"İlham Əliyev. İnkişaf -
məqsədimizdir" çoxcildliyinin altıncı cildi
çapdan çıxmışdır
"Azərbaycanın son 10 ildə və bu gün də bütün sahələrdə inkişafının əsas səbəbi məhz 1993-cü ildə Azərbaycan xalqının tutduğu, seçdiyi yoldur. Biz bu yola sadiqik. Bu siyasət davam etdirilir. Azərbaycan prezident seçkilərindən keçən dövr ərzində də bu yolla gedir. Xarici siyasətimiz də, eyni zamanda, ölkə daxilində islahatlar da həmin ümumi istiqamət çərçivəsində aparılır. Mən dəfələrlə demişəm ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Məhz bu siyasət Azərbaycanı çox parlaq gələcəyə aparacaqdır, ölkəmiz ildən-ilə güclənəcək, xalqımız ildən-ilə yaxşı yaşayacaqdır. Bu, bizim siyasətimizin əsas vəzifəsidir. Mən bunu bəyan etmişəm və bu gün də bəyan edirəm ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar və yaşayacaqlar".
AzərTAc xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış "İnkişaf - məqsədimizdir" adlı çoxcildliyinin 6-cı cildindən, Naxçıvan şəhərindəki Heydər Əliyev adına orta məktəbin açılışı mərasimindəki nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Naxçıvan
şəhərindəki Heydər Əliyev adına orta məktəbin
istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyevin
nitqi ilə açılan bu cilddə ulu öndər Heydər
Əliyev tərəfindən təməli qoyulmuş siyasətə,
müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi
üçün aparılan siyasi və iqtisadi islahatlara, dost və
qonşu ölkələr arasında bütün sahələrdə
qarşılıqlı faydalı əlaqələrin daha da
möhkəmləndirilməsi və genişləndirilməsinə
dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar,
müsahibələr, məktublar, məruzələr,
müraciətlər, fərmanlar əksini
tapmışdır. Bu materiallar
2004-cü ilin sentyabrından oktyabrınadək olan
dövrü əhatə edir.
Bu cilddə blokada şəraitində
yaşayan Naxçıvan MR-də olduğu günlərdə
ictimaiyyətin nümayəndələri, həmçinin
Afina yay olimpiya oyunlarında iştirak etmiş
idmançılarla Prezidentin görüşlərinə dair
materialları verilmişdir.
Kitabda Prezident İlham Əliyevin
Fransaya, ABŞ-a, Qazaxıstana, Rumıniyaya rəsmi səfərləri
barədə materiallar, bu ölkələrin dövlət və
hökumət başçıları, siyasi xadimləri ilə
söhbətləri və dərin məzmunlu nitqləri,
kütləvi informasiya vasitələrinə müsahibələri
dərc edilmişdir.
Cilddə həmçinin
Prezident İlham Əliyevin əsası ulu öndər Heydər
Əliyev tərəfindən qoyulmuş "Əsrin
müqaviləsi"nin onuncu ildönümünə həsr
olunmuş təntənəli mərasimdəki nitqi, Azərbaycanın
iqtisadi inkişafından, beynəlxalq aləmdə artan
nüfuzundan bəhs edən çıxışları,
ölkəmizin ən ağrılı problemi olan
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması ilə əlaqədar ATƏT və Avropa
Şurası rəhbərləri ilə
danışıqları yer almışdır.
Yeni cilddə Azərbaycan ilə
Bolqarıstan arasında bütün sahələrdə əməkdaşlığın
daha da inkişaf etdirilməsinə dair imzalanmış sənədlər,
Prezident İlham Əliyevin dünyanın görkəmli
dövlət və hökumət başçılarına,
beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə
məktubları, xarici nümayəndə heyətləri ilə
görüşləri zamanı apardığı söhbətlərin
mətni əksini tapmışdır.
Burada həmçinin
Prezident İlham Əliyevin regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar
Bərdə rayonuna səfəri zamanı əhali ilə
görüşlərində Azərbaycanın sürətli
inkişafına, xalqımızın rifahı və tərəqqisi
naminə aparılan geniş iqtisadi və siyasi islahatlara həsr
olunmuş çıxış və nitqləri də
verilmişdir.
Bu nəşrdə dövlət
başçısının nitq və
çıxışları ilə yanaşı,
dünyanın nüfuzlu mətbuat orqanlarına verdiyi
müsahibələri və bəyanatları da
toplanmışdır.
Kitaba "Qeydlər",
"Şəxsi adlar göstəricisi", "Coğrafi
adlar göstəricisi" də daxil edilmişdir.
"Azərnəşr"
tərəfindən buraxılmış cildin
hazırlanmasında Azərbaycan Dövlət Teleqraf
Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə
olunmuşdur.
Azərbaycan.- 2011.-30 aprel.- S. 2.