
müstəqillik dövründə elmin inkişafına
çox böyük diqqət göstərmişdir. Burada səsləndi
və təsadüfi deyil ki, hakimiyyətə qayıdandan
sonra onun Azərbaycan ictimaiyyəti ilə ilk
görüşü məhz akademiyada olmuşdur.
Akademiyada Azərbaycanın
intellektual elitası cəmlənib. Akademiyanın
inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir
göstərir. Əgər inkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, həmin
ölkələrin uğurlarının təməlində
ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də
ölkəmizdə müxtəlif istiqamətlərdə
islahatlar apararkən müasirləşməyə
üstünlük veririk. Müasir dövlətin qurulması
elmin inkişafı olmadan mümkün deyildir.
Bu gün Heydər Əliyev
siyasəti Azərbaycanda bütün istiqamətlərdə
davam etdirilir, o cümlədən dövlətin elmə olan
münasibətində də özünü göstərir. Təsadüfi
deyil ki, akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi
işinə çox böyük diqqət göstərilir.
Eyni zamanda, akademiyanın fəaliyyətinin genişləndirilməsi
və elmi tədqiqatların iqtisadiyyatla, bizim iqtisadi siyasətlə
uzlaşması üçün konkret addımlar
atılır.
2009-cu ildə Elmin
İnkişafı üzrə Milli Strategiya və Dövlət
Proqramı qəbul edilmişdir, ondan sonra Elmin
İnkişafı Fondu yaradılmışdır. Bu fondun xətti
ilə nəinki müasir avadanlığın alınması
öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar
verilir ki, biz Azərbaycanda elmi araşdırmaları
stimullaşdıraq.
Azərbaycan müstəqil
dövlət kimi uğurlu siyasət aparır. Ölkəmiz
inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə
göstərir. Əlbəttə, elmin inkişafı da
ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda
elmin, ali təhsilin, iqtisadiyyatın birliyi
yaradılmalıdır. Bizim üçün elmin
inkişafı ilə bağlı əsas məsələ
prioritetlərin düzgün seçilməsidir.
İşimizi bu prioritetlər üzərində qurmaq
üçün konkret təkliflər verilməlidir.
Bütün dövrlərdə
alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə
inkişafına dəyərli töhfələrini vermişlər.
İndiki şəraitdə, müstəqilliyimizin
inkişafı və möhkəmlənməsi şəraitində,
əlbəttə, elmi potensialın güclənməsinə
böyük ehtiyac vardır.
Azərbaycan alimləri, bir də
demək istəyirəm ki, müxtəlif sahələrdə
öz sözünü demişlər. Azərbaycanda dünya
səviyyəsində aparılan araşdırmalar da öz
müsbət təsirini göstərmişdir. Geoloq alimlərimiz
ölkəmizin təbii resurslarının kəşfi ilə
bağlı əvəzolunmaz xidmətlər göstərmişlər.
Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini
gücləndirir, müstəqil siyasət aparmaq
imkanlarımızı böyük dərəcədə
şərtləndirir. XX əsrin ortalarında Xəzər dənizində
dünyada ilk dəfə kəşf edilmiş neft bu gün
müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda
uğurlu neft strategiyasının aparılması nəticəsində
bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə
təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli
şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi
məsələlərinin həlli üçün səylərimizi
göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsi üçün ən vacib tərəfdaşlardan
biridir.
Əgər vaxtilə alimlərimiz
böyük neft-qaz yataqlarını kəşf etməsəydilər
və Azərbaycanın bu təbii resursları olmasaydı,
müstəqil həyatımız başqa istiqamətdə
inkişaf edə bilərdi. Bir daha demək istəyirəm ki,
bu amil iqtisadi müstəqillik verir. Beləliklə, Azərbaycanda
siyasi müstəqillik də lazımi səviyyədədir.
Hesab edirəm ki, gələcək illərdə bu sahədə
əlavə tədbirlər görülməlidir. Bu gün
maliyyə resurslarımız belə imkanlar yaradır. Elə
etməliyik ki, bundan sonra da uzun illər, onilliklər ərzində
Azərbaycan dünya enerji bazarında öz rolunu daha da
artırsın və milli maraqlarımız tam şəkildə
təmin edilsin.
