Azərbaycan gəncliyi hər
zaman dövlətin qayğısını hiss edir
Prezident İlham Əliyevin
müxtəlif sahələrdə uğurlar qazanmış bir
qrup gənclə görüşü bu diqqətin bariz təcəssümüdür
Yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərndən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Odur ki, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Gənclik cəmiyyətdə böyük qüvvədir. Hər bir ölkənin gələcəyi gənclərin sosial-siyasi fəallığından çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin aparıcı xəttini məhz bu mühüm konsepsiya təşkil edir. Bu konsepsiyaya əsaslanaraq gənclərlə iş sahəsində görülən işlər, həyata keçirilən dövlət siyasəti Azərbaycan gəncliyinin inkişafına böyük təkan verib, onun cəmiyyətdə özünü təsdiq etməsində böyük rol oynayıb. Heydər Əliyev hər zaman gənclərin işi üzrə məsələləri, onlara olan qayğının vacibliyini önə çəkərdi. Məhz ulu öndərin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanıb. Bu forumlarda gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, onların hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda ulu öndər Heydər Əliyev "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" deyərək gənclər qarşısında tarixi bir vəzifə qoydu. I Forumdan sonra gənclərlə aparılan işin canlandığını nəzərə alaraq Heydər Əliyev 1997-ci ildə imzaladığı sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni "Azərbaycan Gənclər Günü" elan etdi. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi dövlət səviyyəsində qeyd olunur.
Ölkəmizdə gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləmək üçün 2002-ci ildə "Gənclər siyasəti haqqında" qanun qəbul edilib. Qanuna əsasən Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləri gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyət həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunmasıdır.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də Azərbaycan gənclərinin Heydər Əliyev adına Sarayda keçirilən IV Forumunun yekun toplantısındakı çıxışı göstərdi ki, ulu öndərin gənclərlə bağlı siyasi kursu layiqincə yaşadılacaq və Azərbaycan cəmiyyətində gənclərin hərtərəfli inkişafı, özlərini həyatda təsdiq etmələri üçün bütün imkanlar var: "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar. Ona görə gəncləri inamla qabağa çəkmək lazımdır, məsul vəzifələrə təyin etmək lazımdır ki, onlar işləsinlər, gözəl təcrübə əldə etsinlər və beləliklə, gələcək fəaliyyət üçün hazır olsunlar". Prezident İlham Əliyevin forumdakı çıxışı dövlət başçısının ulu öndərin ideallarına sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, Azərbaycan hakimiyyətinin gənclərlə bağlı dövrün tələblərinə uyğun olaraq siyasət həyata keçirdiyini göstərdi.
Azərbaycan Prezidenti İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci ilin avqustunda təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət Proqramı" gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edib. 2005-2009-cu illəri əhatə edən bu proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, sağlam həyat tərzinin təbliği və sair istiqamətlərdə kompleks tədbirlər həyata keçirildi.
2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi. "Gənclər ili"ndə həyata keçirilən bütün tədbirlər gənclərimizin cəmiyyət həyatında fəallığının artırılmasına mühüm töhfələr verdi. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" gənclərin xaricdə təhsili üçün geniş imkanlar açıb. Bu baxımdan Azərbaycanın təbii resursları içərisində ən böyük resursun insan biliyi olduğunu qeyd edən Prezident İlham Əliyevin maddi kapitalın insan kapitalına çevrilməsi çağırışı real həyata uğurla vəsiqə qazanmaqdadır.
Prezident İlham Əliyevin bu ayın 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə görüşü də Azərbaycan gəncliyinə dövlət tərəfindən diqqətin bariz təcəssümüdür. Gənclərin təhsili, məşğulluğunun artırılması, bir sözlə, gənclərin mənafeyi baxımından aktual məsələlərin müzakirə edildiyi bu görüş dünyada az təsadüf ediləcək gözəl nümunədir. Bu görüşdə qaldırılan məsələlərin həlli Azərbaycan gənclərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını təşkil edəcək. Diqqəti çəkən məqam odur ki, görüşdə müzakirə olunan bir sıra məsələlər gənclərlə bağlı hazırlanan yeni dövlət proqramında öz əksini tapacaq.
Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalayıb. Sərəncama əsasən gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının layihəsi hazırlanacaq. Proqramın layihəsinin hazırlanması ilə bağlı işçi qrupu yaradılıb. Bu proqram azərbaycanlı gənclərin menecment fəaliyyətinin artırılmasına, gənc peşəkar kadrların hazırlanmasına, gənclərin dövlətin idarə edilməsində, ictimai həyatda daha aktiv iştirakının gücləndirilməsinə xidmət edəcək. Yeni proqram Azərbaycanda yürüdülən gənclər siyasətinin məntiqi davamı olacaq. Gənclərlə görüşdə Prezident İlham Əliyev yeni hazırlanacaq dövlət proqramı ilə bağlı deyib: "Proqram çox konkret olmalıdır, çox dəqiq vəzifələr qoyulmalıdır və əlbəttə ki, orada icra mexanizmləri göstərilməlidir. Proqram sadəcə olaraq, hansısa xoş niyyətin ifadə edilməsi üçün deyil, konkret nəticələrə gətirib çıxarmalıdır. Eyni zamanda, yenə də deyirəm, proqram elə olmalıdır ki, orada hazırda gəncləri narahat edən məsələlər öz əksini, öz həllini tapsın".
Son illərdə gənclərə dövlət qayğısının güclənməsinin təzahürlərindən biri də ipoteka krediti şərtlərinin yumşaldılmasıdır. Dövlət başçısının "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" 23 yanvar 2007-ci il tarixli fərmanı ilə ipoteka şərtləri yumşaldılıb və beləliklə, gənclərin mənzil probleminin həlli istiqamətində çox ciddi addım atılıb. Dövlət başçısı gənclərlə görüşdə gənclərin yaşayış problemlərinin həlli üçün daha ciddi tədbirlər görülməsini, ipoteka kreditlərinin verilməsində güzəştli şərtlərin məqbul olmasının vacibliyini də qeyd edib: "Son illərdə Azərbaycanda ipoteka kreditləşməsi məsələləri həll olunmağa başlanmışdır. Ancaq deyə bilərəm ki, bu təşəbbüs hələ ibtidai səviyyədədir. Biz elə etməliyik ki, həm güzəştli şərtlər daha da məqbul olsun, həm də ipoteka layihəsinin əhatə dairəsi genişlənsin. Bu, gənclər üçün yaxşı imkanın yaradılmasına xidmət göstərəcəkdir. Əlbəttə, bu məsələ də öz həllini tapmalıdır və yenə də deyirəm, konkret təkliflər irəli sürülməlidir".
Ümumiyyətlə, bu görüş Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Gənclərin öz problemlərini ölkə rəhbərinə birbaşa çatdırması, fikirlərinin azad və sərbəst şəkildə ifadə olunmasına bütün şəraitin yaradılması ölkəmizdə gənc nəslə yüksək və xüsusi qayğının əyani təsdiqidir. Bütövlükdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin gənclərlə səmimi və açıq diskussiya şəraitində keçən görüşü gəncliyin inkişafını daha da stimullaşdıracaq.
Cavid ABDULƏZİMOV,
BDU-nun sosial elmlər və
psixologiya fakültəsinin
IV kurs tələbəsi
Azərbaycan.- 2011.-30 aprel.- S. 4.