Fransada Azərbaycan Mədəniyyəti günləri
Ölkə Prezidenti İlham
Əliyevin "Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" imzaladığı sərəncama
uyğun olaraq Heydər Əliyev Fondu müxtəlif layihələr
hazırlayaraq gerçəkləşdirir. Bunlardan biri də
Fondun ölkəmizin Fransadakı səfirliyi ilə birlikdə
Parisdə həyata keçirdiyi geniş mədəni tədbirlərdir.
Xatırladaq ki, bu ilin fevralında Azərbaycanın müstəqilliyinin
iyirminci ildönümü ilə bağlı Parisdə
unudulmayacaq bir mərasim də böyük uğurla
keçmişdi.
Elə bu təntənənin
davamı kimi iki ay sonra daha bir möhtəşəm tədbir
yenidən fransız sənətsevərləri öz ətrafına
topladı. Aprelin 18-dən 20-nə kimi Fransada baş tutan Azərbaycan
Mədəniyyəti günləri artıq tarixə
çevrildi. Bu unudulmaz günlərin çərçivəsində
həyata keçirilən bir sıra görüşlər, tədbirlər
həmişəki kimi Azərbaycan mədəniyyətinin
özünəməxsusluğunu,
füsunkarlığını nümayiş etdirdi. Qədim və
zəngin mədəniyyətimizdə ənənə ilə
müasirliyin harmoniyası, bəşəri arzularla
cilalanması elə tərzdə avropalılara
çatdırıldı ki, dinindən, irqindən
asılı olmayaraq hamı heyrət içində idi.
Fransızların Azərbaycanın
zəngin mədəniyyətindən müəyyən məlumatları
var idi. Fransız səyyahları Cənubi Qafqazla bağlı
qələmə aldıqları xatirələrdə, salnamələrdə
həmişə Azərbaycan mədəniyyətinin qədimliyindən,
özgürlüyündən, bu ölkədə yaşayan
insanların qonaqpərvərliyindən, mərdliyindən,
sözübütövlüyündən, səxavətindən,
əxlaqi dəyərlərindən dönə-dönə
yazıblar. Aleksandr Dümanın Qafqaza səyahəti
zamanı Xan qızı Natəvanla
tanışlığı, bu şuşalı xanımın
ağlına, təfəkkürünə valeh olması, hətta
ona şahmat taxtası bağışlaması və s.
haqqında ədəbiyyatda kifayət qədər məlumat
var. Hətta XVIII və XIX əsrlərdə imkanlı azərbaycanlılar,
xüsusilə də bəylər və zadəganlar öz ailələrində
uşaqlarına tərbiyə verəcək dayəni də
fransız qadınlarından seçirdilər. Bir sıra
klassik dramaturq və yazıçıların da əsərlərində
fransızlarla azərbaycanlılar arasında olan mədəni
bağlılıqlardan da söz açılır. Uzun illər
xalq deyimində və bədii ədəbiyyatımızda
Fransa "Firəngistan" kimi formalaşmışdı. Bu
tarixi faktların arxasında isə vaxtilə iki xalqın
arasında olan mədəni körpülərin
mövcudluğu dayanır. Doğrudur, sovet illərində 70
il qapalı şəraitdə yaşadıq, amma Fransa ədəbiyyatını
yenə də sevə-sevə oxuduq. V.Hüqonu, O.Balzakı,
G.Mopassanı, J.Verni və başqalarını əzbər
bilirdik.
Dövlət müstəqilliyimizi
qazandıqdan sonra dünyaya açılan pəncərə
bizim bir çox qapadılmış mədəni əlaqələrimizin
bərpasına şərait yaratdı. Məhz Heydər Əliyev
Fondunun səmərəli fəaliyyəti nəticəsində
bu gün Azərbaycan mədəniyyətinin xoş sədası
müxtəlif ölkələrin paytaxtlarından eşidilir.
Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun, İSESKO-nun
xoşməramlı səfiri və ölkəmizin birinci
ledisi Mehriban xanım Əliyevanın təşəbbüsü
və fəaliyyəti nəticəsində Azərbaycan mədəniyyəti
yeni zirvələr fəth etməkdədir. Məhz Mehriban
xanımın apardığı siyasətin və fədakarlığın
nəticəsidir ki, YUNESKO-nun Azərbaycana diqqəti artdı.
