Milli Məclisdə
görüş
Aprelin 28-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ABŞ-ın Pensilvaniya ştatından respublikaçı, konqresin Silahlı Qüvvələr və Nəqliyyat komitələrinin üzvü, Azərbaycan üzrə işçi qrupunun həmsədri Bill Şusterin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşmüşdür.
Z.Əsgərov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaxın münasibət qurduğu ölkələrdən biri də ABŞ-dır. 2003-cü ildə ABŞ Konqresinin Azərbaycanla dostluq qrupunun üzvlərinin Bakıya səfəri zamanı parlamentlərarası əlaqələrin inkişafına dair memorandum imzalanmışdır. Bu cür sənədlər əməkdaşlığımızın daha da genişlənməsi üçün imkanlar yaradır. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Biz ABŞ-la NATO çərçivəsində də yaxından əməkdaşlıq edirik. Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında NATO-nun təşkil etdiyi tədbirlərdə ən çox iştirak edən ölkədir. Məlum 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bəyanatla çıxış edərək terroru qətiyyətlə pisləmiş və antiterror əməliyyatlarında Azərbaycanın ABŞ-ın yanında olduğunu bildirmişdir. Azərbaycan özü terrordan əziyyət çəkən ölkədir və terrorun nə olduğunu yaxşı başa düşür.
Z.Əsgərov ölkələr arasında əməkdaşlığın genişlənməsində parlamentlərin rolunu qeyd etmiş, qanunverici orqanlardakı dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi vurğulayan Z.Əsgərov bu sahədə də ABŞ-la səmərəli əməkdaşlıq edildiyini bildirmişdir.
Z.Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da qonaqlara ətraflı məlumat verərək demişdir ki, BMT Təhlükəsizlik Şurası, NATO, Avropa İttifaqı, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanımış və dəstəkləmiş, problemin ədalətli həlli ilə əlaqədar qətnamə və qərarlar qəbul etmişdir. Lakin təcavüzkar Ermənistan beynəlxalq hüququn tələblərinə əməl etmir. Münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti də müsbət nəticə vermir. Maraqlıdır ki, Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə dərhal icra olunur, Azərbaycana gəldikdə isə ikili standartlarla üzləşirik. ABŞ-ın da həmsədr olduğu Minsk qrupunun fəaliyyətinin səmərə verməməsi bizdə dərin təəssüf və təəccüb hissi doğurur.
Bill Şuster demişdir ki, Azərbaycan ABŞ üçün önəmli ölkədir. Biz Azərbaycanın Əfqanıstanda, İraqda və Kosovoda antiterror əməliyyatlarındakı iştirakını, eləcə də enerji təhlükəsizliyi məsələsindəki rolunu yüksək qiymətləndiririk. Sizi narahat edən problemləri də yaxşı başa düşürük. Lakin ABŞ Konqresi üzvlərinin hamısı Azərbaycanın problemlərini bilmir. Biz Konqresdə Azərbaycanın əleyhinə olan bir neçə qanunun qəbulunun qarşısını almışıq. Bu səfərdən sonra həmkarlarımıza geniş, ətraflı məlumat verib 907-ci düzəlişin ləğvinə çalışacağıq.
Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda əldə etdiyi uğurları xüsusi vurğulayan konqresmen demişdir ki, ABŞ-ın indiki səviyyəyə çatması üçün 230 ildən çox vaxt lazım gəlmişdir. Azərbaycan isə 20 ildə xeyli uğur qazanmışdır. Son 5 ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 40 faizdən 9 faizə enmişdir. Bunu nəzərdən qaçırmaq olmaz.
Görüşdə
tərəfləri maraqlandıran digər müxtəlif məsələlər
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.-29 aprel.- S. 4.