Azərbaycan gəncliyi yeni
inkişaf mərhələsində
Həyata keçirilən məqsədyönlü
dövlət siyasəti ölkənin dinamik tərəqqisində
gənclərin rolunu artırır
Hər zaman aparıcı sosial-demoqrafik qrup kimi dəyərləndirilən gənclik istənilən cəmiyyətin inkişafında daim hərəkətverici qüvvə sayılır. Bunu şərtləndirən əsas səbəblərdən biri gənclərin cəmiyyətin ən dinamik təbəqəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və digər vacib sahələri əhatə edən hadisələrin mərkəzində yer almalarıdır. Tarixi təcrübə də aydın göstərir ki, gənc nəsillə bağlı dəqiq və dərin düşünülmüş siyasət olmadan dünyada heç bir dövlət inkişafında böyük uğurla müşayiət olunan nəticə əldə edə bilməz.
Sivilizasiyanın sosial tərəqqisinə böyük təsir göstərən gənc nəslə ölkəmizdə həmişə xüsusi diqqət və qayğı göstərilib. Dövlət, onun rəhbəri tərəfindən gənclərlə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu təbəqənin nümayəndələrinin ictimai həyata daha çox cəlb olunmasına və müasir Azərbaycanın daha dinamik tərəqqisində oynadıqları rolun artmasına gətirib çıxarır. Azərbaycanın müasir dövlətə çevrilməsində bu gün gənc nəslin fəal iştirakı ölkə rəhbərliyinin xüsusi maraq dairəsindədir. Aprelin 21-də Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüş zamanı bununla bağlı bildirmişdir: "Ölkəmiz müasir dövlətə çevrilməlidir və bu istiqamətdə biz çox vacib addımlar atırıq. Müasirləşmə, əlbəttə ki, dövlət siyasətinin düzgün qurulmasından və bununla bərabər, gənclərin fəaliyyətindən asılıdır. Siz gənc nəslin nümayəndələrisiniz, Azərbaycan gəncləri müasir, Vətənə bağlı, millətə bağlı, dövlətçiliyə sadiq olmalıdırlar. Ancaq eyni zamanda, gənclərimiz bütün mütərəqqi təcrübəyə də açıq olmalıdırlar".
Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasına xidmət edir. Eyni zamanda cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsinə gətirib çıxarır.
Ölkəmizin başçısı tərəfindən gənclərin bilik və bacarıqlarının yüksək qiymətləndirilməsi, onların problemlərinin həlli istiqamətində atılan konkret addımlar indi dövlət fəaliyyətinin ən mühüm istiqamətləri sırasında yer alır. Görülən işlər gənclərlə bağlı dövlət siyasətinin mükəmməl xarakter daşıdığını göstərməklə bərabər, eyni zamanda bu sahədə də ulu öndər Heydər Əliyev siyasətinin layiqincə davam etdirildiyini təsdiqləyir.
Xatırlatmaq yerinə düşərdi ki, ümummilli lider hər zaman gənc nəslə böyük qayğı ilə yanaşaraq bu təbəqənin təmsilçilərinin dövrün tələblərinə cavab verən formada inkişafını əməli tədbirlərlə stimullaşdırdı. Bunun konkret təzahürü kimi 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafına diqqətin artırılması, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlərin görülməsi, bir sıra dövlət proqramlarının hazırlanmasını qeyd etmək olar. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirilməsi, bundan bir il sonra Azərbaycan gəncliyi günü elan edilməsi, 1999-cu ildə "Dövlət gənclər siyasəti haqqında" fərmanın imzalanması və geniş fəaliyyət proqramının təsdiq edilməsi ulu öndərin gənc nəslə yüksək diqqətinin konkret nümunələri qismində çıxış edirdi. Gənclərlə bağlı daha bir mühüm sənəd isə 2002-ci ildə qəbul olunan "Gənclər siyasəti haqqında" qanun oldu. Gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının səmərəli şəkildə reallaşdırması, onların cəmiyyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması istiqamətində adıçəkilən qanun mühüm əhəmiyyət kəsb etdi. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştiraklarında, onların sağlamlığının qorunmasında və fiziki inkişafında, istedadlı gənclərə, gənc ailələrə və gənclər təşkilatına dövlət qayğısının yüksəlməsində, gənclərin məşğulluğunun təmin olunmasında da bu qanunun böyük rolu var.
O da birmənalı həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə həyata keçirilən gənclər siyasəti keyfiyyət etibarı ilə yeni bir mərhələyə yüksəlməklə yanaşı, həm də zamanın çağırışlarına adekvat cavab verir. Qeyd edilən fonda Azərbaycan Prezdentinin xüsusi önəm verdiyi məqamlardan biri gənclərin sosial problemlərinin həlli, xüsusən də mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasıdır. Bu mənada 2005-ci ildə gənclərə güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsinə dair dövlət başçısının fərmanı gənc nəslə yüksək diqqətin daha bir real təzahürünə çevrildi. Gənclərə artan dövlət qayğısı Prezident İlham Əliyevin 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqarmının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncamı oldu. Bununla gənclərlə bağlı dövlət siyasətinin növbəti uğurlu mərhələsi başlandı.
2006-cı ildə Gənclər və İdman Nazirliyinin yaradılmasına dair dövlət başçısının verdiyi fərman gənclərlə işin daha da təkmilləşdirilməsinə və onun müasir tələblərə uyğun qurulmasına rəvac verən mühüm faktorlardan birinə çevrildi. Növbəti ilin "Gənclər ili" elan edilməsi isə gənc nəslin ölkə həyatında fəallığının yüksəlməsi ilə müşayiət olundu. Gənclərin intellektual potensialının yüksəldilməsinə xidmət edən növbəti mühüm addımlardan biri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" oldu. Bütün təbəqədən olan savadlı gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradan proqram minlərlə gənc azərbaycanlının dünyanın ən nüfuzlu təhsil ocaqlarında bilik almasına və ölkəmizə yüksək peşəkar mütəxəssislər kimi dönməsinə gətirib çıxarır.
Bununla yanaşı, Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncamı gənclərə yüksək diqqət və qayğının yeni bir real nümunəsidir. Sərəncam ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək kimi mühüm məqsədlərə xidmət edir. Dövlət proqramının hazırlanaraq icraya yönləndirilməsi gənclərin üzləşdikləri problemlərin həlli ilə yanaşı, onların cəmiyyətin həyatında oynadıqları rolun daha da artmasına imkan verəcək.
Azərbaycan Prezidentinin gənclərlə birbaşa təması, onların arzu və istəklərini elə gənclərin öz dilindən eşitməsi də cənab İlham Əliyevin gənc nəsl yüksək diqqət və həssas münasibətinin vacib bir göstəricisidir. Aprelin 21-də Prezident İlham Əliyev müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, onlarla aparılan söhbət, irəli sürülən təkliflərə dövlət başçısının münasibəti bu kontekstdə xüsusi qeyd edilməlidir. Görüşdə səslənən fikirlərdən yaranan təəssürat Prezident İlham Əliyevin inkişaf strategiyasında gənc nəslin roluna nə qədər böyük önəm verdiyini aydın surətdə nümayiş etdirir.
Bütün bunlar bir daha Azərbaycan gəncliyinə Prezident tərəfindən böyük etimad göstərildiyini, onların fəaliyyətinin yüksək qiymətləndirildiyini konkret faktlar timsalında göstərir. Gənclik isə bu etimada layiq olmağa çalışaraq Azərbaycanın bir dövlət olaraq inkişafında daha yaxından iştirak edərək qazanılan nailiyyətlərə öz töhfəsini verir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.- 27 aprel.- S. 6.