Sosial sabitlikdən sosial rifaha
"Bizim
düşünülmüş siyasətimiz, iqtisadi
potensialımız, güclü sosial siyasətimiz vardır.
Bütün siyasətimizin başında Azərbaycan vətəndaşı
dayanır."
İlham Əliyev
Sosial siyasətin tarixi və nəzəri aspektləri
"Sosial siyasət"
termininin yaranma tarixi çox da qədim deyil. Bununla belə, bəşər
tarixi boyunca cəmiyyətin bütün inkişaf mərhələlərində,
formasiyalarında sosial müdafiə və sosial ədalətin
bu və ya digər formaları işlənib
hazırlanmış və dövlət quruculuğunda onun hər
dövrə uyğun modelləri mövcud olmuşdur. Bu modellərin
təməlində əxlaq və dinin
formalaşdırdığı, adət-ənənələrlə
təsbitlənmiş təsəvvür və
anlayışlar dururdu.
Vətəndaş-cəmiyyət,
cəmiyyət-hakimiyyət münasibətlərin müxtəlif
dövrlərdə formasını dəyişsə də, məzmun
etibarı ilə insanların həyat şəraitinin
yaxşılaşmasına yönəlmişdir. Hələ
eramızdan əvvəl müxtəlif elm məktəblərinin
nümayəndələri təsdiq edirdilər ki, dövlətin
son məqsədi - öz vətəndaşlarının
qayğısına qalmaqdır.
Başqa sözlə, qədim
insanlar da sosial və iqtisadi sahələr arasındakı sərt
bağlantını görürdülər. Aristotel
yazırdı ki, "dövlət sadəcə yaşamaq
üçün deyil, firəvan yaşamaq üçün
yaradılır."
Yeni dövrün - XVIII, XIX əsrlərin
mütəfəkkirləri T.Qobbs, İ.Kant, Hegel və digərləri
ədaləti danılmaz sosial və əxlaqi dəyər
hesab edərək, dövlətin vətəndaşları
qarşısında götürdükləri öhdəliklərin
ən önəmlisi hesab etmişlər.
Sosial siyasətin dövlətin
və cəmiyyətin spesifik funksiyası kimi izahı və
öyrənilməsi sosial dövlətin əsaslarının
təməli qoyulan dövrə təsadüf edir. Bu kimi sosial
instituta elmi maraq XIX və XX əsrlərin astanasında
formalaşıb.
Sonrakı onilliklərdə
sosial siyasət anlayışı "sosial dövlət"
haqqındakı anlayışlarla birbaşa bağlı
kontekstdə öyrənilir.
"Sosial dövlət"
anlayışının daha çox İsveçrə,
Almaniya, Danimarka kimi ölkələrə aid edilməsinə
baxmayaraq, birmənalı demək olar ki, hər bir müasir
dövlət özündə sosial dövlətin bu və ya
digər xüsusiyyətlərini daşıyır. Hətta,
sosial-iqtisadi liberalizmin dərin köklərə malik
olduğu ABŞ-da belə məqsədyönlü sosial siyasət
həyata keçirilir.
"Sosial dövlət"
prinsipi bu və ya digər formada Fransanın, İtaliyanın,
Portuqaliyanın, Türkiyənin, İspaniyanın,
Yunanıstanın, Hollandiyanın, Danimarkanın,
İsveçin və digər ölkələrin
konstitusiyalarında artıq özünün hüquqi əksini
tapmışdır.
Müstəqillik əldə
etdikdən sonra, XX əsrin 90-cı illərində bazar
iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi
münasibətlərin yaranması şəraitində, Azərbaycanda
da sosial dövlətin qurulması, sosial siyasətin
inkişafı, sosial müdafiə sistemində zəruri
islahatların aparılmasına böyük ehtiyac duyulurdu.
