Uğurlu hüquqi islahatların müəllifi

 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan demokratik hüquqi dövlət quruculuğu prosesi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müəyyən etdiyi müasirləşmə kursu çərçivəsində davam etdirilir. Ölkəmizdə həyata keçirilən hüquqi islahatlara tarixi prizmadan nəzər salsaq, müasir hüquq sisteminin keçdiyi inkişaf yolunu iki mərhələyə bölmək olar:

İlkin mərhələdə azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinə yönəlmiş hüquqi islahatların konsepsiyası işlənib hazırlandı. Ümummilli liderin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Əsas hüquqi təminatları və dövlət idarəçilik prinsiplərini müəyyən edən Konstitusiyanın qəbul olunması hüquqi islahatlar üçün zəmin yaratdı.

1996-cı il fevralın 21-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Hüquqi islahatlar komissiyası hüquqi islahatların prioritetlərini müəyyən etdi və Sovet İttifaqından miras qalmış hüquq sisteminin fəlsəfəsini tamamilə dəyişdirdi. Mahiyyət etibarı ilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq-mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi tədbirləri özündə ehtiva edir.

Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində mühüm addım olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratdı, konstitusiya nəzarəti ideyası qəbul edildi.

"Məhkəmələr və hakimlər haqqında" 1997-ci ildə qəbul olunmuş qanun məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsinə hüquqi zəmin yaratdı. Qanun yeni məhkəmə sistemini, onun təşkilati əsaslarını müəyyən edərək məhkəmələrin və hakimlərin müstəqilliyinin təmin edilməsinə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın verilməsinə, məhkəmələrin fəaliyyətinin və hakimlərin statusunun beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldi, köhnə hüquq sistemindən miras qalmış korporativ münasibətləri aradan qaldırdı.

Başlıca məqsədi Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsinə yönəlmiş 1997-ci ildə qəbul edilən "Konstitusiya Məhkəməsi haqqında" qanun və sonrakı dəyişikliklər Konstitusiya Məhkəməsinə Konstitusiyanın və qanunlarının şərh edilməsi, qanunların və digər normativ aktların, Ali Məhkəmənin qərarlarının, bələdiyyə aktlarının, dövlətlərarası və hökumətlərarası müqavilələrin Konstitusiyaya uyğunluğunun yoxlanılması, insanların konstitusion hüquqlarının müdafiəsi ilə bağlı fərdi şikayətlərə baxılması, qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həll edilməsi səlahiyyətlərini verir.

1999-cu ildə qəbul edilən "Prokurorluq haqqında" qanunla prokurorluğun məhkəmələr üzərində nəzarəti və bazar iqtisadiyyatı münasibətlərinin inkişafına mane olan ümumi nəzarət funksiyaları ləğv olundu, onun mülki və kommersiya işlərinə müdaxilə etməsi məhdudlaşdırıldı. İnsan hüquq və azadlıqlarını məhdudlaşdıran prosessual hərəkətlərin prokurorluq tərəfindən həyata keçirilməsinə qanunla müəyyən edilmiş hallarda və qaydada yalnız məhkəmənin qərarına əsasən yol verildi. Prokurorluğun islah-əmək müəssisələrində və nəqliyyatda qanunların icrasına nəzarət funksiyaları aradan qaldırıldı.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verildi.

Hüquqi islahatlar çərçivəsində qəbul olunan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanun hər bir şəxsin məhkəmə prosesində, ibtidai istintaqda və təhqiqatda öz hüquq və mənafelərinin müdafiəsini həyata keçirmək üçün seçdiyi vəkilə müraciət etməsinə, tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsinə, onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsinə imkan yaratdı.

İnsan hüquq və azadlıqlarının təmin və polisin fəaliyyətini tənzim etmək məqsədilə "Polis haqqında" qanun qəbul edildi. Bu qanuna görə polis ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması, habelə yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Polis fəaliyyəti üzərində nəzarət mexanizmləri təsis edildi, polis əməkdaşlarının qanunsuz hərəkətlərindən və qərarlarından məhkəməyə müraciət etmək hüququ təsbit olundu.

Penitensiar sistemdə də islahatlar aparıldı. SSRİ respublikaları arasında ilk dəfə ölkəmizdə cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları Daxili İşlər Nazirliyinin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeçiliyinə verildi. Məhkəmə qərarlarının, həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən məhkəmə icraçıları xidməti yaradıldı.

Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi olaraq dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan qeyri-məhkəmə müdafiə mexanizmi - Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilli (ombudsman) institutu yaradıldı.

