Astanada TürkPA-nın ikinci plenar
iclası öz işinə başlamışdır
Aprelin 27-də Astanadakı "Sülh və həmrəylik" sarayında TürkPa-nın ikinci plenar iclası öz işinə başlamışdır.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədov, Ural Muxamedcanov, Axmatbek Keldibekov və Mehmet Əli Şahin, həmçinin TürkPA-nın baş katibi Ramil Həsənovun başçılığı ilə nümayəndə heyətləri iştirak edirlər.
İclası Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov açaraq bildirmişdir ki, ortaq kökləri, tarixi və mədəniyyəti olan türkdilli xalqların sıx birləşməsi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi zamanın tələbidir və TürkPA-nın yaradılması xalqlarımızın müasir tarixinin ən önəmli hadisələrindən biridir.
Oqtay Əsədov TürkPA-nın beynəlxalq aləmdə tanınması istiqamətində görülən işlərdən danışaraq demişdir ki, təşkilat dünyanın 152 ölkəsinin üzv olduğu Parlamentlərarası İttifaqda və İslam Konfransı Təşkilatının Parlament İttifaqında müşahidəçi statusu almış, Avropa Parlamenti, MDB-nin Parlamentlərarası Assambleyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Rusiya Federasiya Şurası ilə əməkdaşlıq qurulmuşdur.
Oqtay Əsədov TürkPA-da sədrliyin Azərbaycandan Qazaxıstana keçdiyini də elan etmiş, bu işdə qardaş ölkəyə uğurlar arzulamışdır.
Ramil Həsənov TürkPA-nın indiyədək gördüyü işlərindən və beynəlxalq əlaqələrindən danışmışdır. O, qurumun 2010-cu ildəki fəaliyyəti ilə əlaqədar geniş məlumat vermiş, 2011-2012-ci illərdə TürkPA-nın büdcəsi üzərində xüsusi dayanmışdır. O qeyd etmişdir ki, türk dünyasının birliyi və gələcək inkişafı naminə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyev yorulmadan fəaliyyət göstərmişlər.
Sonra Qazaxıstan, Türkiyə və Qırğızıstan parlamentlərinin sədrləri - Ural Muxamedcanov, Mehmet Əli Şahin və Axmatbek Keldibekov çıxış etmişlər.
Azərbaycan Milli Məclisinin deputatı Ülvi Quliyev Assambleyanın yeni strukturu, yaradılacaq yeni komissiyalar haqqında məlumat vermiş, qurumun rəsmi dillərinə ingilis dilinin də əlavə olunmasını təklif etmişdir.
TürkPA-nın rəsmi bayrağı və emblemi haqqında da fikir mübadiləsi aparılmış, İstanbul Bəyannaməsinə düzəlişlərlə Astana Bəyannaməsi imzalanmışdır.
İclas öz işini davam
etdirir.
Azərbaycan.- 2011.- 28 aprel.- S.
2.