Müasir dövrün tələblərinə cavab verən
çevik, işlək mexanizmləri təmin edən sosial təminatlar
sisteminin yaradılması 1993-cü ildə hakimiyyətə
qayıdan, ölkədə sabitlik yaradan və ölkəni
sosial-iqtisadi inkişafa aparan ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır.
Azərbaycanda sosial müdafiə sistemi
Ümummilli lider Heydər Əliyev
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra
ölkəni tənəzzüldən çıxarmaq
üçün bir sıra cəsarətli və
ardıcıl addımlar atdı. Bu siyasətin mərkəzində
əhalinin sosial güzəranını
yaxşılaşdırmaq, yoxsulluğun səviyyəsini
azaltmaq, sığorta-pensiya sisteminin modernləşməsi,
bir sözlə, sosial siyasətin transformasiyası dururdu.
Sevindirici haldır ki, ulu
öndər Heydər Əliyev dühasının demokratik cəmiyyət
və liberal iqtisadiyyat qurmaq istiqamətində məharətlə
apardığı uzunmüddətli siyasət bu gün
özünün müsbət nəticələrini verir və
həyatın bütün sahələrində uğurlar
qazanır.
Ulu öndər Heydər Əliyevin
səyləri və dünya ölkələrinin qabaqcıl təcrübəsindən
istifadə edilməsi sayəsində ölkədə
strukturlaşmış, ayrı-ayrı əlaqədar sahələri
özündə birləşdirən sosial müdafiə
sistemi yaranmağa başladı.
Eyni zamanda, sosial siyasətin
prioritet sahələri müəyyən olundu və problemlərlə
birbaşa məşğul olan yeni dövlət qurumları
yarandı.
Heydər Əliyevin 26 iyul
1994-cü il tarixli fərmanı ilə yaradılmış Gənclər
və İdman Nazirliyinin və 14 yanvar 1998-ci il tarixli fərmanı
ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin yaradılmasını buna misal
göstərmək olar. Hər iki sosial müdafiə
strukturunun vacibliyi nəzərə alınaraq sonradan möhtərəm
Prezident İlham Əliyev hər iki dövlət qurumunun idarəedilməsində
əsaslı dəyişikliklər aparmışdır.
Bütövlükdə,
sosial müdafiə sisteminin müasir idarəetmə strukturu
özündə bir neçə baş istiqamətləri
ehtiva edir. Bunun birincisi sosial müdafiədə
qabaqlayıcı, yarana biləcək problemlərin
qarşısının alınması tədbirləri,
ikincisi, sosial reabilitasiya, cəmiyyətə adaptasiya,
sağlamlığın bərpası, əməyə qaytarma
istiqamətli tədbirlər, üçüncüsü isə
ünvanlı sosial müdafiədir.
Sosial müdafiə sisteminin
Heydər Əliyev uzaqgörənliyi ilə aparılan
transformasiya proseslərində ən vacib məsələ
insanların uşaqlıqdan qocalığadək
sağlamlığının qorunması və bərpası
məsələləri önə çəkilirdi. Hələ
müstəqilliyin ilk illərində ölkədə yüzlərlə
sosial problemin mövcud olduğu dövrdə ulu öndər
idman məsələlərinə, bədən tərbiyəsinin
kütləviliyinə xüsusi diqqət yetirirdi.
"İdman hər bir
insanın sağlamlığıdır. Ona görə də
biz idmana çox böyük yol açmışıq. Gənclər
gərək fiziki cəhətdən sağlam olsunlar" deyən
ulu öndər Heydər Əliyev 1993-cü ildən
başlayaraq bu sahəyə dövlət tərəfindən ən
yüksək səviyyədə diqqət və qayğı
göstərilməsini təmin etdi.
Möhtərəm Prezident cənab
İlham Əliyev 1997-ci ildə Azərbaycan Olimpiya hərəkatına
rəhbərlik etməyə başladı, dövlətin
idman siyasətinə yeni istiqamətlər gətirdi,
idmanın populyarlığına yeni vüsət verdi, idman
vasitəsilə Azərbaycanın dünya və Avropaya
inteqrasiyası, beynəlxalq idman aləmində ölkənin
nüfuzunun daha da artırılması məsələlərini
dövlət siyasətinin vacib istiqamətlərindən biri
kimi dəyərləndirdi.
