Elektron erada şəffaf distant vergi auditi zamanın tələbidir

 

Bu günlərdə Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində "Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin təqdimatı keçirildi. Vergilər Nazirliyinin benefisiarı olduğu bu layihənin reallaşdırılması Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsaslanır və ölkəmizdə vergi auditi sahəsindəki mövcud inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

Tvinninq proqramı Avropa ilə əməkdaşlıq edən ölkələrdə müasir dövlət idarəetmə elementlərinin tətbiqini nəzərdə tutan ümumi inzibati əməkdaşlıq alətidir. Bu kimi layihələr Avropa İttifaqı ilə qonşu dövlətlərin əməkdaşlıq prosesində xüsusi yer tutur və qonşuluq siyasətinə cəlb olunmuş ölkələrin milli qanunvericilik bazasının, dövlət idarəetmə prinsiplərinin və praktikasının Avropa İttifaqına üzv ölkələrin ən yaxşı təcrübəsinə uyğun inkişaf etdirilməsinə xidmət edir. Azərbaycanda da bu kimi Tvinniq layihələrin icrasına başlanmışdır.

"Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin əsas məqsədi audit sahəsində Vergilər Nazirliyinin texnoloji, metodoloji-analitik, vaxt və insan resurslarından istifadənin səmərəliyinin artırılmasından, vergi orqanı əməkdaşlarının vergi ödəyiciləri ilə kontaktlarını azaltmaqla vergi ödəyiciləri üçün daha rahat və şəffaf biznes mühitinin formalaşmasına yardım göstərməkdən ibarətdir.

 

E-audit nədir

 

Avropa Komissiyası tərəfindən qəbul olunmuş "E-audit Road Map ("E-auditin yol xəritəsi") adlandırılan sənədə əsasən, e-audit termininə bu cür tərif verilir: "Kompüter texnologiyalarına əsaslanaraq elektron formatda aparılan mühasibat əməliyyatlarının və onların mənbələrinin yoxlanması və audit məqsədləri üçün təhlil edilməsi".

Kompüter əsaslı audit və ya e-audit müəssisələrin e-formatda aparılan və saxlanılan mühasibat məlumatlarının emalı və təhlili əsasında qurulur. Ənənəvi vergi yoxlamalarından fərqli olaraq, e-audit ancaq e-formatda həyata keçirilən əməliyyatlar üzərində aparılır.

Əksər inkişaf etmiş ölkələrin (ABŞ, Avropanın aparıcı ölkələri və Avstraliya) vergi orqanlarında e-audit vergi auditi sisteminin özəyini təşkil edir. Azərbaycanda da e-auditə keçid üçün artıq lazımi şərait yaradılıb: vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə daxil olan gəlir vergisi üzrə bəyannamələrin 70, mənfəət və ƏDV üzrə bəyannamələrin isə 95-98 faizi e-formatda göndərilir. Xarici ekspertlərin rəylərinə əsasən, Vergilər Nazirliyinin bu qısa müddətdə əldə etdiyi nəticələr çox yüksəkdir. Digər tərəfdən, Azərbaycanda iri və orta müəssisələrdə mühasibat sistemləri və əməliyyatlar əsasən kompüterləşdirilib. Bu, imkan verir ki, e-audit üzrə mütəxəssislər (e-auditorlar) böyük həcmdə olan və e-formatda saxlanılan mühasibat uçotu üzrə məlumatları müəssisədən elektron daşıyıcılarından alaraq, xüsusi proqram təminatlarından istifadə etməklə (ACL, İDEA) onları qısa müddətdə vergidən yayınma riskləri baxımından təhlil etsinlər. E-auditorlar müəssisəyə getmədən həmin müəssisənin e-mühasibat məlumatlarının xüsusi proqram təminatı və daxili məlumat bazası əsasında vergi orqanında distant təhlilini həyata keçirirlər. Bu isə vaxt və insan resurslarına qənaət etməklə yanaşı, səyyar vergi yoxlamalarının səmərəsini xeyli artırır.

E-audit sistemini tətbiq etmiş ölkələrdə hər vergi ödəyicisi mühasibat uçotu ilə bağlı əməliyyatların aparılmasına, məlumatların e-formatda saxlanmasına və vergi orqanının tələbi ilə vergi məqsədləri üçün tələb olunan bütün məlumatların təqdim edilməsinə görə qanuna əsasən öhdəlik daşıyır. Xarici ölkələrədə vergi orqanın tələbi ilə məlumatları vaxtında təqdim etməmiş vergi ödəyicisinə ciddi maliyyə sanksiyaları tətbiq olunur və müvafiq hallarda belə vergi ödəyicilər cinayət məsuliyyətinə cəlb edilirlər.

E-audit prosedurlarına gəldikdə, e-auditor əvvəldən vergi ödəyicisinə tələbnamə göndərir, müəssisənin e-mühasibat bazasının nüsxəsini e-daşıyıcılarda alır və xüsusi proqram təminatı vasitəsilə lazımi e-faylları öz kompüterinə yükləyir. Sonradan e-auditor müxtəlif üsullardan və daxili məlumat bazasından istifadə edərək vergi ödəyicisinin məlumatlarının uyğunsuzluğunu, vergidən yayınma risklərini təhlil edir.

Qeyd olunmalıdır ki, proqram təminatının xüsusiyyətlərinə görə, vergi ödəyicilərindən alınmış e-mühasibat üzrə kompüter faylları dəyişdirilə bilməz. Audit bitdikdən sonra bütün e-fayllar silinir və bununla da vergi ödəyicisinin məlumatlarının məxfiliyi təmin olunur.

