İşğala aparan yolların başlanğıcı

 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən zaman-zaman işğalı əvvəllər çarizmin, sonralar isə sovet imperiyasının şovinizm siyasətinin nəticəsi idi. Erməni vandalizminin çirkin oyunlara daim yardımçı olmaları burada da özünü göstərmişdir. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin və digər ərazilərinin ötən əsrin sonlarındakı işğalında da məhz həmin siyasət əsas amilə çevrilmişdir. Strateji əhəmiyyətli torpaqlara daha çox diş qıcayan erməni silahlı quldur dəstələri, daşnak tör-töküntüləri ilk növbədə Ermənistanla Dağlıq Qarabağı ayıran Şuşa, Laçın və Kəlbəcəri heç də ötəri yerə hədəf seçməmişdi. Ona görə də XX əsrin 70-ci illərində Kəlbəcərin inzibati rayon kimi ləğv edilərək ərazisinin yaylağa çevrilməsi, əhalisinin isə aran torpaqlarına köçürülməsi planı SSRİ Nazirlər Soveti səviyyəsində tərtib olunmuşdur. Lakin o zamanlar Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin ciddi müdaxilə və təkidlərindən, xüsusən, qətiyyətli mövqeyindən sonra Moskvanın bu mənfur niyyətli planının üstündən xətt çəkildi.

Strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər coğrafi mövqe etibarilə Ermənistan və Dağlıq Qarabağ arasında səddir. Sahəsi təqribən 174 min hektara çatan ərazidən əhali köçürüləndən, 128 kənd tamamilə boşaldıldıqdan sonra ermənilər heç bir müqavimətə rast gəlmədən orada sərbəst məskunlaşmalı və bununla da Ermənistanla DQMV qovuşmalı idi. Faktiki surətdə Ermənistan DQMV-ni o vaxt ələ keçirmiş olurdu. Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin qətiyyəti, kəlbəcərli ağsaqqal ziyalılarının cidd-cəhdləri bu çirkin planı alt-üst etdi. Lakin 1989-cu ildən başlayaraq, yenidən ermənilər Kəlbəcəri ələ keçirmək üçün onun istər Ağdərə, istərsə də Basarkeçər tərəfindəki yaşayış məntəqələrini daim atəşə tutdu. Belə kəndlərdən biri də Dədə Şəmşir ünvanlı Ağdaban idi ki, daşnaklar bu mənəviyyat beşiyini iki dəfə yerlə-yeksan etmiş, dinc əhalini, uşaqlı-böyüklü, odlara qalamış, qoca-qarıları, əlsiz-ayaqsızları əsir apararaq işgəncələr vermişdir. Bir sözlə, Xocalı qətliamından iki ay sonra Ağdabanda da belə faciə törədilmişdir.

 

Ağdabanın birinci faciəsi

 

1989-cu il iyulun 11-də ağdabanlılar kəşfiyyata çıxmış 11 erməni quldurunu tutaraq rayon mərkəzinə gətirmişdilər. Rayonda istintaq başlansa da, Respublika Prokurorluğu işin DQMV hərbi komendantının sərəncamına göndərilməsinə göstəriş vermişdi. İyulun 14-də həmin erməni quldurlarını Xankəndiyə, guya, istintaq aparmaq üçün rus hərbçilərinin müşayiəti ilə Kəlbəcərə 2 qırıcı vertolyot göndərilmişdi. Nədənsə, vertolyotlar nəzərdə tutulmuş meydançaya deyil, şəhər stadionuna enmişdilər. Erməni quldurlarını götürüb qalxarkən vertolyotlardan birinin pərləri, guya elektrik dirəyinə toxunub müvazinətini itirərək stadionun yanındakı divara çırpılmışdı. Bu zaman vertolyotun pərləri burada futbol oynayan, bu vəhşi "dəmir quşa" baxmağa toplaşmış uşaqları biçib-tökmüşdü. O gün Kəlbəcər 8 azyaşlı məktəblinin qanında boğulmuşdu. Kim idi onlar: ermənilərə güllə atanmı?! Başqa xalqın torpağına göz dikənmi?! Bəs nə idi onların günahsız axan qanına səbəb? Onlar türk çocuqları idilər, vəssalam...

Aprelin 7-dən 8-nə keçən gecə baş vermiş daha dəhşətli faciə fevralda Xocalıdakı qətliamdan diqqəti yayındırmaq məqsədi daşıyırdı. Ermənilər gecə ikən hücum edərək Dədə Şəmşirin yurdu Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın, qarla örtülü meşələrə, dağlara dağılmışdılar. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən, əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 nəfər qoca, qadın, uşaq qətlə yetirilmiş, on iki nəfər evdə diri-diri yandırılmış, 7 nəfər isə girov götürülmüşdü. Kənd bütünlüklə, demək olar ki, yandırılmışdı. Səhər tezdən köməyə gedən yerli batalyonun 6 döyüşçüsü Çayqovuşanda gülləbaran edilmişdi.

Ağdaban faciəsi ermənilərin Kəlbəcərə qarşı başladıqları böyük müharibənin siqnalı idi. Kəndin ermənilərin əlində qalması görünməz fəlakətlərə gətirib çıxarardı. Bu, həmçinin Kəlbəcərin işğalını asanlaşdırmaq, Murov yolunun ermənilər tərəfindən tutulması və beləliklə, 52 min nəfər kəlbəcərlinin tamamilə məhvi demək idi.

...Kəlbəcərin işğalı, əslində, hələ 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdabanın darmadağın olunmasından başlanmışdı. Ermənilər Çapar kəndindən gecə ikən hücum edərək Dədə Şəmşir yurdunu - 130 təsərrüfatdan ibarət Ağdabanı ikinci Xocalıya çevirmişdilər. Onlar təkcə Ağdabanı yox, Çayqovuşanı da darmadağın etmişdilər.

