Bakıda "AİTF-2011"
10-cu Yubiley Azərbaycan Beynəlxalq turizm və səyahətlər,
2-ci Ümumrespublika daxili turizm sərgiləri
açılmışdır
Aprelin 28-də "Bakı Ekspo" sərgi və toplantı mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "ITE Group plc." və "İteca Caspian" şirkətlərinin təşkilatçılığı ilə "AİTF-2011" 10-cu Yubiley Azərbaycan Beynəlxalq turizm və səyahətlər, 2-ci Ümumrespublika daxili turizm sərgilərinin açılış mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, "AİTF-2011"də 24 ölkədən 230 şirkət, 2-ci Ümumrespublika daxili turizm sərgisində isə Azərbaycanın 15 rayonundan 83 turizm subyekti iştirak edir.
Sərgilərin açılış mərasimində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmiz müstəqillik qazandıqdan sonra turizm infrastrukturunun yaradılması və inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır. Bildirmişdir ki, hələ 2001-ci ildə ümummilli lider Heydər Əliyev ölkəmizin turizm potensialının iqtisadi-sosial həyatımızdakı rolunu dəyərləndirərək bu sahədə əhəmiyyətli qərarlar qəbul etmişdir. Nazir demişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2010-cu il 6 aprel tarixli Sərəncamı bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcını qoymuşdur. Dövlətimizin başçısının 9-cu Beynəlxalq turizm və 1-ci Ümumrespublika daxili turizm sərgilərində iştirak etməsi və dəyərli tövsiyələri ölkəmizin iqtisadi qüdrətinin artırılmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açmışdır.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi altında yaradılan turizm incilərindən biri - Qusar rayonunda Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi əhəmiyyətə malikdir. Ə.Qarayev məlumat vermişdir ki, respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən beynəlxalq turizm sərgilərində iştirak etmişik. Eyni zamanda, dünyanın aparıcı televiziya kanallarında reklam çarxlarımız yayımlanır. Azərbaycan haqqında 9 dildə müxtəlif nəşr və poliqrafiya məhsulları buraxılır. Nazir sərgilərin işinə uğurlar arzulamışdır.
Beynəlxalq sərginin təşkilatçılarından olan "ITE Group plc." şirkətinin icraçı direktoru Edvard Stroon mərasimdə çıxış edərək demişdir ki, Azərbaycan tarixi abidələri və təbii gözəlliyi sayəsində nəhəng turizm potensialına malikdir. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin "Turizm ili" elan edilməsi Azərbaycanı perspektivli turizm ölkəsinə çevirir.
Bildirilmişdir ki, sərgidə tərəfdaş ölkə kimi Türkiyə, rəsmi hava yolları qismində isə "AZAL" şirkəti çıxış edir. Bundan əlavə, Dünya Turizm Təşkilatı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və Beynəlxalq Turizm və Sərgilər Assosiasiyası da sərgiyə dəstək verirlər.
"AİTF-2011"
sərgisində iştirakçı ölkələrin turizm
potensialını əks etdirən məhsullarla yanaşı,
əyləncə proqramları, kulinariya şouları, Azərbaycan
və dünya xalqlarının rəqsləri, eləcə da
təsviri incəsənət və dulusçuluq işləri
nümayiş etdirilir. Sərgi aprelin 30-dək davam edəcəkdir.
Azərbaycan.- 2011.-29 aprel.- S. 6.