Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır

 

Aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr edilmiş konfrans-sərgi açılmışdır.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya elmləri doktoru Gülşən Əliyeva görkəmli alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan, tibb elminin inkişafındakı müstəsna xidmətlərindən, yüksək insani keyfiyyətlərindən danışmışlar.

Bildirilmişdir ki, Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə xanım Əliyeva çox zəngin həyat yolu keçmişdir. Zərifə xanım görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.

O, müstəqil dövlətimizin banisi və yaradıcısı, böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, etibarlı silahdaşı olmuşdur.

Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil almışdır. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlamış və bütün ömrünü oftalmologiyaya həsr etmişdir. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa bəxş etmişdir. Görkəmli alim malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim olmuşdur.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim olmuşdur.

Qeyd edilmişdir ki, Zərifə xanım Əliyeva olduqca qayğıkeş və mehriban bir ana kimi də tarixə düşmüşdür. O, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın nurlu xatirəsinin ürəklərdə əbədi yaşayacağını bildirmişlər.

Sonra konfransın iştirakçıları sərgi ilə tanış olmuşlar.

Sərgidə görkəmli alimin əsərləri, onun həyat və fəaliyyətini əks etdirən 150-dək müxtəlif dildə kitab və digər nəşrlər, həmçinin fotoşəkillər nümayiş etdirilir.

Sərgi aprelin 30-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-29 aprel.- S. 6.