Gürcüstan Azərbaycan ilə hüquqi əməkdaşlığın dərinləşməsinə böyük önəm verir

 

Azərbaycanda səfərdə olan Gürcüstanın ədliyyə naziri - baş prokuroru Zurab Adeişvili aprelin 29-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkələrimiz arasındakı dostluq strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndiyini vurğulayan F.Məmmədov dövlət başçılarının əlaqələrimizin inkişafına daim diqqət göstərdiklərini bildirmişdir. Nazir respublikamızda həyata keçirilən demokratik islahatlar, məhkəmə ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə əldə olunan müsbət təcrübə barədə məlumat vermiş, səfərin hüquqi əməkdaşlığın inkişafına təkan verəcəyini bildirmişdir.

Gürcüstanın Azərbaycanla əlaqələrin hərtərəfli, o cümlədən hüquq-mühafizə orqanları arasında daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayan qonaq respublikamızda aparılan mütərəqqi dəyişikliklərlə tanışlıqdan məmnun qaldığını, qarşılıqlı səfərlərin təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.

Z.Adeişvili ölkəsində ədliyyə infrastrukturunun yeniləşməsi fəaliyyətdə müasir texnologiyaların tətbiqi barədə məlumat vermiş, may ayında Batumi Ədliyyə Nazirliyinin yeni binasının açılış mərasiminin keçiriləcəyini bildirmişdir.

Görüşdə ikitərəfli əməkdaşlığa dair bir sıra konkret təkliflər irəli sürülmüş, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır. Qonaqlar nazirlikdə Heydər Əliyev Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

 

 

Azərbaycan.- 2011.-30 aprel.- S. 5.