Azərbaycan Ukrayna Prezidentləri Şurasının üçüncü iclası

 

Aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Viktor Yanukoviçin təkbətək görüşü başa çatandan sonra iki ölkənin Prezidentləri Şurasının üçüncü iclası olmuşdur. İclasda Azərbaycan Ukrayna nümayəndə heyətlərinin üzvləri iştirak etmişlər.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV iclası açaraq dedi:

- Hörmətli Viktor Fyodoroviç!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda ürəkdən salamlayıram. Sizi ölkəmizdə görməyə çox şadam. Bu, Sizin Ukrayna Prezidenti kimi Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu olacaq, yaxşı nəticələr əldə ediləcək, biz irəliyə doğru fəal hərəkət edəcəyik. Mən, həmçinin keçən il Sizin ölkənizə səfərim zamanı mənə göstərilmiş qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm. Biz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmişik. Bütün istiqamətlər üzrə fəal irəliləyirik. Hökumətlərarası Komissiya səmərəli işləyir, siyasi dialoq inkişaf edir. Bu gün Sizinlə təkbətək görüşdə biz münasibətlərimizin geniş gündəliyini müzakirə etdik. Lakin bu gün razılaşdırılmış gündəliyi Prezidentlər Şurasının iclasında da müzakirə edəcəyik. Gündəlik geniş, çox müfəssəl konkretdir. Əminəm ki, Prezidentlər Şurasının iclasının yekunlarına əsasən biz öz münasibətlərimizin inkişafının sonrakı addımlarını müəyyən edəcəyik. Biz bu münasibətləri çox yüksək qiymətləndiririk, onların qədrini bilirik əminik ki, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi regional kooperasiyanın da genişlənməsinə kömək edəcəkdir.

Sizi bir daha ürəkdən salamlayıram ümid edirəm ki, səfər uğurlu xoş olacaqdır.

Xoş gəlmisiniz!

 

Sonra Ukrayna Prezidenti Viktor YANUKOVİÇ çıxış edərək dedi:

- Sağ olun, möhtərəm İlham Heydər oğlu!

Hörmətli iclas iştirakçıları!

İlham Heydər oğlu, mən ilk növbədə, Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edildiyimə və buraya gəlmək imkanıma görə Sizə minnətdarlığımı bildirmək istərdim. Bizim ölkələr artıq çoxdandır ki, strateji tərəfdaşlardır. Mən deyərdim, bu, bir-biri ilə çox yaxın olan iki ölkə arasında münasibətləri necə qurmaq lazım olduğunu göstərən parlaq nümunədir.

Biz ikitərəfli səviyyədə münasibətlərimizi çox uğurla inkişaf etdiririk. Bizim Hökumətlərarası Komissiya və altkomissiyalar gözəl işləyirlər. Onlar bütün istiqamətlər üzrə iş aparırlar. Keçən ilin yekunları bu işin nəticəsi olmuşdur. Bu səmərəli işin əyani nümunəsi belədir: ölkələrimiz arasında əmtəə dövriyyəsi artımı rekord səviyyəyə çatmışdır. Lakin bu, hələ son hədd deyildir. Əminəm ki, imkanlarımız bundan qat-qat genişdir. Bunu görmək mənə xoş oldu ki, Ukrayna Rusiyadan sonra Azərbaycanın ikinci ticarət tərəfdaşına çevrilmişdir. Bu, çox gözəl nəticədir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 1.