1988-ci il fevral ayının 13-də Qarabağın dağlıq hissəsinə gedən yolda erməni daşnakların gülləsi Əli ilə Bəxtiyarı (iki günahsız yeniyetməni) qətlə yetirdiyindən, xalqımızın tarixində yeni şəhidlik dövrü başlamışdı. İlk şəhidlərimiz torpaq uğrunda əbədiyyətə qovuşmuşdu. Sonra qədim İrəvanda, Zəngibasar və Göyçədə, Hamamlı və Gümrüdə... soydaşlarımız şəhid oldu. Düşmən mühasirə halqasını daraltdıqca şəhidlərimizin sayı da artdı. Dağlıq Qarabağda türksoylular doğma torpaqlarında didərginə, qaçqın-köçkünə və girova çevrildilər.

Sonra ayrı-ayrı kəndlərin dinc sakinləri gülləbarana tutuldu, Dikyurd yaylağından azyaşlı Hidayət Cəfərov 500 başdan artıq mal-qara ilə birlikdə Basarkeçərə (Vardenisə) oğurlanıb aparıldı. Kəlbəcərin müsibətli günlərində qan çanağında boğulan kəndlərindən biri, əslində isə birincisi Ağdabanla Çayqovuşan kəndləri idi.

Ağdaban iki dəfə erməni quldur və birləşmiş erməni-rus muzdluları tərəfindən darmadağın edilmişdir. Beləliklə, 8 aprel 1992-ci il və 26 mart 1993-cü il Ağdabanın işğal tarixləri kimi yaddaşlara yazıldı. Kəlbəcərin ilk şəhidliyi məhz bu kənddən başladı.

Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, əslində, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Çünki bu kəndin yetirdiyi Ağdabanlı Qurban böyük sərkərdə Şah İsmayıl Xətainin silahdaşı olan Miskin Abdal ocağının nəsil davamçısı idi. Bu ocaq mənəviyyat beşiyi kimi erməniləri olduqca ciddi narahat edirdi. Məhz ona görə də hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin "Otaqqaya" adlanan ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən 150-yə yaxın avtomobildən ibarət karvanın qarşısını kəsərək, Dədə Şəmşirin qızı Çimnaz xanımı, Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, İttifaq miqyaslı "İstisu" sanatoriyasında müalicəyə gedən dinc sakinləri (əksəriyyəti xəstə və qocalardan ibarət) terror nəticəsində qətlə yetirmişdilər. Ağdaban faciələri zamanı isə təkcə Dədə Şəmşirin soykökünə məxsus 20 nəfərdən çox qoca-qarı, körpə, əlil vəhşicəsinə qətlə yetirilmiş, diri-diri tonqallara atılmış, onlara görünməmiş müsibətlər yaşadılmış, əsir və girov aparılanlara isə amansızcasına işgəncələr verilmişdir.

Bu isə ermənilərin strateji məqsədlərinin həyata keçirilməsi planının ilkin şərtlərindən biri idi. Min təəssüf ki, Ağdaban faciəsi olduğu kimi dərk olunmadı və o zaman rəsmi olaraq bu qanlı hadisəyə siyasi və hüquqi qiymət verilmədi. Belə faciələrimizin üstündən sükutla keçməyimiz isə nəticədə Ermənistanın torpaq iştahasını bir az da genişləndirdi...

 

Ağdabanın ikinci faciəsi

 

Beləliklə, həm Ağdərə, həm də Ermənistanın Basarkeçər rayonu istiqamətindən hücuma məruz qalan, müdafiə olunmayan, şayiələr və təxribatlar nəticəsində vahiməyə düşən əhali qarlı-çovğunlu günlərdə öz dədə-baba yurdlarından ayaqyalın-başıaçıq, bütün əmlakını ataraq, dəniz səviyyəsindən 3400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur edilmişdir. Siyasi oyunların, daxili çəkişmələrin nəticəsində və satqın hərbçilərin xəyanəti üzündən 52 min nəfər kəlbəcərli qısa vaxt ərzində doğma yurdlarından qovuldu. Azərbaycanın gözəl, öz təbii ehtiyatlarına görə zəngin bölgəsi düşmən əlinə keçdi.

Ağdabanın ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq, mart ayının 31-dən aprelin 2-dək tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi.

Kəlbəcərin işğalı ermənilər üçün sanki hədiyyə idi. Əvvəla, necə ki Kəlbəcər işğal olunmamışdı, Dağlıq Qarabağın gələcək taleyi sual altında idi. Ona görə ki, son əsrdə bir neçə dəfə olunmuş hücum və təcavüzlərin qarşısını alan Kəlbəcər imkan vermirdi ki, ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirib, işğalçılıq planlarını həyata keçirsinlər. İkincisi, Kəlbəcərin işğalı hərbi üstünlüyün ermənilərin tərəfinə keçməsinə və bununla da Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl və Füzulinin işğalına şərait yaradırdı.

Qoca tarix çox xəyanətlərin, hadisələrin şahididir. Lakin Azərbaycanın 1988-1993-cü illərdəki vəziyyəti bəlkə də heç vaxt olmayıb.

İşğal altında qalan ərazilərimizin düşməndən azad ediləcəyinə isə şübhə yoxdur. Ağdabanlıların müvəqqəti məskunlaşdıqları yerlərdə onlar üçün yaradılmış sosial-məişət şəratinin yaxşılaşdırılması isə dövlətin onlara daimi qayğısının təzahürüdür.

 

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2011.- 28 aprel.- S. 10.