Hər bir işçinin təhlükəsizliyi
və sağlamlığı əsas şərtdir
Aprelin 28-i Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar Konfederasiyası tərəfindən Ümumdünya Əməyin Mühafizəsi Günü kimi müəyyənləşdirilmişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da ənənəvi olaraq hər il bu tarixi müvafiq tədbirlər proqramı ilə qeyd edir. AHİK-də və konfederasiyanın yerli təşkilatlarında yığıncaqlar keçirilir, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə respublika baxış müsabiqəsində qalib gəlmiş müəssisə və təşkilatlar mükafatlandırılır. AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevlə söhbətimiz də ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar kontekstində əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi barədədir:
- Dövlət başçısı İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına müvafiq olaraq ölkəmizdə bir sıra sosial proqramlar icra edilir, investisiya layihələri həyata keçirilir. Bunların sayəsində Azərbaycanda müasir texnologiyaları özündə əks etdirən, beynəlxalq standartlara cavab verən 930 min yeni iş yeri açılmışdır. Eyni vaxtda əməyin təhlükəsizliyinin və sağlamlığın idarə edilməsi sisteminin ardıcıllıqla tətbiq edilməsi yeni-yeni nailiyyətlər qazanılmasına rəvac vermişdir. Bu sistem fasiləsiz təkmilləşmənin əsasən texniki, sanitariya-gigiyena, hüquqi və təşkilati tədbirlər kompleksinin hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi üzrə tədbirləri əhatə edir.
Azərbaycan həmkarlar ittifaqlarının təşəbbüsü və dəstəyi ilə son illər əməyin mühafizəsi və təhlükəsizliyi üzrə 20-dən artıq qanunverici və normativ akt işlənib hazırlanmış və təkmilləşdirilmişdir. "Həmkarlar ittifaqları haqqında" qanuna, Əmək və Vergi məcəllələri kimi zəruri dövlət sənədlərinə düzəlişlər edilmişdir. Milli Məclis AHİK-in təklifi ilə müəssisələrin gəlirinin vergiyə cəlb olunan hissəsindən profilaktik yeməyin, südün və ona bərabər tutulan qida məhsullarının alınmasına yönəldilmiş xərclərin çıxarılması barədə qanuna dəyişiklik etmişdir. Həmkarlar ittifaqlarının iştirakı ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta haqqında" qanun layihəsi də hazırlanmışdır. Bütün tədbirlər həmkarlar ittifaqlarının, icra hakimiyyəti orqanlarının, işəgötürənlərin nümayəndələrinin qarşılıqlı əlaqələri zəminində həyata keçirilmişdir. Yeni qanun icbari sığorta sahəsində yaranan münasibətləri tənzimləməklə sığortaçıların, sığorta olunanların və faydalanan şəxslərin hüquq və mənafelərinin qorunmasında müsbət rol oynayacaq.
İş yerlərində əmək şəraitinin norma tələblərinə uyğunlaşdırılması, istehsalat xəsarətlərinin azaldılmasının təmin edilməsi profilaktikası, qadınların əmək şəraitinin yaxşılaşdırılması və digər tədbirlər həmkarlar ittifaqı komitələrinin hazırladığı əməyin mühafizəsi məsələləri üzrə kollektiv müqavilə və sazişlərdə mühüm yer tutur. Ötən il AHİK 9 minədək həmkarlar ittifaqı komitəsinə bu sahədə kömək göstərmişdir. Həmkarlar ittifaqı orqanlarının texniki əmək müfəttişləri bir sıra müəssisə və istehsal sahələrində 1500-dən artıq müayinə aparmışlar. Müfəttişlik qanunvericilik, sanitariya və gigiyena təhlükəsizliyinə dair tələblərin pozulması hallarının aradan qaldırılmasına kömək göstərmişdir. 2010-cu ilin statistikasına görə istehsalatda zədələrin, ölüm hallarının sayı 2009-cu ildəkinə nisbətən xeyli azalmışdır. Bu ilin birinci rübündə sənaye müəssisələrində və tikintilərdə əməyin təhlükəsizliyi şərtləri pozulduğundan 24 nəfər həlak olmuş, 48 nəfər yaralanmışdır. Həmkarlar ittifaqı xidmətinə daxil olan müəssisə və təşkilatlarda 4 işçi dünyasını dəyişmişdir. Aparılan təhlillər göstərir ki, hadisələr əsasən tikintidə əməyin mühafizəsi tələblərinə ciddi əməl olunmaması səbəbindən baş verir.
