Azərbaycan və Ukrayna prezidentlərinin
birgə mətbuat konfransı
Aprelin 28-də Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olmuşdur.
Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Çox hörmətli Viktor Fyodoroviç!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Viktor Fyodoroviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Bu, Sizin Ukrayna Prezidenti kimi ölkəmizə ilk səfərinizdir. Mən şadam ki, səfər çox uğurlu keçir, bu gün aparılan danışıqlar, fikir mübadiləsi bir daha ölkələrimizin və xalqlarımızın, dövlətlərimizin mövqelərinin nə qədər yaxın olduğunu göstərir.
Ölkələrimiz arasında ənənəvi çox mehriban dostluq münasibətləri mövcud olmuşdur. Hazırda bu münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoymuş, konkret məzmun kəsb etmişdir. Münasibətlərimiz dinamizmi və əlaqələrimizi bütün istiqamətlərdə inkişaf etdirmək üçün qarşılıqlı əzmlə fərqlənir.
Siyasi baxımdan çox fəal dialoq aparırıq. Biz daim əlaqədəyik və rəsmi səfərlər mübadiləsi ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyəsindən xəbər verir. Mən ötən ilin sonlarında Ukraynaya rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Təbii ki, qarşılıqlı səfərlər ölkələrimizin yaxınlaşmasına kömək edir. Biz, həmçinin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. BMT, ATƏT, Avropa Şurası, MDB və digər beynəlxalq təşkilatlarda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir.
Bu gün biz iqtisadi, siyasi sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı çox geniş müzakirələr apardıq. Mən Ukrayna Prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə məlumat verdim. Münaqişənin həllində prinsipial mövqeyinə görə Ukraynaya təşəkkürümü bildirmək istəyirəm. Bu mövqe bu gün imzalanan Birgə Bəyanatda da öz əksini tapmışdır. Bəyanatda deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ərazi bütövlüyü, suverenlik və dövlətlərin sərhədlərinin pozulmazlığı prinsipləri nəzərə alınmaqla nizama salınmalıdır.
Bu gün biz Prezidentlər Şurasının iclasında münasibətlərimizin iqtisadi hissəsini də müzakirə etdik, yaxşı rəqəmlər, nəticələr, əmtəə dövriyyəsinin artmasını gördük. Əlbəttə, əmtəə dövriyyəsinin sürətlə artması böyük nikbinlik və ümid doğurur.
Bizim şirkətlər tərəfindən artıq həyata keçirilən investisiya layihələri də vardır. Əminəm ki, yaxın vaxtlarda onların həcmi artacaqdır.
Hərbi-texniki sahədə əməkdaşlıq da ənənəvi formata malikdir. Bu gün biz iqtisadiyyatın bu mühüm seqmentində yeni keyfiyyət səviyyəsinə çıxırıq, əməkdaşlığın istiqamətlərini genişləndiririk. Əminəm ki, bu gün mövcud olan təcrübə qarşılıqlı faydalı hərbi-texniki əməkdaşlığı çox fəal inkişaf etdirməyə imkan verəcəkdir. Bu əməkdaşlıq həm də birgə tədqiqatları və müştərək istehsalı nəzərdə tutur.
Energetika sahəsində əməkdaşlıq münasibətlərimizin mühüm tərkib hissəsidir. Burada işlərimiz çox uğurla gedir. Bu artımın nə qədər sürətli olmasını görmək üçün Azərbaycandan Ukraynaya neft və neft məhsulları satışının həcminə dair keçən ilin statistikasına nəzər salmaq kifayətdir. Təkcə keçən il Ukraynaya təqribən 1,5 milyon ton Azərbaycan nefti nəql edilmişdir. Bu, ölkələrimiz arasında fəal və çox səmərəli əməkdaşlığın nəticəsi olan yeni layihədir. Bu məsələ uzun illər boyu diskussiya mərhələsində olmuşdur. Bu gün o, artıq özünün konkret həllini tapmışdır.