Qanunvericilik tədbirləri çərçivəsində yeni hüquq sisteminin fəaliyyət göstərməsi üçün Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual Məcəllələr, Əmək, Ailə, İnzibati Xətalar, Gömrük, Vergi və digər məcəllələri, "Notariat haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən məhkəməyə şikayət edilməsi haqqında" və digər qanunlar qəbul edildi.

Avropa Şurasına üzvlük ərəfəsində Azərbaycan ümumavropa hüquq məkanına inteqrasiya olunmağa başladı. Ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edildi, Avropa İnsan hüquqları konvensiyasına qoşuldu və bununla Avropa İnsan hüquqları məhkəməsinin yurisdiksiyasını qəbul etdi. Azərbaycanın Avropa Şurasının sənədlərinə qoşulması milli qanunvericiliyin təkmilləşməsi, Avropa standartlarına cavab verən yeni qanunların qəbul edilməsi prosesini daha da sürətləndirdi.

İqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli idarə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, korrupsiyaya qarşı mübarizənin normativ və institusional əsaslarının təkmilləşdirilməsi, eləcə də korrupsiyaya qarşı mübarizə ilə əlaqədar götürülmüş öhdəliklərin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər görüldü. 2004-cü il yanvarın 13-də Avropa Şurası ilə əməkdaşlıqda hazırlanmış "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun və korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı qəbul edildi. Dövlət proqramı normativ - hüquqi aktların qəbul edilməsi, dövlət qulluğuna qəbul və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsini, o cümlədən iqtisadi və sosial sahədə, dövlət orqanları, o cümlədən hüquqmühafizə orqanlarının fəaliyyəti sahəsində tədbirlərin, maarifləndirmə və beynəlxalq əməkdaşlığın həyata keçirilməsini və s. məsələləri nəzərdə tutur. Bu məqsədlə Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş Prokurorun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradıldı.

İctimai birliklərin qeydiyyatı və müraciət prosedurlarını nizamlayan qaydaların yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi üzrə də əsaslı tədbirlər görülür. Avropa Şurasının ekspertləri və yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda hazırlanmış "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu 2003-cü il dekabrın 12-də qəbul edildi.

Ümumiyyətlə, dövlətin öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər sırasında 2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyaya dəyişikliklərin edilməsi, habelə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanununun qəbul edilməsi müstəsna əhəmiyyətə malikdir. Bu tədbirlərin həyata keçirilməsi əsasən insan hüquqlarının daha etibarlı təminatı mexanizminin yaradılması, Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, məhkəmə islahatları ilə bağlı dəyişikliklərin təsbit edilməsi, hakimiyyət bölgüsü nəzəriyyəsi, dövlətin idarə edilməsi ilə əlaqədar mövcud qaydaların təkmilləşdirilməsi ilə bağlıdır.

Konstitusiyada edilmiş bu dəyişikliklərdə Azərbaycanın İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulması, referendumun və seçkilərin keçirilməsi, hər kəsin, habelə ümumi yurisdiksiya məhkəmələrinin, ombudsmanın Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ və digər məsələlər öz əksini tapdı. Bununla, Konstitusiya Məhkəməsinin səlahiyyətləri artırıldı.

Milli insan hüquqları standartlarının Avropa İnsan hüquqları Konvensiyasına uyğunlaşdırılması məqsədilə 2002-ci ilin dekabrında "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Konstitusiya qanunu qəbul edildi.

Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən hüquqi islahatların birinci mərhələsində demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni üçpilləli məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradıldı, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirildi, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişləndi, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırıldı. Beynəlxalq prinsiplərə və müasir tələblərə uyğun mütərəqqi qanunlar və məcəllələr qəbul edildi.

Hüquq sisteminin müasirləşməsi mərhələsində həyata keçirilən iqtisadi islahatlar, eyni zamanda, hüquq sisteminin daha da təkmilləşdirilməsini şərtləndirir. Ümummilli lider Heydər Əliyevin hüquqi siyasət kursunu davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hüquq sisteminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə bir sıra mühüm təşəbbüslərlə çıxış edir.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradıldı, hakimlərin müstəqilliyi, seçilməsi, təyin edilməsi, ixtisasının artırılması və fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə müvafiq fəaliyyət planı, bir sıra normativ hüquqi sənədlər hazırlandı. "Məhkəmə-Hüquq Şurası haqqında" qanun qəbul olundu, "Məhkəmələr və hakimlər haqqında" qanuna əsaslı dəyişikliklər edildi.

