Azərbaycan və Ukrayna prezidentlərinin
birgə mətbuat konfransı
Aprelin 28-də Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Çox hörmətli Viktor Fyodoroviç!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Viktor Fyodoroviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bu, Sizin Ukrayna Prezidenti kimi ölkəmizə ilk səfərinizdir. Mən şadam ki, səfər çox uğurlu keçir, bu gün aparılan danışıqlar, fikir mübadiləsi bir daha ölkələrimizin və xalqlarımızın, dövlətlərimizin mövqelərinin nə qədər yaxın olduğunu göstərir.
Ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olmuşdur. Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir.
Siyasi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir. Mən ötən ilin sonlarında Ukraynaya rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimizin yaxınlaşmasına kömək edir. Biz, həmçinin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, ATƏT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.
Bu gün biz iqtisadi, siyasi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı çox geniş müzakirələr apardıq. Mən Ukrayna Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə məlumat verdim. Münaqişənin həllində prinsipial mövqeyinə görə Ukraynaya təşəkkürümü bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan Birgə Bəyanatda da öz əksini tapmışdır. Bəyanatda deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinin pozulmazlığı prinsipləri nəzərə alınmaqla nizama salınmalıdır.
Bu gün biz Prezidentlər Şurasının iclasında münasibətlərimizin iqtisadi hissəsini də müzakirə etdik, yaxşı rəqəmlər, nəticələr, əmtəə dövriyyəsinin artmasını gördük. Əlbəttə, əmtəə dövriyyəsinin sürətlə artması böyük nikbinlik və ümid doğurur.
Bizim şirkətlər tərəfindən artıq həyata keçirilən investisiya layihələri də vardır. Əminəm ki, yaxın vaxtlarda onların həcmi artacaqdır.
Hərbi-texniki sahədə əməkdaşlıq da ənənəvi formata malikdir. Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcəkdir. Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur.
Energetika sahəsində əməkdaşlıq münasibətlərimizin mühüm tərkib hissəsidir. Burada işlərimiz çox uğurla gedir. Bu artımın nə qədər sürətli olmasını görmək üçün Azərbaycandan Ukraynaya neft və neft məhsulları satışının həcminə dair keçən ilin statistikasına nəzər salmaq kifayətdir. Təkcə keçən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu, ölkələrimiz arasında fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olan yeni layihədir. Bu məsələ uzun illər boyu diskussiya mərhələsində olmuşdur. Bu gün o, artıq özünün konkret həllini tapmışdır.
Bu ilin yanvar ayında biz, iki prezident Azərbaycanın maye qazının Ukrayna ərazisinə nəql edilməsi haqqında sənəd də imzalamışıq. Biz bu layihəyə böyük əhəmiyyət veririk və bu gün həmin mövzuda məsləhətləşmələr aparılır. Bizim çox zəngin qaz ehtiyatlarımız vardır və biz qaz satışının coğrafiyasını şaxələndirməyə çalışırıq. Zənnimcə, bu da ukraynalı tərəfdaşlarımız üçün maraq doğurur.
Başqa sözlə desək, bugünkü müzakirələrin və Prezidentlər Şurasının iclasının yekunları çox sanballıdır. Bir daha deyirəm, bu nəticələr konkret, praqmatik, realist olmaqla möhkəm siyasi və humanitar əlaqələrə əsaslanır.
Dostumuz Viktor Fyodoroviç Yanukoviçi ölkəmizdə qəbul etmək mənə çox xoşdur. Ölkəmizə Sizin sonuncu səfərinizi xatırlayıram, o vaxt Siz Baş nazir idiniz. O vaxtdan beş il keçmişdir. Lakin bütün bu illər ərzində əlaqələrimiz, münasibətlərimiz davam etmişdir. Bu gün bu münasibətlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə çox cəhətdən kömək edir.
Bir daha xoş
gəlmisiniz, Viktor Fyodoroviç.