Ölkənin paytaxtında,
şəhər və rayonlarda ən müasir avadanlıqlarla
təchiz olunmuş otuzadək idman kompleksi tikilib istifadəyə
verildi. İdmançılarımız Olimpiya oyunlarında,
dünya miqyaslı yarışlarda yüksək nəticələr
göstərdilər.
Azərbaycan Respublikasında
bədən tərbiyəsi və idmanın inkişafı
üzrə uzun müddətə nəzərdə tutulmuş
Milli Strategiyanın qəbul olunması günün tələbi
və zərurəti idi. Milli strategiyanın əsas məqsədi
fiziki, əqli və maddi imkanlarından asılı olmayaraq
ölkədə əhalinin bütün təbəqələri
üçün öz bilik və bacarıqlarını
reallaşdıra bilmələrinə, hərtərəfli
uğurlu inkişafa nail olmalarına şərait və
imkanlar yaratmaqdan ibarət idi.
Eyni zamanda, strategiyanın məqsədi
insan haqları, həmçinin idmana dair beynəlxalq və
milli qanunvericiliyi, cəmiyyətin bütün təbəqələrinin,
qabaqcıl dünya təcrübəsini nəzərə
alaraq, hərtərəfli inkişafına, demokratik ölkə
quruculuğuna, Azərbaycanın dünyaya və Avropaya
inteqrasiyasının sürətləndirilməsinə, həmçinin
onun beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət
etmək idi.
Bədən tərbiyəsi
və idmanın idarə edilməsinin əsas istiqamətləri
və təşkilati strukturu "Bədən tərbiyəsi
və idman haqqında" Azərbaycan Respublikasının
Qanunu və respublika Nazirlər Kabineti tərəfindən təsdiq
edilmiş "Bədən tərbiyəsi və idmanın
inkişafının dövlət Proqramı" ilə
müəyyən edilmişdir.
Müşahidələr də
göstərir ki, uşaq və yeniyetmələrin zərərli
vərdişlərdən çəkindirilməsində, onların
asudə vaxtının düzgün təşkil edilməsində,
xəstəliklərin qarşısının
alınmasında bədən tərbiyəsi və idman məşğələlərinin
rolu əvəzsizdir.
Həyata keçirilən tədbirlər
ildən-ilə artır. 207 uşaq-gənclər idman məktəbi
fəaliyyət göstərməkdədir. Gələcəkdə
uşaq və yeniyetmələrlə aparılan işin fəaliyyət
dairəsinin daha da genişləndirilməsi, o cümlədən,
uşaq idmanının normativ-hüquqi bazasının təkmilləşdirilməsinə
ehtiyac var.
Azərbaycanda sosial müdafiə
sisteminin ikinci ən önəmli istiqamətlərindən
biri də ailə, qadın və uşaq problemləridir.
Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi
yaradıldıqdan sonra dövlətimizin "sağlam ailə"
siyasəti formalaşdı, sahənin normativ-hüquqi
bazası möhkəmləndirildi, ayrı-ayrı kateqoriyalara
aid olan ailələrin vəziyyətinə təsir göstərən
hallar təhlil edildi, vahid informasiya sistemi yaradıldı.
"Azərbaycan
Respublikasında Dövlət Qadın siyasətinin həyata
keçirilməsi haqqında" Heydər Əliyevin 6 mart
2000-ci il tarixli fərmanı gender siyasətinin təbliğinə,
qadınların ictimai və siyasi həyatda fəal
iştirakına, qaçqın və məcburi
köçkün qadınların məşğulluğuna nə
qədər önəm verdiyini bir daha təsdiq etdi. Bunun məntiqi
davamı olaraq 10 oktyabr 2006-cı ildə cinsi mənsubiyyətə
görə ayrı-seçkiliyin bütün
formalarını aradan qaldırmaqla, kişi və qadınlara
ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və
digər sahələrində gender bərabərliyini təmin
etmək məqsədilə "Gender (kişi və
qadınların) bərabərliyinin təminatları
haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul
edildi.
