Azərbaycan ilə Litvanın
prokurorluq və məhkəmə orqanları arasında
işgüzar münasibətlərin yaranması əlaqələrin
hərtərəfli inkişafına xidmət edir
Azərbaycanda səfərdə olan Litva Respublikasının baş prokuroru Darius Valis və Xüsusi İstintaq Xidmətinin baş direktoru Zimantas Paseviçius aprelin 27-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.
Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə R.Rzayev Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanda Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Ali Məhkəmənin sədri Azərbaycan ilə Litvanın bir sıra sahələrdə olduğu kimi, prokurorluq və məhkəmə orqanları arasında da işgüzar əlaqələrinin yaranmasından məmnunluğunu ifadə etmiş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi ilə Litva Respublikası Xüsusi İstintaq Xidməti arasında əməkdaşlığa dair Memorandumun və proqramın imzalanmasının hər iki ölkənin hüquq-mühafizə orqanlarının əlaqələrinin daha da genişlənməsinə və inkişafına xidmət edəcəyini bildirmişdir.
Darius Valis ölkəsində prokurorluq və məhkəmə sisteminin fəaliyyət dairəsi barədə məlumat vermiş, Azərbaycan ilə Litva arasında yaranan əməkdaşlıqdan razı qaldığını vurğulamışdır.
Litvalı
qonaqlar Ali Məhkəmənin inzibati binası ilə
tanış olmuşlar. Məhkəmə Tarixi Muzeyinə
baxan Litvanın baş prokuroru Darius Valis Xatirə kitabına
ürək sözlərini yazmışdır.
Azərbaycan.- 2011.-28 aprel.- S. 8.