Hüquqi dövlətin banisi

 

Tarixi təcrübə sübut edir ki, hər hansı dövlətin inkişafını, dünya birliyində öz layiqli yerini tuta bilməsini şərtləndirən əsas amillərdən biri də xalqın özünə lider olaraq seçdiyi şəxsin fərdi keyfiyyətləridir. Çünki dövlətin böyük və ya kiçikliyindən, malik olduğu iqtisadi potensialdan asılı olmayaraq, son nəticədə onun hərtərəfli tərəqqisini müəyyən edən əsas məqamlardan biri məhz lider amilidir. Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını ən azı bir neçə on il qabaqlaya bilən lider ölkəsinin inkişafına, təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini də gücləndirir.

Ümummilli lider Heydər Əliyevi XX əsrin ictimai-siyasi fenomeni kimi artıq bütün dünya qəbul edir. Birmənalı demək olar ki, zəmanəmizin ən böyük azərbaycanlısı olan Heydər Əliyev həm millətin, həm də bəşəriyyətin dahilik meyarlarına cavab verən tarixi şəxsiyyətdir. Bəşəriyyət dahi dedikdə fenomenal şəxsi keyfiyyətlərlə, şəxsiyyətin ensiklopedik savadı, təfəkkürünün elmin və təcrübənin bütün istiqamətlərində fəaliyyətə qadir olması ilə yanaşı onun ictimai maraqları şəxsi maraqlardan üstün tutmasını, yalnız öz xalqı üçün deyil, dünya, bəşər üçün gördüyü işlərin miqyasını əsas götürür.

XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir.

Bu qayıdış təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsidir. Heydər Əliyevin qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı. Ümummilli lider "Mən buraya vəzifə üçün gəlməmişəm. Mən böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim" deyərək ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdir. Beləliklə, Azərbaycan dövlətçiliyinin müqəddəratı həll edildiyi 1993-cü ilin iyun günlərində dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevi yenidən hakimiyyətə dəvət edən Azərbaycan xalqı parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən xilas oldu.

Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin onuncu ildönümü haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 mart 2001-ci il tarixli fərmanında deyilir: "Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini əldə etməsi keçmiş SSRİ-də və bütün dünyada 80-ci illərin ortalarından başlayaraq gedən ictimai-siyasi proseslərin labüd nəticəsi idi. Bu obyektiv tarixi gerçəklik SSRİ-nin dağılmasına, Kommunist Partiyasının tarix səhnəsindən çəkilməsinə və nəticə etibarilə müttəfiq respublikaların hər birinin müstəqil dövlətə çevrilməsinə gətirib çıxardı. Bunun ardınca yeni müstəqil dövlətlərin, eləcə də Azərbaycan Respublikasının dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması beynəlxalq hüquq normalarının qanuni təzahürü oldu".

Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli Ordunun döyüş qabiliyyətinin artırılması və genişmiqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin təsiri altında münaqişə tərəfləri atəşi dayandırmaq barədə razılığa gəldilər. Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və münaqişənin dinc vasitələrlə həllində prioritet istiqamət sayıldı. Ötən on yeddi ildə bu istiqamətdə göstərilən səylər konkret nəticə verməsə də, atəşkəs rejimi Azərbaycanın müstəqil dövlət kimi yaşamasını və sonrakı inkişafını şərtləndirən amillərdən biri olmuşdur.

O da mühüm faktdır ki, Heydər Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanıldı və 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı.

Lakin müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması Azərbaycanı yenidən anarxiya və başıpozuqluq girdabına salaraq, bundan öz mənfəətləri naminə istifadə etmək istəyən daxili və xarici qüvvələrin ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə silahlı cəhdlərin göstərilməsi müstəqil dövlətçiliyimiz üçün növbəti sınaq mərhələləri oldu. Ulu öndər Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli liderini fəal şəkildə dəstəkləməsi nəticəsində bu təhlükəli cəhdlərin qarşısı alındı, ölkədə hakimiyyəti zor və silah gücünə ələ keçirmək ənənəsinə birdəfəlik son qoyuldu.