Hesab edirəm ki,
bütövlükdə Xəzər dənizinin tədqiqi ilə
bağlı əlavə addımlar atılmalıdır. Bu
istiqamətdə böyük işlər görülüb,
ancaq biz hələ də Xəzər dənizini istədiyimiz
qədər bilmirik, tanımırıq. Ona görə elmi sahədə
bu məsələ daim diqqət mərkəzində
olmalıdır.
Bu gün Azərbaycan
iqtisadiyyatı qarşısında duran
çağırışlar elmin inkişafı ilə
bilavasitə bağlı olmalıdır. Bu gün biz
böyük neft-kimya kompleksinin tikilməsi üzərində
işləyirik. Neft-kimya sahəsində böyük perspektivlər
vardır. Nəzərə alsaq ki, ölkəmizdə bu
istiqamətdə bütün dövrlərdə çox
güclü elmi məktəb olmuşdur, bu, iqtisadi
gücümüzü artıracaq, yeni iş yerlərinin
açılmasına gətirib çıxaracaqdır. Hesab
edirəm ki, bu gün alimlərimiz öz işlərini bu sahə
üzrə müvafiq dövlət qurumları ilə əlaqəli
şəkildə aparmalıdırlar. Azərbaycan hökumətinə
müvafiq göstərişlər verilmişdir ki, bu sahəyə
biz Azərbaycan elmini də cəlb edək.
Bu gün ölkə
qarşısında duran vəzifələr prioritetlər əsasında
müəyyən edilib. Elm qarşısında duran məsələ
də eyni qaydada həll olunmalıdır. Yenə də demək
istəyirəm ki, ilk növbədə, enerji təhlükəsizliyi
məsələləri gündəlikdə durmuşdur. Bu məsələlər
öz həllini tapıbdır və hazırda biz ölkəmizin
hərtərəfli inkişafı ilə bağlı siyasətimizi
aparırıq. İqtisadiyyatımızın qeyri-neft
sektorunun inkişafı ilə bağlı çox ciddi
addımlar atılıbdır. Konkret proqramlar icra edilir. Bu
proqramlar öz bəhrəsini verməkdədir.
Son yeddi ildə Azərbaycanda
bir milyona yaxın yeni iş yerləri
açılmışdır ki, bunların mütləq əksəriyyəti
qeyri-neft sektorunda yaradılmışdır.
Bütövlükdə Azərbaycan iqtisadiyyatının
uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son
bir neçə il ərzində ölkəmizdə iqtisadi
artım ən yüksək səviyyədədir və biz bu
göstəriciyə görə dünya miqyasında birinci
yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli
inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən
qiymətləndirilir. Azərbaycanın bütün beynəlxalq
reytinqləri artır. Hətta böhranlı 2009-2010-cu illərdə
bu göstəricilər ən yüksək səviyyədədir.
Bununla bərabər, biz uzunmüddətli inkişaf
strategiyamızı müəyyən edərkən mütləq
güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi
inkişafımızın gələcək istiqamətlərini
müəyyən edərkən güclü elmi əsaslara
söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir.
Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə
məşğul olmalıyıq, uzaq gələcəyə
baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan
hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda
elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin
inkişafı uzunmüddətli, uğurlu və
dayanıqlı olsun. Biz neft-qaz amilindən
asılılığımızı tədricən
azaldırıq. Artıq bu istiqamətdə müəyyən
işlər görülmüşdür. Gələcəkdə
isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara
söykənərək, dayanıqlı inkişaf modelimizi
qurmalıyıq. Burada əlbəttə ki, alimlər öz
sözünü deməlidirlər. Biz hökumətlə bərabər,
dövlət strukturları ilə birgə bu fəaliyyəti
gücləndirməliyik. Ona görə bu sahədə
aparılan işlərə xüsusi diqqət göstərilməlidir.
Biz hazırda ərzaq təhlükəsizlik
məsələləri ilə çox ciddi məşğuluq.
Bildiyiniz kimi, sovet dövründə vahid xalq təsərrüfatı
kompleksi mövcud idi. Bu məsələlər sovet hökuməti
tərəfindən tənzimlənirdi. Müstəqillik
dövründə, xüsusilə, bəzi hallarda təbii fəlakətlər
nəticəsində ərzaqla bağlı yaranan çətinliklərlə
üzləşərək biz ərzaq təhlükəsizliyi
məsələlərimizi daxili imkanlar hesabına təmin etməliyik.