Dəyişikliklərə əsasən hakimlərin özünüidarə orqanı kimi nəzərdə tutulan və demokratik əsaslarla formalaşdırılan Məhkəmə-Hüquq Şurası ölkəmizdə məhkəmə sisteminin təşkilini təmin edir, vakant hakim vəzifələrinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edir.

Hakimlərin seçki komitəsi haqqında əsasnamə, vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları təsdiq edildi, ölkəmizdə ilk dəfə olaraq əsasən hakimlərdən, habelə prokurorluq, vəkillik, müvafiq icra hakimiyyəti və qanunvericilik orqanının nümayəndələrindən və hüquqşünas-alimlərdən ibarət Hakimlərin Seçki Komitəsi yaradıldı. Hakimlərin Seçki Komitəsi vakant hakim vəzifələrini tutmaq istəyən şəxslərin sənədlərini toplayır, onların hakim peşəsinə yiyələnmələri üçün şəffaf surətdə yazılı və şifahi imtahan təşkil edir, hakim vəzifəsinə namizədləri ilkin uzunmüddətli tədris kurslarına cəlb edir, müsahibə yolu ilə onların peşə yararlılığını müəyyən edir. Hakimlərin səlahiyyət müddəti son yaş həddinə - 65 yaşınadək uzadılır. 2005-ci ildən etibarən hakimlərin yeni prosedurlara əsasən seçilməsi qaydası tətbiq olunur və bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli fərmanı ölkəmizin məhkəmə sisteminin müasirləşdirilməsi və inkişafında mühüm əhəmiyyət kəsb edir. Məhkəmə sisteminin müasirləşdirilməsinin başlıca məqsədi regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui-istifadəyə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasıdır.

Hazırda yüksək tələblərə cavab verən yeni nəsil hüquqşünaslarından ibarət hakim korpusunun formalaşdırılması üçün kompleks tədbirlər görülüb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin məhkəmə sisteminə daxil olan məhkəmə hakimlərinin sayı artırılaraq 600 nəfərə çatdırılıb.

Eyni zamanda, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ləğv edilərək, onun əvəzinə dörd regional ağır cinayətlər məhkəməsi yaradılıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi ləğv edilərək, onun səlahiyyətləri hərbi məhkəmələrə verildi. Ağdam, Qazax, Lənkəran və Sumqayıt hərbi məhkəmələrinin ləğv edilməsi hesabına qalan hərbi məhkəmələrin və yeni yaradılmış Cəlilabad hərbi məhkəməsinin say tərkibi və ərazi yurisdiksiyaları genişləndirildi.

2005-ci ilin oktyabrın 21-də "İnzibati icraat haqqında" qanun, 2009-cu ilin iyunun 30-da İnzibati Prosessual Məcəlləsi qəbul olunub. Qanun və məcəllə 2011-ci il yanvarın 1-də qüvvəyə minib.

Son illər hüquq sistemində aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktları ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək, onların qarşısında yeni vəzifələr qoyur və məsuliyyətini əhəmiyyətli dərəcədə artırır. Ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi keyfiyyətcə yeni dəyişikliklərin həyata keçirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulmasını, Ədliyyə Nazirliyinin işinin və strukturunun daha səmərəli şəkildə təşkil edilməsini, yeni regional və yerli qurumlarının yaradılmasını şərtləndirir. Azərbaycan Respublikası Prezidenti bunları nəzərə alaraq ədliyyə orqanlarının inkişafı məqsədilə 2006-cı il avqustun 17-də fərman imzalayıb.

2006-cı ildə əhalinin dövlət reyestrini aparmaq və dövlət reyestrini formalaşdırılmaq məqsədilə Əhalinin Dövlət Reyestri haqqında qanun qəbul edildi və müvafiq olaraq Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidməti yaradıldı. Vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının genişləndirilməsi, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmə və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması, işçilərin fəaliyyətinin qiymətləndirilməsi, qəbulun şəffaf prosedurlarla həyata keçirilməsi və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək məqsədi ilə müvafiq tədbirlər həyata keçirildi.

Eyni zamanda, yüksək peşəkar kadr korpusunun formalaşdırılması, ədliyyə və prokurorluq orqanları, vəkillik fəaliyyəti üçün ixtisaslı kadrların hazırlanması, ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığının təmin edilməsi, ədliyyə və prokurorluq orqanlarının, vəkilliyin inkişafı üçün konseptual problemlərin tədqiq edilməsi, hüquq elminin müxtəlif sahələri üzrə elmi araşdırmaların aparılması məqsədilə Ədliyyə Akademiyası yaradıldı.

