Azərbaycan Müəllimlər İnstitutunda "Müdriklik zirvəsi" kitabının təqdimat mərasimi keçirilmişdir

 

Aprelin 29-da Azərbaycan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə çap olunmuş "Müdriklik zirvəsi" kitabının təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə institutun Heydər Əliyev Mərkəzində olmuş, ulu öndərin zəngin dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.

Təqdimat mərasimini açan institutun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə çap olunmuş "Müdriklik zirvəsi" kitabı ulu öndərin əziz xatirəsinə sönməz məhəbbətin ifadəsidir. Ölkə mətbuatında bu müdrik şəxsiyyətin zəngin həyatı və dövlətçilik fəaliyyəti ilə bağlı çoxsaylı məqalələrin yazıldığını diqqətə çatdıran rektor bildirmişdir ki, məhz bu ümumxalq məhəbbəti qeyd edilən kitabın yaranması ideyasının ortaya çıxmasına səbəb olmuşdur. Respublikamızda yaxşı tanınmış 60-dan artıq müəllifin ümummilli liderə həsr olunmuş məqalələri qısa zaman ərzində toplanaraq nəfis kitab halında çap edilmişdir. Həmin məqalələrin ulu öndərin nəhəng dövlətçilik fəaliyyəti haqqında gənclərdə düzgün təsəvvürün formalaşmasına yaxından təsir edəcəyini vurğulayan rektor kitabın gələcək nəsillər üçün də əhəmiyyətini qeyd etmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin müasirləri olmuş, bu böyük şəxsiyyətlə birlikdə çalışmış insanların fikirləri onu daha yaxından tanımaq baxımından da əhəmiyyətlidir.

Ulu öndər haqqında ən böyük əsərin məhz bu dahi insanın özü tərəfindən yaradıldığını qeyd edən rektor bildirmişdir ki, bu onun qurduğu və bu gün sürətli inkişafı ilə bütün dünyanı heyran qoyan müstəqil Azərbaycan dövlətidir.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli liderlə bağlı xatirələrini bölüşmüş, bildirmişdir ki, bu işıqlı şəxsiyyətin parlaq şüaları müstəqil dövlətimizin inkişaf yolunu əbədi işıqlandıracaqdır. Ulu öndərlə gənc yaşlarından birlikdə çalışdığını qeyd edən F.Heydərov hələ keçmiş SSRİ dövründə geridə qalmış kənd təsərrüfatı respublikası olan Azərbaycanın məhz bu yorulmaz liderin gərgin zəhməti və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində qısa zaman kəsiyində qabaqcıllar sırasına çıxdığını xatırlatmışdır. Onun rəhbərliyi ilə Azərbaycanın sənaye sahələrinin sürətlə inkişaf etdiyi, əhalinin firavan həyatının təmin olunduğu respublikaya çevrildiyi xüsusi qeyd olunmuşdur. Vurğulanmışdır ki, məhz ulu öndər tərəfindən həmin vaxt əsası qoyulan azərbaycançılıq ideologiyası nəticəsində ölkədə milli-mənəvi dəyərlərin, mədəniyyətin, təhsilin inkişaf etməsi davamlı xarakter almışdı.

Müstəqillik dövründə vətəndaş müharibəsinin qarşısının alınması, ölkənin parçalanmadan xilas edilməsi, Azərbaycan dövlətinin formalaşması kimi taleyüklü vəzifələri həll edən ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın bu gün də uğurla davam etdirildiyi vurğulanmışdır.

Tədbirdə çıxış edən

AzərTAc-ın baş direktoru Aslan Aslanov bildirmişdir ki, bu günlərdə biz müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycan xalqının dahi oğlu, görkəmli siyasi və dövlət xadimi kimi dünyada şöhrət tapmış ulu öndərimizin nurlu xatirəsini yad edirik. Əslində, bu dahi şəxsiyyət hələ sağlığında Azərbaycan xalqının qəlbində özünə elə bir abidə ucaltmışdır ki, onun xatirəsi daim ürəklərdə yaşayır, onu hər gün dərin minnətdarlıq hissi ilə anırıq.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildən 2003-cü ilə qədər xarici ölkələrə səfərlərində onu müşayiət etmiş, respublikada keçirilən yığıncaqların, qəbulların, görüşlərin tam əksəriyyətində iştirak etmiş A.Aslanov bir jurnalist kimi, görkəmli dövlət və siyasi xadimlərin, diplomatların, müxtəlif peşə sahiblərinin, tanınmış qələm ustalarının bu dahi şəxsiyyətə göstərdiyi böyük ehtiramın şahidi olduğunu vurğulamışdır. Azərbaycan xalqının ümummilli liderinin böyüklüyünün bütün dünyada etiraf edildiyini, fenomen şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik şəksiz lider kimi ona böyük rəğbət bəslənildiyini vurğulayan A.Aslanov dövrün görkəmli dövlət xadimlərinin ulu öndər haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Təqdimat mərasimində çıxış edən YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov, Milli Məclisin deputatları professor Musa Qasımlı və Flora Qasımova, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyev haqqında xatirələrini söyləmiş, onun çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif sahələri haqqında danışmışlar. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev nəsillərə örnək olan mənalı ömrünü bütünlüklə doğma Azərbaycanın inkişafına həsr etmiş, misilsiz xidmətləri ilə nəinki ölkəmizin, həm də dünya diplomatiyasının tarixində silinməz iz qoymuşdur.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulamışdır.

İcra başçısı qeyd etmişdir ki, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Azərbaycanın müstəqilliyi isə əbədidir, Azərbaycan xalqı da tarix durduqca yaşayacaqdır.

A.Fərzəliyev bildirmişdir ki, ulu öndərin titanik fəaliyyətinin, müdrik daxili və xarici siyasətinin geniş miqyasda öyrənilməsi və təbliği məsələləri ilə məşğul olmaq hər birimizin müqəddəs borcudur. Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının ideya və ön sözün müəllifi olduğu "Müdriklik zirvəsi" kitabını bu yöndə atılmış uğurlu addımlardan biri adlandıran icra başçısı kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.

Tədbirə yekun vuran rektor Aqiyə Naxçıvanlı əmin olduğunu bildirmişdir ki, dahi lider Heydər Əliyevin nəhəng fəaliyyətinin öyrənilib araşdırılması bundan sonra da davam etdiriləcək və bu barədə neçə-neçə sanballı əsərlər yazılacaqdır.

 

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 2.