Bu istiqamətdə işlər aparılır.
Azərbaycanda
sahibkarlığın inkişafının dəstəklənməsi,
kreditlərin verilməsi, özəl sektorun inkişafı -
bütün bu məsələlər bir məqsədi
güdür ki, biz ərzaq təhlükəsizliyimizi tam şəkildə
təmin edək. Hesab edirəm ki, növbəti 2-3 il ərzində
biz özümüzü əsas ərzaq məhsulları ilə
təmin etməliyik və bununla bərabər, çox
güclü ixrac potensialımızı da yaratmalıyıq.
Ona görə, aqrar elmlərin inkişafı və
iqtisadı inkişafla uzlaşması xüsusi məna
daşıyıb. Hesab edirəm ki, Milli Elmlər
Akademiyasının aqrar bölməsinin yaradılması
üçün konkret addımlar atılmalıdır. Vaxt
itirmədən bu bölmə yaradılmalıdır və fəal
işə başlamalıdır. Beləliklə, əgər
bu məsələlər öz həllini taparsa hesab edirəm
ki, bu, Azərbaycan elminin inkişafına güclü təkan
olacaq, sifarişlər veriləcəkdir. Dövlət
qurumları və özəl sektor tərəfindən
sifarişlər verilməlidir. Alimlərimiz bu sifarişlər
əsasında işləyəcəklər. Nəzərə
alsaq ki, Azərbaycan dövləti bundan sonra da elmin
inkişafı üçün maliyyə dəstəyini verəcək,
beləliklə, biz elmin inkişafına uğurla nail ola bilərik.
Ölkəmizdə
hazırda müasirləşmə siyasəti aparılır.
Bu siyasət özünü bütün istiqamətlərdə
göstərməkdədir. Xüsusilə, elmi-texniki tərəqqi
ilə bağlı addımlarımız gələcəyə
yönəldilib. Bəlkə biz gənc müstəqil ölkə
üçün xas olmayan təşəbbüslərlə
çıxış edirik. Azərbaycanda kosmik sənayenin
yaradılması prosesi gedir. Mən əminəm ki, bu proses
sürətlə gedəcəkdir. Bu, bizim dövlət siyasətimizdir.
Hesab edirəm ki, birinci telekommunikasiya peykinin orbitə
çıxarılmasından sonra bu sahəyə daha da
böyük təkan veriləcəkdir. Azərbaycanda çox
güclü kosmik sənaye yaradılacaqdır. Azərbaycan
elmi də bu təşəbbüslərə öz dəstəyini
verməlidir. Burada əlbəttə ki, beynəlxalq əlaqələr
öz rolunu oynamalıdır. Dünyanın aparıcı elmi
mərkəzləri ilə əməkdaşlıq səviyyəsi
daha da güclü olmalıdır. Çünki bu sahədə
bizdə olan potensial hesab edirəm ki, hələ istədiyimizə
cavab vermir. Bütövlükdə beynəlxalq elmi mərkəzlər
ilə əməkdaşlıq daha da geniş olmalıdır.
İnformasiya-kommunikasiya
sektorunda uğurlarımız göz qabağındadır.
Qısa müddət ərzində bu sahədə
böyük nailiyyətlər əldə edilmişdir. Bu
gün MDB məkanında Azərbaycan İKT ilə
bağlı ön sıralardadır. Ancaq vəzifəmiz
bununla bitmir. Yəni, istəyimiz ondan ibarətdir ki, Azərbaycan
dünya miqyasında İKT-nin inkişafı üzrə
birinci sıralarda olsun. Dövlət dəstəyi, maliyyə
təminatı göstərilir, bəzi hallarda kreditlərin
verilməsi ilə əlaqədar beynəlxalq maliyyə qurumları
ilə aparılan danışıqlar nəticə verməyəndə,
Azərbaycan dövləti öz maliyyə imkanlarını təşkil
edir. İndi imkanlarımız genişlənir və elmin, elmi
tərəqqinin inkişafına xüsusi diqqət göstərilməlidir,
xüsusilə, İKT sektorunda. Çünki İKT-nin
inkişafı bir neçə məqsədi güdür.
İlk növbədə bu, Azərbaycanın intellektual
potensialının inkişafına xidmət göstərəcəkdir.
