Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Mahmud Kərimovun
çıxışı
-Möhtərəm cənab Prezident!
Dərin və məzmunlu çıxışınıza görə Sizə öz minnətdarlığımı bildirirəm!
Yola saldığımız 2010-cu il də ölkəmizin həyatı üçün əlamətdar hadisələrlə, irimiqyaslı quruculuq işləri ilə zəngin olmuş, respublikamızın davamlı inkişafını təmin edən bütün istiqamətlərdə, o cümlədən elm sahəsində böyük uğurlar və nailiyyətlər əldə edilmişdir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, müstəqil dövlətimizin tarixində ilk dəfə verilən Azərbaycan Respublikasının dövlət mükafatlarını "Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı" elmi nəşrlər silsiləsinə görə Geologiya İnstitutunun əməkdaşları, "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə isə Ədəbiyyat İnstitutunun əməkdaşları almışlar. Fərəhli haldır ki, laureatlara dövlət mükafatlarını Azərbaycan Respublikasının Prezidenti şəxsən özü təqdim etmişdir.
Mən hər iki əlamətdar hadisə münasibətilə alimlərimizi təbrik edirəm, onlara uğurlar arzulayıram!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər il olduğu kimi, 2010-cu ildə də elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını daha da artırmış, elmimizin inkişafı naminə bir sıra mühüm qərarlar qəbul etmişdir.
Dövlətimizin başçısının 19 fevral 2010-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsi" təsdiq edilmişdir. Fondun fəaliyyətə başlaması elmi ictimaiyyət üçün olduqca mühüm hadisədir. Elm sahəsində təqdim olunan layihələr üçün dövlət büdcəsindən 6 milyon manat vəsait ayrılmış, təqdim olunan layihələr ekspertizadan keçirilmiş, qalib layihələr bu vəsait hesabına maliyyələşdirilmişdir. Azərbaycan alimləri bunu dövlətin onların yaradıcı əməyinə verilən qiymət hesab edirlər.
Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən, Milli Azərbaycan Tarixi Muzeyinin 90 illik, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 70 illik, akademiklər Şəfaət Mehdiyevin və İmam Mustafayevin 100 illik yubileyləri dövlət səviyyəsində keçirilmiş, akademik Fəraməz Maqsudovun xatirəsi əbədiləşdirilmiş, Azərbaycan elminin inkişafındakı xüsusi xidmətlərinə görə akademiklər Ziyad Səmədzadə, Bəkir Nəbiyev, Nailə Vəlixanlı, Siddiqə Məmmədova, müxbir üzvlər Namiq Əliyev, Yusif Məmmədov, Milli Azərbaycan Tarixi Muzeyinin və Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları dövlət təltiflərinə layiq görülmüşlər.
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasında, eyni zamanda, respublikanın digər elm və təhsil müəssisələrində elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, həmçinin elmi-təşkilati fəaliyyət sahəsində kifayət qədər nailiyyətlər əldə edilmişdir.
Hesabat ilində akademiyanın elmi müəssisələrində 463 mövzu üzrə 139 problemə dair tədqiqatlar aparılmış və 150-yə yaxın əsas elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklərin və dövlət şirkətlərinin nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da koordinasiya olunmuşdur.
Qeyd etmək istərdim ki, Sizə təqdim olunan hesabatda onlar təfərrüatı ilə öz əksini tapmışdır. Ona görə də icazə verin elmi istiqamətlər üzrə qısa olaraq məlumat verim.
Fizika-riyaziyyat və texnika elmləri sahəsində 20 problem üzrə 39 əsas nəticə alınmışdır. Müasir cihaz və avadanlıqla təchiz olunmuş laboratoriyalar yaradılmış və yeni elmi-tədqiqat işlərinin aparılmasına başlanmışdır.
Bölmənin elmi müəssisələrində icra olunan, icraya hazırlanmış və qalib gəlmiş 60-dan artıq qrant əldə edilmişdir.
Fizika İnstitutu Kanada-Sinqapur şirkəti ilə birgə işlənmiş yüksək fotoelektrik parametrlərə malik selvari fotodiodlar kompakt MUON Solenoid layihəsində Böyük Adron Kollayderində fotrodetektor kimi quraşdırılmış və sınaqdan çıxarılmışdır.
Şamaxı Astrofizika Rəsədxanasında Günəşə yaxınlaşan kiçikperihelli kametlərin yaranması haqqında keyfiyyətcə yeni nəzəriyyə yaradılmışdır.
Kibernetika İnstitutu tərəfindən ilk dəfə olaraq "Seysmoakustika qəbuledicisi və analizi" qurğusu yaradılmış və Qum adasında istismarı dayandırılmış quyuda sınaqdan keçirilmişdir.
İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və idarə olunması üçün modellər və alqoritmlər işlənib hazırlanmışdır.
Hesabat ilində görkəmli alim, akademik Nəriman Quliyevin MDB dövlətlərinin dövlətlərarası humanitar əməkdaşlıq fondunun "Birliyin ulduzları" mükafatına layiq görülməsi də bölmənin uğurlarından biri kimi dəyərləndirilə bilər.
İcazə verin bugünkü yığıncaq adından bizim görkəmli alimimiz Nəriman Quliyevi bu yüksək mükafatla əlaqədar bir daha təbrik edim, ona möhkəm cansağlığı və bundan sonra da böyük uğurlar arzulayım.
Kimya Elmləri Bölməsi hesabat ilində kimyanın müxtəlif istiqamətləri üzrə 25 əsas nəticə əldə etmişdir.
Neft-Kimya Prosesləri İnstitutunda işlənib hazırlanmış texnologiya üzrə bioetanol əsasında yüksək oktanlı etilüçlübutil efirinin təcrübə-sənaye istehsalı təşkil olunmuş, 120 ton təcrübə-sınaq nümunələri alınmış və avtomobil benzinlərinin tərkibində sınaqdan keçirilmişdir.
Kimya Problemləri İnstitutu tərəfindən Azərikimya İstehsalat Birliyi ilə birlikdə piroliz qazının propan-propilen fraksiyasının sənaye katalizatorunun iştirakı ilə selektiv hidrogenləşdirilməsi prosesinin kinetik qanunauyğunluqları tədqiq edilərək prosesin kinetik modeli qurulmuş və onun parametrləri müəyyən edilmişdir.
Poliefiruretan lakının tətbiqi ilə bağlı işlər Milli Aviasiya Akademiyası, Türkiyənin "Zenit" şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Elmlər Akademiyasının tədqiqat-sənaye zavodu ilə birlikdə davam etdirilmiş və hesabat ilində 14 min 700 metr borunun daxili səthinə lak kompozisiyası ilə örtük çəkilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təhvil verilmişdir. Onu da qeyd etmək lazımdır ki, həmin işin həqiqətən, çox böyük iqtisadi səmərəsi vardır.
Bundan əlavə, AMEA və Bakı Dövlət Universiteti kimya sahəsində tədqiqatların maliyyələşdirilməsi üçün Səudiyyə Ərəbistanı Krallığından 3 milyon dollar məbləğində qrant almışlar.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında neft-kimya sənayesinin yenidən qurulması haqqında" sərəncamının icrası ilə əlaqədar Kimya Elmləri Bölməsinin mütəxəssisləri Azərbaycanın Sənaye və Energetika Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Neft Şirkətinin əməkdaşları ilə birlikdə neft-kimya kompleksinin yenidən qurulmasının inkişaf konsepsiyasını işləyib hazırlamış və Nazirlər Kabinetinə təqdim etmişlər.
Yer Elmləri Bölməsinin alimləri fundamental və tətbiqi tədqiqatlar sahəsində 2010-cu ildə 7 əsas nəticə əldə etmişlər.
Elmi-tədqiqat işləri Cənubi Xəzər hövzəsinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması, Azərbaycanda təbiət qanunauyğunluqları, təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi, Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillərin və ekoloji şəraitinin tədqiqi prioritet istiqamətləri üzrə aparılmışdır.
Hesabat ilində Qafqazın kollizion zonasının müasir geodinamik durumunun öyrənilməsi üzrə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu ilə müştərək tədqiqatlar davam etdirilmişdir.