1993-1995-ci illər müasir Azərbaycanın tarixinə dövlət müstəqilliyinin qorunub saxlanılması uğrunda mübarizə dövrü kimi yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunun aliliyinin bərqərar edilməsi bu dövrün ən mühüm nailiyyəti oldu və ümummilli liderimizə dövlət quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda böyük işlərə başlamaq, geniş- miqyaslı və ardıcıl islahatlar aparmaq üçün əlverişli imkan yaratdı.

Böyük öndərimiz əmin idi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, azadlığın, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.

Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il, yəni 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdi. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər fundamental hüquq və azadlıqları öz əksini tapmışdır. Ölkəmizdə müasir dövlət quruculuğunun həyata keçirilməsinin, bəşəri-demokratik dəyərlərə uyğun dövlətçilik təsisatları və cəmiyyət modeli formalaşdırılmasının hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın müstəqilliyi möhkəmləndirilərək əbədi və dönməz xarakter almışdır.

1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla, dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bütün bunları əldə etmək mümkünsüz idi.

Bu illərdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli liderimiz vicdan və azadlıqlarının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm amil sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Heydər Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.

Göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan ulu öndərimizin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Dövlət başçısının 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm". Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətinin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.

Ulu öndər ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə insan hüquqları sahəsində həyata keçiriləcək tədbirlərin istiqaməti və konsepsiyasını ümumdövlət səviyyəsinə qaldırdı.

Onun rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tam hüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur.

Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir. Bir sözlə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında ümummilli liderimizin xidmətləri əvəzsizdir.

Böyük öndərimizin ölkəyə rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda mühüm işlər görülməsi ilə yanaşı, digər istiqamətlərdə də möhtəşəm nailiyyətlər qazanılmışdır. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanan strateji proqramında sosial müdafiənin daim gücləndirilməsi çoxşaxəli fəaliyyətin başlıca məqsədi kimi təyin olunmuşdur. Öz xalqının rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi ümummilli liderin bütün fəaliyyətinin əsas məqsədini, onun dövlətçilik fəlsəfəsinin leytmotivini təşkil etmişdir. Ulu öndər tarixi və sosial-iqtisadi proseslərin axarını əvvəlcədən müəyyən edə bilir, öz xalqının rifahı naminə qərarlar qəbul olunan zaman əsl qətiyyət nümayiş etdirirdi. Belə ki, ümummilli lider bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyən etmiş və Azərbaycan xalqının sosial rifahının artırılmasını fəaliyyətinin başlıca məqsədi kimi elan etmişdi.

Beləliklə, respublikamızın həyatının bütün sahələrində ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla reallaşdırılmışdır.

Böyük siyasətin miqyası həm də onun uzun tarixi dövrün reallıqlarına cavab verərək yetirdiyi varislər tərəfindən uğurla davam etdirilməsi, cəmiyyəti irəli aparması, xalqı xoş güzərana qovuşdurması ilə ölçülür. Bu mənada Heydər Əliyevin formalaşdırdığı böyük siyasət çağdaş demokratik Azərbaycanın ideya-siyasi palitrasının fövqündə dayanaraq alternativsiz bir strategiya kimi cəmiyyətdə tam dəstəklənir və ən layiqli varis - Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Belə ki, Heydər Əliyev uzaqgörən siyasətçi, ümummilli lider kimi Azərbaycanın gələcəyini fikirləşərək özündən sonra siyasi kursu davam etdirəcək monolit siyasi komandanın və İlham Əliyev kimi siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Prezident İlham Əliyev öz səlahiyyətlərini icra etməyə başlayandan Heydər Əliyev siyasətini uğurla və yaradıcılıqla həyata keçirdiyini sübut etmişdir. Dövlət başçısı əsası ulu öndər tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq dönməzliyə çevirmişdir.