İçərişəhərin, Azərbaycan
muğamlarının, aşıq sənətimizin, Novruz
bayramının YUNESKO-nun qeyri-maddi dünya irs
siyahısına düşməsi mədəniyyətimizin bəşəriyyətin
mədəni inkişafında hansı mövqedə
dayanmasını təsdiqlədi. Bədnam
qonşularımız təkcə torpağımıza göz
dikib maddi sərvətlərimizi talamadılar ki. Musiqimizin, incəsənətimizin,
mahnılarımızın ən bariz nümunələrinə
yiyə durmaq üçün nələrə əl
atmadılar? Hətta qədim dövrlərdən üzü bəri
nənələrimizin əl qabiliyyətini, rəssamlıq
düşüncəsini, yaradıcılıq qayəsini, arzu
və niyyətlərini əks etdirən
xalçalarımızı da öz adlarına
çıxmağa səy göstərdilər. Məhz
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
bizim bədii dünyamızdan xəbər verən qədim Azərbaycan
xalçaları YUNESKO-nun irs siyahısına
düşdü. Bu xoş xəbərsə erməni cəhdlərini
boşa çıxartdı. YUNESKO-da Azərbaycanın milli
musiqisi, operası ilə bağlı tədbirlərin
keçirilməsi, Musa Əliyevin, Səttar Bəhlulzadənin,
Mir Cəlalın yubileylərinin qeyd olunması həm Heydər
Əliyev Fondunun səmərəli fəaliyyətindən xəbər
verir, həm də fransızların Azərbaycan mədəniyyətinə
bələdliliyini təsdiqləyir.
Aprelin 18-dən 20-nə kimi
Parisdə keçirilən Azərbaycan Mədəniyyəti
günləri tarixə çevrilsə də, onun xoş təəssüratları
hələ də səslənməkdədir. Parisin tarixi
"Vandom" meydanındakı "Eğvö" hotelində
"Odlar yurdu Azərbaycanın müasir əsərləri"
sərgisi açıldı. Burada Azərbaycan rəssamlarından
Altay Sadıqzadə, Əşrəf Murad, Darvin və Rəşad
Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd
Mustafayev, Mirnadir Zeynalov və başqalarının əsərləri
nümayiş olundu. Ölkəmizi tərənnüm edən
bu sərgidə Azərbaycan insanının xarakterini, arzu və
düşüncələrini Qərb
tamaşaçısına, avropalıya çatdırmaq
üçün rənglərin təsir gücündən
çox bacarıqla istifadə edilmişdir.
Dünyaşöhrətli rəssamlarımızdan Tahir
Salahovun,Toğrul Nərimanbəyovun qatıldığı bu
sərgi ölkəmizin, xüsusilə də Bakının
nadir gözəlliyini əcnəbi tamaşaçılara
çatdıra bildi. Xalq rəssamlarımız seyrçiləri
maraqlandıran suallara cavab verir, onları həm müasir, həm
də klassik üslubda rəsm çəkən sənətkarlar
haqqında məlumatlandırırdılar. Əslində sərgi
iki hissədən ibarət idi. Bir tərəfdən klassik rəssamların
bədii düşüncələrini əks etdirən əsərlər,
digər tərəfdən də modernist rəssamların rənglər
aləmindən nümunələr. Mikayıl Əbdürrəhmanov,
Müseyib Əmirov, Eliyar Əlimirzəyev, Niyaz Nəcəfov,
Aida Mahmudova, Fuad Salayev, Bəhram Xəlilov, Eldar Məmmədov
və Fazil Nəcəfovun Bakının qədim və
müasir görkəmini əks etdirən əsərləri
seyrçilərdə böyük marağa səbəb oldu.