Ukrayna Prezidenti Viktor Yanukoviçin bəyanatı
- Hörmətli İlham Heydər
oğlu!
Ukraynanın və Azərbaycan
Respublikasının nümayəndə heyətlərinin
hörmətli üzvləri!
Azərbaycan
Respublikasının və Ukraynanın Prezidentləri
Şurasının növbəti, üçüncü
iclası indicə başa çatmışdır. Bundan əvvəl
İlham Heydər oğlu ilə təkbətək formatda bir
sıra məsələləri müzakirə etmişik.
Biz indicə İlham Heydər oğlunun dediyi məsələlərin
praktiki olaraq bütün spektrini, birgə
planlarımızın həyata keçirilməsi mexanizmlərini
çox ətraflı müzakirə etməyə müvəffəq
olduq. Hörmətli İlham Heydər
oğlu, demək istəyirəm ki, Bakının yeniləşmiş
görkəmi məni ürəkdən sevindirir. Biz Bakıya gələn kimi imkan tapıb həmkarlarımızla
fikir mübadiləsi apardıq. Çünki mənim
kimi, burada iştirak edənlərin əksəriyyəti son beş ildə Bakıda olmamışdır. Biz gördük ki, müxtəlif informasiya məlumatlarında,
statistik nəşrlərdə deyilən tərəqqi göz
qabağındadır. Bunlar onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək
sürətlə inkişaf edir. Bizim
üçün bu, hər hansı kəskin daxili və xarici
siyasi dəyişiklikləri qəbul etməyən dövlət
idarəçiliyi sisteminin necə səmərəli işləyə
bilməsini göstərən əyani nümunədir. Yəni sabitlik dövlətin inkişafının əsasıdır.
Əlbəttə,
mənə çox xoşdur ki, Azərbaycanın Ukraynaya
münasibətdə siyasəti də bu sabitliyin tərkib hissəsidir. Bu ənənələr
hələ Heydər Əliyevlə başlanmışdır.
Ukrayna üçün çox ağır illərdə
Heydər Əliyev bizə kömək əlini
uzatmışdır. O vaxt, 1990-cı illərdə
Ukraynada yanacaq-sürtkü materialları yox idi. Azərbaycan həmin məhsulların əldə
olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə
kənd təsərrüfatı işlərini yanacaqla təmin
etdik və bütövlükdə ölkəyə, necə
deyərlər, bir udum oksigen verdik. Ukrayna
xalqı bunu unutmur, Heydər Əliyevin ruhu şad olsun.
Ölkələrimiz
arasında münasibətlərin əsasını təşkil
edən ənənələr davam edir. Lakin əgər
bu gün ölkələrimizin bu qədər böyük
potensiala malik olduğu bir şəraitdə
xalqlarımızın həyatını
yaxşılaşdırmağın əsası olan
iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini
qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq.
Ötənilki
əmtəə dövriyyəsi ölkələrimizin
müstəqillik qazandığı bütün illər içərisində
görünməmiş səviyyədir. Bu il
Ukrayna da, Azərbaycan da müstəqilliklərinin 20-ci
ildönümünü qeyd edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik, əmtəə
dövriyyəsi elə səviyyəyə qalxdı ki, Ukrayna
hazırda Azərbaycanla bu göstərici üzrə ikinci
yeri tutur. Mən bu gün bunu artıq ikinci dəfədir
deyirəm. Bu, bizim üçün
xoşdur. Əlbəttə,
razılaşmalarımızı yerinə yetirməyimiz,
onlara əməl etməyimiz çox vacibdir. Nəhayət, Odessa-Brodı neft kəməri işə
düşdü. Əlbəttə, onun
Baltik dənizinə qədər uzadılması vacibdir.
Yəqin ki, biz bu məsələni yaxın gələcəkdə
necə həll etmək barədə düşünməliyik.
