Azərbaycan Milli Elmlər
Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat
institutlarının maddi-texniki bazasının daha da gücləndirilməsini
və mövcud kitabxana fondlarının müasir tələblər
səviyyəsində qurulmasını təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Kitabxanasının yeni
binasının 2011-2013-cü illərdə "Akademiya şəhərciyi"
ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin
olunsun.
2. Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ilə birlikdə "Xəzər Elmi-Tədqiqat Mərkəzi"nin
yaradılması ilə bağlı təklifləri iki ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti neft-kimya
yönümlü institutların zəruri avadanlıqlarla təchiz
edilməsinə dair təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
4. Azərbaycan Milli Elmlər
Akademiyasının "Akademiya şəhərciyi" ərazisində
yerləşən Fizika və Geologiya institutlarının, eləcə
də Sumqayıt şəhərində yerləşən
Polimer Materialları İnstitutunun binalarının əsaslı
təmiri 2011-2012-ci illərdə həyata keçirilsin.
5. Bakı Şəhər
İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi Azərbaycan
Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə
birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının
"Akademiya şəhərciyi" ərazisindəki
qeyri-akademik qurumların köçürülməsini təmin
etsinlər.
6. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 aprel 2011-ci il
Azərbaycan.- 2011.-30 aprel.- S. 2.