Ölkədə gedən müasirləşmə siyasətinə
dəstəyini verəcəkdir. Digər tərəfdən,
bu sahədə çox böyük iqtisadi imkanlar vardır. Gələcəkdə
İKT sektorunda yaranacaq gəlir Azərbaycan
iqtisadiyyatının inkişafına çox böyük təsir
göstərəcəkdir. Ona görə hesab edirəm ki,
akademiyada bu istiqamətdə daha da ciddi addımlar
atılmalıdır.
Biz hərbi sənaye
kompleksini yaradırıq. Qısa müddət ərzində
demək olar ki, yaratmışıq. Bu gün Azərbaycanda
430 adda hərbi təyinatlı məhsul buraxılır. Gələcəkdə
bu məhsulların sayı daha da çoxalacaqdır.
Bununla bərabər,
tanınmış beynəlxalq şirkətlərlə birgə
fəaliyyətimiz genişlənir, yeni texnologiyalar gətirilir
və hazırda Azərbaycanda istehsal olunan məhsullar
dünya səviyyəsindədir. Nəzərə alsaq ki, biz
hərbi gücümüzü daim möhkəmləndirməliyik
və ordu quruculuğu prosesi Azərbaycanda sürətlə
gedir, buna böyük ehtiyac vardır. Biz müharibə şəraitində
yaşayırıq və dövlətin bu məsələlərə
çox böyük diqqəti və maliyyə təminatı
vardır. Hesab edirəm ki, Azərbaycan alimləri bu istiqamətdə
də öz sözünü deməlidirlər. Dövlət
qurumları ilə, xüsusilə, Müdafiə Sənayesi
Nazirliyi ilə işlər daha da yüksək səviyyədə
aparılmalıdır. Bu işlər aparılır. Ancaq bu,
çox perspektivli istiqamətdir və daim diqqət mərkəzində
olmalıdır.
Bir sözlə, iqtisadi
inkişafımızla, sənaye inkişafımızla
bağlı çox konkret proqramlar vardır. Azərbaycan elmi
bu istiqamətdə öz sözünü deməlidir.
Hazırda Azərbaycanda böyük texnoparklar və çox
böyük sənaye potensialı yaradılır. Əlbəttə
ki, bu təşəbbüslər gözəl nəticələrini
verəcək və qeyd etdiyim kimi, ölkə
iqtisadiyyatının neft amilindən
asılılığını azaltmaq üçün
öz təsirini göstərəcəkdir. Bu halda Azərbaycan
elmi də burada ön sıralarda olmalıdır.
Humanitar elmlərlə
bağlı məsələlər, əlbəttə ki, daim
diqqət mərkəzindədir və bu sahədə
aparılan işlər çox uğurludur, təqdirəlayiqdir.
Biz bu sahəyə daim diqqət göstərməliyik.
Çünki bildiyiniz kimi, müstəqillikdən əvvəl
bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli
ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız,
musiqimiz olub. Ona görə bu sahəyə dövlət tərəfindən
daim diqqət göstərilir. Hesab edirəm ki, Elmlər
Akademiyası bu istiqamətdə çox uğurlu fəaliyyət
göstərir. Sadəcə olaraq, qeyd etməliyəm ki, bu məsələ
daim diqqət mərkəzində olmalıdır.
Ana dilimizə hörmət və
qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən
qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan
xalqının formalaşmasında, müstəqil Azərbaycanın
formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna
rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin
saflığını daim qoruyaq. Bu məsələyə
çox ciddi diqqət göstərilməlidir.
Ədəbiyyat üzrə
araşdırmalar davam etdirilir. Burada da fəaliyyət
üçün çox geniş meydan vardır.
Çünki ədəbiyyatımız dünya ədəbiyyatının
inkişafında çox böyük rol oynamışdır.
Biz haqlı olaraq bu barədə qürur hissi ilə
danışa bilərik.
Arxeoloji
qazıntıların aparılmasına dəstək verilir, vəsait
ayrılır. Bu da çox vacib sahədir. Biz
keçmişimizi bilirik, daha da dərindən öyrənməliyik
və bu istiqamətdə aparılan işlər davam etdiriləcəkdir.
Arxeoloji qazıntılar bizə yeni bilgilər, yeni məlumatlar
verir. Beləliklə, tariximiz haqqında bizdə və
dünyada daha da dolğun təsəvvür yaranacaqdır.
