Azərbaycan Milli Aviasiya Akademiyasının tələbəsi Beynəlxalq Olimpiadanın qalibidir

 

Azərbaycan Milli Aviasiya Akademiyasının (AMAA) tələbəsi Emil Vahablı A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadasından zəngin "qənimətlərlə" qayıtmışdır. Təxminən 40 ölkənin gənc aviasiya tədqiqatçılarının qoşulduqları bu intellekt yarışında azərbaycanlı tələbə birinci yeri tutaraq "Olimpiadanın qalibi" diplomuna, onun qələbəsini təsdiq edən sertifikata, habelə "A.F.Mojayski" medalına layiq görülmüşdür. Bundan əlavə, həmyerlimizə münsiflər heyətinin hədiyyəsi olan "İPAD" markalı mikrokompüter də təqdim edilmişdir. AzərTAc-ın müxbiri qeyri-adi yarışın qalibinə bir neçə sualla müraçiət etmişdir. Cavablar Emil Vahablının yüksək intellektual səviyyəyə malik olduğunu bir daha təsdiqləyir.

- Emil, səni Azərbaycan Milli Aviasiya Akademiyasına qovuşduran yolun ən yığcam "xəritəsini" necə təsvir edərdin?

- Səfalı Qax şəhərində doğulmuşam. Bakıdakı 257 nömrəli orta məktəbi bitirmişəm. Uşaqlıqdan aviasiya sahəsinə, aviator peşəsinə böyük marağım olmuşdur. Orta məktəbin sonuncu sinfindən indiyədək aviamodelçilik dərnəyinə gedirəm. 2009-cu ildə test qəbul imtahanında 604 bal toplayaraq AMAA-nın hava nəqliyyatının uçuş texniki istismarı fakültəsinin rus bölməsinə daxil olmuşam. Hazırda ikinci kursda oxuyuram. Aviasiya texnikası avadanlıqlarının istismarı üzrə mühəndis-mexanik ixtisasına yiyələnirəm. Əlaçılıq təqaüdü alıram.

- Belə nüfuzlu Beynəlxalq Olimpiadaya necə qatıla bildin? Bu çətin yarışda birinci yer tutmağının sirri nədədir?

- A.F.Mojayski adına Beynəlxalq Aviasiya Olimpiadası artıq səkkizinci dəfədir ki, hər tədris ilində Moskva şəhərində keçirilir. Olimpiadada iştirak etmək istəyənlər internet vasitəsilə Təşkilat Komitəsinin ilkin test suallarını cavablandıraraq, növbəti tura vəsiqə alırlar. Mən ilkin 15 suala düzgün cavab göndərdiyim üçün əsas tədqiqat işimi təqdim etmək hüququ qazandım. Elmi-tədqiqat işim təyyarələrdə güc qurğularının analizi mövzusunda idi. İşimin bəyənildiyi və Beynəlxalq Olimpiadanın yekun turuna dəvət olunmağım barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə məktub daxil oldu. Bundan sonra Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun xeyir-duaları ilə Moskva şəhərinə ezam olundum.

Olimpiadanın yekun turu aprelin 21-22-də keçirildi. Mənim apardığım elmi-tədqiqat işı ilə əlaqədar geniş məruzəm dinlənildi. Təyyarələrdə müxtəlif təyinatlı, konstruksiyalı güc qurğularının tətbiqi üzrə elmi arqumentlərimi müdafiə etdim. Münsiflər heyətinin üzvləri yekdilliklə mənim işimi və test suallarına cavablarımı birinci yerə layiq gördülər. Onu da deyim ki, bu olimpiadada ikinci yerə Ukraynanın, üçüncü yerə Rusiyanın təmsilçiləri çıxdılar.

Aviasiya sahəsində intellekt yarışının qəhrəmanı Emil Vahablının dediklərinə əlavə olaraq qeyd edək ki, onun uğuru təkcə təhsil aldığı ali məktəbə - Azərbaycan Milli Aviasiya Akademiyasına deyil, bütün Azərbaycana başucalığı gətirmişdir.

 

 

AzərTAc 

 

Azərbaycan.- 2011.-27 aprel.- S. 8.