Qubadlı rayonu ictimaiyyətinin nümayəndələri "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər

 

Qubadlı rayonu ictimaiyyətinin nümayəndələri "dəyirmi masa" arxasında Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını müzakirə etmişlər.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbiri açaraq demişdir: "Bu qiymətli kitabın başlıca məziyyəti odur ki, kitabda gətirilən tarixi reallıqların monitorinqinə əsaslanmış təkzibedilməz faktlara həm siyasətçi və həm də tarixçi mövqeyindən yanaşmaq mümkündür". Nəşrdə Ermənistan prezidenti Serj Sarkisyanın 2010-cu il oktyabrın 16-da Gorus şəhərində təşkil etdiyi növbəti tamaşa elmi dəlillər əsasında ifşa edilmişdir. Öz iftiraları ilə tarixi saxtalaşdırılmağa, beynəlxalq ictimaiyyəti aldatmağa çalışan erməni ideoloqlarının yeni cəhdlərindən bəhs edən müəllif, Ermənistan siyasi isteblişmentinin məkrli niyyətlərini ustalıqla ifşa edir. Müəllif S.Sarkisyanın Azərbaycanın qədim Zəngəzur torpağında jurnalistlərlə keçirdiyi görüş barədə ətraflı məlumat verir, Xocalı soyqırımının, habelə Dağlıq Qarabağın və onun ətrafındakı yeddi rayonda Azərbaycan əhalisinə qarşı etnik təmizləmə aparılmasının əsas təşkilatçılarından birinin elmi və siyasi səbatsızlığını bacarıqla sübut edir. S.Sarkisyanın özünü "akademik" kimi qələmə vermək, elm aləmini "yeni kəşflərlə" heyrətləndirmək cəhdi uğursuzluğa düçar olmuşdur. Ermənistan sülh şansını əldən vermişdir. Akademik Ramiz Mehdiyev öz kitabında qeyd edir ki, bunu dərk etmək üçün Azərbaycanı Ermənistanla müqayisə etmək, iki ölkə arasında bugünkü fərqin illər ötdükcə artacağını dəyərləndirmək kifayətdir.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov kitabı akademik və ideoloji müstəvidə yüksək qiymətləndirmiş, əsərin siyasi əhəmiyyətini xüsusi vurğulamışdır. O, həmçinin kitabın öyrənilməsi və təbliği sahəsində qarşıda duran vəzifələrdən söz açmışdır.

Sonra məruzələr dinlənilmişdir. Bildirilmişdir ki, akademik Ramiz Mehdiyevin kitabı ermənilərin növbəti iftiralarına qarşı tutarlı cavab olmaqla yanaşı, çoxsaylı tarixi faktların əks olunması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəblərinin açılması baxımından da xüsusi əhəmiyyət kəsb edir, son 200 ildə regionda baş vermiş ictimai-siyasi proseslərə aydınlıq gətirir. Kitabda, habelə bugünkü Ermənistanın siyasi ab-havasının mənzərəsi öz əksini tapmışdır.

Natiqlər müəllifin gəldiyi haqlı nəticəni xüsusi vurğulamışlar: Bütün bu illər ərzində Ermənistanda hələ də dərk etməmişlər ki, qonşu dövlətin ərazisini işğal etməklə, etnik təmizləmə aparmaqla, şəhərləri və kəndləri vəhşicəsinə dağıtmaqla, günahsız insanları məhv etməklə bu ölkə sözün həqiqi mənasında uduzmuşdur. "Dəyirmi masa"da çıxış edənlər, həmçinin qeyd etmişlər ki, akademik Ramiz Mehdiyevin təkzibedilməz faktlara əsaslanan dəyərli elmi əsəri təkcə tarixçilər, siyasətçilər, qafqazşünaslar üçün deyil, həm də konfliktoloqlar və geniş oxucu auditoriyası üçün faydalı və qiymətli mənbədir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 6.