Bu ilin yanvar ayında biz, iki prezident Azərbaycanın maye qazının Ukrayna ərazisinə nəql edilməsi haqqında sənəd də imzalamışıq. Biz bu layihəyə böyük əhəmiyyət veririk və bu gün həmin mövzuda məsləhətləşmələr aparılır. Bizim çox zəngin qaz ehtiyatlarımız vardır və biz qaz satışının coğrafiyasını şaxələndirməyə çalışırıq. Zənnimcə, bu da ukraynalı tərəfdaşlarımız üçün maraq doğurur.
Başqa sözlə desək, bugünkü müzakirələrin və Prezidentlər Şurasının iclasının yekunları çox sanballıdır. Bir daha deyirəm, bu nəticələr konkret, praqmatik, realist olmaqla möhkəm siyasi və humanitar əlaqələrə əsaslanır.
Dostumuz Viktor Fyodoroviç Yanukoviçi ölkəmizdə qəbul etmək mənə çox xoşdur. Ölkəmizə Sizin sonuncu səfərinizi xatırlayıram, o vaxt Siz Baş nazir idiniz. O vaxtdan beş il keçmişdir. Lakin bütün bu illər ərzində əlaqələrimiz, münasibətlərimiz davam etmişdir. Bu gün bu münasibətlər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə çox cəhətdən kömək edir.
Bir daha xoş gəlmisiniz,
Viktor Fyodoroviç.
Ukrayna Prezidenti Viktor Yanukoviçin bəyanatı
- Hörmətli İlham Heydər
oğlu!
Ukraynanın və Azərbaycan
Respublikasının nümayəndə heyətlərinin
hörmətli üzvləri!
Azərbaycan
Respublikasının və Ukraynanın Prezidentləri
Şurasının növbəti, üçüncü
iclası indicə başa çatmışdır. Bundan əvvəl
İlham Heydər oğlu ilə təkbətək formatda bir
sıra məsələləri müzakirə etmişik. Biz indicə
İlham Heydər oğlunun dediyi məsələlərin
praktiki olaraq bütün spektrini, birgə
planlarımızın həyata keçirilməsi mexanizmlərini
çox ətraflı müzakirə etməyə müvəffəq
olduq. Hörmətli İlham Heydər oğlu, demək istəyirəm
ki, Bakının yeniləşmiş görkəmi məni
ürəkdən sevindirir. Biz Bakıya gələn kimi imkan
tapıb həmkarlarımızla fikir mübadiləsi
apardıq. Çünki mənim kimi, burada iştirak edənlərin
əksəriyyəti son beş ildə Bakıda
olmamışdır. Biz gördük ki, müxtəlif
informasiya məlumatlarında, statistik nəşrlərdə deyilən
tərəqqi göz qabağındadır. Bunlar onu göstərir
ki, Azərbaycan iqtisadiyyatı ilbəil çox yüksək
sürətlə inkişaf edir. Bizim üçün bu, hər
hansı kəskin daxili və xarici siyasi dəyişiklikləri
qəbul etməyən dövlət idarəçiliyi
sisteminin necə səmərəli işləyə bilməsini
göstərən əyani nümunədir. Yəni sabitlik
dövlətin inkişafının əsasıdır.
Əlbəttə, mənə
çox xoşdur ki, Azərbaycanın Ukraynaya münasibətdə
siyasəti də bu sabitliyin tərkib hissəsidir. Bu ənənələr
hələ Heydər Əliyevlə başlanmışdır.
Ukrayna üçün çox ağır illərdə Heydər
Əliyev bizə kömək əlini uzatmışdır. O
vaxt, 1990-cı illərdə Ukraynada yanacaq-sürtkü
materialları yox idi. Azərbaycan həmin məhsulların əldə
olunmasında Ukraynaya kömək etdi və biz ölkəmizdə
kənd təsərrüfatı işlərini yanacaqla təmin
etdik və bütövlükdə ölkəyə, necə
deyərlər, bir udum oksigen verdik. Ukrayna xalqı bunu unutmur,
Heydər Əliyevin ruhu şad olsun.
Ölkələrimiz
arasında münasibətlərin əsasını təşkil
edən ənənələr davam edir. Lakin əgər bu
gün ölkələrimizin bu qədər böyük potensiala
malik olduğu bir şəraitdə xalqlarımızın həyatını
yaxşılaşdırmağın əsası olan
iqtisadiyyatın səviyyəsini xeyli artırmaq vəzifəsini
qarşıya qoymasaq, yəqin ki, haqlı olmarıq.
