Erməni yalanları ifşa olunur

 

AzərTAc xəbər verir ki, Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə təşkilatçılığı ilə İçərişəhərdə, "Kiçik Karvansara"da "İT-İP: yeni biliklərin ötürülməsi və qorunması" mövzusunda konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan MHA-nın sədri, professor Kamran İmanov bildirmişdir ki, builki Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada "Gələcəyi planlaşdıraraq" devizi ilə qeyd edilir. Gələcəyi dəyişdirən isə innovasiyalar çərçivəsində ilk sırada gedən informasiya-kommunikasiya texnologiyalarıdır. Həqiqətən, innovasiya texnologiyaları əsl mənada qlobal cəmiyyətimizin formalaşdırılmasına şərait yaratmışdır.

Qloballaşan dünyada İT (informasiya texnologiyaları) İP (əqli mülkiyyət) ilə birləşərək ümumi təsir gücünü dəfələrlə artırmışdır. Xüsusiyyət və spesifikasına görə uzun illər kölgədə qalan İP fenomeni son iki onillikdə ictimai diqqətin və təhlillərin nəzər nöqtəsinə çevrilmişdir. Əqli mülkiyyətin dünyadakı dəyişmiş iqliminin idarə olunması hazırda Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin siyasət mərkəzindədir. Səbəbi də odur ki, betona və dəmirə əsaslanan iqtisadiyyat "biliklərə əsaslanan", "rəqəmli" və ya "kreativ" iqtisadiyyata çevrilmişdir. İT-İP birləşməsi, cütlüyü isə doğrudan da nəzərə çarpan dəyişikliklərə gətirmişdir. Bu da təbiidir, çünki İT bugünkü innovasiyaların önündə gedən İP obyektləridir və əqli mülkiyyət qanunvericiliyi vasitəsilə qorunaraq sürətlə inkişaf edir.

Bu tədbirimiz İT-İP birləşməsinin gücünü nümayiş etdirmək məqsədi ilə keçirilir. Çünki ilk dəfə olaraq biz konfransdakı çıxışları birbaşa on-line WEB yayımı ilə buradan translyasiya edirik. Səslənən fikirlər və tədqiqat arayışları aktual mövzularla bağlıdır. Məruzələr əqli mülkiyyət sahəsində erməni saxtakarlıqlarının tarixi, ermənilərin qədim və müasir dövrə aid tarixi yalanları, ərazi iddiaları və coğrafi uydurmaları, Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi mədəni irsə təcavüzü və mənimsəmələri və s. məsələlərə həsr olunmuşdur.

Qeyd etdiyim "rəqəmli iqtisadiyyat", "informasiya cəmiyyətinin iqtisadiyyatı" daha çox "biliklərə əsaslanan, kreativ iqtisadiyyat" kimi də tanınır. Burada aparıcı rola malik olan əqli mülkiyyətə obyektlərini bazara çıxarmaq və qiymətləndirmək üçün xüsusi informasiya örtüyü tələbi öndədir (onların təsviri, konyuktura məlumatları və s.). Yalnız informasiya müşayiəti əqli mülkiyyət obyektlərini kommersiyalaşdırır. Onların bazardakı əqdlərdə iştirakını, lizinqə çevrilməsini, hüquqların keçməsini təmin edir. Bu informasiya xidməti İT və naqilsiz texnologiyalar, rəqəmli şəbəkələr vasitəsilə yayılır. Beynəlxalq ekspertlərin fikrinə əsasən, "kreativ industriya"nın inkişafı böhrana ən dözümlü istiqamət kimi inkişafda olan ölkələrə təklif olunmuşdur. "Kreativ industriya"nın özəyini isə müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları təşkil edir.

MHA-nın sədri diqqətə çatdırmışdır ki, dövlətimizin başçısının uzaqgörən siyasəti və əqli mülkiyyət sahəsinə dəstəyi nəticəsində agentliyin araşdırmalarına əsasən, Azərbaycanda son 5 ildə kreativ industriyanın ümumi daxili məhsuldakı payı 2,2 faizdən 3,6 faizə qədər yüksəlmişdir.

Prezident İlham Əliyevin sərəncamları əsasında müəllif-hüquq qanunvericiliyində rəqəmli mühiti nəzərə alan dəyişikliklər aparılmış, internet hüququ təsbit olunmuş, Milli Əqli Mülkiyyət Strategiyası və onun əsasında hazırlanmış 2011-2014 -cü illər üzrə Dövlət Proqramı layihəsində bir sıra tədbirlər, o cümlədən "On-line rəqəmli hüquqların idarə edilməsi xidməti"nin yaradılması nəzərdə tutulmuşdur. Hər iki sənədin layihələri 2009-cu ilin sonunda xüsusi rəqəmli hüquqlara aid beynəlxalq konfransda və 2010-cu ilin aprel ayında Bakıda Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) ekspertlərinin iştirakı ilə "dəyirmi masa"da müzakirə olunmuşdur. Həmçinin ötən il "kreativ sənaye" mövzusunda beynəlxalq simpozium keçirilmiş və sentyabr ayında ÜƏMT-də agentliyin nümayəndəsi müəllif hüququna aid geniş təqdimat etmişdir.