Biologiya Elmləri Bölməsi üzrə hesabat ilində bölmənin elmi müəssisələri 14 problem üzrə 20 əsas elmi nəticə almışlar.
Azərbaycan Respublikasının "Qırmızı kitab"ının II nəşrinin təşkili ilə əlaqədar nadir, nəsli kəsilməkdə olan və endem bitki və heyvan növlərinin tədqiqi sahəsində monitorinqlər keçirilmişdir.
Azərbaycanda şam ağacının əkinlərində ağacların müxtəlif vegetativ orqanlarından və qabıq böcəklərindən müasir molekulyar-bioloji yanaşmalar tətbiq etməklə respublikada yeni göbələk növləri aşkar edilmiş və ABŞ-ın Ayova Dövlət Universitetində kultura kolleksiyasına daxil edilmişdir.
Niderland, İspaniya və Rusiya alimləri ilə birgə respublikanın müxtəlif regionlarında keçirilmiş beynəlxalq ekspedisiya tədqiqatları nəticəsində tərəvəz və bostan bitkilərinin 720-dən çox nümunəsi toplanaraq laboratoriyada analiz edilmiş, bərpa, artırılma və tədqiqat işlərinə başlanılmışdır.
Zoologiya İnstitutu və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanın daxili sularına 20,5 milyon çapaq, çəki və ağ amur balıq körpələri buraxılmışdır.
Biologiya Elmləri Bölməsinin alimləri ümumi dəyəri 1 milyon manatdan çox olan bir sıra respublika və beynəlxalq qrantlar əldə etmişlər.
Hesabat ilində Humanitar və İctimai Elmlər Bölməsinin alimləri də böyük uğurlar əldə etmişlər.
Tarix İnstitutunda hazırlanmış son illərin fundamental nəşrləri olan 6 dildə "Qarabağ", 2 dildə "Naxçıvan", 2 dildə "Tarixi abidələrə qarşı soyqırımı" kimi nəşrlərin davamı olaraq, 2010-cu ildə Azərbaycan, ingilis və rus dillərində hazırlanan "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi", 4 cilddə "Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı", London və Nyu-Yorkda nəşr olunmuş "Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr" monoqrafiyaları, eləcə də "Azərbaycan XVIII-XIX əsrlərdə" və "XVIII əsr Azərbaycan tarixi məsələləri ingilisdilli tarixşünaslıqda" nəşrləri hazırlanmışdır ki, bu da tarix sahəsində çalışan alimlərin uğuru sayıla bilər.
Ölkə rəhbərinin Azərbaycanın arxeologiya elminə, abidələrin tədqiqinə göstərdiyi böyük diqqət və qayğı arxeoloq və etnoqraf alimlərin qarşısında ciddi vəzifələr qoymuşdur. Arxeoloji ekspedisiyalara ayrılan dövlət vəsaitinin artırılması hesabına arxeoloji və etnoqrafik araşdırmaların miqyası daha da genişlənmiş, çoxsaylı maddi mədəniyyət qalıqları, yaşayış məskənləri aşkar edilmiş və tədqiq olunmuşdur.
İqtisadçı alimlər hesabat ilində Azərbaycanın milli iqtisadiyyatının sosial-iqtisadi problemlərinin tədqiqi, makroiqtisadi və regional inkişaf problemləri istiqaməti üzrə elmi-tədqiqat işləri yerinə yetirmişlər.
Fəlsəfə, sosiologiya və hüquq sahəsində Azərbaycan fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir, sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi məsələləri, keçid dövrünün sosioloji problemləri, fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları istiqamətləri üzrə elmi işlər yerinə yetirilmişdir.
Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış Azərbaycan ədəbiyyatı və folkloru nümunələrindən ibarət "İlahi sözlər" toplusu Moskvanın "Xudojestvennaya literatura" nəşriyyatında nəşr olunmuşdur.
Dilçilik İnstitutunda "Azərbaycan dilinin tarixi dialektologiyası" elmi-tədqiqat işi yerinə yetirilmişdir.
Əlyazmalar, folklor, dilçilik, şərqşünaslıq, memarlıq və incəsənət sahələrində də xeyli işlər görülmüşdür.
Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat institutunda 6 problem üzrə 13 əsas nəticə əldə edilmişdir.
Hesabat ilində bölmədə əlyazmalar, tarix, etnoqrafiya, arxeologiya, incəsənət, dil və ədəbiyyat, təbii ehtiyatlar, bioresurslar, astrofizik araşdırmalar istiqamətində elmi-tədqiqat işləri yerinə yetirilmişdir.
Hesabat ilində bölmənin Bioresurslar İnstitutu üçün Aşağı Əylis kəndində Biokimyəvi tədqiqatlar laboratoriyasının üçmərtəbəli binası tikilib istifadəyə verilmiş, həmçinin bölmədə mövcud olan cihaz və avadanlığın təkmilləşdirilməsi davam etdirilmişdir.
Gəncə və Şəki regional elmi mərkəzlərində müvafiq elmi istiqamətlər üzrə elmi işlər yerinə yetirilmiş, mühüm nəticələr əldə edilmişdir.
Rəyasət heyətinin nəzdində olan təşkilatların fəaliyyətinə gəldikdə "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi tərəfindən üçüncü və dördüncü cildləri əhatə edən "B" hərfinə aid sözlük və məqalələr hazırlanmışdır.
Respublika Seysmoloji Xidmət Mərkəzində respublika ərazisinin seysmikliyinin, zəlzələlərin kinemetrik və dinamik parametrlərinin öyrənilməsi, geofiziki və geokimyəvi sahələrdəki seysmoanomal effektlərin təzahürü strukturları və xüsusiyyətlərinin kompleks tədqiqi istiqamətlərində işlər aparılmışdır.
Mərkəz tərəfindən respublikada 4 min 37 yeraltı təkan qeydə alınmışdır. Onlardan 2 min 203-ü yerli, yaxın və 1834-ü uzaq zəlzələlərdir.
Aparılan analiz 2010-cu ildə zəlzələlərin sayının 2009-cu ilə nisbətən çox, ayrılmış seysmik enerjinin miqdarının isə aşağı olmasını göstərir.
Hesabat ilində akademiyanın rəyasət heyətinin 20 iclası keçirilmişdir. Bu iclaslarda xeyli sayda elmi məruzələr dinlənilmiş, bir sıra elmi, elmi-təşkilati və kadr məsələləri, elmi bölmələrin fəaliyyətlərinin yekunları müzakirə edilmiş, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə bir sıra qərarlar qəbul olunmuş və konkret tədbirlər həyata keçirilmişdir.
Dəfələrlə müzakirə olunan məsələlərdən biri elmin inkişafı üzrə "Milli Strategiya" və bu strategiyanın həyata keçirilməsi ilə bağlı "Dövlət Proqramı"nın yerinə yetirilməsi olmuşdur.
Rəyasət heyəti bir sıra tədbir və konfranslarla yanaşı, görkəmli alimlərin, ziyalıların, elm, mədəniyyət, ictimai və dövlət xadimlərinin xatirə-yubiley mərasimlərini keçirmiş, akademiyanın mərhum üzvlərinin xatirəsini əbədiləşdirmək məqsədi ilə tədbirlər görmüşdür.
Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının müəssisələri 62 elmi-tədqiqat işinin nəticələrini tətbiq etmək üçün tədqiqat həyata keçirmişlər və istehsalatda tətbiq etmişlər.
Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə 11 dövlət proqramının yerinə yetirilməsində iştirak etmişdir.
AMEA-nın elmi müəssisələri tərəfindən 2010-cu ildə Azərbaycanın 42 və xarici ölkələrin 5 patenti alınmışdır.
Akademiyanın alimləri tərəfindən hesabat ilində 457 kitab və monoqrafiya nəşr olunmuşdur. Onlardan 53-ü xaricdə nəşr edilmişdir. Həmçinin alimlərimizin 6 min 148 məqaləsi nəşr olunmuşdur ki, onların da 1914-ü xarici jurnalların payına düşür.