Bu faktdır ki, fransız sənətsevərlərini heyrətə
gətirmək o qədər də asan deyil. Bunun
üçün incəsənətdə mütləq
avanqardlıq, ritm, plastika olmalı, forma elə
qurulmalıdır ki, tamaşaçıda estetik heyrət
yarada bilsin. Parisli tamaşaçıların saatlarla Azərbaycan
rəssamlarının əsərləri qarşısında
dayanaraq uzun müddət diqqətlə baxması, heyrətlə
içini çəkməsi, fikrini məhəbbətlə
bölüşməsi sərginin uğurundan xəbər
verirdi. Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva
sərginin açılışı zamanı Fransanın mədəniyyət
naziri Frederik Mitteran ilə görüşdü. Səmimi
söhbət zamanı F.Mitteran belə əlaqələrin
qarşılıqlı surətdə davam etməsini
arzuladı. Bildirdi ki, Fransaya məxsus 100 mədəniyyət
nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə
nümayiş etdirilməsi nəzərdə tutulub. Mehriban
xanım Əliyeva bu təşəbbüsü bəyənərək
onun gerçəkləşməsində Azərbaycan
hökumətinin dəstək verəcəyini və Heydər
Əliyev Fondunun kömək edəcəyini bildirdi.
YUNESKO-nun mənzil qərargahında
Mehriban xanım Əliyevanın təşkilatın baş
direktoru İrina Bokova ilə görüşü də
maraqlı keçdi. Söhbət zamanı İrina Bokova aprelin
əvvəlində Bakıda keçirilən Dünya Mədəniyyətlərarası
Dialoq Forumunun əhəmiyyətindən söz açdı və
bildirdi ki, Bakı bu gün həqiqətən mədəniyyətlərarası
dialoqun paytaxtı vəzifəsini ləyaqətlə həyata
keçirən bir məkandır. Bu işdə Mehriban
xanımın böyük zəhmət çəkdiyini həssaslıqla
vurğulayan İ.Bokova belə ünsiyyətlərin
qurulmasını yüksək dəyərləndirdi. Bakı
forumuna verdiyi bu dəstəyə görə Mehriban xanım Əliyeva
YUNESKO-nun baş direktoruna öz minnətdarlığını
bildirdi.
YUNESKO-nun qərargahında təşkil
edilən Azərbaycan xalçalarının sərgisi də
seyrçilər tərəfindən maraqla
qarşılandı. Burada həm də Azərbaycan rəssamlarının
əsərlərini əks etdirən süjetli və
mövzulu xalçaların sərgilənməsi də diqqət
çəkirdi. Hətta ilmələrlə toxunmuş portretlər
də fransızları heyran edirdi. Xüsusilə də
Qarabağ xalçaçılıq məktəbinin nümunələri
fransızların çox xoşuna gəldi. Söhbət
zamanı onlar Azərbaycan xalçaçılarının
qeyri-adi istedada malik olmalarını dəfələrlə
qeyd etdilər.
Müxtəlif
görüşlər zamanı tez-tez bir ifadə eşidilirdi:
Azərbaycanın birinci xanımının YUNESKO ilə
sıx əməkdaşlığı nəticəsində
Avropaya bəlli oldu ki, Azərbaycan mədəniyyəti necə
zəngin, qədim, tarixi ənənəyə malikdir.
Azərbaycan Mədəniyyəti
günlərinin xoş məqamlarından biri də
İSESKO-nun konsert salonunda müasir Azərbaycan
estradasının və muğam ifaçılarının
böyük coşqunluq və məhəbbətlə təqdim
etdikləri konsert proqramı oldu. Bu konsertin də məhz iki
yöndən təqdimi yenə də klassika ilə
müasirliyin harmoniyasını əks etdirirdi. Azərbaycan
musiqiçilərinin və ifaçılarının
hazırladıqları konsert proqramı özünəməxsus
koloriti ilə diqqət çəkdi və fransız
tamaşaçısında heç vaxt unudulmayacaq xatirəyə
çevrildi. Fransa mədəniyyətsevərlərində Azərbaycan
musiqisinin zənginliyi barədə gözəl fikir
yaratdı. Bu təəssüratlar isə Azərbaycan mədəniyyətinə
əbədi maraq oyatdı.
Heydər Əliyev Fondunun gerçəkləşdirdiyi geniş şaxəli mədəni tədbirlər həm də ölkəmizin, onun sülhsevər xalqının hansı mənəvi zənginliyə, yaradıcılıq qabiliyyətinə, ənənəyə, müasir düşüncəyə malik olduğunu təsdiqlədi. Bu cür görüşlərin, mədəniyyət günlərinin ardıcıl surətdə dünya ölkələrinin paytaxtlarında, ayrı-ayrı böyük şəhərlərində gerçəkləşməsi həm də Azərbaycan siyasətinin qələbəsidir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-28 aprel.- S. 7.