Yeni Azərbaycan Partiyası
Naftalanda "Azərbaycan gəncliyi və müasirlik"
mövzusunda konfrans keçirmişdir
Yeni Azərbaycan Partiyası Naftalan şəhərində "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda konfrans keçirmişdir. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil qoymuşlar.
"Çinar" hotelində təşkil olunmuş konfransın əvvəlində Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Milli Məclisin deputatları Asəf Hacıyev, Mübariz Qurbanlı, Məlahət İbrahimqızı və İlham Məmmədov partiya sıralarına qəbul olunmuş bir qrup mədəniyyət işçisinə üzvlük biletlərini təqdim etmişlər.
Partiyanın yeni üzvləri - müğənnilər Elton Hüseynəliyev, Coşqun Yusifov, Elçin Cəfərov, Samirə Əliyeva, Natəvan Həbibova və komediya ustası Tərlan Fərzullayev çıxış edərək Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmalarını həyatlarında əlamətdar hadisə adlandırmış və bu etimadı doğruldacaqlarına söz vermişlər.
Konfransı giriş sözü ilə açan Əli Əhmədov tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, bu yaxınlarda respublika Prezidentinin imzaladığı sərəncamla Azərbaycan gəncliyinin 2011-2015-ci illərdəki inkişafı ilə əlaqədar Dövlət Proqramı hazırlanır. Bu proqram gənclərin öz potensialından ən səmərəli şəkildə istifadə etməsi, ölkənin ictimai-siyasi həyatdakı rolunun artırılması sahəsində böyük əhəmiyyət daşıyacaqdır. Prinsip etibarilə Azərbaycan gəncliyi düzgün yolla addımlayır, ölkəmizin inkişafına öz töhfələrini verir. Gənclər müasir biliklərə sahib olmaqla Azərbaycan cəmiyyətinin gələcək inkişaf perspektivlərində yaxından iştirak edirlər. Ölkəmizdə gənclər say etibarilə çoxluq təşkil edirlər. Əgər gənclər çoxdursa, deməli, cəmiyyətdə onların rolu və yeri də çoxdur. Odur ki, dövlətimiz gənclərə diqqət və qayğını gündən-günə artırmaqla cəmiyyətin inkişafı üçün onların qüvvəsindən ən səmərəli şəkildə istifadə olunmasını diqqət mərkəzində saxlayır. Yeni Azərbaycan Partiyası da gənclər siyasətinə bu prizmadan yanaşır. Biz belə hesab edirik ki, Yeni Azərbaycan Partiyasının güc mənbəyindən biri partiyanın sıralarında çoxlu sayda gənclərin olmasıdır. Sevindirici hal odur ki, partiyanın 530 min nəfərdən artıq üzvündən 40 faizindən çoxu gənclərdir. Bu da onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyini düşündürən problemləri öz siyasətində və ideyalarında əks etdirə bilir. Elə buna görə də gənclərimiz bu partiyaya daha çox inam bəsləyirlər. Onlar partiyanın sıralarına qoşulmaqla Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəklədiklərini ifadə edir, bu siyasətin reallaşmasında yaxından iştirak edirlər. İlham Əliyevin siyasətinin dəstəklənməsinin ifadəsi olaraq Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmaları onların həyatda atdıqları ən düzgün addımlardan biridir. Partiyası öz sıralarında olan və taleyini bu partiyaya bağlamış hər bir Azərbaycan gənci üçün öz potensialını ifadə etməkdən ötrü lazımi şərait yaratmışdır. Məhz bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası ilə bir sırada olmaq istəyən Azərbaycan gənclərinin sayı gündən-günə artır. Xüsusilə də özlərinin yolunu tapmış, özlərini cəmiyyətə təqdim edə bilmiş və cəmiyyətdə tanınmış və populyarlıq qazanmış gənclərimizin YAP-ı seçməsi bizi sevindirir.
YAP gənclər birliyi sədrinin müavini Ramil Məmmədov, birliyin şura üzvlərindən Sitarə Cabbarlı, Qabil Qafarov və Fidan Hüseynova müzakirə olunan mövzu ətrafında müxtəlif məruzələrlə çıxış etmişlər.
Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi tədbirlərin ən fəal üzvlərindən olan İlham Məmmədov, Bayram Aslanov, Yusif Fətəliyev, Toğrul Camalzadə, Lamiyə Cəlilova və başqaları çıxış edərək respublikamızın ictimai-siyasi həyatında gənclərin rolundan danışmış, onları narahat edən məsələlərin həlli yolları barədə arzu və təkliflərini bildirmişlər. Gənclər radikal müxalifətin bəzi yeniyetmələri yoldan çıxarmaq cəhdlərini də pisləmiş və sağlam Azərbaycan gəncliyinin onların arxasınca getməyəcəyini vurğulamışlar.
Bahar Muradova və Asəf Hacıyev gənclərə ürək sözlərini demiş, tövsiyələrini vermişlər.
Əli Əhmədov konfransa yekun vurmuşdur.
Konfransdan sonra iştirakçılar Naftalan şəhərini gəzmiş, son vaxtlar aparılmış abadlıq və quruculuq işləri nəticəsində daha da gözəlləşərək yeni görkəm almış bu kurort şəhərində istifadəyə verilmiş yeni obyektlərdə olmuşlar.
Azərbaycan.- 2011.-29 aprel.- S. 6.