Dövlətin daim diqqət
mərkəzində saxladığı məsələlərdən
biri də cəmiyyətin həssas təbəqəsinin
nümayəndələrinə aid edilən uşaqların
sosial müdafiəsidir. Hər bir xalqın, dövlətin ən
böyük və qiymətli sərvəti uşaqlardır.
Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş
kimi böyütmək çətin və məsuliyyətli,
mənəvi qüvvə tələb edən işdir.
Ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1998-ci il mayın 19-da
"Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edilmiş, 2009-cu il
"Uşaq ili" elan edilmiş, "SOS Kinderdorf İnternəşnl"
təşkilatı ilə respublika hökuməti arasında əldə
olunmuş razılaşmaya əsasən "Bakı SOS
uşaq kəndi" salınmışdır. Burada Avropa
standartlarına uyğun 12 ailə evi, uşaq
bağçası və altı digər yardımçı
bina fəaliyyət göstərir. Ailə evlərinin hər
birində 8-10, ümumilikdə isə kənddə 100-dən
artıq uşağın yaşaması üçün hər
çür şərait yaradılmışdır.
Uşaqların sosial
müdafiəsinə yönəlmiş ən önəmli
dövlət proqramlarından biri Azərbaycan Respublikası
Prezidentinin 29 mart 2006-cı il tarixli sərəncamı ilə
qəbul olunmuş "Azərbaycan Respublikasında dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi (De-institusionalizasiya) və alternativ qayğı
Dövlət Proqramı (2006-2015-ci illər)" dır.
Proqramın əsas məqsədi
BMT-nin "Uşaq hüquqlarına dair" Konvensiyasında təsbit
olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar
inkişafı üçün onun ailə mühitində
xoşbəxt, məhəbbət və anlaşma şəraitində
böyüməsinin zəruriliyi nəzərə alınaraq
dövlət uşaq müəssisələrində olan
uşaqların ailələrə verilməsi və alternativ
qayğının təşkili mexanizmlərinin
yaradılması və səmərəli işləməsini
təmin etməkdir.
Hazırda respublikanın təlim-tərbiyə
müəssisələrində 21000 nəfərə yaxın
uşaq var. Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində uşaqların valideynlərini itirməsi,
qaçqın və məcburi köçkün ailələrinin
maddi vəziyyətinin aşağı olması və digər
sosial amillər dövlət uşaq müəssisələrində
uşaqların sayının artması ilə nəticələnmişdi.
Bu müəssisələrdə
saxlanılan uşaqlar Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinə uyğun olaraq dövlət
qayğısı ilə əhatə olunmuşdur. BMT-nin
"Uşaq hüquqlarına dair" Konvensiyanın tələblərinə
əsasən dövlət müəssisələrindən
uşaqların bioloji və ya digər alternativ ailələrə
verilməsi, onların hüquqlarının qorunması daim
diqqət mərkəzində saxlanmalı, uşaqları qəbul
edən ailələrə sosial yardım edilməlidir.
Respublikada iqtisadiyyatın
sürətli inkişafı, sosial sahələrə diqqətin
artırılması, regionların inkişafı məqsədilə
həyata keçirilən tədbirlər nəticəsində
yeni iş yerlərinin açılması, adambaşına
düşən gəlirin ilbəil artması, əhalinin, o
cümlədən hər bir ailənin maddi durumunun
yaxşılaşması üçün zəmin
yaratmışdır. Bu da uşaqların bu müəssisələrə
düşməsinin qarşısının alınmasına,
habelə müəssisələrdə uşaqların
sayının azalmasına, onların ailələrə verilməsinə
geniş imkanlar yaradır.