Prokurorluğun strukturunun təkmilləşdirilməsi, onun fəaliyyətində beynəlxalq təcrübənin, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazasının və əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramı qəbul edildi. Prokurorluq orqanlarına qulluğa qəbul sahəsində də islahatlar davam etdirilir. Müsabiqə yolu ilə qulluğa qəbul başlandıqdan sonra prokurorluğun gənc əməkdaşlarının sayı artaraq, 41 faizə çatıb.

Daxili İşlər Nazirliyinin fəaliyyətində də irəliləyişlərə nail olundu. Cinayətlərin qeydiyyatında bir sıra nöqsanlar və çatışmazlıqlar aradan qaldırıldı, işə qəbul prosesi müsabiqəyə əsaslanan yeni şəffaf qaydalara uyğun aparılmağa başlanıldı. 2004-cü ildə qəbul edilən polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət proqramı çərçivəsində əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması məqsədilə müasir informasiya - kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutan "Təhlükəsiz şəhər " sistemi layihəsi həyata keçirildi, "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin fəaliyyəti təkmilləşdirildi. Polis orqanlarının "Elektron sənəd dövriyyəsi" sisteminə qoşulması prosesi başa çatdırıldı.

Milli təhlükəsizliyin təmin edilməsi sahəsində də qanunvericilik bazası təkmilləşdirildi. 2004-cü ildə suveren, demokratik dövlət kimi Azərbaycanın inkişafını təmin etmək məqsədilə milli təhlükəsizlik siyasətinin hüquqi əsaslarını müəyyən edən, milli maraqlarının müdafiəsi ilə bağlı kəşfiyyat və əks-kəşfiyyət münasibətlərinin tənzimlənməsinə yönəlmiş qanunlar qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti 2007-ci ildə milli təhlükəsizlik prioritetlərini müəyyən edən milli təhlükəsizlik konsepsiyasını təsdiq etdi. Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair 2007-2011-ci illər üçün dövlət proqramı qəbul edildi.

2006-cı ildə qəbul olunmuş dövlət miqrasiya proqramında miqrasiya siyasətinin prioritet istiqamətləri müəyyən edilir. Proqramın icrası ilə bağlı bir sıra qanunvericilik, institusional və təşkilati tədbirlər görülüb. Miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən Dövlət Miqrasiya Xidməti yaradılıb. Miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycana gələn əcnəbilərə ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün müvafiq icazələrin verilməsi, onların yaşayış yeri üzrə qeydiyyata alınması prosedurunun sadələşdirilməsi, bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi tətbiq olunur. Miqrasiya sahəsində uçot və nəzarətin etibarlı təşkili məqsədilə vahid informasiya sistemi formalaşdırılıb.

Biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün dövlət proqramı təsdiq olunub. Bu proqram ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə texnologiyalarının yaradılmasını, beynəlxalq standartlara uyğun yeni nəsil biometrik sənədlərin istehsalını və tətbiqini nəzərdə tutur. Dövlət proqramının həyata keçirilməsi milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, o cümlədən terrorçuluğa, qeyri-qanuni miqrasiyaya, insan alverinə və cinayətkarlığın doğurduğu digər təhdidlərə qarşı mübarizənin informasiya təminatının gücləndirilməsinə xidmət edir.

2010-cu ildə Azərbaycan Respublikasında yaşayan və müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi yaradılıb.

Bu il görüləcək işlər sırasında Miqrasiya Məcəlləsinin layihəsinin hazırlanması və qəbul edilməsi, biometrik eyniləşdirmə sistemi ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, biometrik identifikasiya sisteminin tətbiqi üçün şəraitin yaradılması, biometrik pasportların hazırlanması və istehsalı ilə bağlı işlərin yekunlaşdırılması, mövcud informasiya sistemlərinin inkişaf etdirilməsi, vizalarla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi kimi məsələləri qeyd etmək olar. 2011-ci il fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti vətəndaşların biometrik informasiya texnologiyaları əsasında yeni nəsil şəxsiyyət vəsiqəsinin istehsalı və tətbiqi ilə bağlı sərəncam imzalayıb.

İnsan hüquqları sahəsində də islahatlar davam etdirilir. Belə ki, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun, dövlət orqanlarının, insan hüquqlarının müdafiə mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilib. İnsan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirləri genişləndirilmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə Milli Fəaliyyət Planı təsdiq edilib.

