Çernobıl qəzasından 25 il ötür

 

Ötən əsrin ən dəhşətli qəzalarından biri - Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan 25 il ötür. Aprelin 26-da Çernobıl faciəsinin azərbaycanlı iştirakçılarının konfransı keçirilmişdir.

Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov bildirmişdir ki, qəzanın nəticələrinin aradan qaldırılmasında 8 min azərbaycanlı iştirak etmişdir. Onlardan 2600-ü artıq dünyasını dəyişmişdir. Çernobıl əlillərinin fədakarlığı 1993-cü ilədək diqqətdən kənarda qalmışdı. Yalnız ulu öndər Heydər Əliyevin göstərişi və xüsusi qayğısı nəticəsində bu insanlar layiq olduqları qiyməti almışlar. Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilmişdir. 1993-cü ildə qəbul edilmiş qanunla Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilmiş, onlara bir sıra güzəşt və imtiyazlar verilmişdir. Aprelin 22-də Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən qəzanın ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200 manatlıq birdəfəlik maddi yardım göstərilmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov qəzanın baş verdiyi dövrün siyasi hadisələrini xatırlatmışdır. O qeyd etmişdir ki, həmin günlərdə yalnız Heydər Əliyev bu dəhşətli hadisənin gerçəkliklərinin xalqa çatdırılmasını tələb etmişdi. Lakin əfsuslar olsun ki, o zamankı sovet rəhbərliyi onun bu çağırışına məhəl qoymamış və bununla da qarşısıalınmaz fəlakətlərin birbaşa günahkarına çevrilmişdir.

Atom elektrik stansiyalarının ölümcül təhlükəsi məsələsinə toxunan T.Süleymanov mart ayında Yaponiyada baş verən təbii fəlakət nəticəsində "Fukusima-1" AES-dəki faciəni xatırlatmışdır. "Həm Çernobıl, həm də Yaponiya bizdən uzaqda olduqları üçün bu faciənin dəhşətlərini bizim xalq birbaşa duymamışdır. Lakin bizim çox yaxınımızda - Ermənistanda da belə bir təhlükə vardır. Bu, istifadə müddəti çoxdan bitmiş "Metzamor" AES-dir. Bax bu təhlükə bir çox ölkələr kimi, Azərbaycan üçün də realdır" - deyən T.Süleymanov sözügedən AES-in fəaliyyətinin dayandırılması istiqamətində aparılan təbliğatın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tezliklə Mingəçevirdə Çernobıl əlilləri üçün bərpa mərkəzinin tikilib istifadəyə veriləcəyini demişdir. Nazir müavini bu əlillərin sosial şəraitinin yaxşılaşdırılması üçün xüsusi təkliflər paketinin də hazırlandığını və yaxın zamanlarda Nazirlər Kabinetinə təqdim olunacağını da bildirmişdir. Paketdə əlillərin və onların ailələrinin evlə təmin olunması, müalicə və sanatoriya xidmətlərinin artırılması kimi təkliflər vardır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 5.