Kamran İmanov vurğulamışdır ki, bugünkü tədbirimizdə tanınmış alimlər və mütəxəssislər çıxış edəcəklər. Geniş spektrə malik olan bu çıxışları birləşdirən, erməni uydurmaları və saxtakarlıqlarına qarşı bizim etiraz səsimizdir. Uzun illər boyu gizli saxlanmış bir çox həqiqətlərin açılmasına müxtəlif yollarla maneə törədən erməniçiliyin iç üzü və riyakarlıqları mənbələr və elmi sübutlar əsasında göstəriləcəkdir. Bir sözlə, "böyük Ermənistan" və "böyük erməni mədəniyyəti" xülyaları ifşa ediləcəkdir.

Hamınızı 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təbrik edirəm və ümid edirəm ki, tədbirimiz rəqəmli hüquqlar probleminə öz töhfələrini verərək, yeni biliklərin ötürülməsi və qorunmasına xidmət edəcəkdir.

Sonra çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirmişdir ki, respublikamızda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi dinamik inkişafdadır və müəlliflik hüquqları üzrə təkmil qanunvericilik bazası mövcuddur. İKT sahəsinin inkişafının ölkə iqtisadiyyatında prioritet sahələrdən biri olması, bu sektora dövlətin diqqəti, xüsusən də Prezident İlham Əliyevin verdiyi əhəmiyyət Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə, məhsul istehsalının artımına və ixrac potensialının güclənməsinə müsbət təsir edir. Azərbaycanda yaradılan proqram təminatının və digər maddi vasitələrin (məlumat bazaları, saytlar, kitablar və s.) müəlliflik hüququnun obyekti kimi qeydiyyatı aparılır. Həmçinin proqram təminatının lisenziyalaşdırılmasına diqqət yetirilir. Hazırda informasiya texnologiyaları əqli mülkiyyətin mühafizəsinin tərkib hissəsinə çevrilmişdir. İnternetdə rəqəmli medianın yayılması, bu vasitələrə müəlliflik və əlaqəli hüquqların qorunması ciddi məsələ kimi müxtəlif səviyyələrdə və təşkilatlarda müzakirə edilməkdədir. Bu baxımdan rəqəmli imkanlar dövründə müəlliflik hüquqlarının təmin edilməsinə yeni yanaşmaların, yeni qaydaların tətbiq edilməsi vacibdir.

Hazırda keçirilən tədbirlə bağlı E.Vəlizadə nəzərə çarpdırmışdır ki, bu gün burada səslənən fikirlər xarici dillərə tərcümə edilərək internet vasitəsilə yayımlanır və dünyanın hər bir yerindən izlənə bilər. Ən əsası isə artıq elektron formada olan bu biliklər qorunub saxlanılaraq gələcəkdə müxtəlif mənbələrdə istifadə edilə bilər.

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov konfransın onlar üçün rəmzi bir məna daşıdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, qurumun qarşısında duran məqsəd - tarixi mərkəzimiz olan İçərişəhəri, həmçinin incəsənət, mədəniyyət, elm və texnologiyaların geniş yayım aldığı bir məkana çevirməkdir.

Sonra tədbirdə MHA-nın sədri Kamran İmanovun "Erməni tarixi uydurmalarının tarixinə giriş", AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi Telman İbrahimovun "Xaşdaşların xaçkarlara çevrilməsi saxtakarlığı mexanizmi", AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Bəhlul İbrahimlinin "Arxeoloji saxtakarlıqlar", BDU-nun professoru Kərəm Məmmədovun "Antropoloji saxtakarlıqlar", Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Səbinə Hacıyevanın "Azərbaycan memarlıq abidələrinin ermənilər tərəfindən mənimsənilməsi", Milli Məclisin deputatı Qənirə Paşayevanın "Bağanıs Ayrım qətliamı. XX əsrin əvvəllərindən XX əsrin sonlarınadək gizlədilən tarixi faktlar və həqiqətlər", Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun "Milli mətbəximizə erməni təcavüzü" və s. mövzularda məruzələr dinlənilmişdir.

Çıxış edənlər əqli mülkiyyət sahəsində erməni saxtakarlıqlarının tarixi, onların ərazi iddiaları və coğrafi uydurmaları, Azərbaycana məxsus əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması və s. barədə geniş məlumat vermiş, erməni alimlərinin özlərinin əsərlərinə istinadla tarixi yalanları faktlarla nəzərə çarpdırmışlar.

Tədbirdə xüsusi stenddə erməni yalanlarını üzə çıxaran, ifşa edən kitablar nümayiş etdirilmişdir.

Konfransda edilmiş bütün məruzələr "On-line" rejimində MHA-nın www.copaq.gov.az və PİTN-in www.mincom.gov.az saytları vasitəsilə internetdə yayımlanmışdır.

Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm xadimləri, hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. 

 

 

Azərbaycan.- 2011.-27 aprel.- S.6.