Biz bu məsələni İlham Heydər
oğlu ilə müzakirə etmişik. Biz
neft kəmərinin Baltik dənizinədək çatması
üzərində işləyəcəyik. Mən planlarımızın təfsilatları barədə
danışmayacağam. Lakin biz gözəl
başa düşürük ki, mövcud imkanları mütləq
birlikdə həyata keçirməliyik.
İlham Heydər
oğlu məni, demək olar ki, bir çox digər məsələlər
barədə danışmaq imkanından məhrum etdi. Çünki
o, çox şey barədə danışdı. Təkcə onu əlavə edə bilərəm ki,
birgə həyata keçirmək barədə
razılığa gəldiyimiz müştərək sərmayə
layihələri əlli-əlliyə gerçəkləşdiriləcəkdir.
Bu layihələri birlikdə maliyyələşdirmək
nəzərdə tutulmuşdur. Bu isə
o, deməkdir ki, inşa edəcəyimiz obyektlər, hansı ərazidə
tikilməsindən asılı olmayaraq, dövlətlərimizin
- Azərbaycan Respublikasının və Ukraynanın birgə
mülkiyyəti olacaqdır. Bu, etimadın
ən yüksək səviyyəsidir və əlbəttə,
düşünürəm ki, biz əvvəlcə birlikdə
layihələşdirib, sonra həyata keçirsək, səmərəlilik
daha da artar.
Bizim artıq
indi nəzərdən keçirdiyimiz bir sıra layihələr
təkcə layihələşdirməyə deyil, həm də
müxtəlif elmi tədqiqatlara, yeni texnologiyaların
inkişafı sahəsinə, elmi-təcrübə
bazalarımızın, elmi-tədqiqat təşkilatlarının
fəaliyyətinə aiddir. Bunlar ən yaxın gələcəkdə
həyata keçirəcəyimiz planlardır. Bu gün biz belə müqavilələr
imzaladıq. Başqa sözlə, birgə
qərarlarımızın səmərəliliyi bu gün
imzaladığımız 2014-2015-ci illərədək olan
dövr üçün planların əsasını təşkil
edir. Orada müxtəlif sənədlər
vardır.
Mən həm
də Azərbaycan torpağında bizə göstərdiyiniz
çox böyük qonaqpərvərliyə, əlbəttə,
qərarların qəbul edilməsində və həyata
keçirilməsində operativliyə görə nümayəndə
heyətimiz adından təşəkkürümü bildirmək
istəyirəm. Bu, ikitərəfli münasibətlərimiz
üçün səciyyəvidir.
Əlbəttə,
qarşıda bizi müxtəlif beynəlxalq təşkilatlarda
birgə fəaliyyətimizin əlaqələndirilməsinə
dair böyük iş gözləyir. Bu,
iqtisadiyyatın qloballaşdırılması, müxtəlif
texnogen qəzaların nəticələrinin aradan
qaldırılması şəraitində çox vacibdir.
Bununla əlaqədar, Çernobıl Atom Elektrik
Stansiyasında "Örtük" layihəsinin həyata
keçirilməsi üçün Çernobıl Fonduna bir
milyon dollar köçürülməsi barədə qərara
görə, İlham Heydər oğlu, Sizə, Azərbaycan
xalqına təşəkkürümü bildirmək istəyirəm.
Bu da xalqlarımız arasında qırılmaz əlaqələrin
dar gündə də, Ukrayna sakinlərinin təhlükəsizliyi,
25 il əvvəl baş vermiş faciə
ilə bilavasitə bağlı qərar qəbul etmək
vaxtı çatanda da özünü büruzə verməsinin
parlaq nümunəsidir. Bu faciə indi də
Ukrayna xalqını böyük gərginlikdə saxlayır.