 

Tvinninq layihəsi çərçivəsində görüləcək işlər

 

"Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsinin icra müddəti 2 ildir. 2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Hollandiya və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Krallığının Vergi və Gömrük Administrasiyası qalib gəlmişdir. Bu il mart ayının 1-dən başlamış bu proses 2013-cü ilin mart ayına qədər davam edəcək və 6 komponentdən - mərhələdən ibarətdir.

 

E-auditin tətbiqi üçün zəruri olan hüquqi bazanın hazırlanması

 

Bu komponentin məqsədi vergi məqsədləri üçün tələb olunan mühasibat məlumatlarının e-formatda saxlanması və vergi əməkdaşları tərəfindən həmin məlumatların əldə edilməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasıdır.

 

E-audit üçün müvafiq proqram təminatının seçilməsi

 

Bu mərhələdə Avropa İttifaqına üzv ölkələrdə e-auditin tətbiqi ilə bağlı ən yüksək nəticələr göstərmiş təcrübənin, o cümlədən hüquqi aspektlərin və e-audit üzrə ixtisaslaşdırılmış proqram təminatı paketinin müəyyən edilməsi, Vergilər Nazirliyinə tövsiyələrin və tələb olunan bütün texniki parametrlərin verilməsi nəzərdə tutulur.

 

E-auditin tətbiqi ilə bağlı məlumat bazasının yaradılması

 

Bu mərhələdə fəaliyyət növləri üzrə vergi fırıldaqçılığının xüsusiyyətlərinin müəyyən edilməsi və e-auditin proqram təminatına dəstək vermək məqsədilə risk və statistik təhlilləri aparmaq üçün Vergilər Nazirliyinin mərkəzi məlumat bazasındakı məlumatın və əlavə toplanması tələb olunan məlumat mənbələrinin müəyyən edilməsi, habelə onlardan istifadə olunması qaydalarının hazırlanması nəzərdə tutulur.

 

E-audit üzrə metodologiyanın hazırlanması və auditorların treninqinin təşkil edilməsi

 

Bu komponent çərçivəsində audit metodologiyasının tərkib və vacib hissəsi olan müfəssəl e-audit metodologiyası, o cümlədən bu metodologiyanın iri sahələr üzrə ixtisaslaşdırılmış praktiki tətbiqi üzrə Treninq Proqramı və materiallar hazırlanacaq, nazirliyin 10 nəfər vergi auditoru üçün bir ay ərzində treninqlər keçiriləcək. Sonradan həmin 10 nəfər mütəxəssis xarici ekspertlərlə birlikdə nazirliyin digər 50 auditoruna e-audit sahəsində lazımi biliklərin və vərdişlərin ötürülməsini təmin edəcəklər.

 

E-audit sisteminə uyğun olan orta və iri müəssisələr arasında istifadə edilən e-mühasibat sistemlərinin tətbiqi praktikasının inkişaf etdirilməsi

 

E-audit proqram təminatı e-mühasibat sistemlərinin standartlaşmasını tələb edir ki, audit məqsədləri üçün elektron məlumatların alınma vaxtı azalsın və vahid qaydada həyata keçirilsin. Eyni zamanda, orta və iri müəssisələrin e-mühasibat sistemlərinin formatı e-bəyannamələrin tərtib edilməsi və e-audit sisteminin proqram təminatının daha tez və asan işlənməsi məqsədilə bir-birinə uyğun olmalı və bir-birini dəstəkləməlidir.

 

E-audit sisteminin Azərbaycanda tətbiqi

 

Bu müddət ərzində e-auditin tətbiqinə hazır olan bir neçə müəssisədə ilkin olaraq pilot (sınaq) layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra alınan ilkin nəticələr əsasında e-auditin tətbiqi praktikası tədricən digər orta və iri müəssisələri də əhatə edəcək.

 

"Elektron hökumət" layihəsinə mühüm töhfə

 

Elektron audit qarşıdakı illərdə "elektron hökumət" layihəsi çərçivəsində yüksək texnologiyaların tətbiqi prosesinin mühüm tərkib hissəsi olacaqdır. E-audit Tvinninq layihəsinin həyata keçirilməsi nəticəsində vergi yoxlamalarının şəffaflığı və səmərəsi daha az vaxt və insan resursları sərf edilməklə artacaq, audit sahəsində Vergilər Nazirliyinin məlumat bazası, metodiki-texnoloji və insan resursları yüksək beynəlxalq standartlara uyğun inkişaf etdiriləcəkdir. Layihənin reallaşdırılması ölkəmizdə iri və orta müəssisələrin audit yoxlamaları proseslərinin təkmilləşdirilməsinə, elektron bəyannamələrin tətbiqi ilə yanaşı, müəssisələrdə mühasibat uçotunun da beynəlxalq standartlara uyğun, elektron formatda aparılmasına və elekron auditin geniş tətbiqinə imkan yaradacaqdır.

Tvinninq layihəsinin reallaşdırılması nəticəsində Azərbaycan MDB məkanında müasir elektron audit sistemini tətbiq etmiş ilk ölkə olacaq.

"Kompüter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi" Tvinninq layihəsi institusional quruculuq sahəsində ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının daha bir nümunəsidir.

 

 

Asəf ƏSƏDOV,

E-audit layihəsinin rəhbəri,

vergilər nazirinin müşaviri

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 7.