Azərbaycanın modern
dövlət quruculuğunda sosial siyasətin növbəti
önəmli istiqamətlərindən biri də əlillərin
sosial müdafiəsidir.
Əlil və
sağlamlıq imkanları məhdud şəxslərin
hüquqlarının qorunması, onların cəmiyyətə
inteqrasiyası və sosial durumunun
yaxşılaşdırılması məqsədilə
1994-cü ildə "Azərbaycan Respublikasında əlillərin
problemləri üzrə kompleks Proqram" və
"1999-2002-ci illər üçün "Əlilliyin
qarşısının alınması, sosial müdafiəsi və
reabilitasiyası üzrə Dövlət Proqramı" təsdiq
edilmişdir.
Hələ 1995-ci ilin yanvar
ayında respublika Əlilləri Sosial Müdafiə Fondu və
onun rayonlarda şöbələri yaradılmışdır.
Nazirlər Kabinetinin 19 fevral 2002-ci il tarixli qərarı ilə
Fondun bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Əlillərin Sosial Müdafiəsi Baş
İdarəsi və zona şöbələri fəaliyyətə
başlamışdır. Adıçəkilən şöbələr
müxtəlif kateqoriyalı əlillərə xidmət
göstərərək, pensiya təminatı xidməti istisna
olmaqla, əlillərin reabilitasiyasının təşkili, mənzil-məişət
məsələləri, əmək hüquqlarının
qorunması, bu qrupun ictimai təşkilatlarının
koordinasiyası və digər məsələlərlə
birbaşa məşğul olurlar. Əlillərin pulsuz
avtomobil və ortopedik avadanlıqlarla təmin olunması,
fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə
inteqrasiyasının təmin edilməsi, əlillərin
istedad və qabiliyyətlərinin üzə
çıxarılması, onların yaradıcılıq
imkanlarının genişləndirilməsi də bu idarə və
şöbələrin fəaliyyətlərinin tərkib hissəsidir.
"Əlillərin
hüquqları haqqında" Beynəlxalq Konvensiyaya
qoşulmaq barəsində Azərbaycan Respublikasının
qanunu və aparılan genişmiqyaslı sosial islahatların nəticəsi
olaraq bu qrupdan olan bütün insanların sosial müdafiəsi
sahəsində önəmli dəyişikliklərə səbəb
olmuşdur.
Cəmiyyətin həssas,
xüsusi qayğıya ehtiyacı olan təbəqələrindən
söz düşmüşkən, qaçqın və məcburi
köçkünlər problemindən yan keçmək
düzgün olmazdı.
Ulu öndər Heydər Əliyevin
daim diqqət mərkəzində qaçqın və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması məsələsi
olduğundan, çadır düşərgələrinin ləğvi
ideyası da ona məxsus idi.
Prezident İlham Əliyev də
qaçqın və məcburi köçkünlərin
sosial müdafiəsi məsələsini daim diqqətdə
saxlayır. Qaçqınların və məcburi
köçkünlərin sosial təminatı ilə
bağlı hüquqi bazanın təkmilləşdirilməsi
məqsədilə son 5 ildə Milli Məclis tərəfindən
bir qanun, Azərbaycan Respublikasının Prezidenti tərəfindən
18 fərman və sərəncam imzalanmış, onların
icrası ilə əlaqədar Nazirlər Kabinetinin 64 qərar
və sərəncamı qəbul edilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı
ilə "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"
və 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə həmin
Dövlət Proqramına "Əlavələr" təsdiq
edilmişdir.
Möhtərəm Prezident
İlham Əliyevin 21 fevral 2011-ci il tarixli
"Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na əlavələr edilməsi haqqında sərəncamı
bu sahədə sosial müdafiənin yeni mərhələsindən
xəbər verir.
