Qubada çıxan "Şəfəq" qəzetinin 90 illik yubileyi keçirilib

 

Aprelin 26-da Qubanın "Şəfəq" qəzetinin 90 illik yubileyi ilə bağlı mərasim keçirilib. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qubanın mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzüblər. Sonra tədbir rayon Mədəniyyət evində davam edib. Qonaqlar burada "Şəfəq" qəzetinin müxtəlif illərdəki fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Yubiley tədbirini Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədov açıb. O bildirib ki, əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı illər ötdükcə yeni-yeni keyfiyyət kəsb edib. Bu baxımdan "Şəfəq" qəzetinin özünəməxsus yeri rolu var. Müxtəlif dövrlərdə ayrı-ayrı adlarla nəşr olunan qəzet özünəməxsus dəst-xətti ilə seçilib. Hadisə proseslərə daim peşəkar yanaşma tərzi nümayiş etdirib, rayon sakinlərinin rəğbətini qazanıb. Keçən ilin mart ayında qəzetin 8000-ci nömrəsi çapdan çıxıb. Qəzetə müxtəlif illərdə Hüseynağa Məmmədbəyli, Qafar Rəcəbli, Nağı Cəfərov, Hüseynqulu Kazımlı, Mövlud Qonaqov, Əlihadı Kərimov, Camal Balayev, Mahmud Ağalarov, Məmmədpaşa Mirzəyev, Nadir Xəlilov, Elmira Aşurova redaktorluq etmişlər. Onların böyük əməyi sayəsində qəzet zamanın sərt sınağından həmişə alnıaçıq çıxmışdır.

Daha sonra icra başçısının müavini ölkəmizdə media sahəsində həyata keçirilən kompleks məqsədyönlü tədbirlərdən söz açaraq bildirib ki, Prezident İlham Əliyevin mətbuata diqqət qayğısı, bununla bağlı imzaladığı fərman sərəncamlar yerlərdə kütləvi informasiya vasitələrinin inkişafına əlavə stimul verib.

Qəzetin baş redaktoru Qəhrəman Əliyev rəhbərlik etdiyi mətbu orqanın tarixindən söz açaraq deyib ki, 1921-ci ilin aprel ayından "Əxbar" adı ilə çıxan nəşr müxtəlif illərdə "Yeni dirilik", "Kollektivləşmə yolu", "Qızıl Quba", "Quba" adları ilə fəaliyyət göstərib. Lakin bu illər ərzində dəyişən yalnız adlar olub. "Şəfəq" yüzlərlə jurnalist kadrları yetişdirib bölgədə həmişə flaqman rolunu oynayıb.

Yubiley mərasimində çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğulayıb ki, "Şəfəq" Azərbaycanda ilk bölgə qəzeti adını şərəflə qoruyan kütləvi informasiya vasitəsidir. Bu qəzet təkcə Quba rayonunda deyil, ümumilikdə bölgədə ictimai fikrin formalaşmasında böyük rol oynayıb. "Şəfəq" indi ənənələrinə sadiqdir. Yerli həyatın dolğun işıqlandırılması, yüksək mənəvi keyfiyyətlərin təbliği fəaliyyətinin əsasını təşkil etməkdədir. Odur ki, qəzetin əməkdaşları müxtəlif illərdə "Əməkdar jurnalist" adına, müxtəlif dövlət təltiflərinə layiq görülmüşlər.

Milli Məclisin deputatı Vahid Əhmədov, "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Süleyman Ünal, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Dağıstanda nəşr olunan "Dostluq-Drujba" jurnalının rəhbəri Tahir Saleh, şair-publisist Ramiz Qusarçaylı başqaları çıxış edərək "Şəfəq" qəzetinin bölgə nəşrləri içərisində öncül mövqeyə sahib olmasını şərtləndirən amillərdən söz açmışlar.

Yubiley mərasimində "Şəfəq" qəzetinin redaksiyasına dövlət qurumu tərəfindən "Niva" markalı avtomobil, əməkdaşlarına rayon icra hakimiyyətinin, Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin mükafatları, diplom hədiyyələri təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 6.