2009-cu il martın 18-də keçirilən referendum nəticəsində Konstitusiyaya edilən əlavə və dəyişikliklər hüquqi təminatları daha da gücləndirib. Konstitusiyanın 12-ci maddəsinə edilmiş əlavəyə görə dövlətin ali məqsədləri sırasına insan və vətəndaş hüquq azadlıqlarının təmin edilməsi ilə yanaşı, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi daxil edilib. Sosial dövlət quruculuğu konstitusion səviyyədə təsbit olunub. Seçki hüququ olan vətəndaşların qanunvericilik təşəbbüsü hüququ təsbit olunub. Hamının qanun qarşısında bərabərlik prinsipi bir daha təsdiqlənib. Şəxsi toxunulmazlıq hüququnun, əqidə və söz azadlığının səmərəli müdafiəsi ilə bağlı əlavə müddəalar daxil edilib. Ədalət mühakiməsi ilə bağlı bəzi normalara konstitusion status verilib.

Dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqram və layihələrin həyata keçirilməsində dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının əməkdaşlığını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasını təsdiq edib. Konsepsiyaya əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb.

2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Konstitusiya qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.

Layihəyə əsasən "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakultativ Protokolunun icrasının təmin edilməsi məqsədilə müvəkkilin milli preventiv mexanizm qismində çıxış etməsinin Konstitusiya qanununda əks etdirilməsi və bu məqsədlə müvəkkil funksiyalarının gücləndirilməsi, milli preventiv qrupun yaradılması, onun üzvlərinin müəyyən toxunulmazlığa malik olması nəzərdə tutulur.

Azərbaycanın sosial-iqtisadi inkişaf tempinin qorunub saxlanılmasına və bu inkişafa mane olan amillərin aradan qaldırılmasına yönəlmiş korrupsiyaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsi məqsədilə 2007-ci ilin iyul ayında "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" qəbul edilib. Milli Strategiya dövlət idarəçiliyində şəffaflığın artırılmasını əsas vəzifə kimi müəyyən edir, vətəndaş cəmiyyəti institut ilə əməkdaşlığa və tərəfdaşlığa xüsusi önəm verir.

2009-cu il fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb və bu fərman əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti yaradılıb.

Korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın uğurla həyata keçirilməsi ardıcıl tədbirlərin görülməsini şərtləndirir. Milli strategiyanın davamı kimi 2011-ci il korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin gücləndirilməsi ilə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin iclasında iqtisadiyyatın davamlı inkişafını təmin etmək məqsədilə qiymətlərin süni şəkildə qaldırılmasının qarşısının alınması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin, lazımsız yoxlamaların, xüsusilə, hüquq-mühafizə orqanları tərəfindən lazımsız yoxlamaların, vergidən yayınma hallarının aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması kimi vəzifələr qoydu.

Şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizənin davamlı şəkildə aparılması Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsidir və ölkəmizdə dinamik siyasi-iqtisadi inkişafın təmin edilməsi məqsədini daşıyır.

Dövlət rəhbərinin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə Korrupsiyaya qarşı mübarizə komissiyasının iclası keçirildi və qaşıya qoyulmuş məsələlərlə bağlı bütün dövlət orqanlarına müvafiq göstərişlər verildi.

Görülən praktiki tədbirlərlə yanaşı, korrupsiyaya qarşı mübarizə və bürokratik əngəllərin, lazımsız yoxlamaların qarşısını almaq məqsədilə bir sıra vacib sənədlər qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti 2011-ci ilin fevralında Daxili İşlər Nazirliyinin yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində bəzi tədbirlər haqqında və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə fərmanlar imzaladı.

Beləliklə, hüquq sisteminin müasirləşməsi mərhələsi bölgələrdə hüquq infrastrukturunun genişləndirilməsi, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və təcrübədə tətbiqi, insan hüquqlarının müdafiəsi və hüquqi maarifləndirmə sahəsində dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, hüquqşünasların peşə səviyyəsinin yüksəldilməsi, hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi işçilərin maddi təminatlarının yaxşılaşdırılması və sair kimi məsələlərinin həllini müəyyən edir.

 

Göründüyü kimi, hüquqi islahatlar ardıcıl bir prosesdir. Bu həm qanunvericilik, həm də qanunvericiliyin praktiki tətbiqi sahəsində daimi təkmilləşdirmə işlərində öz əksini tapır. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı müasirləşməsini təmin edəcək.

 

 

Fuad ƏLƏSGƏROV,

Azərbaycan Respublikası

Prezidenti Administrasiyasının

Hüquq-mühafizə orqanları ilə iş

şöbəsinin müdiri

 

Azərbaycan.- 2011.-  29 aprel.- S.  5.