Unudulması mümkün olmayan faciə

 

Erməni qəsbkarlarının törətdiyi Xocalı soyqırımından 19 il keçsə də, bu faciənin əzab və ağrılarını canında, qanında və varlığında hiss edən bir çox soydaşlarımız hələ də o müdhiş hadisənin təsiri altındadır. Xocalı soyqrımı xalqımıza qarşı erməni xəyanətinin törətdiyi sayca nə birinci, nə də sonuncu faciədir, lakin unudulması mümkün olmayan son dərəcə dəhşətli dağdır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, "XX əsrdə ermənilər tərəfindən Azərbaycan xalqına qarşı dəfələrlə təcavüz edilib, soyqırımı törədilib. Onlardan ən dəhşətlisi Xocalıda baş vermişdir".

1992-ci il fevralın 25-dən 26-na keçən gecə qəflətən 366-cı alayın və erməni silahlı quldur dəstələrinin təcavüzünə məruz qalmış minlərlə Xocalı sakinindən biri də Məmmədovlar ailəsidir. Həmin gecə amansızcasına qətlə yetirilən yüzlərlə soydaşımızdan dörd nəfəri bu ailənin üzvü idi. Hazırda Sumqayıtda yataqxanada yaşayan, müdhiş qanlı gecədə əzizlərini, doğmalarını itirmiş Arzu Məmmədova həmin anları belə xatırlayır:

- Xocalı soyqrımı, demək olar ki, hər gün həyatımızda yaşayır. Həmin gündən 19 il keçsə də, o dəhşətli hadisələri bir an belə unuda bilmirəm. Fevral başlayandan hər gün atışma səslərindən qulaq tutulurdu. Axşam olan kimi evimizin zirzəmisində gizlənirdik. Qardaşım Azərbaycanın Milli Qəhrəmanı, polis mayoru Əlif Hacıyevin yanında, Xocalı hava limanında işləyirdi. Hər gün axşam evə gələn qardaşım səhərə qədər əlində tüfəng keşik çəkirdi. Çünki ermənilər gecələr ac köpəklər kimi dolaşır, qoyun-quzunu oğurlayır, adamları isə öldürürdülər. Bakıda indiki Slavyan Universitetində oxuyan qohumumuz Rüfət təhsilini yarımçıq qoyub evlərinə qayıtmışdı. Yazığı həyətlərində güllə ilə vurmuşdular.

Kəmfürsət erməni qəsbkarlarının əliyalın dinc əhaliyə hücum etdiyi həmin sazaqlı fevral axşamı əzizlərimin və doğmalarımın əksəriyyətini itirdim. Elə qohumlarım var ki, onların ailəsindən heç kim qalmayıb. Təkcə bizim nəslin yüzdən artıq üzvi həmin gecə qətlə yetirildi. Gecə kim hara gəldi, baş götürüb qaçdı. İki gün sazaqlı havada yol axtarandan sonra gəlib, Ağdama çatdıq.

Arzu gözlərindən axan yaşı saxlaya bilmir. Onlar Xocalıdan çıxanda qonum-qonşu ilə birlikdə yüz nəfərə yaxın olublar. Əsgərlərimizə çatanda məlum olub ki, cəmi 30 nəfər qalıblar.

Rəsmiyyə Hüseynova Ağdamdan Xocalıya gəlin köçüb. Həyat yoldaşı Afət Mustafayevlə şad-xürrəm ömür sürmək bu ailənin arzuları idi. Lakin Rəsmiyyə xanım çəkdiyi və keçirdiyi ağrılı-acılı günlərdən danışdıqca nələr yaşadıqlarının şahidi olursan:

- 1992-ci il başlayandan elə bir gün yadıma gəlmir ki, gözümüzə yuxu getsin. Kişilər gecələr keşik çəkirdi, səhərlər isə snayper gülləsindən qorunurduq. 21 fevralda yoldaşım məni iki uşaqla Ağdama-anamgilə gətirdi. Özü həmin gecə yenidən Xocalıya qayıtdı.

- Sağ qalmağım bir möcüzədir, - deyən Afər Mustafayev söhbətinə davam edir:

- Mənim tüfəngim vardı. Amma cəmisi iki gülləm qalmışdı. Axşam saat 8-dən ermənilər Xocalıya hücuma keçdilər. Dörd tərəfdən hücum edən ermənilər qarşılarına çıxan canlı nə vardısa hamısını qırmağa başladılar. Əhali şəhərdən çıxıb qaçmağa başladı. Onlar diri tutduqları xocalıları ağaca sarıyır, üstünə soyuq su tökürdülər. Yüzlərlə adamı əhatəyə alıb gülləbaran etdilər.

Üç gün gündüzlər qarın içində gizlənən, gecələr yol gələn Afət Milli ordumuzun əsgərləri ilə rastlaşanda danışa bilmirmiş.

- Təsəvvür edin, yoldaşım məni tanıya bilməyib. Qar yeməkdən boğazım şişmişdi, danışa belə bilmirdim. Xocalı qırğını haqqında eşitmək başqa şeydir, onu öz gözlərinlə görmək isə tamam başqa müsibətdir. Ermənilər Xocalıda camaatı vəhşicəsinə qırdılar...

Həmin gecənin ah-naləsi indi də qulaqlarında səslənən bu insanlarla söhbət etmək elə də asan deyil. O günün məşəqqətlərini xatırlamaq və danışmaq həmin dəhşətli anları yenidən yaşamaq kimidir.

Həmsöhbətlərimin fikrincə, Xocalı faciəsinin qarşısı alına bilərdi.

- Əhali axıra qədər dəyanətli idi. Lakin o vaxtkı rəhbərlər, vəzifə hərisləri, mənsəbpərəstlər yaxınlaşan fəlakətə laqeyd idi. Vəziyyətin son dərəcə ağır olduğu anda biz boş təsəllidən başqa heç nə eşitmədik. Halbuki Xocalını xilas etmək olardı. Ayrı-ayrı vətənpərvər şəxslərin təşəbbüsündən başqa Xocalıya mütəşəkkil dövlət köməyi göstərilmədi. Xocalının müdafiəsi təşkil olunmadı və erməni qəsbkarları bundan qəddarlıqla istifadə etdilər.

Bəli, Xocalı dərdi ağır dərddir. Xocalı vətən cismimizdə sağalmaz yaradır. Burada tökülən qanlar, itirilən torpaqlar bizi düşmənə nifrət ruhunda birləşdirməli və qisas üçün səfərbər etməlidir. Biz yenidən güc, qüvvə toplayıb itirdiklərimizi qarı düşməndən geri almalıyıq. Bu, bizim vətəndaşlıq borcumuzdur. İndi dövlətimiz də güclüdür. Biz qisası qiyamətə qoya bilmərik.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2011.-28 aprel.- S. 10.