Tarix elmləri ilə
bağlı olan məsələlər daim diqqət mərkəzindədir.
Biz bu məsələyə çox böyük diqqət
göstəririk. Mən çox şadam ki, tarixçilərimiz
çox sanballı və əsaslı əsərlər
yaradırlar. Xüsusilə, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu
bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət
göstərək. Çünki bu bölgənin tarixi ermənilər
tərəfindən daim saxtalaşdırılır, daim təhrif
olunur. Şadam ki, alimlərimiz mənim
çağırışıma müsbət cavab verərək
qısa müddət ərzində bu bölgənin tarixi ilə
bağlı çox gözəl və real faktlara əsaslanmış
əsərlər yaratmışlar. Başlıcası, İrəvan
xanlığının tarixi ilə bağlı
yaradılmış əsərlər xüsusi məna
daşıyır. Çünki əfsuslar olsun ki, dünya
birliyi demək olar, bilmirdi ki, bugünkü Ermənistan
dövləti tarixi Azərbaycan torpaqlarında
yaranmışdır.
Biz təşəbbüslərimiz,
tarixə müraciətimiz və konkret dəlillərlə,
faktlarla mövqeyimizi əsaslandırmışıq ki, İrəvan
Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən
1918-ci ildə verilmişdir. İrəvan xanlığında
yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar
idi. Zəngəzur mahalı qədim Azərbaycan
torpağıdır və süni şəkildə Ermənistana
verilmişdir. Zəngəzur mahalının Ermənistana
verilməsi böyük ədalətsizlik idi. Doğma
torpağımızın bir parçası Ermənistana birləşdirildi.
Bunun çox böyük mənfi nəticəsi oldu. Bu,
bütün türk dünyasını parçaladı. Bu
gün türk dünyası coğrafi baxımdan
parçalanıb. Düzdür, biz siyasi addımlarla, iqtisadi
təşəbbüslərlə, türkdilli dövlətlərin
zirvə görüşlərinin keçirilməsi ilə, -
mən TÜRKSOY-un fəaliyyətini də qeyd etməliyəm,
- çalışırıq və
çalışacağıq ki, bütün türk
dünyasını birləşdirək, siyasi maraqları birləşdirək,
iqtisadi sahədə daha da çoxtərəfli əməkdaşlıq
aparılsın. Ancaq coğrafi cəhətdən bu gün
türk dünyası parçalanıbdır. Yəni,
bütün bu tarixi həqiqətlər işıq
üzü görməlidir. Nəinki ölkə daxilində,
eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə
bu kitabların xarici dillərdə nəşri xüsusi məna
daşıyır.
Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir. Biz bu sahədəki işimizi daha da gücləndirməliyik, müasirləşdirməliyik. Bu məsələlərə nəinki alimlərimiz, hesab edirəm ki, ictimaiyyətin üzvləri də internet vasitəsilə fəal qoşulmalıdırlar. Nəzərə alsaq ki, həqiqət və tarixi ədalət bizim tərəfimizdədir, bu, bu gün də lazımdır, gələcək üçün də.
Mən yenə də deyirəm, bu sahədəki işlərlə bağlı təşəbbüslər reallaşır. Bu, çox müsbət haldır. Hesab edirəm ki, bu məsələyə xüsusi diqqət göstərilməlidir. Biz həm bu məsələnin elmi tərəfindən, həm də təbliğatımızda bu amildən daha da geniş şəkildə istifadə etməliyik.
Mən bu gün ölkəmizin və elmimizin inkişafı ilə bağlı bəzi fikirlərimi ifadə etdim. Mən əminəm ki, hörmətli alimlər, siz bütün bu məsələləri yaxşı bilirsiniz. Sizin təklifləriniz əlbəttə ki, nəzərə alınacaqdır. Hazırda qeyd etdiyim təşəbbüslər - Elmin İnkişaf Fondunun yaradılması, Azərbaycan Elminin İnkişafı üzrə Strategiyanın və Dövlət Proqramının qəbul edilməsi də alimlər tərəfindən verilmiş təşəbbüslər idi.
Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin.
Mən sizi bir daha ürəkdən
salamlayıram. Dəvətinizə görə minnətdaram.
Sizə və akademiyanın bütün üzvlərinə
yeni uğurlar arzulayıram.
Sağ olun.
Azərbaycan.- 2011.-27 aprel.- S. 1, 2.