Son illər əməyin mühafizəsi tədbirlərinin yerinə yetirilməsinə, eləcə də əmək şəraitinin yaxşılaşdırılmasına, xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin alınmasına çəkilən xərclər 50 faiz artmışdır. Təkcə Dövlət Neft Şirkətinin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2007-2010-cu illər üçün ayrılmış 460,5 milyon manat vəsaitin 30 faizə qədəri işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına sərf olunmuşdur. Azərbaycan Dövlət Dəmir Yolunun müəssisə və təşkilatlarında çalışanların texniki təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasına 20 milyon manat vəsait xərclənmişdir. Xəzər Dəniz Donanmasının, Bakı Metropoliteninin, Xəzər Telefon Qovşağının və digər kollektivlərin də bu sahədəki fəaliyyəti qənaətbəxşdir.
Lakin bununla yanaşı, bir sıra istehsal müəssisələrində, xüsusən tikintilərdə əməyin mühafizəsi tələblərinə lazımınca əməl olunmaması ciddi narahatlıq doğurur. Bəzi tikintilərdə layihələrin ekspertizadan keçirilməməsi, işçilərin müvafiq ixtisasa yiyələnmədən, gördüyü işlərə uyğun peşələri olmadan kollektivə qəbulu, habelə tikinti materiallarının, avadanlığın, qurğuların lazımi sınaq və analizdən keçmədən istifadəsi qətiyyən yolverilməzdir. Odur ki, respublikada fəaliyyət göstərən bütün müəssisə və təşkilatlarda, eləcə də xarici şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması zəruridir. Çünki problemlərin böyük hissəsi məhz həmkarlar ittifaqları təşkilatları tərəfindən həll oluna bilər. Məsələləri kompleks şəkildə həll etmək üçün əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının səyləri birləşdirilməli və bu sahədə işlərimizi təkmilləşdirməliyik.
Tərəfdaşlarımızla əməyin mühafizəsinin yaxşılaşdırılması, peşə xəstəliklərinin təhqiqatının və uçotunun aparılması üçün vahid qaydaların tətbiqi, Vergi Məcəlləsində müəssisələrin gəlirinin vergiyə cəlb olunan hissəsində fərdi mühafizə vasitələrinin alınması xərclərinin çıxarılması və digər məsələlərdə əməkdaşlığımızı artırmaqla qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələ bilərik. Biz 2011-ci ilin ikinci rübündən başlayarq sahə həmkarlar ittifaqlarının texniki əmək müfəttişlərinin əməyin mühafizəsi sahəsində təşkilati, texniki və sanitar-gigiyenik tələblərə düzgün riayət olunması ilə bağlı biliklərini artırmaq üçün Əmək və Sosial Münasibətlər Akademiyasında uzunmüddətli xüsusi proqram üzrə məşğələlərdə iştirakını təmin edəcəyik.
Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu özündə təsbit edir. Hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından asılı olmayaraq ölkənin müvafiq qanunvericilik və normativ aktlarında əks olunmuş əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə əməl etməyə borcludur. Təbii ki, bu işdə həmkarlar ittifaqlarının rolu böyükdür və AHİK yerli nəzarət orqanları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinə və əməkdaşlıq prinsiplərinin dəqiqləşdirilməsinə yönəlmiş tədbirləri daha da intensivləşdirmək niyyətindədir.
Akif CABBARLI
Azərbaycan.- 2011.-28 aprel.- S. 11.