Azərbaycan Milli Elmlər Akademiyası 2010-cu ildə 109 respublika səviyyəli, 21 beynəlxalq səviyyəli elmi konfrans keçirmişdir.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının tərkibi 56 həqiqi üzv, 109 müxbir üzv olmaqla 165 üzvdən ibarətdir.
Akademiyada çalışan alimlərin 545 nəfəri elmlər doktoru, 2116 nəfəri isə fəlsəfə doktorudur.
2010-cu ildə
akademiyada doktoranturanı 174 nəfər bitirmişdir.
Hesabat ilində
27 elmlər doktoru və 121 fəlsəfə doktoru üzrə
dissertasiya müdafiə olunmuşdur.
AMEA-da
dissertantura və doktorantura yolu ilə 500-dək xarici vətəndaş
yüksəkixtisaslı kadr olaraq hazırlanır.
Prezident İlham Əliyevin
"Azərbaycan Milli Elmlər Akademiyasının gənc
alimlərinin Avropanın elmi mərkəzlərində
doktorantura təhsilinin maliyyələşdirilməsi
haqqında" 9 fevral 2010-cu il tarixli sərəncamının
icrası ilə əlaqədar gənc alimlər xarici ölkələrin
aparıcı elmi mərkəzlərinə göndərilmişlər.
Hesabat ilində
AMEA-nın beynəlxalq elmi əlaqələri xeyli genişlənmiş,
bir sıra xarici ölkələrin elmi müəssisələri
ilə əməkdaşlıq haqqında ikitərəfli
müqavilələr imzalanmışdır. AMEA-nın alimləri bir
sıra beynəlxalq təşkilatlarla, o cümlədən
NATO, YUNESKO, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi,
Fransanın Milli Araşdırma Mərkəzi, FAO, Amerika Milli
Araşdırmalar Fondu, CERN və s. ilə əməkdaşlıq
etmişlər.
Hörmətli cənab
Prezident!
Hörmətli həmkarlar!
Mən məruzəmdə
2010-cu ildə AMEA-da və respublikanın digər elmi mərkəzlərində
görülmüş işlərdən, il
ərzində əldə etdiyimiz nailiyyətlərdən
danışdım. Lakin bütün bu
uğurlarla yanaşı, həyata keçirə bilmədiyimiz
işlər, bizi narahat edən problemlər, nöqsanlar da
çoxdur.
Hamımızı
narahat edən məsələlərdən biri alimlərimizin
sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Son illər
respublika rəhbərliyinin elmə müntəzəm
qayğısının nəticəsi olaraq akademiyada əməkhaqqı
bir neçə dəfə artırılmışdır.
Lakin müasir bazar iqtisadiyyatı şəraitində
mövcud qiymətlərlə müqayisədə bu səviyyəni
qənaətbəxş hesab etmək mümkün deyil. Ümid edirik ki, artıq icrasına başlanılan
elmin inkişaf strategiyasının həyata keçirilməsi
üzrə Dövlət Proqramı çərçivəsində
bu məsələ də prinsipial olaraq öz həllini
tapacaqdır.
Prezident İlham Əliyevin sərəncamına
əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanası
üçün yeni binanın tikilməsi nəzərdə
tutulmuş, layihə-smeta sənədləri
hazırlanmış, bina üçün akademiya şəhərciyində
1,6 hektar yer də müəyyənləşdirilmişdir.
Lakin bir neçə il keçməsinə
baxmayaraq binanın tikintisinə hələ də
başlanılmamışdır. AMEA kitabxanasında
zəngin kitab fondunun zirzəmidə yerləşdiyini, həmçinin
çoxsaylı oxucu kollektivinin bu zəngin xəzinədən
lazımi səviyyədə istifadə edə bilməməsini
nəzərə alsaq, bu problem də həlli vacib məsələlərdən
biridir.
Bütün çətinliklərə
baxmayaraq güman edirəm ki, respublikamızın sürətli
sosial-iqtisadi tərəqqisi, xüsusən, elmin
inkişafının dövlətimizin birbaşa maraq dairəsinə
daxil olması mövcud problemlərin həllinə, öhdəmizə
düşən məsul vəzifələrin yerinə yetirilməsinə,
akademiyanın dövlətimizin sosial-iqtisadi inkişafına
yönəlmiş fəaliyyətini günün tələbləri
səviyyəsində daha səmərəli qurulmasına imkan
verəcəkdir. Akademiyanın rəyasət heyəti
adından sizin hamınızı bu işlərdə səfərbər
olmağa çağırıram.
Diqqətinizə görə
təşəkkür edirəm!
Akademik Akif Əlizadənin çıxışı
- Hörmətli cənab
Prezident!
Hörmətli həmkarlar!
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin bu
gün Azərbaycan Milli Elmlər Akademiyasının ümumi
iclasında iştirakı xüsusilə əlamətdar bir
hadisədir. Cənab İlham Əliyevin dövlətimizə rəhbərlik
etdiyi dövrdə respublikamız formalaşaraq yüksək
humanizm, ideya və prinsipləri nəzərə almaqla
qarşıya qoyulan möhtəşəm məqsəd və
vəzifələrin həyata keçirilməsində
böyük nüfuz qazanmışdır.
Bildiyiniz kimi,
Azərbaycan müstəqilliyinin 20 illik yubileyini təntənəli
surətdə qeyd etməyə hazırlaşır. Azərbaycanın
müstəqilliyini möhkəmləndirən və stabilləşdirən
ümummilli liderimiz Heydər Əliyev çətin və
mürəkkəb illərdə Azərbaycana böyük
müdriklik ilə rəhbərlik etmişdir. Onun ideyalarının davamçısı olan cənab
İlham Əliyev 8 ilə yaxındır ki, dahi Heydər Əliyevin
qoyduğu yol ilə Azərbaycanı uğurla tərəqqiyə
doğru aparmaqdadır. Son 20 ildə Azərbaycan
elmi inkişaf etmiş və ümumi baxımdan dövlət
inkişaf proqramlarında özünəməxsus yer
tutmuş, nəticələr əldə etmişdir.
Hörmətli cənab
Prezident! Bu gün fürsətdən istifadə
edərək bəzi mühüm məsələlərə
toxunmaq istərdim. Güman edirik ki, Elmlər
Akademiyasının strukturunda ciddi islahatlara və kardinal tədbirlərə
ehtiyac vardır. Strateji elmi istiqamətlər, məsələn
fizika, kimya, riyaziyyat, yer elmləri və s. üzrə baza
institutları saxlanılmaq şərtilə prinsipcə yeni
texnologiya və informasiyalar əsasında müasir elmin təşkili
və innovasiya siyasətinin nailiyyətlərini özündə
əks etdirən, müasir prioritetlərə cavab verən
yeni elmi mərkəzlərin yaradılması, zənnimizcə,
məqsədəuyğun olardı. Məsələn,
Xəzər dənizinin problemlərinin kompleks öyrənilməsi
üzrə gələcəkdə ona beynəlxalq status verilə
biləcək elmi mərkəzin yaradılmasını təklif
etmək istərdik. Analoji elmi mərkəzləri
digər istiqamətlər üzrə də yaratmaq məqsədəuyğun
olardı. Fundamental elm ilə ali məktəb
elminin daha sıx inteqrasiyasını həyata keçirmək,
Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin tədris
prosesinə cəlb edilməsini genişləndirmək olduqca
zəruridir. Elmi inkişaf prosesinin ilkin mərhələsi
kimi akademiyada magistraturanın yaradılmasını çox
arzu edərdik. Eyni zamanda, cənab Prezident,
gənc alimlər üçün respublika Prezidentinin
xüsusi elm fondunun yaradılmasını vacib məsələlərdən
biri hesab edirik. Bu, ümumiyyətlə, elmi kadrların
Azərbaycanda hazırlanmasında böyük bir stimul ola bilər.
Bu gün tam aydındır
ki, "Əsrin kontraktı"nın
reallaşması nəticəsində Azərbaycan enerji
resursları ilə, ilk növbədə, neft və qazla stabil
təmin olunmuşdur. Azərbaycanın iqtisadi
çiçəklənməsinin əsasını təşkil
edən ciddi ixrac potensialı da yaradılmışdır.