Son bir neçə ildə
10401 ailə, başqa sözlə, 47 min nəfər məcburi
köçkün üçün 36 qəsəbə
salınmışdır. 534 min kvadratmetr yaşayış sahəsinə
malik həmin qəsəbələrdə həmçinin 34 məktəb,
4 musiqi məktəbi, 18 uşaq bağçası, 26 tibb
müəssisəsi, 21 rabitə evi, 22 klub - icma mərkəzi,
29 inzibati bina, 5 yanğın postu tikilib istifadəyə
verilmiş, 366 kilometr yol, 438 kilometr su, 583 kilometr elektrik xətti
çəkilmiş, 141 artezian quyusu qazılmış,
müxtəlif həcmə malik 48 su anbarı, 20 nasos
stansiyası inşa edilmiş, 349 transformator stansiyası
quraşdırılmış, 2650 hektar sahədə minadan təmizləmə
işləri aparılmışdır.
Sosial siyasətdə ardıcıllıq
Azərbaycanda əhalinin
sosial müdafiəsi sahəsində qəbul edilmiş
qanunlar, ölkə Prezidentinin imzaladığı fərman və
sərəncamlar, görülən digər konkret tədbirlər
insanların maddi rifah halının yüksələn xətt
üzrə inkişafında önəmli rol oynayır. Bununla
belə, sosial sahədə əhalinin müdafiəsinin daha da
güclənməsinə xidmət edən siyasət
ardıcıl olaraq davam etdirilir, zamanın tələblərinə
uyğun olaraq daim yeniləşir.
Belə ki, son 10 ildə
ölkəmizdə sosial sığorta sistemində fərdi
uçot prinsipi daha da inkişaf etdirilmiş, çoxlu
avtomatlaşdırılmış iş yerləri
yaradılmış, idarəetmə xeyli təkmilləşmiş
və asanlaşmışdır. Pensiyaların baza hissəsi
bu müddətdə ayrı-ayrı vaxtlarda artırılaraq
85 manata çatdırılmışdır.
Pensiyaların sığorta
hissəsi mövcud inflyasiyaya uyğun olaraq hər il indeksləşdirilmiş,
ən önəmlisi isə pensiya sığorta sistemi ilə
müavinət sistemi demək olar ki, bir-birindən tam
ayrılmışdır.
Azərbaycanda vahid əmək
pensiyası sistemi yaradılmış, hərbi
qulluqçuların, polis əməkdaşlarının,
dövlət məmurlarının və digər sosial
stratların əmək pensiyaları bir yerdə ehtiva
olunmuşdur. Ən başlıcası isə, pensiyaların
hesablanması və digər maliyyə əməliyyatları
vahid metodoloji yanaşma ilə öz həllini tapmağa
başlamışdır.
Əhalinin sosial müdafiəsinin,
xüsusən də aztəminatlı təbəqənin maddi
təminatının yaxşılaşdırılması
üçün yaşa görə əmək
pensiyalarının baza hissəsi, minimum əməkhaqqı,
15 min şəhid ailəsi, 20 Yanvar şəhidlərinin ailələri
üçün xərclər artırılmışdır.
Böyük Vətən müharibəsi
iştirakçılarına, həlak olmuş və ya
sonradan vəfat etmiş döyüşçülərin dul
arvadlarına birdəfəlik müavinətin ödənilməsi
məqsədi ilə ölkə Prezidentinin Ehtiyat Fondundan demək
olar ki, hər il 3,5 milyon manat vəsait ayrılır.
Bütövlükdə, Azərbaycan Respublikası Prezidentinin
müvafiq fərman və sərəncamları ilə əhalinin
sosial güzəranının
yaxşılaşdırılması sahəsində həyata
keçirilən bu tədbirlər 2 milyon nəfərdən
artıq insana şamil edilmişdir.