Çünki biz o faciənin nəticələrinə
görə təkcə qonşu ölkələr
qarşısında deyil, həm də Avropa
qarşısında, bütün dünya qarşısında
məsuliyyət hiss edirik. Biz bilirik ki, bu
layihə artıq 2015-ci ildən sonra Çernobıl qəzasının
nəticələrini birdəfəlik aradan qaldırmağa,
başqa sözlə, qəzalı bloku söküb nüvə
yanacağının qalıqlarını oradan
çıxarmağa imkan verəcəkdir. Buna görə də Sizə çox böyük təşəkkürümü
bildirir, Azərbaycan xalqı qarşısında baş əyirəm.
Çox sağ olun.
* * *
Sonra dövlət
başçıları jurnalistlərin suallarını
cavablandırdılar.
- Hörmətli prezidentlər,
maye qaz barədə razılaşmanı bir qədər
konkretləşdirə bilərdinizmi? Məsələn,
Ukraynada terminalın necə inşa ediləcəyi məsələsində
artıq indi aydınlıq vardırmı? Bu işə sərmayə qoyulacaq, yoxsa dövlətlərin
hesabına tikiləcəkdir? Azərbaycan
bu terminalı qazla təmin edə bilərmi və o, rəqabətə
davamlı olacaqdırmı?
Prezident İlham ƏLİYEV:
Bu barədə sənəd bu ilin yanvar ayında Davosda Viktor
Fyodoroviçlə görüşümüz zamanı
imzalanmışdır. O qədər də çox vaxt
keçməmişdir və indi biz bu mövzuda ciddi məsləhətləşmələrə
başlayırıq. Əlbəttə, sizin
dediyiniz məsələlər bu layihənin həyata
keçirilməsi baxımından çox böyük əhəmiyyət
kəsb edir. Çünki bu layihəni həyata
keçirmək üçün bütün texniki, kommersiya,
hüquq məsələləri həll edilməlidir. Bizim diskussiyalar zamanı gördük ki, ukraynalı
tərəfdaşlarımız bu layihəni həyata
keçirməyə çox səy edirlər. Bu layihə Ukrayna tərəfinin təşəbbüsü
ilə başlanmışdır. Bu onu
göstərir ki, Ukrayna bu layihənin həyata keçirilməsində,
eləcə də təchizat mənbələrinin şaxələndirilməsində
maraqlıdır. Buna görə bu gün
biz ölkələrimizin nazirlikləri, həmçinin
şirkətlər səviyyəsində bu mövzuda fəal
məsləhətləşmələr aparırıq və
düşünürəm ki, bu məsləhətləşmələrin
nəticəsi artıq konkret təkliflər və
texniki-iqtisadi əsaslandırmalar olacaqdır. Bu sənədlərdə məhz mənim dediyim məqam
- layihənin kommersiya tərəfi, təchizatın həcmi,
nəqliyyat amili, bu qazın çatdırılması
üçün zəruri vasitələr öz əksini
tapacaqdır. Bildiyiniz kimi, burada da müxtəlif
variantlar vardır. Ona görə də biz
bunu perspektivli layihə hesab edirik və biz onun həyata
keçirilməsi ilə əlaqədar proseslərdə fəal
iştirak edəcəyik.
Təchizatın
həcmi məsələsinə gəldikdə, burada, yəqin
ki, bizim malik olduğumuz rəqəmləri göstərmək
kifayətdir, mən həcm göstəricilərini nəzərdə
tuturam. Azərbaycanda
təbii qazın təsdiqlənmiş ehtiyatlarının həcmi
2,2 trilyon kubmetrə bərabərdir. Yaxın gələcəkdə
planlaşdırılan investisiyaların məbləği
milyardlarla, bəlkə də 10 milyardlarla dollar ilə
ölçülür. Bu, hasilatı
artırmağımıza imkan verəcəkdir və təbii
ki, biz təchizatın şaxələndirilməsində
maraqlıyıq. Bu gün biz qaz
ehtiyatlarımızı qonşu ölkələrə nəql
edirik. Əlbəttə, biz bu ənənəvi
bazarlara təchizatın artırılmasında, eləcə də
yeni bazarlara çıxmaqda maraqlıyıq. İstehlakçı ölkələr yeni mənbələrdə
maraqlı olduğu kimi, istehsalçı ölkələr də
yeni bazarlarda maraqlıdırlar. Burada
istehlakçıların və istehsalçıların
maraqları üst-üstə düşür. Bizim halda bu maraqlar tamamilə üst-üstə
düşür. Buna görə də
düşünürəm ki, biz lap yaxın vaxtlarda bu
mövzuda fəal silsilə məsləhətləşmələr
aparacağıq və onda artıq bu məsələdə
daha çox aydınlıq olacaqdır.