Bu gün Prezident İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. Onun bir fikri də çox diqqətçəkəndir: "Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəyəm. Bütün qərarları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı". Cənab İlham Əliyev Prezident kimi elə ilk addımlarından sübut etdi ki, ona inanmaq, arxalanmaq və güvənmək olar! Dövlət başçısı özü Azərbaycanın hərtərəfli inkişafını belə ifadə edir: "Əgər məndən soruşsalar: "Azərbaycan bu gün necə ölkədir? ", mən iftixarla cavab verərdim: "Azərbaycan bu gün sabit və intensiv inkişaf edən ölkədir. Azərbaycan bu gün demokratiya və inkişaf yolu ilə gedən müstəqil ölkədir..."

Azad, demokratik və hüquqi dövlət quruculuğu zamanı isə daxili sabitliyin qorunub saxlanılması ölkədə həm iqtisadi inkişafa, həm də dövlət quruculuğu prosesinə təkan verən, onu sürətləndirən amillərdən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasəti nəticəsində ölkəmizdə böyük uğurlar qazanılmışdır. Son 5-6 ildə Azərbaycanda ümumi daxili məhsul iki dəfə, dövlət büdcəsi isə on dəfə artmışdır. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycan öz iqtisadi inkişaf sürətinə görə bütün dünyada öncüllər sırasındadır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Bütün bunlar, qazanılan uğurlar bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti davam edir.

Müasir Azərbaycanın sosial sahədə əldə etdiyi zəngin təcrübə isə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün də model rolunu oynaya bilər. Bu modelin unikallığı məhz ondan ibarətdir ki, yeni mülkiyyət formalarının yaranmasına, sahibkarlığın daha sürətli inkişafına yönəlmiş kompleks tədbirlər sistemi əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Aztəminatlı təbəqənin mənafeyi mütləq nəzərə alınır və ölkəmizdə bazar iqtisadiyyatının inkişafı üçün atılan hər bir addım bu təbəqənin maraqları ilə uzlaşdırılmaqla həyata keçirilir.

Ümummilli liderimizin gərgin diplomatik səyləri və şəxsi nüfuzu sayəsində müstəqil respublikamız bir çox nüfuzlu beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul edilmiş və öz beynəlxalq mövqeyini möhkəmləndirmişdir. Heydər Əliyevin xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əsaslar üzərində faydalı əlaqələr qurmağa yönəlmişdi. Bu siyasət indi də möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qələbələrlə zəngin və diqqətəlayiq bəhrələrini verir.

Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistanın təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, böyük öndərimiz Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən cənab İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini daha yaxşı anlayır. Bu mənada təsadüfi deyildir ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.

Prezident İlham Əliyev bir məqamı dəfələrlə çıxışlarında vurğulamışdır ki, bu ağrılı problemin həllinin hərb variantı istisna edilmir və Azərbaycan Ordusu bu gün işğal edilmiş torpaqlarını azad etmək iqtidarındadır. Bu bəyanat real gücdən qaynaqlanır. Çünki, möhkəm maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik güclü ordunun formalaşması ümummilli lider Heydər Əliyev kimi, Prezident İlham Əliyevin də dövlətçilik fəaliyyətinin ən parlaq istiqamətlərindəndir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusu potensialına görə Cənubi Qafqaz regionunda ən güclü hərbi qüvvə hesab edilir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi düzgün xarici siyasət strategiyasının böyük siyasi-intellektual potensiala malik olan cənab İlham Əliyev tərəfindən prezidentlik dövrünün 8 ili ərzində böyük müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycan Prezidentinin dövlətimiz qarşısında duran taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracağına, ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəyinə tam əminlik yaradır.

 

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müstəqil Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət göstərməkdir. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.

 

 

Əli HÜSEYNLİ,

Milli Məclisin Hüquq siyasəti və

dövlət quruculuğu komitəsinin sədri 

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 3.