2009-cu ilə nisbətən
2010-cu ildə dövlət büdcəsindən səhiyyə,
sosial müdafiə və sosial təminat xərclərinə
11,6 faizdən çox vəsait yönəldilmişdir. Son 8
ildə bu siyasət daha yüksək keyfiyyətlə və
geniş miqyasda aparılmaqda davam etdirilir. Möhtərəm
Prezident İlham Əliyev hakimiyyətin bütün qolları
qarşısında ən ümdə vəzifə olaraq
dinamik iqtisadi inkişafın sosial həyatda, insanların
güzəranında özünü göstərməsini tələb
edir.
"Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı" yeni Dövlət Proqramı (2009-2013-cü
illər) əhalinin rifah halının
yaxşılaşdırılmasına, yoxsulluq həddinin
tamamilə azaldılmasına, sosial infrastrukturun
çevikliyinin təmin olunmasına, yeni iş yerlərinin
açılmasına, məşğulluğun
artırılmasına, sahibkarlıq fəaliyyətinin
genişlənməsinə gətirib çıxaran və
ölkə iqtisadiyyatının hərtərəfli
inkişafına öz töhfəsini verən əhəmiyyətli
bir sənəddir.
Proqramın icrası
başqa sahələrdə olduğu kimi, səhiyyə-sağlamlıq
strukturunda da özünü bariz şəkildə göstərəcəkdir.
Təkcə onu göstərmək kifayətdir ki, 2003-cü
ildə dövlət büdcəsindən səhiyyə sahəsinə
ayrılan vəsait 55,3 milyon manat idisə, 2013-cü ilə qədər
bu vəsaitin 600 milyon manata çatdırılması nəzərdə
tutulur. İndiyədək 43 yeni xəstəxana və
müalicə-diaqnostika mərkəzi istifadəyə
verilmişdir. Tikintisinə 96 milyon manat vəsait sərf olunan
sağlamlıq ocaqlarının 13-ü regional diaqnostika və
sağlamlıq mərkəzləridir.
Hüquqi bazanın daim təkmilləşməsi,
onun reallıqlara, maliyyə imkanlarına uyğun yeniləşməsi
qanun yaradıcıları qarşısında da yeni vəzifələr
qoyur və fəaliyyətlərində ardıcıllıq tələb
edir. Belə ki, Əmək Məcəlləsinə, Ailə Məcəlləsinə,
"Əmək pensiyaları haqqında", "Sosial
sığorta haqqında", "Yetkinlik yaşına
çatmayanların baxımsızlığının və
hüquq pozuntularının profilaktikası haqqında",
"Həmkarlar ittifaqları haqqında",
"İnformasiya əldə etmək haqqında",
"Onkoloji yardım haqqında", "Sosial müavinətlər
haqqında", "Gender (kişi və qadınların) bərabərliyinin
təminatları haqqında", "Dərman vasitələri
haqqında", "Dövlət sosial sığorta sistemində
fərdi uçot haqqında", "Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında",
"Şəhərsalmanın əsasları haqqında"
və sair qanunlara günümüzün
reallığından irəli gələn çoxsaylı dəyişikliklər
və əlavələr edilmişdir.
Ardıcıl aparılan
bütün işlərə baxmayaraq sosial qanunvericilikdə və
icra strukturlarının apardığı işlərdə bəzi
boşluqlar və uyğunsuzluqlar hələ də
mövcuddur. Belə misallardan birinə diqqəti cəlb etməyi
məqsədəmüvafiq hesab edirəm. Bu günə qədər
eyni iş sahələrində çalışan və
göstəriciləri fərqli olmayan 90-cı illər ərzində
və 2005-ci illin sonuna qədər pensiyaya
çıxmış vətəndaşlarla 2006-cı ildən
sonra pensiyaya çıxanların aldıqları ödəmələr
arasında qeyri-mütənasiblik mövcuddur. Dövlətimizin
iqtisadi qüdrəti, maliyyə imkanları artdıqca, sosial
sahədə maliyyə tutumlu islahatların aparılması
davam etdikcə bu problemlər qısa müddətdə öz
müsbət həllini tapacaqdır.
