Gənclər Təşkilatları Milli Şurasında gənclərin problemləri müzakirə olunmuşdur

 

Aprelin 27-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan təşkilatların nümayəndələrinin görüşü keçirilmişdir.

Milli Şuranın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə dövlət proqramının hazırlanmasında gənclərin yaxından iştirakının təmin olunması ilə bağlı gənclərin rəy və təklifləri müzakirə edilmişdir.

Şuranın sədri, Milli Məclisin deputatı Fuad Muradov dövlətin gənclər siyasəti barədə məlumat vermiş, yeni dövlət proqramının əhəmiyyətini xüsusi qeyd etmişdir. O demişdir ki, bu görüşün əsas məqsədi gənclərin bütün təkliflərini dinləmək və onları narahat edən məsələləri müzakirə etmək, ən başlıcası bu məsələlərin Dövlət Proqramında öz əksini tapmasına nail olmaqdır.

Gənclərin sosial problemləri, gənc ailələrin evlə təmin edilməsi, yeni iş yerlərinin açılması, təhsil, cəmiyyətə inteqrasiya və beynəlxalq münasibətlərdə aktiv iştirakının təmin edilməsi kimi bir sıra təkliflər səsləndirilmişdir. Gənclər üçün güzəştli ipoteka kreditləri, elektron resursların genişləndirilməsi, regionlarda məşğulluq məsələsi, gənclərlə bağlı informasiya portalı və s. irəli sürülən təkliflər sırasında olmuşdur.

Tədbirin sonunda bir fikir yekdil olaraq qəbul olunmuşdur ki, səsləndirilən hər bir təklif Azərbaycan gənclərinin gələcək həyatında mühüm rol oynamalı və Dövlət Proqramında əksini tapacaq məsələlər ölkəmizin inkişafına xidmət etməlidir.

 

 

Azərbaycan.- 2011.- 28 aprel.- S. 7.