Ölkənin qeyri-neft sektorunun uğurla
inkişafına baxmayaraq, yaxın onilliklər
üçün nəhəng plan və layihələrin həyata
keçirilməsi, hər şeydən əvvəl, neft
hasilatının mövcud səviyyədə
saxlanılması ilə əlaqədardır. Buna görə də müasir səviyyədə
neftin stabil hasilatının təminatı məsələsi
bu gün mübaliğəsiz vacib problemlərdən biridir.
Bu gün Milli Elmlər Akademiyası və Azərbaycan
Dövlət Neft Şirkəti arasında çox sıx elmi
və işgüzar əlaqələr yaranmışdır.
Xüsusi
dövlət proqramları çərçivəsində
birgə tədqiqatlar ehtiyatların artırılması və
onların hasil olunması problemini həll etməyə imkan
verir. Bir daha alimlərin proqnozuna istinad edərək, demək
istəyirəm ki, Azərbaycanın yer təkində nefti hələ
olduqca çoxdur. Hər halda, əgər
lazımi tədbirlər görülərsə, yaxın
onilliklərdə bizi neft böhranı gözləmir.
Son illərin hadisələri,
ümumiyyətlə, Haiti, Çili, İndoneziyadakı zəlzələlər,
xüsusən, Meksika körfəzindəki neft platformasında
baş vermiş qəza, onunla bağlı neft axını,
Yaponiyadakı zəlzələ və sunami ilə
bağlı "Fukusima" atom stansiyasındakı fəlakət
bəşər sivilizasiyasını ciddi imtahana çəkmişdir.
Şübhəsiz, texnogen və təbii proseslərin
proqnozu və onların ehtimal olunan nəticələrinin
ssenarilərinin işlənilməsi prioritet məsələ
olmuş, alimlərin qarşısında dövlət
proqramının hazırlanması və icrası tələblərini
qoyur. Belə bir yanaşmanı 2001-ci ilin
noyabr ayında Bakıda baş vermiş zəlzələdən
dərhal sonra ümummilli liderimiz Heydər Əliyev
nümayiş etdirmişdir. Təcili surətdə
fövqəladə iclas çağırılmış və
respublikanın seysmoloji xidmətinin ən müasir
avadanlıqla təmin edilməsi qərara
alınmışdır. Bu gün
mübaliğəsiz demək olar ki, bizim seysmoloji xidmət nəinki
MDB məkanında, hətta bütün Yaxın Şərqdə
ən yaxşı təchiz edilmiş xidmətlərdən
biridir. Lakin təbii proseslərin anomal
aktivləşməsi baxımından mövcud avadanlıq əlbəttə,
azdır. Seysmik monitorinq və GPS
stansiyalarını yaxın vaxtlarda artırmaq olduqca vacibdir.
Xüsusən, mülki obyektlərin və sənaye
infrastrukturunun yerləşdiyi Abşeron yarımadası və
Xəzər dənizi akvatoriyasında bu şəbəkəni
genişləndirib gücləndirmək ümdə məsələlərdən
biridir.
Daha bir
mühüm məsələ təbii fəlakətlərdən
sonrakı hadisələrin inkişaf ssenarilərinin işlənilməsidir. Yaponiyadakı hadisələr
göstərdi ki, nəinki fəlakətlərin qabaqcadan
proqnozu, həmçinin belə hadisələrə
qarşı elmi və digər müvafiq strukturların
hazırlığı az əhəmiyyətli
deyildir.
Hörmətli cənab
Prezident! Yaxşı məlumdur ki, inkişaf
etmiş ölkələrdə cəmiyyətin elmi, təhsil
və mədəniyyət səviyyəsini artırmaq
üçün tarixi təbiət muzeylərinə xüsusi
əhəmiyyət verilir. Elmlər Akademiyasının nəzdində
olan Həsən bəy Zərdabi adına
Tarixi Təbiət Muzeyi dünya əhəmiyyətli nadir
kolleksiyalara - Binəqədi qədim faunasına, Eldar hipporion
faunasına, palçıq vulkanlarına və s. malikdir. Məsələ bundadır ki, Azərbaycanda yeganə
olan bu nadir muzeyin gələcək inkişafı ona layiq
binanın olmasından asılıdır.
Fərəhləndirici
haldır ki, son zamanlar Azərbaycanda muzey işinin geniş inkişafının
şahidi oluruq. Misal üçün tarix muzeyinin, xalça muzeyinin,
muğam muzeyinin, müasir incəsənət muzeyinin və s.
Çox istərdik ki, Londonda məşhur olan təbii tarixi
muzeyin miniatürü kimi Azərbaycanda da təbii tarix
muzeyinin inkişafına dəstək verilsin.
Cənab Prezident! Üzr istəyirəm,
etiraz etməsəydiniz, bu gözəl Azərbaycanın təbiətini
geoloq şairlər gözəl təsvir edirlər:
Varlı bir muzeydir ana təbiət,
Ondadır ən
böyük sərvət, səxavət.
Köksündə
alışan odlu məhəbbət,
Sənin nemətindir, ey
gözüm, canım,
Sevdası
olduğum, Azərbaycanım.
Bizim təbiət
tarixi muzeyinə yardım lazımdır.
Akademik İsmayıl Hacıyevin
çıxışı
-Möhtərəm cənab
Prezident,
Hörmətli hesabat
yığıncağının iştirakçıları!
Bu gün Azərbaycan
Milli Elmlər Akademiyasının həyatına xoş bir
gün kimi daxil olacaqdır. Ölkə Prezidenti cənab
İlham Əliyev akademiyanın illik hesabat
yığıncağında iştirak edir. Bu, tarixə yazılacaq və akademiya üzvlərini,
bütövlükdə elmi işçiləri elmi fəaliyyətə
istiqamətləndirən çox mühüm, fərəh
doğuracaq bir faktdır. Möhtərəm
Prezidentimizin Azərbaycanda elm sahəsində aparılan
işlər, əldə olunan uğurlar və qarşıda
duran vəzifələr haqqında məzmunlu məruzəsində
biz elmi işçilər qarşısında çox ciddi,
düşünüləsi məsələlər qoyuldu.
Elə bilirəm ki, akademiya və digər elm və
tədris müəssisələrində çalışan əməkdaşlar
bundan sonrakı fəaliyyətində burada qeyd olunanları
ciddi nəzərə alacaqlar.
Akademiyamızın prezidenti,
akademik Mahmud Kərimovun 2010-cu il
üçün akademiya və digər elm və tədris
müəssisələrində aparılan elmi-tədqiqat
işlərinin nəticələri haqqında hesabat məruzəsindən
də göründüyü kimi, 2010-cu ildə akademiyada
mühüm işlər görülmüş, xeyli
maraqlı nəticələr əldə olunmuşdur. Ancaq elə bilirəm ki, bu, hələlik akademiya
üzvlərinin elmi işçilərini tam qane edəcək
səviyyədə deyildir. Bundan sonrakı
fəaliyyətimizdə biz daha ciddi - respublikamızın
sosial-iqtisadi inkişafına yönələn ciddi tədqiqat
işləri ilə məşğul olacağıq.
Azərbaycan
xalqının ümummilli lideri, görkəmli siyasi və
dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının
milli sərvəti adlandırdığı Azərbaycan Milli
Elmlər Akademiyası son illərdə respublikamızın
ictimai-siyasi həyatında çox fəal iştirak etməyə
başlamışdır. Bu, qürur
doğuracaq bir faktdır. Akademiya üzvləri
ölkə Prezidentinin düşünülmüş,
ağıllı və məqsədyönlü şəkildə
həyata keçirdiyi daxili və xarici siyasətdə və
respublikamızın ictimai-siyasi həyatında öz fəallığını
bir qədər də artırmalıdır. Xüsusilə, əvvəlki illərdə qəbul
olunmuş və burada da qeyd olunduğu kimi, elmin
inkişafı ilə əlaqədar milli strategiya və onun həyata
keçirilməsinin dövlət proqramı respublikamızda
uğurla həyata keçirilir. Bundan
başqa, 2010-cu ildə ölkə rəhbərinin elmin
inkişafı, elmi işçilərin sosial vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı bir
sıra qərarları, sərəncamları respublikamızda
elmə göstərilən qayğının daha bir ifadəsidir.
