Şirvan şəhərində
"Gorus-2010: absurd teatrı mövsümü"
kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri
konfrans keçirilmişdir
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı soydaşlarımız, habelə bütün Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Kitab ermənilərin heç bir məntiqə sığmayan, tarixi sənədlərdən qaynaqlanmayan siyasətinə, təbliğatına tutarlı cavabdır.
Əsərin müzakirəsi ilə əlaqədar bu günlərdə Şirvan Şəhər Gənclər və İdman İdarəsinin akt zalında elmi-nəzəri konfrans keçirilmişdir. İctimaiyyət nümayəndələrinin, ziyalıların, gənclərin iştirak etdiyi tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının böyük əhəmiyyət kəsb etdiyi barədə geniş danışdı. M.Camalov çıxışında qeyd etdi ki, müəllifin yeni əsəri Ermənistan prezidenti Serj Sarkisyanın və onun havadarlarının, bütün erməni millətçilərinin riyakarlığına, tarixi saxtalaşdırmaq cəhdlərinə çox sanballı, arxiv materiallarına, elmi mənbələrə əsaslanmış tutarlı cavabdır. Kitabın qiyməti və əhəmiyyəti həm də ondadır ki, akademik Ramiz Mehdiyev əsərdə erməni liderlərinin beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmişdir.
Konfransda çıxış edən Şirvan şəhər prokuroru Həsən Hənifəyev ermənilərin tarix boyu türklərə qarşı düşmənçilik mövqe tutduqlarını, azyaşlı uşaqlarını bu ruhda tərbiyə etdiklərini, imkan düşən kimi qoltuqlarına sığındıqları havadarlarına arxalanıb yenidən baş qaldırdıqlarını, yeni-yeni iddialar irəli sürdüklərini bildirdi. Göstərdi ki, torpaqlarımızın 20 faizinin işğalı nəticəsində 1 milyon soydaşımız öz dədə-baba yurd yerlərindən didərgin düşüb, şəhərlərimiz, qəsəbə və kəndlərimiz viran edilib. Qarabağ savaşında çoxlu cavan övladlarımız, həmvətənlərimiz həlak olmuşdur. Azərbaycan xalqına ölçüyəgəlməz dərəcədə maddi və mənəvi ziyan dəyib. Məscidlər, qəbiristanlıqlar, muzeylər, tarixi abidələr dağıdılıb. Əfsuslar olsun ki, səlahiyyətli beynəlxalq təşkilatlar bu hadisələrə düzgün qiymət vermir, ikili mövqe tuturlar. 20 ildir ATƏT-in Minsk qrupunun təmsilçiləri gəlib-gedirlər, amma hələlik ortada bir nəticə yoxdur. BMT-nin 4 qətnaməsi icra olunmayıb. Erməni diasporunun Amerikada, Fransada, Rusiyada və digər ölkələrdə yaşayan nümayəndələri isə bu fürsətdən istifadə edib türklərin, guya onlara qarşı törətdiyi soyqırımı tanımağı o ölkələrdən tələb edirlər. Həsən Hənifəyev dedi ki, tarixin təhrifi, Serj Sarkisyanın illüziyaları xalqımız üçün heç də təəccüblü və gözlənilməz deyil. Çünki elmi mənbələrə əhəmiyyət verməmək, öz uydurduqları yalanlara əsaslanaraq şər-böhtan atmaq ermənilərin xislətindədir. Əsl həqiqət isə ədalətli adamlara çoxdan bəllidir.
Akademik Ramiz Mehdiyevin Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşr olunan fundamental əsərində tarixi və elmi mənbələrə istinad olunur. Akademik qətiyyətlə deyir və tutarlı sübutlar gətirir ki, ağıllı, obyektiv ziyalılar yeri gəldikcə öz sözlərini söyləyib, tarixi həqiqət və ədaləti dəstəkləyiblər. Hazırda Ermənistanın yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqların aborigen əhalisi azərbaycanlılardır. Bu, inkarolunmaz faktdır.
Natiq sözünə davam edərək göstərdi ki, ermənilər işğal etdikləri torpaqlarımızda yeraltı sərvətlərimizi talayır, abidələrimizi, müqəddəs məkanlarımızı təhqir edir, qanunsuz arxeoloji qazıntılar aparır, hətta bu tarixi Azərbaycan torpaqlarını müxtəlif terror təşkilatlarının siyasi sığınacaq yerinə çevirirlər. Onlar bu ərazilərdə narkotik bitkilərin əkilməsi ilə də məşğuldurlar.