Modernləşən dövlətin bəzi təməl
sosial prioritetləri
Cənab İlham Əliyevin
dövlət quruculuğu modernləşən və bir
çox özəlliklərinə görə fərqli
dövlət quruculuğu modelidir. Bu modeldə əsas istiqamət
nəticəyə deyil, səbəbin aradan
qaldırılmasına yönəlir. Əhalinin
sağlamlığının qorunması, həm birbaşa, həm
də dolayı vasitələrlə sosial müdafiənin
gücləndirilməsi, yoxsulluğun tamamilə aradan
qaldırılması, bu məqsədlə kiçik
sahibkarlığa geniş vüsət verilməsi fəaliyyət
prioritetlərindəndir.
Bu məqsədlə
respublikanın səhiyyə sistemində bir çox istiqamətlər
üzrə islahatlar aparılır, infrastruktur təkmilləşir,
sahəyə irihəcmli investisiyalar yönəldilir,
genişmiqyaslı işlər görülür. 2006-cı
ilin sentyabrında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin
yaradılması barədə qərar səhiyyə sistemində
islahatların aparılmasında irəliyə doğru
atılmış uğurlu bir addım oldu.
İctimai səhiyyə
dedikdə, profilaktik, klinik xidmətlər, tibb müəssisələrinin
fəaliyyətinə nəzarətlə yanaşı, milli səhiyyə
sisteminin təkmilləşməsi, ətraf mühitin
mühafizəsi, sağlam həyat tərzinin təbliği,
bu sahədə strategiyanın, səhiyyə
proqramlarının hazırlanması, tibbi xidmətlərdə
sosial bərabərliyin təminatı, səhiyyə siyasəti,
iqtisadiyyatı və s. kimi daha geniş aspektlər nəzərdə
tutulur.
Əhalinin
sağlamlığının qorunması, eyni zamanda,
dolayı sosial müdafiə tədbirləri ilə də
gücləndirilə bilər. Ekologiyanın - havanın, suyun
təmizlənməsini, yeni yolların, körpülərin, məktəb
binalarının salınmasını və
bütövlükdə infrasturkturun
yaxşılaşmasını bu qəbildən olan işlərə
aid etmək olar.
Bununla bağlı möhtərəm
Prezident İlham Əliyev deyib: "Biz havanı təmizləməliyik.
İçməli su keyfiyyətli olmalıdır ki, Azərbaycan
vətəndaşları sağlam olsunlar. İdmanla məşğul
olmaq - bu da sağlamlıqdır. Yeni xəstəxanaların,
diaqnostika komplekslərinin tikintisi - bu da
sağlamlığı qoruyan amillərdir." Bax modernləşən
dövlətin sosial prioriteti məhz sağlamlıqdan, insan
amilindən onu rifaha aparan bu magistral yoldan keçir.
Bu
çağırışa cavab olaraq Milli Məclisdə həmin
məsələləri tənzimləyən "Sosial xidmət
haqqında", "Reproduktiv sağlamlıq haqqında",
"Pasiyentin hüquqları haqqında" və digər
yeni qanunlar ətrafında iş aparılır.
Ümumən modern dövlət
quruculuğuna xidmət edən modern sosial siyasətin
uğurla həyata keçirilməsi nəticəsində
ölkəmizdə sosial sabitlik, əmin-amanlıq bərqərar
olub və uzunmüddətli islahatların icrası inamla davam
etdirilir.
İşsizliyin tamamilə
aradan qaldırılması, layiqli həyat
standartlarının yaradılması, yoxsulluğun
sıfır həddinə endirilməsi, etibarlı sosial
müdafiə, gənc ailələrə dövlət
qayğısı və müasirləşmə cəmiyyətimizi
gələcəkdə gözləyən yeni inkişaf mərhələsinə
- sosial rifaha aparır.
Hadi RƏCƏBLİ,
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri
Azərbaycan.- 2011.-30 aprel.- S. 3.