Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti son vaxtlar bir sıra mühüm qərarlar qəbul etmişdir.

"Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Sülhməramlı əməliyyatlarda iştirak üçün göndərilən hərbi və mülki heyətin formalaşdırılması və xüsusi hazırlığın keçməsi Qaydası"nı təsdiq etmişdir.

Qərar aprelin 12-dən qüvvəyə minmişdir.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli Fərmanının 1.30-cu bəndinə əsasən Azərbaycan Nazirlər Kabineti "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri"ni təsdiq etmişdir.

Qərar aprelin 14-dən qüvvəyə minmişdir.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 1997-ci il 25 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"na dəyişiklik etmişdir.

Qərar aprelin 20-dən qüvvəyə minmişdir.

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanına əsasən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Köçürülmə planı və ya köçürülmə təlimatını hazırlayan şəxs və ya təşkilatın seçilməsi üzrə müsabiqənin keçirilməsi Qaydası"nı təsdiq etmişdir.

Qərar aprelin 21-dən qüvvəyə minmişdir.

"Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli Sərəncamının 14.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nı təsdiq etmişdir.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2009-cu il 17 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na dəyişiklik etmişdir.

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Nazirlər Kabineti özünün 2007-ci il 11 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası"na dəyişikliklər etmişdir.

Bu üç qərar aprelin 25-dən qüvvəyə minmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin dördüncü abzasına əsasən və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İqtisadi İnkişaf, Maliyyə, Vergilər, Ədliyyə nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" özünün 2005-ci il 31 yanvar tarixli qərarında dəyişikliklər etmişdir.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, həmin qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 2.