Gözü həmişə onun-bunun torpağında olan ermənilərin iç üzünü, hiyləgərliyini açıb göstərən bir fakt da konfrans iştirakçılarının marağına səbəb oldu. Şirvan şəhərindəki Türk Liseyinin direktor müavini Saleh Məmmədəliyev belə bir əhvalat danışdı: "Sovet dövründə Yaxın Şərq ölkələrindən birinə işləməyə gedən tanışı - azərbaycanlı mütəxəssis görür ki, erməni həmkarı boş vaxtlarında kiçik daş parçalarına erməni əlifbası ilə nəsə yazıb əraziyə atır. Azərbaycanlı mütəxəssis soruşur ki, o, niyə belə edir? Erməni cavab verir ki, haçansa mənim millətimin nümayandələri gəlib bu daşları tapacaq və deyəcəklər ki, bura qədim Ermənistan ərazisidir".
Bundan sonra erməni millətinin xarakterini, xislətini açıb göstərməyə ehtiyac yoxdur. Maraqlı burasıdır ki, ermənilər sürətlə Ermənistanı tərk edib yaşamağa başqa ölkələrə gedirlər. Buna baxmayaraq, onlar ərazilərini genişləndirmək fikrindən əl götürmür, "dənizdən-dənizə"... xülyası ilə yaşayırlar. Natiq akademik Ramiz Mehdiyevin belə bir fikrini vurğuladı ki, Sarkisyanın ermənilərin hamıdan ali, hamıdan üstün olduğunu sübut etmək cəhdi faşizmin yeni təzahürüdür. Əslində, bu fikir həyatda öz əksini tapıb. Sarkisyanın Xocalıda yüzlərlə uşağı, qocanı, qadını əzab və işgəncələrlə öldürməsi buna əyani sübutdur.
Tarix müəllimləri Tamam Ağamalıyeva və Mərziyyə Xudiyeva çıxış edərək göstərdilər ki, "Gorus-2010: absurd teatrı mövsümü" gənc nəsil üçün də olduqca faydalı kitabdır. Keçmişi bilmədən gələcəyə düzgün istiqamətlə, maneəsiz getmək mümkün deyil. Bugünün məktəblisi, tələbəsi əsrlər boyu ermənilər tərəfindən xalqımızın başına gətirilən oyunları, əzab-əziyyəti bilməlidirlər. Heç şübhəsiz ki, torpaqlarımızı geri aldıqdan sonra bədnam erməni qonşularımız yenə şirin dillərini işə salıb günahsız olduqlarını, başqaları tərəfindən münaqişəyə cəlb edildiklərini söyləyəcəklər. Amma övladlarımız sayıqlıq göstərməli, sadəlövh olmamalıdırlar. Başa düşməlidirlər ki, ermənilər Azərbaycanı həmişə zəif görmək istəyiblər.
Qeyd olunmuşdur ki, akademik Ramiz Mehdiyevin əsərində İrəvan xanlığında Azərbaycan toponimlərinin məqsədli şəkildə dəyişdirilərək erməni adları ilə əvəz olunması məsələsi də tarixi faktlar əsasında təhlil edilmişdir. Məsələn, kitabda erməni tarixçisi Corc Bumutyanın belə bir fikri yer alır: "Bir sıra erməni mənbələri 1830-cu illərdən sonrakı statistikadan danışarkən İran hakimiyyəti dövründə Şərqi Ermənistanda ermənilərin sayını düzgün göstərmir və onların əhalinin ümumi sayının 30-50 faizini təşkil etdiklərini bildirir. Həqiqətdə isə rəsmi statistika məlumatlarına görə, rus işğalından sonra ermənilər Şərqi Ermənistanda ümumi əhalinin güclə 20 faizini, müsəlmanlar isə 80 faizindən çoxunu təşkil edirdi".
Elmi-nəzəri konfransın yekununda qeyd olundu ki, akademik Ramiz Mehdiyevin bu əsəri hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır. Burada şərh olunan faktlar, alınan praktik nəticələr bütün əhali, eləcə də tarix üçün çox dəyərlidir.
Seyran CAVADOV
Azərbaycan.- 2011.- 28 aprel.- S. 5.