Xüsusilə, dövlət büdcəsində elmə
ayrılan vəsaitin ilbəil artırılması, gənc
doktorantların Avropanın tanınmış elm mərkəzlərində
təhsil almağa göndərilməsi, qeyd olunduğu kimi,
elm fondunun yaradılması və bu il, yəni,
2010-cu ildə elm fondunun birinci qrant layihəsinin müsabiqəsinin
keçirilməsi və digər sahələrdəki qərarlar
fərəh doğuran hallardır.
Respublikamızın
son illərdə əldə etdiyi uğurlar, sosial-iqtisadi
inkişaf sahəsində qazandığı nailiyyətlərdə
elm işçilərinin sanballı payı vardır. Konkret olaraq, mənim
təmsil olunduğum Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi haqqında
bir neçə kəlmə demək istəyirəm. Ulu
öndərimiz tərəfindən 2002-ci il
avqustun 7-də yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının
Naxçıvan Bölməsi ümummilli liderin müəyyən
etdiyi strateji xəttə uyğun yaradılmışdır. Qürur doğuran fakt budur ki, ölkə Prezidenti
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafı ilə bağlı Naxçıvana gəlmiş
və avqustun 12-də akademiyanın Naxçıvan Bölməsinin
yaradılması prosesində iştirak etmiş, öz
tövsiyə və tapşırıqlarını
vermişdir.
Akademiyanın
Naxçıvan Bölməsi fəaliyyət göstərdiyi
8 il ərzində müəyyən nailiyyətlər
əldə etmişdir. Həm əvvəlki illərdə,
həm də konkret 2010-cu ildə əldə olunan
uğurların bir neçəsini hörmətli
yığıncaq iştirakçılarının diqqətinə
çatdırmaq istəyirəm. Bildiyiniz
kimi, ermənilərin Naxçıvana - həm abidələrinə,
həm də tarixinə bir sıra iddiaları vardır.
Təkcə bu illərdə bunun üçün ikicildlik
Naxçıvan ensiklopediyası hazırlanmışdır,
ingilis və Azərbaycan dillərində Naxçıvan abidələri
ensiklopediyası, Naxçıvanın teatr salnaməsi,
Naxçıvanın tarixi atlası, Naxçıvanın
"Qırmızı kitab"ı və digər ümumiləşdirici
əsərlər hazırlanmışdır, artıq
ikicildlik "Naxçıvan tarixi" üzərində
iş davam etdirilir.
Elmi
işçilərin normal fəaliyyət göstərməsi
üçün Naxçıvan şəhərində
üç inzibati bina yüksək səviyyədə
qurulmuş, təmir olunmuş və ən müasir cihaz və
avadanlıqla təmin olunmuşdur. Naxçıvan Bölməsinin
ştat cədvəlində 510 yer olsa da, hələlik burada
275 nəfər çalışır, onların 97 nəfəri
elmi işçidir. 2010-cu ildə 6 elmi istiqamətdə
elmi-tədqiqat işləri aparılmış və 13
mühüm nəticə əldə olunmuşdur. Qeyd
etməliyəm ki, bu il, yəni, hesabat
dövründə bölmə əməkdaşlarının
700-ə yaxın əsəri nəşr olunmuşdur ki,
bunların 140-ı xarici ölkələrdə çap
olunmuşdur. Otuz üç əməkdaşımız
44 beynəlxalq simpozium və konfransda iştirak etmişdir.
İlk dəfə olaraq, Naxçıvanın
tarixi atlası nəşr olunmuşdur. Naxçıvan
ərazisində bizə məlum olan 1185 abidə qeydə
alınmış və onların pasportu
hazırlanmışdır. Xüsusi
bildirim ki, bu abidələrin 788-i ilk dəfə qeydə
alınmışdır. Ölkə və
dünya əhəmiyyətli abidələr əsasında
Naxçıvanın tarixi abidələr ensiklopediyası
ingilis və Azərbaycan dilində nəşr olunmuşdur.
Yəni, bütövlükdə akademiyada bir elmi
işçiyə 1 il ərzində düşən elmi əsərlərin
sayı 7,1 olmuşdur.
Lakin biz əldə
olunan uğurlarımızı, nailiyyətlərimizi
başlanğıc kimi qəbul edir və elə bilirəm ki,
bundan sonra daha ciddi elmi-tədqiqat işləri ilə məşğul
olacaq, respublikamızın sosial-iqtisadi inkişafına öz
layiqli töhfələrimizi verəcəyik. Diqqətinizə
görə sağ olun.
Akademik Akif Hacıyevin çıxışı
-Möhtərəm cənab
Prezident!
Hörmətli həmkarlar!
İlk növbədə, mən
fizika-riyaziyyat və texnika elmləri bölməsinin altı institutu,
iki min əməkdaşı, on yeddi akademiki və iyirmi
altı müxbir üzvü adından möhtərəm
Prezidentimizin bu gün iclasımızda iştirak etməsindən
qürur hissi duyduğumuzu bildirirəm və möhtərəm
Prezident, akademiyaya göstərdiyiniz diqqətə görə
Sizə təşəkkürümü bildirmək istəyirəm.
Dinlədiyimiz
illik hesabatda akademiyamızın 2010-cu ildə əldə
etdiyi nailiyyətlər ətraflı əhatə
olunmuşdur.
Ulu öndərimizin Azərbaycanda elmin
koordinasiyası məsələsini də akademiyaya
tapşırdığını nəzərə alaraq
hesabatın geniş variantında digər təşkilatlarda əldə
edilən mühüm nəticələr də yer
almışdır.
Mən
hesabatın müsbət qiymətləndirilməsini və onu
qənaətbəxş saymağınızı təklif edirəm.
Hesabatda qeyd
olunanlarla bərabər, bizim bölmədə bir sıra
başqa nəticələr də əldə edilmişdir. Bunlara misal
olaraq mən ancaq iki nəticəni Sizə bildirmək istəyirəm.
Mexanika alimlərimiz neftin su ilə
sıxışdırılmasında laydaxili qaz yaratma
texnologiyasını işləyib hazırlamışlar.
Radiasiya Problemləri İnstitutunda dağ
çayları və Xəzər dənizinin suları, dib
çöküntüləri üzrə radio izotopları,
karbohidrogenlər və ağır metalların paylanması tətbiq
olunmuş və onların dəyişmə dinamikası
üzrə məlumat bazası hazırlanmışdır.
Bölmə müəssisələri doqquz
dövlət proqramı üzrə ölkənin elm tutumlu
problemlərinin həllində iştirak etmişlər. Respublikada alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə olunması üzrə Dövlət Proqramı,
"Elektron Azərbaycan" Dövlət Proqramı, təhsil
sisteminin informasiyalaşdırılması üzrə Dövlət
Proqramı və digər proqramları qeyd etmək olar.
Bölmə koordinasiya ilə
yanaşı, başqa müəssisələrlə birlikdə
də tədqiqatlar aparır, xüsusilə, bölmə ilə
sıx əlaqələri olan Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Bakı Dövlət Universiteti, Azərbaycan
Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji
Universiteti və Azərbaycan Texniki Universitetini qeyd etmək istərdim.
Bölmə müəssisələri geniş
xarici əlaqələr yaratmışlar. Ortaq
qrantlar, birgə araşdırmalar, tədqiqatlar, ortaq
şöbə və laboratoriyalar bunun göstəriciləridir.
Hesabat ilində
bölmə əməkdaşları tərəfindən
506-sı xarici jurnallarda olmaqla 1287 məqalə çap
edilmişdir.
Mən xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm
ki, bu il 194 məqaləmiz nüfuzlu
indeksli jurnallarda çap edilmişdir. ABŞ və
Yaponiya nəşriyyatlarında bölmənin işçiləri
və xaricdə işləyən bölmə üzvləri
üç kitab dərc etmişlər. Bölmədə
on üç patent, o cümlədən üç xarici
patent alınmışdır.