Ötənilki əmtəə
dövriyyəsi ölkələrimizin müstəqillik
qazandığı bütün illər içərisində
görünməmiş səviyyədir. Bu il Ukrayna da, Azərbaycan
da müstəqilliklərinin 20-ci ildönümünü qeyd
edəcəkdir. Biz ötən il parlaq nümunə göstərdik,
əmtəə dövriyyəsi elə səviyyəyə
qalxdı ki, Ukrayna hazırda Azərbaycanla bu göstərici
üzrə ikinci yeri tutur. Mən bu gün bunu artıq ikinci dəfədir
deyirəm. Bu, bizim üçün xoşdur. Əlbəttə,
razılaşmalarımızı yerinə yetirməyimiz,
onlara əməl etməyimiz çox vacibdir. Nəhayət,
Odessa-Brodı neft kəməri işə düşdü. Əlbəttə,
onun Baltik dənizinə qədər uzadılması vacibdir. Yəqin
ki, biz bu məsələni yaxın gələcəkdə necə
həll etmək barədə düşünməliyik. Biz bu
məsələni İlham Heydər oğlu ilə müzakirə
etmişik. Biz neft kəmərinin Baltik dənizinədək
çatması üzərində işləyəcəyik. Mən
planlarımızın təfsilatları barədə
danışmayacağam. Lakin biz gözəl başa
düşürük ki, mövcud imkanları mütləq
birlikdə həyata keçirməliyik.
İlham Heydər oğlu məni,
demək olar ki, bir çox digər məsələlər barədə
danışmaq imkanından məhrum etdi. Çünki o,
çox şey barədə danışdı. Təkcə
onu əlavə edə bilərəm ki, birgə həyata
keçirmək barədə razılığa gəldiyimiz
müştərək sərmayə layihələri əlli-əlliyə
gerçəkləşdiriləcəkdir. Bu layihələri
birlikdə maliyyələşdirmək nəzərdə
tutulmuşdur. Bu isə o, deməkdir ki, inşa edəcəyimiz
obyektlər, hansı ərazidə tikilməsindən
asılı olmayaraq, dövlətlərimizin - Azərbaycan
Respublikasının və Ukraynanın birgə mülkiyyəti
olacaqdır. Bu, etimadın ən yüksək səviyyəsidir
və əlbəttə, düşünürəm ki, biz əvvəlcə
birlikdə layihələşdirib, sonra həyata keçirsək,
səmərəlilik daha da artar.
Bizim artıq indi nəzərdən
keçirdiyimiz bir sıra layihələr təkcə layihələşdirməyə
deyil, həm də müxtəlif elmi tədqiqatlara, yeni
texnologiyaların inkişafı sahəsinə, elmi-təcrübə
bazalarımızın, elmi-tədqiqat təşkilatlarının
fəaliyyətinə aiddir. Bunlar ən yaxın gələcəkdə
həyata keçirəcəyimiz planlardır. Bu gün biz belə
müqavilələr imzaladıq. Başqa sözlə, birgə
qərarlarımızın səmərəliliyi bu gün
imzaladığımız 2014-2015-ci illərədək olan
dövr üçün planların əsasını təşkil
edir. Orada müxtəlif sənədlər vardır.
Mən həm də Azərbaycan
torpağında bizə göstərdiyiniz çox
böyük qonaqpərvərliyə, əlbəttə, qərarların
qəbul edilməsində və həyata keçirilməsində
operativliyə görə nümayəndə heyətimiz
adından təşəkkürümü bildirmək istəyirəm.
Bu, ikitərəfli münasibətlərimiz üçün
səciyyəvidir.
Əlbəttə,
qarşıda bizi müxtəlif beynəlxalq təşkilatlarda
birgə fəaliyyətimizin əlaqələndirilməsinə
dair böyük iş gözləyir. Bu, iqtisadiyyatın
qloballaşdırılması, müxtəlif texnogen qəzaların
nəticələrinin aradan qaldırılması şəraitində
çox vacibdir. Bununla əlaqədar, Çernobıl Atom
Elektrik Stansiyasında "Örtük" layihəsinin həyata
keçirilməsi üçün Çernobıl Fonduna bir
milyon dollar köçürülməsi barədə qərara
görə, İlham Heydər oğlu, Sizə, Azərbaycan
xalqına təşəkkürümü bildirmək istəyirəm.