- Mənim sualım hər
iki prezidentədir. Energetika sahəsində Azərbaycan
ilə Ukrayna arasında əməkdaşlıq uğurla
inkişaf edir. Qeyri-neft sektorunda da ölkələrimiz
arasında münasibətlərin inkişaf etdirilməsi
üçün böyük imkanlar vardır. Siz bu sahədə əməkdaşlığın
perspektivlərini necə qiymətləndirirsiniz?
Prezident İlham ƏLİYEV:
Bu gün biz bu məsələləri çox fəal
müzakirə etmişik və Prezidentlər
Şurasının iclasında bu məsələ
diskussiyalarımızın bir hissəsi olmuşdur. Əlbəttə, energetika sahəsində əməkdaşlıqla
əlaqədar məsələlər xüsusi maraq
doğurur. Lakin biz
iqtisadiyyatlarımızı da şaxələndirməli, əmtəə
dövriyyəsinin strukturuna da nəzər salmalıyıq.
Hökumətlərarası komissiyanın həmsədrləri
bizə bu gün məruzə etdilər ki, bizim Ukraynaya
ixracın mütləq əksəriyyəti neft və neft məhsullarıdır.
Bu, özlüyündə yaxşı amildir.
Lakin biz əlbəttə, istərdik ki,
ixracın nomenklaturu daha çox şaxələnsin. Xüsusən ona görə ki, Azərbaycanda
iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət
verilir. Emal sənayesi inkişaf edir, sənaye
istehsalı artır. Buna görə də
mən düşünürəm ki, hökumətlərarası
komissiyanın bu yaxınlarda Bakıda keçirilmiş
iclası çərçivəsində bu məsələ
müzakirə olunmuşdur və bizim necə əməkdaşlıq
edə biləcəyimizin konkret yolları müəyyən
ediləcəkdir.
Bu gün
müzakirə etdiyimiz məsələlərdən, qeyri-neft
sektorunda əlaqələrin konkret istiqamətlərindən hərbi-texniki
sahədə əməkdaşlığın adını
çəkmək istərdim. Bu barədə mən
artıq danışdım. Burada da bizim
bir neçə komponentimiz vardır - alışlar, birgə
istehsal, habelə müştərək araşdırmalar.
Bundan əlavə, biz bu gün aerokosmik sahədə
əməkdaşlığın perspektivlərini də
müzakirə etdik. Burada Ukraynanın da
çox böyük potensialı və bu sahədə ənənələri
vardır, Azərbaycan da bu sahəni inkişaf etdirməyi
çox arzulayır. Bizim kosmik məsələlər
üzrə agentlik yaratdığımızı, kosmik sənaye
yaratmaqda olduğumuzu və gələn ilin sonuna qədər
ilk telekommunikasiya peyki buraxacağımızı nəzərə
alsaq, bu sahə bizim üçün prioritet sahələrdən
birinə çevrilir.
Zənnimcə,
qeyri-neft sektorunda bu iki istiqamət üstünlük təşkil
edəcəkdir. Əlbəttə, kənd təsərrüfatı
malları, kənd təsərrüfatı məhsulları
istehsalı, emal məhsulları istehsalı sahəsində də
böyük perspektivlər vardır. Biz
müştərək istehsalatlar yaratmaq, həm ixracın, həm
də idxalın nomenklaturunu genişləndirmək barədə
fikirləşirik.