Tam qətiyyətlə
demək olar ki, alimlərimizin maddi problemləri, xarici
jurnalları əldə etmək imkanları və uzunmüddətli
xarici ezamiyyətlərə getmək məsələləri
həll edildiyi təqdirdə daha böyük nailiyyətlər
qazanmaq mümkündür. Bu çətinlikləri
aradan qaldırmaq üçün hesab edirik ki, xarici jurnallara
yazılmaq və xarici ezamiyyət xərclərinin
akademiyanın smetasına ayrıca maddə ilə daxil olunması
müsbət nəticə verərdi.
Tədqiqi
problemlərin həlli üçün isə avadanlıqlara
və bahalı tədqiqat materiallarına böyük ehtiyac
vardır. Bu problemlərin və bir çox başqa problemlərimizin
həllində möhtərəm Prezident, Sizin
yaratdığınız Elmin İnkişaf Fondunun
böyük rolu olacağı şübhəsizdir. Məhz
həmin fondun birbaşa dəstəyi nəticəsində
bölməmizin Fizika İnstitutu tamamilə innovasiya -
inkişaf yoluna qədəm qoymuş, nəticədə
institutda Sizin tərəfinizdən prioritet istiqamətlər
sırasına daxil edilmiş nanotexnologiya, enerjiqənaətli
texnologiya, alternativ enerji mənbələri və kvant
informasiya texnologiyalarının inkişafına yönəlmiş
böyük həcmli pilot layihəsinin həyata keçirilməsinə
başlanmışdır.
Mən burada
möhtərəm Prezidentimizin akademiyamıza başqa bir
böyük dəstəyi haqqında deməyə bilmərəm. Sizin, möhtərəm
cənab Prezident, iki sərəncamınız əsasında
faktik olaraq Şamaxı Astrofizika Rəsədxanası yenidən
qurulub. Hazırda nəzərdə
tutulmuş işlərin demək olar ki, 80 faizi yerinə
yetirilmişdir. Bu yeniliklərin nəticəsində
bizim rəsədxana dünyanın ən müasir rəsədxanalarından
biri olacaqdır.
Möhtərəm cənab
Prezident! Siz böyük bir dahinin, unudulmaz
Prezidentimizin, ulu öndərimizin həyat məktəbini
keçmisiniz. O dahi insan həmişə Azərbaycan
elminin, Azərbaycan Elmlər Akademiyasının, alimlərimizin
dəstəyi və himayədarı olmuşdur. Siz bu sahədə də ulu öndərimizin layiqli
davamçısısınız. Buna
görə də biz bu gün Sizin ümumi iclasımıza gəlməyinizdən
ruhlanaraq ürək sözlərimizi, arzu və istəklərimizi
söyləyirik.
Bu gün Sizin
rəhbərliyiniz altında Bakıda və bütün
başqa şəhər və kəndlərimizdə
yollarımızın, körpülərimizin necə gözəlləşdiyini,
müasirləşdiyini görməmək mümkün
deyildir. Sizin bu gün söylədiyiniz məsələləri
də layiqincə yerinə yetirmək üçün
aydan-aya, ildən-ilə Sizin dəstəyinizlə,
akademiyamızın da gücləndirilməsini arzu edərək
diqqətinizə görə təşəkkür edirəm.
Akademik Vaqif Fərzəliyevin çıxışı
- Möhtərəm cənab
Prezident!
Hörmətli akademiya
üzvləri!
Hörmətli qonaqlar,
xanımlar və cənablar!
Cənab Prezident! Akademiyanın, eyni zamanda, respublikanın digər elm
mərkəzləri tərəfindən 2010-cu ildə yerinə
yetirilən elmi-tədqiqat işlərinin nəticələri
Sizə təqdim olunub. Ona görə mən Sizin
iştirakınızdan istifadə edərək istərdim, bir
neçə problemə Sizin diqqətinizi
cəlb edim.
Azərbaycan
neft ölkəsi olduğu üçün respublikamızda
kimya elmi başqa elmlərlə müqayisədə,
xüsusilə, neft emalı və neft kimyası sahəsində
tarixən öz inkişafını tapmışdır. Sonralar kimya
elminin digər istiqamətləri də inkişaf etməyə
başlamışdır.
Milli Elmlər
Akademiyasının Kimya Elmləri Bölməsinin elmi müəssisələri
öz fəaliyyəti dövründə xeyli işlər
görmüş və bir sıra prosesləri Azərbaycanın
və keçmiş SSRİ məkanının bir çox
neft emalı zavodlarında, neft-kimya və kimya komplekslərində
tətbiq etmişdir.
Hazırda akademiyanın
kimya elmləri bölməsində 4 elmi-tədqiqat institutu fəaliyyət
göstərir ki, onlar kimya elminin prioritet istiqamətləri
üzrə həm fundamental, həm də tətbiqi xarakterli
elmi işlər aparırlar.
Möhtərəm Prezident! Mahmud müəllim qeyd etdiyi kimi, Sizin "Azərbaycan
Respublikasında neft-kimya sənayesinin yenidən qurulması
haqqında" sərəncamınızın icrası ilə
əlaqədar kimya elmləri bölməsinin alimləri aidiyyəti
qurumlarla birlikdə respublikanın neft-kimya kompleksinin yenidən
qurulması, mərhələli inkişaf konsepsiyasını
işləyib hazırlamış və Nazirlər Kabinetinə
təqdim etmişlər.
Kimya institutlarından biri -
Kimya Problemləri İnstitutu akademiya şəhərciyində,
ikisi - Neft-Kimya Prosesləri İnstitutu və Aşqarlar
Kimyası İnstitutu Bakının digər hissələrində,
Polimer Materialları İnstitutu isə Sumqayıt şəhərində
yerləşir.
Qeyd olunan
institutların üçündə - Kimya Problemləri, Neft
Problemləri və Aşqarlar Kimyası institutlarında əsaslı
təmir işləri aparılır. Bununla əlaqədar
Sizə, cənab Prezident, kimyaçı alimlər adından
öz dərin minnətdarlığımı bildirirəm.
Cənab Prezident, Siz Kimya
Problemləri İnstitutunda əsaslı təmir işlərinin
gedişi ilə
Fürsətdən
istifadə edərək Sizdən xahiş edirəm ki,
Sumqayıtda yerləşən Polimer Materialları
İnstitutunun 1966-cı ildə istismara verilmiş
binasının da əsaslı təmir olunmasına göstəriş
verəsiniz.
Kimya elmləri
bölməsi alimlərinin əksəriyyəti yüksək
elmi səviyyəyə malikdir. Bu da onların elmi əsərlərinin
dünyanın nüfuzlu jurnallarında çap olunması,
beynəlxalq qrantların əldə edilməsi və
aparıcı ölkələrin alimləri ilə birgə
layihələrin yerinə yetirilməsi ilə təsdiq olunur.
Lakin cənab Prezident, bildiyiniz kimi, alimlərimizin
işinin səmərəsinə gəldikdə qeyd etmək
istərdim ki, kimyaçıların fəaliyyətinin nəticələri
yalnız otaqların təmiz və lazımi səviyyədə
təmir edilməsi ilə deyil, həm də zəruri cihaz və
avadanlıqla təchiz edilməsi ilə müəyyən
olunur. Hazırda bu institutlarda istifadə
olunan cihaz və avadanlığın çoxu həm fiziki, həm
də mənəvi cəhətdən köhnəlmişdir.
Son illər, cənab
Prezident, Siz böyük diqqət göstərərək
akademiyanın təşkilatlarının elmi-texniki
bazasının möhkəmlənməsi ilə bilavasitə
məşğulsunuz və bu işlər öz bəhrəsini
göstərir. Lakin bununla əlaqədar, möhtərəm
Prezident, Sizdən xahiş edirəm ki, bizim kimya
institutlarının da əsaslı təmiri ilə
yanaşı, elmi-texniki bazasının möhkəmləndirilməsinə,
müasir elmi cihaz və avadanlıqla təmin olunmasına
indidən belə də kömək göstərəsiniz.
Milli Elmlər
Akademiyasını son dərəcə narahat edən bir məsələyə
də toxunmaq istərdim. O da istedadlı gənc mütəxəssislərin
akademiyaya axınının çox zəif olmasıdır.