Bu da xalqlarımız arasında qırılmaz əlaqələrin
dar gündə də, Ukrayna sakinlərinin təhlükəsizliyi,
25 il əvvəl baş vermiş faciə ilə bilavasitə
bağlı qərar qəbul etmək vaxtı çatanda da
özünü büruzə verməsinin parlaq nümunəsidir.
Bu faciə indi də Ukrayna xalqını böyük gərginlikdə
saxlayır. Çünki biz o faciənin nəticələrinə
görə təkcə qonşu ölkələr
qarşısında deyil, həm də Avropa
qarşısında, bütün dünya qarşısında
məsuliyyət hiss edirik. Biz bilirik ki, bu layihə artıq
2015-ci ildən sonra Çernobıl qəzasının nəticələrini
birdəfəlik aradan qaldırmağa, başqa sözlə, qəzalı
bloku söküb nüvə yanacağının
qalıqlarını oradan çıxarmağa imkan verəcəkdir.
Buna görə də Sizə çox böyük təşəkkürümü
bildirir, Azərbaycan xalqı qarşısında baş əyirəm.
Çox sağ olun.
* * *
Sonra dövlət
başçıları jurnalistlərin suallarını
cavablandırdılar.
- Hörmətli prezidentlər,
maye qaz barədə razılaşmanı bir qədər
konkretləşdirə bilərdinizmi? Məsələn,
Ukraynada terminalın necə inşa ediləcəyi məsələsində
artıq indi aydınlıq vardırmı? Bu işə sərmayə
qoyulacaq, yoxsa dövlətlərin hesabına tikiləcəkdir?
Azərbaycan bu terminalı qazla təmin edə bilərmi və
o, rəqabətə davamlı olacaqdırmı?
Prezident İlham ƏLİYEV:
Bu barədə sənəd bu ilin yanvar ayında Davosda Viktor
Fyodoroviçlə görüşümüz zamanı
imzalanmışdır. O qədər də çox vaxt
keçməmişdir və indi biz bu mövzuda ciddi məsləhətləşmələrə
başlayırıq. Əlbəttə, sizin dediyiniz məsələlər
bu layihənin həyata keçirilməsi baxımından
çox böyük əhəmiyyət kəsb edir.
Çünki bu layihəni həyata keçirmək
üçün bütün texniki, kommersiya, hüquq məsələləri
həll edilməlidir. Bizim diskussiyalar zamanı gördük
ki, ukraynalı tərəfdaşlarımız bu layihəni həyata
keçirməyə çox səy edirlər. Bu layihə
Ukrayna tərəfinin təşəbbüsü ilə
başlanmışdır. Bu onu göstərir ki, Ukrayna bu
layihənin həyata keçirilməsində, eləcə də
təchizat mənbələrinin şaxələndirilməsində
maraqlıdır. Buna görə bu gün biz ölkələrimizin
nazirlikləri, həmçinin şirkətlər səviyyəsində
bu mövzuda fəal məsləhətləşmələr
aparırıq və düşünürəm ki, bu məsləhətləşmələrin
nəticəsi artıq konkret təkliflər və
texniki-iqtisadi əsaslandırmalar olacaqdır. Bu sənədlərdə
məhz mənim dediyim məqam - layihənin kommersiya tərəfi,
təchizatın həcmi, nəqliyyat amili, bu qazın
çatdırılması üçün zəruri vasitələr
öz əksini tapacaqdır. Bildiyiniz kimi, burada da müxtəlif
variantlar vardır. Ona görə də biz bunu perspektivli layihə
hesab edirik və biz onun həyata keçirilməsi ilə əlaqədar
proseslərdə fəal iştirak edəcəyik.
Təchizatın həcmi məsələsinə
gəldikdə, burada, yəqin ki, bizim malik olduğumuz rəqəmləri
göstərmək kifayətdir, mən həcm göstəricilərini
nəzərdə tuturam. Azərbaycanda təbii qazın təsdiqlənmiş
ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə bərabərdir.
