Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə
işçi qrupunun növbəti iclası Moskvada keçiriləcəkdir
AzərTAc xəbər
verir ki, Xəzər dənizinin hüquqi statusuna dair
Konvensiyanın hazırlanması üzrə işçi
qrupunun Bakıda keçirilmiş 28-ci iclası başa
çatmışdır.
AzərTAc xəbər
verir ki, aprelin 27-də iclasın yekunlarına dair mətbuat
konfransı keçirilmişdir.
Müzakirələrin nəticələrini müsbət qiymətləndirən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir: “Bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılmış, rəsmi sənəd qəbul olunmuşdur. Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur”.
X.Xələfov razılaşdırılmayan məsələlər sırasında Xəzərin su səthinin istifadəsi, milli zonalar arasında fərq, hər bir dövlətin dənizdəki hüququ, gəmiçilik və hərbi fəaliyyət kimi məqamların olduğunu qeyd etmişdir. Yaxın zamanlarda bu məsələlərin də öz həllini tapacağına ümid etdiyini deyən nazir müavini vurğulamışdır ki, iki gün davam edən iclas Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi işinə öz töhfəsini verəcəkdir.
İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə bildirmişdir ki, beştərəfli konvensiya tam qəbul olunmayanadək Xəzərin hüququ statusuna dair keçmiş SSRİ ilə İran arasındakı müqavilə qüvvədə qalmış hesab olunur.
Rusiyanın Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupunun nümayəndəsi Aleksandr Qolovin, Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi Murat Atacanov, Qazaxıstanın Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq bölməsinin rəhbəri Zülfiyə Amanjalova iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür etmişlər.
Qonaqlar görüşün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, nəticələrdən razı qaldıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki,
Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə
işçi qrupunun növbəti iclası Moskvada keçiriləcəkdir.
Azərbaycan.- 2011.-28 aprel.- S.7.