Bildiyiniz kimi, gənc
alimlər elmin gələcəyini təmin edənlər və
yeni ideyaların daşıyıcılarıdır.
Heç kimə
sirr deyildir ki, Azərbaycan Milli Elmlər Akademiyası alimlərinin
yaşı artıq orta yaş həddindən
yuxarıdır.
İstedadlı
gənclərin elmə gəlməməsinin əsas səbəbi
sosial məsələlərin lazımi səviyyədə
olmamasıdır.
Bu məsələnin
həllinə bir amil də öz mənfi təsirini göstərir. O da gənc mütəxəssislərin
doktoranturadan hərbi xidmətə
çağırılmasıdır.
Cənab Prezident! Xahiş edirəm, bu məsələnin də həllinə
kömək göstərəsiniz.
Axırda mən
istərdim, 2010-cu ildə AMEA-nın təşkilatları və
respublikanın digər elmi mərkəzləri tərəfindən
görülən işlər haqqında Mahmud müəllimin
hesabat məruzəsini qəbul edək və hesabatı qənaətbəxş
hesab edək.
Sağ olun!
Akademik Bəkir Nəbiyevin çıxışı
- Möhtərəm cənab
Prezident!
Akademiyamızın üzvləri
və qonaqlar!
Bildiyiniz kimi, Vətənimiz
son çağlarda böyük iradə nümayiş etdirərək
hərtərəfli inkişafın yeni mərhələsinə
qalxmışdır. Nankor qonşumuz Ermənistanın və digər
gözü götürməyənlərin acığına
Azərbaycan bu gün böyük tərəqqinin şahrax
yolunda öz müstəqil dövlətini əzmkarlıqla
qorumaq iqtidarında olan, xarici ölkələrlə dostluq
münasibətlərini getdikcə daha da genişləndirən,
lakin heç bir xarici dövlətin kölgəsinə
sığınmayan, həqiqətən də, azad, sərbəst
bir ölkədir. Biz, Azərbaycan Milli Elmlər
Akademiyasının üzvləri və əməkdaşları
fəxr edirik ki, əsası ümummilli liderimiz, böyük
azərbaycanlı və azərbaycançı Heydər Əliyev
tərəfindən qoyulan, möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən xüsusi bir qətiyyətlə,
işgüzarlıqla davam və inkişaf etdirilən bu
qarşısıalınmaz prosesin şahidi və
iştirakçılarıyıq.
Həmin
uğurlu prosesin mühüm tərkib hissələrindən
biri kimi akademiyada və respublikanın digər uyarlı
qurumlarında 2010-cu ildə görülmüş əsas
elmi-tədqiqat işləri haqqında akademik Mahmud Kərimovun
hesabatında ətraflı məlumat verildi. Yeri gəlmişkən,
mən də təklif edirəm ki, ümumi yığıncaq
bu hesabatı təsdiq etsin.
Nizami adına
Ədəbiyyat İnstitutu üçün ilin ən əlamətdar
hadisəsi yeni çoxcildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin üçüncü cildinin çap olunub elmi-ədəbi
ictimaiyyətə, oxuculara çatdırılmasıdır.
Ölkəmizdə
ədəbiyyat tarixinin yaradılması son yüz ildə
filologiya elmimizin ən əlamətdar hadisələrindən
biridir. Ümumiyyətlə, ədəbiyyat tarixləri
tez-tez yazılmır və onların meydana gəlməsi
ölkənin və xalqın tarixində müəyyən
inkişaf və intibahla bağlı olur. Bu,
elmimizin tarixində dördüncü ədəbiyyat tarixidir,
həm də hər cür ideoloji basqıdan azad, məhz azərbaycançılıq
mövqeyindən yazılmış ilk ədəbiyyat
tariximizdir.
Alimlərimiz keçən il ədəbiyyatşünaslıq elminin vacib
problemlərinə dair aktual mövzularda 33 adda kitab nəşr
etdirmişlər. Bu əsərlərdən biri "Heydər
Əliyev və Azərbaycan ədəbiyyatı"
monoqrafiyası üçün institutumuzun beş əməkdaşı
- müxbir üzv Teymur Kərimli, professor Məhərrəm
Qasımlı, professor Nizaməddin Şəmsizadə, dosent
Nikpur Cabbarlı, Macarıstandakı səfirimiz professor Vilayət
Quliyev və mən Azərbaycan Respublikasının dövlət
mükafatına layiq görülmüşük. Bu münasibətlə xüsusi sərəncama
öz mübarək imzasını qoymuş hörmətli
Prezidentimizə həmkarlarımız adından dərin təşəkkür
və minnətdarlığımı bildirirəm.
Keçən il
xaricdə buraxdığımız sanballı bir nəşrin
ancaq adını çəkirəm: "Bojestvennıye slova:
folklornıye i literaturnıye pamyatniki Azerbaydjana", Moskva,
İzdatelstvo "Xudojestvennaya literatura". Daha
bunun ətraflı təqdim və təhlilinə imkan yoxdur.
Bizdə hesabat
ilinin əlamətdar hadisələrindən biri də
böyük müvəffəqiyyətlə keçmiş
humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri, metodoloji məsələləri mövzusunda
beynəlxalq elmi konfransdır. Azərbaycan alimləri
ilə yanaşı Türkiyə, Rusiya, Özbəkistan,
İran və digər xarici ölkələrin nüfuzlu
mütəxəssislərinin də qatıldığı bu
elmi tədbir institutun XX əsr Azərbaycan ədəbiyyatı
şöbəsinin təşəbbüsü ilə təşkil
edilmişdir.
Ümumi
yığıncaq əlamətdar bir vaxtda, ölkəmizdə
dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi
illiyi ərəfəsində keçirilir. Bu barədə
möhtərəm Prezidentimizin xüsusi sərəncamını
hamımız oxumuşuq. Dövlətçiliyimizin
tərəqqi dolayları çox mühüm tarixi
uğurlarla əlamətdardır. Onların arasında
meydana gəlməsində bizim əməkdaşların da
müəyyən xidmətləri olan və indi hamının
rahatca oxuya bildiyi Azərbaycan əlifbası ilə hər biri
yüksək poliqrafik səviyyədə 25 min tirajla nəşr
edilib ölkə kitabxanalarına hədiyyə olunmuş
yüzlərlə bədii əsər, elmi əsər,
növ-növ lüğətlər vardır. Redaksiya
heyətinin sədri şəxsən cənab Prezidentin
özünün olduğu Azərbaycan Milli
Ensiklopediyasının ilk nəfis cildləri vardır.
Xanımlar və cənablar!
Prezidentin
akademiyanın hər iki binasına, Milli tarix və milli ədəbiyyat
muzeylərinə dəfələrlə gəlməsi, tarixi
abidə olan həmin binaların əsaslı şəkildə
təmir edilməsinə yüksək qayğı göstərməsi
və bu qayğının parlaq nəticələri elm və
mədəniyyətimizin qədrini bilən hər bir Azərbaycan
vətəndaşının ürəyindən xəbər
verir. Akademiya şəhərciyindəki binalar kompleksi,
xüsusən, onun mərkəzi binası da öz zamanının
memarlıq abidəsidir və hazırda burada 2 mindən
artıq alim əməkdaş çalışır. Mən
fəxr edirəm və böyük məmnuniyyət
duyğusu ilə etiraf edirəm ki, akademiya şəhərciyinin
memarı, dünya miqyaslı sənətkar, Azərbaycan Elmlər
Akademiyasının ilk həqiqi üzvlərindən biri
Mikayıl Hüseynovun nəcib ruhu da bu gün bizə, öz
xələflərinə qovuşub sevinir. Çünki
cənab Prezident onun çox unikal layihəsinə münasibətdə
vaxtilə yol verilən tarixi bir ədalətsizliyə yox
demiş, bu gözəl abidənin sonuncu mərtəbəsində
elmin ucalığının rəmzi olan dörd əzəmətli
qülləni də dahi memarın ilkin layihəsində nəzərdə
tutulduğu kimi bərpa etdirib cilvələndirmişdir.