Yaxın gələcəkdə planlaşdırılan
investisiyaların məbləği milyardlarla, bəlkə də
10 milyardlarla dollar ilə ölçülür. Bu,
hasilatı artırmağımıza imkan verəcəkdir və
təbii ki, biz təchizatın şaxələndirilməsində
maraqlıyıq. Bu gün biz qaz ehtiyatlarımızı
qonşu ölkələrə nəql edirik. Əlbəttə,
biz bu ənənəvi bazarlara təchizatın
artırılmasında, eləcə də yeni bazarlara
çıxmaqda maraqlıyıq. İstehlakçı ölkələr
yeni mənbələrdə maraqlı olduğu kimi,
istehsalçı ölkələr də yeni bazarlarda
maraqlıdırlar. Burada istehlakçıların və
istehsalçıların maraqları üst-üstə
düşür. Bizim halda bu maraqlar tamamilə üst-üstə
düşür. Buna görə də düşünürəm
ki, biz lap yaxın vaxtlarda bu mövzuda fəal silsilə məsləhətləşmələr
aparacağıq və onda artıq bu məsələdə
daha çox aydınlıq olacaqdır.
- Mənim sualım hər
iki prezidentədir. Energetika sahəsində Azərbaycan ilə
Ukrayna arasında əməkdaşlıq uğurla inkişaf
edir. Qeyri-neft sektorunda da ölkələrimiz arasında
münasibətlərin inkişaf etdirilməsi
üçün böyük imkanlar vardır. Siz bu sahədə
əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
Prezident İlham ƏLİYEV:
Bu gün biz bu məsələləri çox fəal
müzakirə etmişik və Prezidentlər
Şurasının iclasında bu məsələ
diskussiyalarımızın bir hissəsi olmuşdur. Əlbəttə,
energetika sahəsində əməkdaşlıqla əlaqədar
məsələlər xüsusi maraq doğurur. Lakin biz
iqtisadiyyatlarımızı da şaxələndirməli, əmtəə
dövriyyəsinin strukturuna da nəzər salmalıyıq.
Hökumətlərarası komissiyanın həmsədrləri
bizə bu gün məruzə etdilər ki, bizim Ukraynaya
ixracın mütləq əksəriyyəti neft və neft məhsullarıdır.
Bu, özlüyündə yaxşı amildir. Lakin biz əlbəttə,
istərdik ki, ixracın nomenklaturu daha çox şaxələnsin.
Xüsusən ona görə ki, Azərbaycanda iqtisadiyyatın
qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət
verilir. Emal sənayesi inkişaf edir, sənaye istehsalı
artır. Buna görə də mən düşünürəm
ki, hökumətlərarası komissiyanın bu yaxınlarda
Bakıda keçirilmiş iclası çərçivəsində
bu məsələ müzakirə olunmuşdur və bizim necə
əməkdaşlıq edə biləcəyimizin konkret
yolları müəyyən ediləcəkdir.
Bu gün müzakirə
etdiyimiz məsələlərdən, qeyri-neft sektorunda əlaqələrin
konkret istiqamətlərindən hərbi-texniki sahədə əməkdaşlığın
adını çəkmək istərdim. Bu barədə mən
artıq danışdım. Burada da bizim bir neçə
komponentimiz vardır - alışlar, birgə istehsal, habelə
müştərək araşdırmalar. Bundan əlavə,
biz bu gün aerokosmik sahədə əməkdaşlığın
perspektivlərini də müzakirə etdik. Burada Ukraynanın
da çox böyük potensialı və bu sahədə ənənələri
vardır, Azərbaycan da bu sahəni inkişaf etdirməyi
çox arzulayır. Bizim kosmik məsələlər üzrə
agentlik yaratdığımızı, kosmik sənaye yaratmaqda
olduğumuzu və gələn ilin sonuna qədər ilk
telekommunikasiya peyki buraxacağımızı nəzərə
alsaq, bu sahə bizim üçün prioritet sahələrdən
birinə çevrilir.
Zənnimcə, qeyri-neft
sektorunda bu iki istiqamət üstünlük təşkil edəcəkdir.
