Astanada TürkPA-nın ikinci plenar
iclası başa çatmışdır
Aprelin 28-də Astanadakı "Sülh və Həmrəylik" sarayında tükdilli ölkələrin müstəqilliklərinin 20 illiyinə həsr edilmiş TürkPA-nın ikinci plenar iclası başa çatmışdır.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri Oqtay Əsədovun, Mehmet Əli Şahinin, Ural Muxamedcanovun, Axmatbek Keldibekovun və TürkPA-nın baş katibi Ramil Həsənovun rəhbərlikləri ilə nümayəndə heyətləri iştirak etmişlər.
Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muxamedcanov qonaqları salamlamış, Prezident Nursultan Nazarbayevin iclas iştirakçılarına məktubu oxunmuşdur. Məclisin sədri bildirmişdir ki, dünənki iclasda qurumun emblemi və bayrağı, parlament kitabxanalarının yaradılması, TürkPA-nın reqlamentinə əlavə və dəyişikliklərin edilməsi, yeni komissiyaların yaradılması və digər məsələləri müzakirə etmişdir.
Sonra U.Muxamedcanov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevlə dostluğundan danışmışdır. Qeyd etmişdir ki, Lev Qumilyov adına Avrasiya Milli Universitetində bu böyük siyasətçinin həyatı və fəaliyyəti ilə bağlı muzey fəaliyyət göstərir.
Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov ulu öndər Heydər Əliyevin türkdilli xalqlar arasında əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır. Azərbaycanın sosial-iqtisadi inkişafından danışan Milli Məclisin Sədri bildirmişdir ki, ölkəmizdə dünya maliyyə-iqtisadi böhranının fəsadları uğurla dəf olunmuş, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və səmərəli siyasət ölkə iqtisadiyyatının sürətli və dinamik inkişafını təmin etmişdir.
Oqtay Əsədov demişdir: "Bu gün Cənubi Qafqaz ölkələrində yaradılan ümumi daxili məhsulun yarıdan çoxu Azərbaycanın payına düşür. Son 10 ildə Azərbaycanın dövlət büdcəsinin həcmi 16 dəfə artmış, xarici ticarət dövriyyəsi 10 dəfəyə yaxın çoxalmışdır. Azərbaycan, Gürcüstan və Türkiyənin birgə səyləri ilə həyata keçirilən layihələr Avropanın enerji təhlükəsizliyi sisteminin mühüm tərkib hissəsinə çevrilməkdədir. Xəzər neftini və qazını dünya bazarlarına çatdıran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum qaz layihəsi xalqlarımızın rifah halının yüksəlməsinə xidmət edir".
Milli Məclisin Sədri demişdir ki, BMT-nin Təhlükəsizlik Şurası və Baş Məclisi, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatının Parlament Məclisi və digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədlər qəbul etmiş, problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyini bildirmişlər və bu istiqamətdə işlər davam etdirilir.
Ramil Həsənov TürkPA-nın yarandığı gündən indiyədək gördüyü işlərdən söhbət açmış, qurumun büdcəsi, təşkil olunan yeni komissiyalar, Assambleyanın emblemi, bayrağının təsviri, təşkilatın reqlamentində əlavə və dəyişikliklər və digər məsələlər haqqında məlumat vermişdir.
Sonra Türkiyə və Qırğızıstan parlamentlərinin sədrləri Mehmet Əli Şahin və Axmatbek Keldibekov, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı,TÜRKSOY-un baş katibinin müavini Firat Purtaş, Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülvi Quliyev və digər rəsmi şəxslər çıxış etmişlər.
İclasda TürkPA-nın 2011-2012-ci illər üçün büdcəsi, qurumun reqlamentində əlavə və dəyişikliklər edilməsi, Assambleyanın emblemi və bayrağının təsviri, TürkPA-da beynəlxalq təşkilatlara müşahidəçi statusunun verilməsi məsələləri müzakirə edilərək qəbul olunmuş, yaradılan dörd komissiyanın sədrləri seçilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Əhliman Əmiraslanov Beynəlxalq Əlaqələr Komissiyasının sədri təsdiq olunmuşdur.
Yığıncaqda Qırğızıstan parlamentinin deputatı Bekdemir Ziyyəddinov TürkPA baş katibinin müavini seçilmiş, üzv ölkələrin parlament kitabxanalarının əməkdaşlığı ilə əlaqədar protokol imzalanmış, iclasın yekununa dair Astana Bəyannaməsi qəbul edilmişdir.
Qurumun üçüncü iclasının 2012-ci ilin may-iyun aylarında Qırğızıstanda keçirilməsi qərara alınmışdır.
Sonda yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirilmişdir.
İclasda Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov iştirak etmişdir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Astana
Azərbaycan.- 2011.-29 aprel.- S. 4.