Prezident Viktor YANUKOVİÇ: Mən vurğulamaq istərdim ki, Ukraynada Azərbaycana ixracın strukturunda məhsulların spektri çox genişdir və bunlar əsasən əlavə dəyər səviyyəsi yüksək olan məhsullardır. Buraya maşınqayırma, elektrotexnika məhsulları, Ukrayna ilə Azərbaycan arasında onilliklər boyu əlaqələri olan iqtisadiyyatın ənənəvi sahələrinin məhsulları daxildir. Lakin bu gün biz artıq o barədə danışırıq ki, bu məhsulun bir qismini Azərbaycanda buraxmaq olar. Biz bu məsələləri müzakirə etmişik və gələcəkdə bu strategiyaya riayət edəcəyik. Yəni Azərbaycan ərazisində müştərək müəssisələr yaradacağıq ki, gələcəkdə bu texnikaya xidmət etmək, servis xidmətləri göstərmək, Ukraynada istehsal edilən, Azərbaycanda istehsal etməyin mənası olmayan dəstləşdirmə məmulatlarından qismən istifadə etməklə məhsul istehsal etmək mümkün olsun. Dəstləşdirici məmulatların müəyyən hissəsi isə Azərbaycanda istehsal ediləcəkdir.
Bir daha təkrar edirəm, bu məhsulların spektri çox genişdir. İlham Heydər oğlu çox məsələlər haqqında danışdı, mən isə, əlbəttə, əlavə edə bilərəm ki, Azərbaycanda işləyə biləcək kənd təsərrüfatı texnikasının, Ukraynada istehsal edilən müxtəlif markalı avtomobillərin buraxılışı məsələlərini də müzakirə etməyə dəyər və bu gün həmin avtomobillər Azərbaycanda istismar edilir. Lakin biz onları burada yığa bilərik və bu, təkcə Azərbaycan üçün deyil, bizim həmin texnika ilə təmin etdiyimiz bütün Xəzər regionu üçün maraqlı olacaqdır.
Əlbəttə, bütövlükdə əməkdaşlığımız bizim iqtisadiyyatların bir-birini qarşılıqlı tamamlamasına və ölkələrimizdə mövcud olan ənənəvi istiqamətlərin rəqabət qabiliyyətini təmin etməyə yönəlmişdir. Bundan əlavə, əlbəttə, bu gün biz düşünürük ki, Ukraynada olan potensialımız azərbaycanlı həmkarlarımız, tərəfdaşlarımız üçün tam həcmdə istifadə edilə bilsin. Təbii ki, İlham Heydər oğlu ilə biz Azərbaycan məhsullarının Ukraynaya göndərilməsi barədə də danışdıq. Hazırda biz yanacaqdoldurma stansiyaları tikirik. Bu, bizim marağımıza uyğundur. Biz, həmçinin Ukrayna ərazisində neft emalı zavodunun tikilməsi, ola bilsin ki, alınması, modernləşdirilməsi məsələlərini də müzakirə edirik. Perspektiv baxımından bu, tamamilə real və maraqlıdır. Əlbəttə, xammal satışından əlavə, onu bizdə, Ukrayna ərazisində emal etmək də maraqlıdır. Buna görə də münasibətlərimizin əsasını təşkil edən etimad, dostcasına qarşılıqlı anlaşma qərarlar qəbul edilməsini və yaxın müddət üçün nəzərdə tutduğumuz işlərin yerinə yetirilməsini müəyyən dərəcədə sürətləndirəcəkdir. Hesab edirəm ki, bizim bu işlərin sürətini yalnız artırmaq perspektivi vardır. Bu gün həmin sürət optimaldır, münasibətlərimiz üçün əlverişlidir və güman edirəm ki, biz münasibətlərdə bu vəziyyəti uzun müddət qoruyub saxlayacağıq.
AzərTAc
Azərbaycan.- 2011.-29 aprel.- S. 2.