Əlbəttə, kənd təsərrüfatı malları,
kənd təsərrüfatı məhsulları istehsalı,
emal məhsulları istehsalı sahəsində də
böyük perspektivlər vardır. Biz müştərək
istehsalatlar yaratmaq, həm ixracın, həm də idxalın
nomenklaturunu genişləndirmək barədə fikirləşirik.
Prezident Viktor YANUKOVİÇ: Mən vurğulamaq istərdim ki, Ukraynada Azərbaycana ixracın strukturunda məhsulların spektri çox genişdir və bunlar əsasən əlavə dəyər səviyyəsi yüksək olan məhsullardır. Buraya maşınqayırma, elektrotexnika məhsulları, Ukrayna ilə Azərbaycan arasında onilliklər boyu əlaqələri olan iqtisadiyyatın ənənəvi sahələrinin məhsulları daxildir. Lakin bu gün biz artıq o barədə danışırıq ki, bu məhsulun bir qismini Azərbaycanda buraxmaq olar. Biz bu məsələləri müzakirə etmişik və gələcəkdə bu strategiyaya riayət edəcəyik. Yəni Azərbaycan ərazisində müştərək müəssisələr yaradacağıq ki, gələcəkdə bu texnikaya xidmət etmək, servis xidmətləri göstərmək, Ukraynada istehsal edilən, Azərbaycanda istehsal etməyin mənası olmayan dəstləşdirmə məmulatlarından qismən istifadə etməklə məhsul istehsal etmək mümkün olsun. Dəstləşdirici məmulatların müəyyən hissəsi isə Azərbaycanda istehsal ediləcəkdir.
Bir daha təkrar edirəm, bu məhsulların spektri çox genişdir. İlham Heydər oğlu çox məsələlər haqqında danışdı, mən isə, əlbəttə, əlavə edə bilərəm ki, Azərbaycanda işləyə biləcək kənd təsərrüfatı texnikasının, Ukraynada istehsal edilən müxtəlif markalı avtomobillərin buraxılışı məsələlərini də müzakirə etməyə dəyər və bu gün həmin avtomobillər Azərbaycanda istismar edilir. Lakin biz onları burada yığa bilərik və bu, təkcə Azərbaycan üçün deyil, bizim həmin texnika ilə təmin etdiyimiz bütün Xəzər regionu üçün maraqlı olacaqdır.
Əlbəttə, bütövlükdə əməkdaşlığımız bizim iqtisadiyyatların bir-birini qarşılıqlı tamamlamasına və ölkələrimizdə mövcud olan ənənəvi istiqamətlərin rəqabət qabiliyyətini təmin etməyə yönəlmişdir. Bundan əlavə, əlbəttə, bu gün biz düşünürük ki, Ukraynada olan potensialımız azərbaycanlı həmkarlarımız, tərəfdaşlarımız üçün tam həcmdə istifadə edilə bilsin. Təbii ki, İlham Heydər oğlu ilə biz Azərbaycan məhsullarının Ukraynaya göndərilməsi barədə də danışdıq. Hazırda biz yanacaqdoldurma stansiyaları tikirik. Bu, bizim marağımıza uyğundur. Biz, həmçinin Ukrayna ərazisində neft emalı zavodunun tikilməsi, ola bilsin ki, alınması, modernləşdirilməsi məsələlərini də müzakirə edirik. Perspektiv baxımından bu, tamamilə real və maraqlıdır. Əlbəttə, xammal satışından əlavə, onu bizdə, Ukrayna ərazisində emal etmək də maraqlıdır. Buna görə də münasibətlərimizin əsasını təşkil edən etimad, dostcasına qarşılıqlı anlaşma qərarlar qəbul edilməsini və yaxın müddət üçün nəzərdə tutduğumuz işlərin yerinə yetirilməsini müəyyən dərəcədə sürətləndirəcəkdir. Hesab edirəm ki, bizim bu işlərin sürətini yalnız artırmaq perspektivi vardır. Bu gün həmin sürət optimaldır, münasibətlərimiz üçün əlverişlidir və güman edirəm ki, biz münasibətlərdə bu vəziyyəti uzun müddət qoruyub saxlayacağıq.
AzərTAc
Azərbaycan.- 2011.-29 aprel.- S. 2.