Saxlanclarındakı 5 milyonu aşan qiymətli kitablarla 50 minə
yaxın oxucuya müəyyən darısqallığa
baxmayaraq, həm də müasir elektron xidməti göstərən
Mərkəzi elmi kitabxanamızın təzə
binasının tikintisi haqqında akademik Mahmud Kərimovun
dediklərinə mən də ürəkdən qoşuluram.
Hörmətli xanımlar və
cənablar!
Bizim akademiyada
34 institut və öz mahiyyəti etibarilə instituta bərabər
tutulan 7 elmi mərkəz vardır. Bu qurumların
14-ü, yəni, üçdə birindən çoxu təkcə
bizim bölməmizin tərkibində yer almaqdadır. Nəzərə
alsaq ki, biologiya elmləri bölməsində 8, fizika,
riyaziyyat və texnika elmləri bölməsində 7, kimya elmləri
bölməsində 6, yer elmləri bölməsində isə
3 bu cür qurum fəaliyyət göstərir, onda bizim
bölmə üçün 14 institut və instituta bərabər
tutulan elmi mərkəz, əlbəttə, çoxdur. Odur ki, bölmə üzvləri bir-biri ilə əlaqəsi
olmayan mövzu və məsələləri birgə
müzakirə etmək zorundadırlar. Bu deyilənlərə
əsasən təklif edirəm ki, gələn fəaliyyət
ilində ictimai-humanitar elmlər bölməsinin iki yerə
bölünməsi məsələsinə baxılsın və
həmin qurumlar belə adlandırılsın: humanitar elmlər
bölməsi, ictimai elmlər bölməsi. Humanitar elmlər
bölməsinə Ədəbiyyat, Dilçilik, Memarlıq və
İncəsənət, Folklor institutları, Nizami muzeyi,
Hüseyn Cavid muzeyi və Mərkəzi elmi kitabxana, cəmi
yeddi qurum daxil edilsin. İctimai elmlər bölməsində
isə Tarix, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq,
Fəlsəfə və siyasi hüquqi tədqiqatlar,
İqtisadiyyat, İnsan hüquqları institutları və Azərbaycan
tarixi muzeyi, cəmi 7 qurum bərqərar olsun. Güman edirəm
ki, belə olduqda yeni təşkil ediləcək hər iki
bölmənin akademikləri, müxbir üzvləri yerlərdə
aparılan elmi araşdırmalarla daha yaxından məşğul
olmaq, onları daha düzgün istiqamətləndirmək və
hər bir konkret sahə üzrə nüfuzlu, səriştəli
məsləhətlər vermək imkanı əldə edəcək,
bu da öz növbəsində səmərəli elmi-təşkilati
uğurlara gətirib çıxaracaqdır.
Bir neçə
kəlmə də son vaxtlar müəyyən dairələrdə
süni surətdə gündəmə gətirilən Nizami Gəncəvinin
milli mənəviyyatı, üzr istəyirəm, mənsubiyyəti
məsələsinə dair.
Çox təəssüf
ki, bəzi İran rəsmiləri hərdən böyük həqiqətlərə
məhəl qoymadan, ölkə daxilində və xaricindəki
çıxışlarında "Xəmsə"nin farsca
yazıldığını və ancaq bunu əsas
götürərək Nizamini İran şairi kimi qələmə
verir və türk kökəmli dahi Gəncəvinin Azərbaycan
şairi olduğunu danmağa çalışırlar. Bu
yaxınlarda isə İranın uyarlı orqanları ölkədəki
bəzi "Xəmsə" əlyazmalarını fars mədəniyyəti nümunəsi kimi
YUNESKO-nun milli yaddaş reytinqində qorumağı xahiş
etmişlər. Mənəvi irsin qorunmasına
göstərilən qayğı əlbəttə, təqdirəlayiqdir.
Lakin bu münasibətlə Fransaya göndərilən
müraciətdə Azərbaycan ədəbi klassikası
nümunələrinin fars mədəniyyəti
nümunələri kimi təqdim olunması bizi dərindən
təəssüfləndirir. Axı,
böyük şairin türk oğlu və gəncəli
olması barədə çoxsaylı etirafları onun əsərlərindəki
gözəl nümunələrdə dönə-dönə
özünün parlaq ifadəsini tapmışdır.
Dünyanın ən qədim, böyük və qədim
şəhərlərindən, mənalı rəmzlər
daşıyan parlaq səyyarələrdən, planetlərdən
də bəhs edəndə Nizami bütün bunlara hər
şeydən əvvəl, bir Azərbaycan oğlu, bir gəncəli
kimi öz xüsusi nəzərləri ilə baxmış,
doğma şəhərini ərşin sayrışan ecazkar
ulduzlarına bərabər tutmuşdur.
Gəncə Harut, sehrli Babil
deyil, bəs nədir
Ürəyim
ulduzlara nur saçan bir zöhrədir.
Zöhrə kimi ucalıb
nizam bürcünə Gəncə,
Onu belə
ucaldan ülvi sözümdür məncə.
("Sirlər Xəzinəsi")
Bərdə nə gözəldir,
ah nə qəşəngdir,
Yazı da,
qışı da güldür, çiçəkdir.
("İsgəndərnamə" ) və s.
Şairimizin
milli mənsubiyyətini şübhə altına almaq istəyən
bəzi əcnəbi həmkarlarıma müraciətlə
soruşuram.
Mazandaran, Bəndərbuşi, hətta
Belə hesab edirəm ki,
ölkəmizin yalnız ədəbiyyatçıları
deyil, tarixçi, dilçi, sənətşünas, şərqşünas,
filosof, etnoqraf, muzeyçi və digər alimləri də
Nizami yaradıcılığının aktual problemlərini
yeni təfəkkür işığında və daha dərindən
araşdırmaq üçün fundamental tədqiqatlara cəlb
edilməli, onların ən yaxşılarının
potensialı əsasında Ədəbiyyat İnstitutunda, yaxud
elə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyətində ayrıca bir Nizami mərkəzi
yaradılmalıdır. Bu mərkəzin mühüm elmi nəticələri
ən azı, Azərbaycan, fars, rus, ingilis
dillərində müntəzəm olaraq nəşr edilib
yayılmalı, uyarlı internet saytlarında yerləşdirilməlidir.
Ədəbiyyat İnstitutunda yüksək ixtisaslı mütəxəssislər
tərəfindən hazırlanmış qiymətli filoloji tərcümələr
əsasında Nizami "Xəmsə"sinin bütün
nümunələrini ana dilimizə yenidən şeir ilə tərcümə
etməyi möhtərəm Prezidentimiz, dövlət,
istedadlı və təcrübəli Azərbaycan şairlərinə
sifariş verməli, bu poetik tərcümələr kütləvi
tirajla nəşr edilib ölkəmizdə və dilimizin
anlaşıldığı yaxın, uzaq xarici ölkələrdə
yayılmalıdır. "Xəmsə"nin ayrı-ayrı
ən populyar süjetlərini, əsrlər boyu onlara çəkilən
çox zərif miniatürlərlə süslənmiş
şəkildə vaxtilə görkəmli sənətşünasımız,
müxbir üzv Kərim Kərimovun Moskvada
buraxdırdığı "Müzəyyən kitablar"
kimi nəşr etmək lazımdır. Nəhayət,
üç ildə bir dəfədən az olmayaraq Bakıda
başlanıb Gəncədə öz işini davam etdirəcək
beynəlxalq Nizami simpoziumları
çağırılmalı, dünya
Nizamişünaslığının aparıcı nümayəndələri
bu tədbirlərə dəvət olunmalı həmin elmi
forumların nəticələri sanballı kitablar kimi bir
neçə dildə nəşr edilməlidir. Diqqətiniz
üçün sağ olun!
* * *
Sonra Azərbaycan
Milli Elmlər Akademiyasının hesabatı səsə
qoyularaq təsdiq edildi.
AMEA-nın Rəyasət
Heyətinin işi də qiymətləndirilmək
üçün səsə qoyuldu və qənaətbəxş
hesab olundu.
Dövlətimizin
başçısı akademiyanın illik ümumi
yığıncağında yekun nitqi söylədi.
Azərbaycan.- 2011.- 27 aprel.- S. 2. 3, 4.