Azərbaycan Prezidenti İlham Əliyev
ABŞ Konqresində Azərbaycan üzrə işçi
qrupunun həmsədri Bill Şusterin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, Konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətinin tərkibinə Nyu-Cersi ştatından respublikaçı, Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Veteranlar məsələləri üzrə komitələrin üzvü Con Runian, İllinoys ştatından respublikaçı, Enerji və Ticarət komitələrinin üzvü Adam Kinzinger, Viskonsin ştatından respublikaçı, Maliyyə Xidmətləri və İqtisadiyyat komitələrinin üzvü Şon Daffi, Luiziana ştatından demokrat, Milli Təhlükəsizlik və Kiçik Biznes komitələrinin üzvü Sedrik Riçmond, Konnektikut ştatından demokrat, Xarici Əlaqələr, Nəzarət və Hökumət İslahatları komitələrinin üzvü Kristofer Mörfi daxildirlər.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, energetika sahəsində həyata keçirilən əməkdaşlıq və digər sahələrdə əlaqələrin bugünkü vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı və beynəlxalq antiterror əməliyyatlarının həyata keçirilməsi işinə verdiyi töhfə qeyd olunmuşdur.
Görüşdə, həmçinin regional məsələlərə də toxunulmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.-29 aprel.- S. 3.