Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır

 

Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının nümayəndələri Fəxri xiyabana gələrək görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə əklil qoymuşlar.

Ümummilli lider Heydər Əliyevin xatirəsi də anılmış, məzarı önünə gül dəstələri düzülmüşdür.

Sonra YAP Səbail rayon təşkilatının qərargahında görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş konfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının qadınlar məclisinin sədri, professor Nübar Muxtarova akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışmışdır. O demişdir ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılmışdır.

Natiq, həmçinin aprelin 24-də AzərTAc-ın yaydığı informasiyaya istinadən professor Zahid Qaralovun ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Əbədiyyətə gedən yollar" kitabı haqqında məlumat vermişdir.

Bildirilmişdir ki, mayın 10-da Səbail Rayon İcra Hakimiyyəti YAP Səbail rayon təşkilatı ilə birgə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirəcəkdir.

İqtisadiyyat Universitetinin dosenti, YAP İdarə Heyətinin üzvü Səadət Qəndilova "Akademik Zərifə Əliyeva - xalqın sevimli ziyalısı" mövzusunda məruzə ilə çıxış etmişdir. Görkəmli alimin həyat və fəaliyyətindən söz açan S.Qəndilova demişdir ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin həm vəfalı ömür-gün yoldaşı, həm də sədaqətli dostu, etibarlı silahdaşı olmuşdur. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatmışdır. Zərifə Əliyeva məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi.

Sonra çıxış edənlər alimin yüksək insani keyfiyyətlərindən danışmışlar. Bildirilmişdir ki, Zərifə xanım Əliyeva ləyaqətli, humanist, xeyirxah, mehriban insan olmuşdur. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyətləri ilə bağlıdır. Xeyirxahlıq onun həyat tərzi idi. Akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 4.