Qəlblərdə əbədi
yaşayacaq xatirə
Həyat fəlsəfəsi və mənəvi dünyası kifayət qədər zəngin olan, oftalmologiya elminin inkişafına böyük töhfələr verən akademik Zərifə xanım Əliyevanın xatirəsi bu gün də insanların qəlbində yaşayır, əziz tutulur. Elə bunun nəticəsidir ki, görkəmli alimin xairəsi ilə bağlı müxtəlif anım tədbirləri keçirilir, mənalı ömür yoluna nəzər salınır.
Aprelin 28-də belə tədbirlərdən biri Heydər Əliyev Fondu tərəfindən Nərimanov rayonunda inşa edilən akademik Zərifə Əliyeva adına uşaq bağçasında keçirildi. Tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev bildirdi ki, mənalı və şərəfli həyat yolu keçən Zərifə xanım Əliyeva həyatda olarkən insanların sağlamlığının keşiyində duran, onlara nur bəxş edən fitri istedada malik novator alim olub: "Əsl Azərbaycan qadınının obrazını özündə təcəssüm etdirən Zərifə xanım öz yüksək mənəvi keyfiyyətləri ilə həmişə bir nümunə olub. Xeyirxahlıq onun həyat tərzinə çevrilib. Zərifə xanım Əliyeva özündən sonra zəngin elmi irs qoyub".
İcra başçısı görkəmli otalmoloq alimin müəllifi olduğu onlarla fundamental elmi əsərin, apardığı tədqiqatların Azərbaycan tibb elminin parlaq səhifələrindən olduğunu vurğuladı. Daha sonra qeyd etdi ki, Zərifə xanımın xeyirxahlıq missiyası, eləcə də ulu öndər Heydər Əliyevin humanizmə söykənən yüksək ideyaları bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən yaşadılır. Elə tədbirin keçirildiyi məkanında Heydər Əliyev Fondu tərəfindən inşa olunduğunu xatırladan natiq bildirdi ki, bundan başqa, rayon ərazisində talassemiya mərkəzi, korlar üçün internat məktəbi və digər belə obyektlər məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə ərsəyə gəlib. Azərbaycanın bu gün regionda, eləcə də dünya miqyasında ən sürətlə inkişaf edən ölkə olduğunu bildirən Abdin Fərzəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan nailiyyətlərin miqyasının daha da genişlənəcəyini, ölkəmizin daha qüdrətli dövlət halına gələcəyinə əminliyini ifadə etdi.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirdi ki, Zərifə xanım elə böyük şəxsiyyət olub ki, yalnız əməyi, fəaliyyəti ilə yox, həm də nəcib əməlləri ilə xatirəsini əbədilik insanların yaddaşına həkk edib: "Təsadüfi deyil ki, bir çox insanlar ona oxşamağa çalışır, onu özünə nümunə seçir. Həyatda çox sadə olan Zərifə xanım bütün insanlara xüsusi qayğıkeşliklə yanaşırdı. Onun gözəl obrazı bundan sonra da yaddaşlarda, qəlblərdə əbədi yaşayacaq".
Tədbirin sonunda akademik Zərifə Əliyeva adına uşaq bağçasının tərbiyəçiləri və burada məktəbəqədər təhsil alan uşaqlar tərəfindən Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş bədii-ədəbi kompozisiya nümayiş etdirildi. Daha sonra uşaqların əl işindən ibarət "Günəş kimi olaq" adlı sərgi iştirakçılara təqdim olundu.
Rasim BAYRAMOV
Azərbaycan.- 2011.-29 aprel.- S. 6.